Şriftin ölçüsü :

Saytın rəngi :

Fənn olimpiadaları və müsabiqələrdə uğur qazanan Şəki məktəbliləri mükafatlandırılıblar

11 iyun 2016 | 07:06

2015-2016-cı tədris ilində respublika və beynəlxalq səviyyəli fənn olimpiadalarında, həmçinin yarış və müsabiqələrdə uğur qazanan Şəki məktəbliləri şəhər icra hakimiyyəti və təhsil şöbəsi tərəfindən mükafatlandırılıblar.
Fənn olimpiadaları və müsabiqə qaliblərinin ictimaiyyətə təqdim olunması münasibətilə Şəki Dövlət Dram Teatrında keçirilən təntənəli mərasimdə Şəki məktəblilərinin əldə etdikləri uğurlardan ətraflı bəhs olunub.
Mərasimin əvvəlində fənn olimpiadalarının, müxtəlif yarış və müsabiqələrin qalibləri tədbir iştirakçılarının alqış sədaları altında səhnəyə dəvət ediliblər.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov məktəbliləri qazandıqları yüksək nailiyyətlər münasibətilə təbrik edib, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Vurğulanıb ki, son illər təhsil sahəsində həyata keçirilən əsaslı islahatlar Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunmasına, təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. Ümumtəhsil məktəblərində şagirdlərin hərtərəfli inkişafının təmin edilməsi, intellektual səviyyənin artırılması, dünyagörüşünün zənginləşdirilməsi, yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması hazırda pedaqoji kollektivlərin qarşısında duran ən başlıca məsələlərdəndir.
İcra hakimiyyətinin başçısı sonra olimpiada, yarış və müsabiqələrdə uğur qazanan məktəblilərə mükafatları təqdim edib.
Mükafatlandırılanlar arasında tarix, biologiya və fizika fənləri üzrə keçirilən respublika olimpiadalarının qalibləri Aytac Hüseynli, Çiçək Cavadzadə, Arzu Musayeva və Fərid Həmidovun, “Milli mənəvi dəyərlər” mövzusunda respublika inşa yazı müsabiqəsinin qalibi Ruziyə Məmmədovanın, “Sabahın alimləri” respublika müsabiqəsinin qalibləri Yusif İbrahimov, Səbinə Rzayeva, Lalə Mustafazadə, Gülər Orucova, Nərmin Səmədli və başqalarının adları var.
Tədbir incəsənət ustalarının rəngarəng konsert proqramı ilə başa çatıb.

Keçidlər