Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq şairi Bəxtiyar Vahabzadənin müəllifi olduğu "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilib

05 iyul 2025 | 09:10

İyulun 3-də "Bəxtiyar  Vahabzadənin 100 illik  yubileyinin qeyd edilməsi  haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2025-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikası Mədəniyyət Nazirinin  "Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair Tədbirlər planı"nın təsdiq edilməsi haqqında 7 aprel 2025-ci il tarixli əmrinə əsasən,  Şəki Dövlət Dram Teatrında Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim,  SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı,  akademik Bəxtiyar Vahabzadənin müəllifi olduğu "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın  ictimai baxışı keçirilib.  

Tarixi dramda  Azərbaycanın Ərəb xilafətinə,  yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs edilir. 

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədov, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyev,  vokal üzrə müəllim Fərqanə Salamovadır. Tamaşanın musiqisi bəstəkar, Azərbaycan SSRİ Xalq artisti Aqşin Əlizadəyə, səhnə döyüşlərinin qurulması Sahib Novruzova  məxsusdur.

Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova  (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay), Nazilə İmamhüseynova (Xala), Azad Məmmədov (Yarqıtay), Arzuman Abdullayev, Cavidan Eminov (ərəb əsgərləri) ifa  edirlər.

Tamaşadan öncə qonaqlar teatrın foyesində Bəxtiyar Vahabzadənin şəkillərindən, kitablarından ibarət sərgi ilə tanış olublar.

Tamaşanın ictimai baxışında Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov,  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Teatr sektorunun rəhbəri Böyükxanım Talıbova, Azərbaycan Respublikasının Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı daimi nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Elçin Qafarlı, Çukurova Universiteti Dövlət Konservatoriyası Səhnə sənətləri kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Cahangir Novruzov, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, və digər rəsmi qonaqlar, incəsənət nümayəndələri, teatrsevər tamaşaçılar iştirak ediblər.

Alqşlarla bitən tamaşanın sonunda Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Respublikasının Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı daimi nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Elçin Qafarlı, Çukurova Universiteti Dövlət Konservatoriyası Səhnə sənətləri kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Cahangir Novruzov, Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, Bəxtiyar Vahabzadənin qızı Gülzar xanım çıxış etdilər, tamaşa haqqında təəssüratlarını bölüşüb kollektivə bol yaradıcı uğurlar arzuladılar.

Tədbirin sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Şəki Dövlət Dram Teatrına xatirə hədiyyəsi təqdim edilib.

Keçidlər