Şriftin ölçüsü :

Saytın rəngi :

Ərəb dünyasının tanınmış aktrisaları Beynəlxalq Teatr Festivalının səhnəsində

18 sentyabr 2016 | 03:09

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının ikinci günü Birləşmiş Ərəb Əmirliklərinin Əl Əhli Dubay Teatrı tamaşaçılara B.Abdullahın “Mirvari günlər” tamaşasını təqdim edib.
Birpərdəli tamaşanın quruluşçu rejissoru Naci Əlhaydır. Cəmi iki iştirakçısı olan tamaşada rolları ərəb dünyasının tanınmış aktrisaları Bədriyə Əhməd və Budur Muhəmməd canlandırıblar.
Əsər ağır xəstəliyə düçar olan yaşlı xanım Lulu və onun qızı Süzanın həyatından bəhs edir. İngiltərədə təhsil alan, balet sənətinə meyil salan Süzan anasının xəstəliyi səbəbindən vətəninə qayıtmaq və ona qulluq etmək məcburiyyətində qalır.
Əsərdə ana və qız keçmiş günləri yada salaraq, həyatlarının bu ağır anlarını xoş xatirələrlə yaşamağa çalışırlar.
Tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Tamaşanın sonunda kollektivə Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti adından hədiyyə təqdim olunub.
Festival çərçivəsində sentyabrın 16-da daha bir tamaşa Mingəçevir Dövlət Dram Teatrında oynanılıb. İran İslam Respublikasının “Neğab Teatrı” mingəçevirlilərə X.Təqiani Purun “Kütləvi xoşbəxtlik” əsərini təqdim edib.
Sentyabrın 17-də axşam Şəki teatrının səhnəsində Ukraynanın “Krasivıye svetı” teatrının çıxışı olacaq.

Keçidlər