Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki xanlarının sarayı tur-aksiya iştirakçılarında böyük maraq doğurub

17 noyabr 2018 | 09:11

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu ilə hərəkət edən Biləsuvar, Hacıqabul, Kürdəmir, Ucar və Zərdab rayonlarının məktəblilərindən ibarət qruplar ekskursiyanın üçüncü günündə, noyabrın 16-da qədim Şəkinin tarixi məkanları ilə tanış olublar.
Tur-aksiya iştirakçıları yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzində şəhər rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanıblar.
Məktəblilərə Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, 2700 ildən çox yaşı olan bu qədim diyar dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, həmçinin zəngin irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Hər il bu şəhərdə beynəlxalq tədbirlər, festivallar keçirilir. Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib, 2017-ci ildə isə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb.
Bildirilib ki, şəhərdə orijinal layihə əsasında yeni tikilən və bu il oktyabrın 29-da istifadəyə verilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Mərkəzdə Ulu Öndərin mənalı həyatı və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada rəsm və fotostudiyalar, elektron kitabxana, kompüter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərəcək. Mərkəzin yanında yeni inşa edilən Bayraq Muzeyi gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfələr verəcək. Burada 72 metr hündürlükdə bayraq dirəyi quraşdırılıb.
Bildirilib ki, tarixən ipəkçilik diyarı kimi tanınan Şəkidə bu sahənin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Hazırda Şəkidə ipəkçilik ənənələri yenidən bərpa olunur. Bölgənin ən iri sənaye müəssisələrindən olan “Azəripək” MMC (keçmiş adı “Şəki-İpək” ASC) bu gün Azərbaycanda ipəkçilik sənayesinin inkişafına çox böyük töhfələr verir.
Mərkəzlə tanışlıqdan sonra beş rayonun məktəbliləri şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. Qoruğu əhatələyən əzəmətli qala divarlarının təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal edilir.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı tur-aksiya iştirakçılarında böyük maraq doğurub. Məktəblilərin diqqətinə çatdırılıb ki, saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür.
Məktəblilər sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Qoruğun ərazisində yeni istifadəyə verilən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq zamanı ki, qeyd olunub ki, keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olub. Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə sənətkarlığın digər növləri kimi, keramika sənəti də bu günə qədər öz əhəmiyyətini saxlayıb. Bildirilib ki, mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. Mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb. Keramika və Tətbiqi Sənət Mərkəzinin yaradılmasında əsas məqsəd ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindən ibarətdir.
Tur-aksiya iştirakçıları sonra qoruğun ərazisində yerləşən Xalq Tətbiqi Sənəti və Tarix-Diyarşünaslıq muzeyləri, həmçinin “Yuxarı Karvansaray” mehmanxana-kompleksi ilə tanış olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər.
Səfər proqramına uyğun olaraq, tur-aksiya iştirakçıları günün ikinci yarısında Zaqatala rayonunun tarixi məkanları ilə tanış olacaqlar.

Keçidlər