Şriftin ölçüsü :

Saytın rəngi :

Miniatür Kitab Muzeyinin “Şəki-Marxal” filialı fəaliyyətə başlayıb

07 noyabr 2017 | 09:11

Noyabrın 6-da Şəki şəhərindəki “Marxal” müalicə-istirahət kompleksində Miniatür Kitab Muzeyinin filialı açılıb.
Açılış mərasimində muzeyin təsisçisi və yaradıcısı Zərifə Salahova, şəhər rəhbərliyi, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mərasimdə çıxış edərək, Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahovanın şəxsi təşəbbüsü ilə Şəkidə fəaliyyətə başlayan bu filialın şəhərin mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib. Diqqətə çatdırılıb ki, filial Naxçıvan və Gəncədən sonra muzeyin respublikamızın regionlarında açılan sayca üçüncü filialıdır.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova Miniatür Kitab Muzeyi haqqında geniş məlumat verib. Bildirilib ki, muzey ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 2002-ci il aprelin 23-də yaradılıb. Hazırda Miniatür Kitab Muzeyində dünyanın 76 ölkəsində nəşr edilmiş 5600-dək miniatür kitab nümayiş etdirilir. Bu kitabların hər biri Zərifə xanımın gərgin axtarışları nəticəsində əldə olunub. Muzeydə sərgilənən miniatür kitablar arasında 1998-ci ildə Bakıda nəşr olunmuş “Heydər Əliyev. Əsrin müqaviləsi” kitabı, həmçinin 1815-ci ildə Londonda buraxılmış “İngiltərə tarixi” və digər nüsxələr diqqəti xüsusilə cəlb edir. Burada toplanmış kitabların əksəriyyətinin yaşı 100 ildən çoxdur. Muzeyin ən “qocaman” kitabı isə 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan müqəddəs “Qurani-Kərim”in nüsxəsidir. Təsadüfi deyil ki, Miniatür Kitab Muzeyinin ekspozisiyası miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
Açılış mərasimində Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı Zərifə Salahova çıxış edərək, muzeyin “Şəki-Marxal” filialının yaradılmasının Azərbaycanda miniatür kitabların təbliğinə növbəti töhfə olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, filialda, ümumilikdə, 26 ölkədə nəşr olunan 620 miniatür kitab nümayiş etdirilir.
Muzeyin tarixçəsi barədə danışan Zərifə Salahova deyib ki, bu ideya 1982-ci ilin noyabrında yaranıb. O, həmin vaxt Moskvada İ.Krılovun təmsillərinin tam külliyatının kiçikformatlı faksimil nəşrini əldə edib. Həmin gündən də öz kolleksiyasını formalaşdırmağa başlayıb. Təxminən 35 il ərzində 8 mindən çox miniatür kitab toplayıb.
Zərifə xanımın sözlərinə görə, muzeyin kolleksiyasının Ginnesin Rekordlar Kitabına daxil edilməsinə nail olmaq üçün yarım ildən çox gərgin işləmək lazım gəlib. O, kömək üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun müdiriyyətinə müraciət edib. Muzeyin kolleksiyasının Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün sifariş 2014-cü ilin birinci yarısında təqdim olunub. Müstəqil şahidlər qismində M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və tanınmış jurnalist Elmira Əliyeva çıxış ediblər. Daha sonra Xalq Yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin ərizəsi və miniatür kitablar kolleksiyasının həqiqiliyini sübut edən digər əlavə materiallar təqdim olunub.
Muzeyin yaradılması və hazırda dünyada rekord kolleksiyaya malik olması məhz ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində reallaşıb. Bu barədə danışan Zərifə xanım deyib: “Ulu Öndər mənim muzey yaratmaq fikrimi hamıdan öncə bəyəndi və onun tapşırığı ilə bu muzey yaradıldı. Heydər Əliyevin qayğısı və köməyi olmasaydı, heç vaxt belə bir muzeyi yaradıb, xalqın istifadəsinə vermək mümkün olmazdı. Fəxr edirəm ki, Ümummilli Liderin adı ilə bağlı miniatür kitablar Heydər Əliyev Fondunda saxlanılır”.
Zərifə Salahova filialın yaradılmasına göstərdiyi dəstəyə görə Şəki Şəhər İcra Hakimiyyətinin, həmçinin “Marxal” müalicə-istirahət kompleksinin rəhbərliyinə minnətdarlığını bildirib.
Muzeyin təsisçisi və yaradıcısına Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunub. Zərifə Salahova, öz növbəsində, şəhər icra hakimiyyətinin başçısına bir neçə nüsxə miniatür kitab hədiyyə edib.
Sonra tədbir iştirakçıları Miniatür Kitab Muzeyinin “Şəki-Marxal” filialının ekspozisiyası ilə yaxından tanış olublar.

Keçidlər