Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının otuz ikinci ildönümü Şəkidə silsilə tədbirlərlə qeyd olunub

26 fevral 2024 | 17:37

Fevralın 26-da Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının otuz ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib, rayon ərazisində məskunlaşmış Xocalı sakinləri ilə görüş təşkil olunub.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, rayon ərazisində məskunlaşmış Xocalı sakinləri  iştirak ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, faciənin başvermə səbəbləri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıb.

Qeyd olunub ki, soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının böyük əhəmiyyəti var.

Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qəhrəman ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi və 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Tədbirdə faciə zamanı yaxınlarını itirən, erməni vəhşiliyinin şahidi olan rayonda məskunlaşmış Xocalı sakinləri çıxış edərək faciəni ürək ağrısı ilə bir daha xatırlamış, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhər və kəndlərimizin, o cümlədən Xocalı rayonun da işğaldan azad olunduğunu, öz doğma yurdlarına qayıdacaqları günü artıq səbirsiliklə gözlədiklərini bildirmişlər.

Sonra tədbirdə Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.

Qeyd edək ki, Xocalı soyqırımının otuz ikinci ildönümü Şəki şəhərində silsilə tədbirlərlə qeyd olunub. Rayonun müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anım tədbirləri, konfranslar, müsabiqələr keçirilib, sərgilər təşkil edilib. Rayon ərazisində faciənin ildönümü ilə bağlı dövlət bayraqları endirilib.

Saat 17:00-da isə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Keçidlər