Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyalı sərmayədarlar Şəkinin tarixi məkanları ilə tanış olublar

11 sentyabr 2023 | 14:51

“Tet İnternational Development” LLC-nin təşkilatçılığı ilə Yaponiyadan gələn sərmayədarlar respublikamızın şimal-qərb bölgəsinə səfərləri çərçivəsində sentyabrın 10-da axşam Şəki şəhərinin tarixi məkanları ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaponiyalı sərmayədarlar əvvəlcə şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı ilə tanışlıq qonaqlarda böyük maraq doğurub. Yaponiyalı qonaqların diqqətinə çatdırılıb ki, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Məlumat verilib ki, Xan Sarayı XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.

Qonaqlar sarayın önündə xatirə şəkilləri çəkdiriblər.

Şəkiyə səfərləri çərçivəsində yaponiyalı sərmayədarlar inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olublar. Bildirilib ki, XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Ümumi sahəsi 6 min kvadratmetr olan bu kompleks 300-ə yaxın otaq və zirzəmidən ibarətdir. Hazırda bu abidə mehmanxana kimi fəaliyyət göstərir.

Bölgəyə səfərləri çərçivəsində yaponiyalı sərmayədarlar sentyabrın 11-də “Tet İnternational Development” şirkətinin Şəki və Zaqatala rayonlarında fəaliyyət göstərən tütünqurutma müəssisələri ilə tanış olacaqlar.

Keçidlər