Şriftin ölçüsü :

Saytın rəngi :

MSK Şəkidə seçkilərlə bağlı müraciətlərə baxılması məsələlərinə dair regional seminar keçirib

18 yanvar 2020 | 16:00

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə yanvarın 18-də Şəki şəhərində keçirilən regional seminarda seçki hüququnun pozulmasına dair müraciətlərə baxılması məsələləri ətraflı müzakirə olunub.
Seminarda MSK-nın üzvləri Qabil Orucov, İlkin Şahbazov, respublikanın şimal-qərb bölgəsində, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi dairə seçki komissiyalarının hər birindən 3 ekspert olmaqla, ümumilikdə, aşağı seçki komissiyalarının 51 təmsilçisi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarı MSK üzvü Qabil Orucov açaraq, Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar MSK tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, regional seminarların keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin seçki prosedurları ilə bağlı məlumatlarının artırılması və praktiki vərdişlərinin gücləndirilməsindən ibarətdir.
Sonra Qabil Orucov “Seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri” mövzusunda təqdimatla çıxış edib. Seminar iştirakçılarına seçki qanunvericiliyi, seçki hüquqlarının pozulması ilə bağlı şikayətlərin verilməsi, şikayət vermək hüququna malik subyektlər, şikayətin obyekti, vətəndaşlar tərəfindən təqdim edilən şikayətlərin forması və məzmunu, seçki hüquqlarının pozulmasına dair şikayətin verilmə müddəti, şikayətə dair qərar qəbul olunması müddəti, şikayətin qəbul edilməsindən sonra növbəti prosedurlar və digər məsələlər barədə ətraflı izahat verilib.
Seminarda, həmçinin MSK-nın digər üzvü İlkin Şahbazovun “Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması. Ekspert qruplarının fəaliyyətlərinin əsasları” mövzusunda təqdimatı dinlənilib.
Qeyd olunub ki, seçkilərlə əlaqədar müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması çox vacib məsələdir və vətəndaşların seçki hüququnun daha səmərəli təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Buna görə də dairə seçki komissiyalarının ekspert qrupunun üzvləri mövzu ilə bağlı qanunvericiliyin tələblərini dərindən mənimsəməli və öz vəzifələrinin öhdəsindən layiqincə gəlməlidirlər.
Tədbirin praktiki hissəsində kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilib, seçki komissiyaları tərəfindən həmin şikayətlərə dair müvafiq qərarların qəbul edilməsi məsələlərinə baxılıb.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər