Şriftin ölçüsü :

Saytın rəngi :

“Vaksinasiyaya dəstək”: Şəkidə immunizasiya kampaniyası keçirilir

08 may 2024 | 09:39

Avropa İttifaqının maliyyələşdirdiyi "Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aprel ayının son həftəsindən başlayaraq Genişləndirilmiş İmmunizasiya Proqramının (GİP) 50-ci ildönümü və “İmmunizasiya həftəsi” ilə əlaqədar regionlarda peyvəndlərin əhəmiyyətini vurğulamaq və peyvənddən kənarda qalan uşaqları vaksinasiyaya cəlb etməklə “sıfır” dozalı uşaqların sayını azaltmaq məqsədilə silsilə tədbirləri davam etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdaş rayonunda başlayan kampaniya 6-10 may tarixlərində Şəki şəhərində və onun kəndlərində keçirilir. İmmunizasiya və digər zəruri ilkin səhiyyə xidmətlərinin göstərilməsi üçün TƏBİB tərəfindən yaradılmış həkim briqadaları “TƏBİB hər evdə” kampaniyası çərçivəsində kəndlərdə səyyar xidmətlər icra edir. Bundan əlavə, paytaxtdan dəvət olunmuş pediatrlar peyvənd mövzusunda tərəddüd edən valideynlərlə maarifləndirici görüşlər keçirir, onları uşaqlarını vaxtında peyvənd etməyə çağırırlar.

Tibb işçiləri üçün təşkil olunmuş təlimdə çıxış edən ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı, TƏBİB-in İlkin səhiyyə şöbəsinin müdiri Nəhmət Rəhimov, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva kampaniyanın yaranma tarixindən və məqsədlərindən danışıb, peyvənd olunmağın vacibliyini vurğulayıblar.

Kampaniyaya, həmçinin yerli icra qurumlarının nümayəndələri də cəlb ediliblər. Ümumilikdə, təlimlərdə immunizasiya ilə məşğul olan 100-ə yaxın həkim və tibb bacısı və 75 nəfər icma lideri iştirak edib. Təlimlər iştirakçıların kampaniyanı effektiv şəkildə həyata keçirməsi üçün zəruri olan ən son bilik və bacarıqlarla məlumatlandırılması məqsədi daşıyır.

Keçidlər