Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili fermerlər payızlıq taxıl əkinlərinə qulluq işləri ilə bağlı maarifləndiriliblər

15 mart 2021 | 16:00

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyindəki Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən şimal-qərb bölgəsi rayonlarında fəaliyyət göstərən taxılçı fermerlər üçün maarifləndirici təlimlər davam edir. “Payızlıq taxıl əkinlərinə yemləmə gübrəsinin verilməsi, alaq otlarına, xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda növbəti təlimlər Şəki rayonunun Bolludərə və Sarıca kəndlərində keçirilib.

Regional Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, payızlıq əkin sahələrində keçirilən təlimlər zamanı fermerlərə yemləmə gübrəsinin verilməsinin payızlıq taxılın məhsuldarlığına müsbət təsiri, alaq otlarına qarşı kimyəvi mübarizədə işlədilən herbisidlər, işçi məhlulun hazırlanması və hər hektara məsarif norması, bu zaman təhlükəsizlik qaydalarına əməl olunması barədə ətraflı məlumat verilib. Fermerlərə bitkinin inkişaf fazasından asılı olaraq gübrənin bir neçə dəfəyə verilməsi tövsiyə edilib.

Təlimlərdə fermerlərə, həmçinin siçanabənzər gəmiricilərə və digər xüsusi təhlükəli zərərvericilərə qarşı mübarizə tədbirlərini həyata keçirən zaman təhlükəsizlik qaydalarına əməl olunması, mübarizə aparılan sahənin kənarında xəbərdaredici nişanların qoyulması, mübarizə tədbirlərini həyata keçirən işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsinin vacibliyi barədə təlimatlar da verilib.

Təlimlər zamanı fermerləri maraqlandıran suallar mərkəzin mütəxəssisləri tərəfindən cavablandırılıb.

Keçidlər