Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının X konfransı keçirilib
Sentyabrın 8-də Şəki şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının X konfransı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov hesabat məruzəsi ilə çıxış edib. O, partiyanın yaranmasından, keçdiyi şərəfli və uğurlu inkişaf yolundan bəhs edib, respublikamızda həyata keçirilən məqsədyönlü siyasətin müsbət nəticələrindən danışıb, YAP Şəki rayon təşkilatının ötən dövr ərazində gördüyü işlər barədə geniş məlumat verib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının şərəfli və uğurlu inkişaf yolu keçdiyini, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin çoxşaxəli səmərəli fəaliyyətinin partiyanın aparıcı mövqeyini daha da möhkəmləndirdiyini bildirib. İcra başçısı, YAP Şəki rayon təşkilatının əvvəlki konfransından ötən müddət ərzində ölkəmizdə əldə olunan uğurlardan danışıb, təşkilatın rayonumuzun ictimai-siyasi həyatındakı rolunu vurğulayıb.
YAP Təştiş Komissiyasının üzvü, Millət vəkili Vüqar İskəndərov çıxış edərək Azərbaycanın beynəlxalq sahədəki nüfuzundan bəhs edib, ölkəmizdə son illər əldə olunan nailiyyətlərdən danışıb, Yeni Azərbaycan Partiyasının bu inkişaf prosesinin siyasi dayaqlarından biri olduğunu vurğulayıb, YAP Şəki rayon təşkilatın fəaliyyətində əldə olunan nəticələri yüksək qiymətləndirib.
YAP Mərkəzi Aparatının məsul işçisi Xəqani Tağıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolunu qeyd edib, qarşıda duran yeni vəzifələrdən, yerli təşkilatların fəaliyyətinin müasir çağırışlara uyğun qurulmasının vacibliyindən danışıb, YAP Şəki rayon təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndirib.
Konfransda digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının ölkəmizin həyatındakı rolundan danışıb və YAP Şəki rayon təşkilatının fəaliyyətinə öz münasibətlərini bildiriblər.
Konfransda YAP Şəki rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.







