Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə uşaq bağçalarının maddi-texniki bazası möhkəmləndirilir

30 iyul 2014 | 15:00

Şəki şəhərindəki 25 nömrəli uşaq bağçası əsaslı təmirdən sonra yenidən balaca fidanların istifadəsinə verilib.
Bu münasibətlə keçirilən mərasimdə ölkəmizdə uşaqların sağlamlığının qorunması və təlim-tərbiyəsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışılıb. Bildirilib ki, respublikanın hər yerində olduğu kimi, Şəkidə də məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün davamlı tədbirlər həyata keçirilir. Son illər rayonda 2 yeni uşaq bağçası tikilib istifadəyə verilib, 3 bağça əsaslı təmir olunub. Hazırda Şəki şəhərindəki 14, 15 və 16 nömrəli uşaq bağçaları üçün yeni binaların tikintisi davam etdirilir, 9 və 17 nömrəli uşaq bağçaları əsaslı təmir olunur. Bağçanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra şəhər rəhbərliyi və tədbir iştirakçıları binada yaradılan şəraitlə yaxından tanış olublar.
Məlumat verilib ki, uşaq bağçası bu binada 1963-cü ildən fəaliyyət göstərir. Binada əsaslı təmir işlərinə cari ilin yanvarında başlanılıb. İki qruplu, 40 yerlik uşaq bağçası yeni inventar və avadanlıqla da təmin olunub.

Keçidlər