Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki tur-aksiyanın birinci mərhələsi çərçivəsində son iştirakçıları qəbul etdi

05 sentyabr 2014 | 15:00

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə avqustun əvvəlində başlanılan, ölkə vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanan “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyalarının birinci mərhələsi uğurla başa çatmaq üzrədir.
Ölkə ictimaiyyətinin, ziyalıların, müəllimlərin, valideynlərin yekdil rəyinə görə, bu layihə həqiqətən də respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisədir və məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verir və verəcəkdir.
Sentyabrın 4-də Şəki şəhəri tur-aksiyanın birinci mərhələsi çərçivəsində son iştirakçıları qəbul etdi. Dağlar qoynunda yerləşən, füsunkar təbiəti və tarixi-memarlıq abidələri ilə zəngin olan bu qədim diyarın budəfəki qonaqları Göyçay və Qazax məktəbliləri oldular.
Heydər Əliyev Mərkəzinin qarşısında səmimiyyətlə qarşılanan məktəblilərə 2700 ildən çox yaşı olan Şəkinin qədim tarixi, mədəniyyəti, coğrafi mövqeyi barədə qısa məlumat verildi. Aksiya iştirakçılarına Şəki ilə bağlı məlumat kitabçaları hədiyyə olundu.
Göyçay və Qazax məktəbliləri sentyabrın 5-də Şəkinin tarixi yerləri ilə tanış olacaqlar.

Keçidlər