Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “ASAN Həyat” Bahar Festivalı keçirilir

12 mart 2019 | 07:03

Şəki “ASAN Həyat” kompleksində xalqımızın qədim adət-ənənələrindən sayılan Novruz bayramı münasibətilə təşkil edilən Bahar festivalı artıq üçüncü gündür ki, zəngin proqramı ilə Şəki sakinlərinə, eləcə də qurumun xidmətlərindən yararlanmaq üçün ətraf rayonlardan gələn vətəndaşlara unudulmaz anlar yaşadır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin Şəki Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi Bahar festivalı martın 9-dan başlayıb.
Festivalın əsas məqsədi xalqımızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək, insanların bayram əhval-ruhiyyəsini artırmaq, bölgələrdə yaşayan müxtəlif xalqların milli mədəniyyətini, musiqisini, folklorunu, mətbəxini nümayiş etdirmək və tanıtmaqdır.
“ASAN Həyat” kompleksinin həyətində xalqımızın Novruz adət-ənənələrini özündə əks etdirən sərgilər, guşələr yaradılıb, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkalar təşkil edilib, milli personajların iştirakı ilə bayram tamaşaları, konsert proqramları təqdim olunub. Pəhləvan və kəndirbazların oyunları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları, idmançıların çıxışları festival iştirakçılarına xoş ovqat bəxş edib.
Mərasimdə iştirak edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və “ASAN xidmət”in tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə festival iştirakçılarını xalqımızın qədim el bayramlarından olan Novruz münasibətilə təbrik edib, onlara xoş əhval-ruhiyyə arzulayıblar. Sonra meydanın mərkəzində qurulan bayram tonqalı alovlandırılıb.
Bayram tədbirində Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan rayon nümayəndəliklərinin rəqs və folklor kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Paytaxtdan dəvət olunan tanınmış müğənnilərin çıxışları festival iştirakçılarının ürəyincə olub.
Festival günlərində, həmçinin “ABAD Gastro Village” layihəsi çərçivəsində food trucklarda (təkərli qoşqular) “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı da həyata keçirilir.
Şəki “ASAN Həyat” kompleksində Bahar festivalı martın 12-si axşam saatlarınadək davam edəcək.
Xatırladaq ki, ilk Bahar festivalı martın 2-dən 5-dək Quba “ASAN Həyat” kompleksində reallaşıb. Festivalın növbəti ünvanı isə martın 16-dan 19-dək Masallı “ASAN Həyat” kompleksi olacaq.

Keçidlər