Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü il Şəkinin sosial-iqtisadi və mədəni həyatında bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır

22 fevral 2014 | 16:00

2013-cü ildə Şəki rayonunda 335 milyon manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2012-ci ilə nisbətən 2 faiz artaraq 246 milyon 459 min manat təşkil etmişdir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə əvvəlki illə müqayisədə 7,5 faiz artmışdır. 2013-cü ildə rayonun sənaye müəssisələrində 23 milyon 844 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 923 min manat çoxdur. Ötən il Şəkidə iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 93 milyon 432 min manatlıq investisiya yönəldilmişdir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 51 sahibkara 11 milyon 480 min manat güzəştli kredit verilmişdir. İl ərzində rayonda 1656 yeni iş yeri açılmışdır.
Bu faktlar 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı Şəki Şəhər İcra Hakimiyyətində keçirilən geniş yığıncaqdakı hesabat məruzəsində səsləndirilmişdir.
Şəhər rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, rayonda istehsal olunan məhsulların və el sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxmışlar.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov hesabat məruzəsində bildirmişdir ki, 2013-cü il Prezident İlham Əliyevin Şəkiyə növbəti səfəri ilə əlamətdar olmuşdur. Səfər çərçivəsində dövlətimizin başçısı Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun açılışında iştirak etmiş, əsaslı təmirdən sonra istifadəyə verilən XVIII əsrə aid tarix-memarlıq abidəsi - “Şəki xanlarının evi” və Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
Aqrar sahədə görülən işləri diqqətə çatdıran natiq 2013-cü ildə rayonda 220 min tona yaxın taxıl istehsal olunduğunu, cari ilin məhsulu üçün 69 min 152 hektar sahədə payızlıq taxıl əkildiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, ötən il Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına 18 min əhalinin yaşadığı Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun, habelə Şəki şəhərinin yeni Baş Planına uyğun olaraq 9 hektar ərazidə Heydər Əliyev adına parkın, Heydər Əliyev Mərkəzinin, Bayraq Meydanının və şəhər icra hakimiyyəti üçün yeni inzibati binanın tikintisinə başlanmışdır.
Bildirilmişdir ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər 2013-cü ildə də davam etdirilmiş, Şəki şəhərində və kəndlərdə 7 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Bundan əlavə, ötən il dövlət vəsaiti hesabına 4 uşaq bağçası əsaslı təmir edilmişdir. Hazırda daha bir uşaq bağçası üçün yeni bina tikilir, 3 bağça binası isə əsaslı təmir olunur.
Diqqətə çatdırılmışdır ki, ötən il Şəki şəhərinin yeni yaşayış massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış evi tikilib istifadəyə verilmiş, qəzalı vəziyyətdə olan evlərin sakinlər üçün 24 mənzilli yaşayış binasının tikintisi başa çatdırılmışdır. Səhiyyə Nazirliyi ilə Dünya Bankının birgə layihəsi çərçivəsində Aşağı Göynük kəndində sahə xəstəxanası, Baş Göynük kəndində isə həkim məntəqəsi tikilmişdir. Bundan əlavə, mərkəzi xəstəxananın nəzdindəki doğum evinin bazasında Regional Perinatal Mərkəz yaradılmışdır.
Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən də bəhs edən məruzəçi 2013-cü ildə 991 abonentin təbii qazla təmin olunduğunu, abonentlərin ümumi sayının 20 min 385-ə çatdırıldığını bildirmiş, bu sahədə işlərin sürətləndirilməsinin vacibliyini vurğulamışdır.
2013-cü ilin rayonun mədəni həyatında da əlamətdar hadisələrlə yaddaqalan olduğunu qeyd edən şəhər icra hakimiyyətinin başçısı ötən il Şəkinin “İpək Yolu” IV Beynəlxalq Musiqi Festivalına, habelə bir sıra digər beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etdiyini diqqətə çatdırmışdır.
Məruzə ətrafında çıxış edənlər görülmüş işlərlə yanaşı, mövcud problemlərə də toxunmuş, təkliflərini bildirmişlər. Səslənən təkliflərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin verilməsi, yaşayış məntəqələrinin və əkin sahələrinin içməli və suvarma suyuna tələbatının ödənilməsi, ipəkçiliyin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi, kəndarası yolların asfaltlaşdırılması, qazlaşdırma və şəhərin su-kanalizasiya layihəsinin icrası ilə bağlı işlərin sürətləndirilməsi və digər məsələlər öz əksini tapmışdır.
Yığıncaqda Milli Məclisin deputatları Yaqub Mahmudov, Əli Məsimli və Cavanşir Feyziyev, Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış edərək 2013-cü ildə əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs etmişlər.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər