Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının otuz üçüncü ildönümü ilə əlaqədar Şəkidə silsilə tədbirlər keçirilib

26 fevral 2025 | 17:19

Fevralın 26-da Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının otuz üçüncü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib, rayon ərazisində məskunlaşmış Xocalı sakinləri ilə görüş təşkil olunub.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, rayon ərazisində məskunlaşmış Xocalı sakinləri  iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək, faciənin başvermə səbəbləri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıb,  Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib.

Dövlət Pedaqoji Universitetinin Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi  Rasimə Bəkirova çıxış edərək Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb.

Qeyd olunub ki, soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının böyük əhəmiyyəti var.

Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qəhrəman ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi və 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Tədbirdə Xocalı şəhər 3 nömrəli və Şəki şəhər 5 nömrəli tam orta məktəblərin şagirdlərinin ifasında şerlər səsləndirilib.

Sonra Azərbaycan Dövlət Televiziyasının istehsal etdiyi Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.

Qeyd edək ki, Xocalı soyqırımının otuz üçüncü ildönümü Şəki şəhərində silsilə tədbirlərlə qeyd olunub. Rayonun müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anım tədbirləri, konfranslar, müsabiqələr keçirilib, sərgilər təşkil edilib, Çingiz Mustafayev adına klubda “Xoca” filmi nümayiş olunub. Rayon ərazisində faciənin ildönümü ilə bağlı dövlət bayraqları endirilib.

Saat 17:00-da isə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Keçidlər