Şriftin ölçüsü :

Saytın rəngi :

Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın prezidenti Şəki şəhərində olmuşdur

21 aprel 2014 | 15:00

Azərbaycanda səfərdə olan Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın  prezidenti Qustava Araoz 19-20 aprel 2013-cü il tarixdə Şəki şəhərində olmuşdur.
     Beynəlxalq Şuranın  prezidentini dünya mədəniyyətinin nadir incisi hesab edilən Şəki Xan Sarayının həyətində şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qarşılamışdır.  Qonağa “Yuxarı- Baş” Dövlət tarix-memarlıq qoruğu haqqında, Xan sarayının həyətində yaşı dörd əsri haqlayan çinarlar barədə məlumat verildikdən sonra o, Xan Sarayı ilə tanış olmuşdur.
    Ölkəmizdə tarixi abidələrin mühafizəsi və bərpası istiqamətində görülən işlər barədə qonağa məlumat verən Elxan Usubov Prezident İlham Əliyevin milli mədəni irsin qorunmasını təmin etmək üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını təsdiq etdiyini bildirmişdir. Eyni zamanda dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” barədə də qonağa müfəssəl məlumat verilmişdir.
    Diqqətə çatdırılmışdır ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da abidələrin bərpası və mühafizəsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bu mühüm işlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır.
    İCOMOS-un prezidenti Qustava Araoz Azərbaycanda, o cümlədən onu dilbər güşəsi olan Şəkidə olmağından məmnunluğunu bildirmiş, ölkəmizdə tarixi abidələrin qorunmasına və bərpasına göstərilən dövlət qayğısını yüksək qiymətləndirmişdir.
    Beynəlxalq Şuranın prezidenti Şəkinin daha bir neçə tarixi məkanını ziyarət etmiş, şəhərlə tanış olmuşdur.

Keçidlər