Xocalı soyqırımının otuz dördüncü ildönümü ilə əlaqədar Şəkidə silsilə tədbirlər keçirilib
Fevralın 26-da Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının otuz dördüncü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, rayon ərazisində məskunlaşmış Xocalı sakinləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı çıxış edərək, faciənin başvermə səbəbləri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıb, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib.
Şəki Dövlət Regional Kollecinin tarix müəllimi Aysel Camalova çıxış edərək bildirib ki, günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alındı. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfər, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində Xocalı düşmən tapdağından tamamilə azad edildi. Bu gün Xocalı şəhərində və ətraf kəndlərdə yenidənqurma işləri böyük sürətlə davam edir. Böyük Qayıdışın ən yaddaqalan anlarından biri Xocalı sakinlərinin öz doğma yurdlarına qayıdışıdır.
Sonra Xəzər Media Mərkəzinin hazırladığı “Danışır Xocalı” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, Xocalı soyqırımının otuz dördüncü ildönümü Şəki şəhərində silsilə tədbirlərlə qeyd olunub. Rayonun müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anım tədbirləri keçirilib, sərgilər təşkil edilib, filmlər nümayiş olunub. Rayon ərazisində faciənin ildönümü ilə bağlı dövlət bayraqları endirilib.
Saat 17:00-da isə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.







