Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “ASAN Peşə” kurslarını uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunub

25 fevral 2020 | 16:00

“ASAN Peşə” layihəsi çərçivəsində biliklərin və əhalinin məşğulluq səviyyəsinin artırılması, eyni zamanda, regional iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq müxtəlif peşələrə yiyələnmək istəyən şəxslər üçün kurslar və təlimlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Şəki “ASAN Həyat” kompleksində ABAD təlimçiləri vasitəsilə 2019-cu ilin oktyabr və 2020-ci ilin yanvar ayları ərzində müxtəlif yaş kateqoriyasından olan 49 nəfərə nəzəri, həm də təcrübi təlimlər keçirilib. Kursları uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlimlər tələbata uyğun olaraq 4 fərqli sahə - rəssamlıq, İKT, şahmat və bağçılıq üzrə aparılır. İştirak üçün yaş məhdudiyyəti yoxdur və təlimlər ödənişsiz təşkil edilir.

"ASAN Həyat" komplekslərində təşkil olunan kurslar ixtisaslı kadrların hazırlanması və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. "ASAN Peşə" mərkəzi bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub.

Hazırda təlimlər davam edir. Mütəmadi xarakter daşıyan şahmat təlimləri bu oyun haqqında ilkin təsəvvürün yaradılması və lövhə üzərində gedişlərin öyrədilməsi, rəssamlıq təlimləri rəngləmə, boyama, müxtəlif fiqurların qurulma texnikalarının öyrədilməsi, bağçılıq təlimləri regiona xas bağçılıq, ipəkçilik, tütünçülük sahələrinin öyrədilməsi, İKT sahəsi üzrə təlimlər isə Microsoft Office proqramları (Word, Excel, Powerpoint), Windows əməliyyat sisteminin öyrədilməsi üzərində qurulub. Bu ildən təlimlərin miqyası daha da genişlənəcək.

Keçidlər