Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov WUF13 çərçivəsində keçirilən şəhərlərdə “Məhəllə tipli” yaşayış mühitinin dayanıqlığının gücləndirilməsi və ictimai məkanların yenidən formalaşdırılmasına həsr olunmuş tədbirdə iştirak etmişdir.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 20-də “Bibiheybət qəsəbəsinin urban transformasiyası: şəhərdə “Məhəllə tipli” yaşayış mühitinin dayanıqlığının gücləndirilməsi və ictimai məkanların yenidən formalaşdırılması” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun idarə heyətinin sədri Rüfət Mahmud, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Millət vəkilləri Nigar Arpadarai və Elçin Mirzəbəyli, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, RİHBA-nın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri İnarə Əzimzadə, RİHBA-nın məsul əməkdaşları və digər rəsmi şəxslər iştirak etmişlər.
Tədbir çərçivəsində şəhər mühitinin transformasiyası, məhəllə əsaslı yaşayış modelləri və ictimai məkanların gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.
Həmçinin tədbirdə, 2019-cu ildə “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi, şəhərin tarixi simasının bugünədək qorunub saxlanıldığı xüsusi vurğulanmışdır.







