Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ-ın “Wordsmith” rep musiqi qrupu Şəki musiqisevərlərinin qonağı olub

19 oktyabr 2018 | 04:10

Azərbaycanda səfərdə olan ABŞ-ın “Wordsmith” rep musiqi qrupu respublikamızın regionlarına səfər proqramı çərçivəsində oktyabrın 17-də Şəki musiqisevərlərinin qonağı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki Dövlət Dram Teatrında təşkil edilən konsertin əvvəlində ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəni proqramlar direktoru Fərqani Əliyev çıxış edərək, musiqi qrupunun fəaliyyəti barədə qısa məlumat verib. Bildirilib ki, ABŞ-ın Azərbaycandakı səfirliyi ölkələrimiz arasında dostluq və mədəniyyət sahəsində əlaqələri genişləndirmək məqsədilə davamlı olaraq proqramlar həyata keçirir. Ötən müddət ərzində ABŞ-ın bir neçə tanınmış musiqi qrupu Azərbaycana səfərləri çərçivəsində Şəki şəhərində konsertlər verib.
Diqqətə çatdırılıb ki, ABŞ-ın Baltimor şəhərindən olan repçi, musiqiçi və sahibkar Vördsmisin rəhbərlik etdiyi musiqi qrupu Azərbaycana ilk dəfədir səfər edir. Qrupun ölkəmizə səfəri ABŞ Dövlət Departamentinin “İncəsənət elçiləri” Proqramı çərçivəsində reallaşıb. Mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün bu proqram çərçivəsində musiqi kollektivlərinin dünyanın müxtəlif ölkələrinə səfərləri təşkil olunur. “Wordsmith” rep musiqi qrupu indiyədək Afrika, İsrail, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və digər ölkələrdə konsert proqramları ilə çıxış edib.
Bildirilib ki, rep musiqi qrupu Azərbaycana səfərləri çərçivəsində Şəkidən əvvəl Bakı şəhərində iki konsert verib. Qrupun sonuncu konserti isə oktyabrın 20-də Rəşid Behbudov adına Mahnı Teatrında olacaq.
Qrupun təqdim etdiyi hip-hop musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Keçidlər