Şriftin ölçüsü :

Saytın rəngi :

Macarıstanın ölkəmizdəki səfiri Şəki şəhərində səfərdə olub

05 dekabr 2018 | 11:12

Şəkinin çox böyük iqtisadi potensialı və geniş turizm imkanları var. Ümid edirəm ki, bu qədim və gözəl şəhərə gələn macar turistlərin sayı ildən-ilə daha da artacaq. Səfirlik olaraq, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq. Şəkidə keçirilən beynəlxalq musiqi festivalında Macarıstandan gəlmiş kollektivlərin iştirak etməsindən də çox məmnunuq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi dekabrın 4-də Şəkiyə səfəri çərçivəsində şəhər rəhbərliyi ilə görüşü zamanı səsləndirib.
Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elxan Usubov qonaqlara Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları barədə məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də, qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına alınmış 84 tarixi-memarlıq abidəsi var. Festivallar şəhəri kimi tanınan Şəkidə hər il beynəlxalq səviyyəli 3-4 festival keçirilir.
Elxan Usubov Şəkidə istehsal olunan ipəkçilik məhsullarının, həmçinin müxtəlif növ meyvənin Macarıstan bazarlarına çıxarılması üçün çox yaxşı imkanların olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, şəhər rəhbərliyi gələcəkdə Macarıstan şirkətləri ilə turizm sahəsi ilə yanaşı, iqtisadi sahədə də əlaqələrin genişləndirilməsində maraqlıdır.
Səfirə Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunub.
Sonra macar diplomat və onu müşayiət edən şəxslər Şəkinin görməli yerlərini gəzib, Şəki xanlarının sarayını və Kiş kəndindəki qədim alban məbədini ziyarət edib, Şəki Dövlət Regional Kollecində tələbə və müəllimlərlə görüşüb, “Azəripək” MMC-də istehsal prosesi ilə tanış olublar.

Keçidlər