Yaponiyalı qonaqlar Şəki şəhərində səfərdə olublar
İyulun 29-da Yaponiya Milli Parlamentinin Müşavirlər Palatasının üzvü Miçihiro İşibaşinin rəhbərlik etdiyi nümayəndə heyəti Şəki şəhərində olublar.
Səfər çərçivəsində qonaqlar Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüblər.
Görüşdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elman İmamverdiyev, Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Yaponiya Milli Parlamentinin Müşavirlər Palatasının sabiq üzvü Şoci Namba, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Katsuya Vatanabe, Yaponiya Səfirliyinin üçüncü katibi Kazuki Higuçi və səfirliyin əməkdaşı Natavan Vakilova iştirak ediblər.
Səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bu il 2714 illiyini qeyd edən Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Tarixi-memarlıq abidələri ilə məşhur olan Şəki, həm də festivallar şəhəri kimi tanınır. Həmçinin qonaqlara Yaponiya hökuməti tərəfindən Şəkidə həyata keçirilmiş layihələr barədə məlumat verilib.
Yaponiya Milli Parlamentinin Müşavirlər Palatasının üzvü Miçihiro İşibaşi çıxış edərək qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Şəkidə olmağından çox məmnum olduğunu diqqətə çatdırıb.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.
Elxan Usubov qonaqları Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış edib.
Səfər çərçivəsində qonaqlar Şəki Xan Sarayı və digər tarixi-memarlıq abidələrini ziyarət edib, Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzi ilə tanış olublar.







