Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi tariximizin ən qanlı səhifəsidir

28 fevral 2018 | 02:02

Erməni qəsbkarlarının Xocalıda törətdikləri vəhşilik və vandalizm aktı tərəqqipərvər bəşəriyyətin genosid kimi tanıdığı Xatın, Xolokost kimi faciələrlə eyni səviyyədə qiymətləndirilməlidir. Bu faciə tariximizin ən qanlı səhifəsidir.
Bu fikir Xocalı faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar fevralın 26-da Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən anım tədbirində səsləndirilib.
Şəhər rəhbərliyinin, rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Şəkinin “Yeni Çələbixan” məcburi köçkün qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 3 nömrəli tam orta məktəbin direktoru Eldəniz Məhərrəmov çıxış edərək, faciənin başvermə səbəbləri, mahiyyəti, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıb.
Bildirilib ki, dünya tarixinə nəzər salsaq bir çox faciələrin baş verdiyinin, kədərli hadisələrin yaşandığının şahidi oluruq. Erməni millətçilərinin öz havadarlarının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri qətliam isə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayət idi. Bu cinayət 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın həyatına son qoyub, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu soyqırımı nəticəsində şəhərin mülki əhalisi misli görünməmiş qəddarlıqla qətlə yetirilib, 8 ailə isə tamamilə məhv edilib.
Soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi vurğulanıb.
Tədbirdə Xocalı həqiqətlərini əks etdirən film nümayiş etdirilib, mədəniyyət işçiləri və musiqi kollektivləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Faciənin ildönümü ilə əlaqədar şəhər icra hakimiyyəti tərəfindən rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkün ailələrinə maddi yardım göstərilib.

Keçidlər