Şriftin ölçüsü :

Saytın rəngi :

“Bilik Günü”ndə Şəkinin ucqar dağ kəndlərində iki yeni məktəb binası istifadəyə verilib

15 sentyabr 2014 | 15:00

Şəki rayonunun ucqar dağ kəndlərindən olan Şin və Baş Şabalıd kəndlərinin sakinləri “Bilik Günü”ndə çox dəyərli bayram hədiyyələri alıblar.
Sentyabrın 15-də bu kəndlərdə tam orta məktəblər üçün dövlət vəsaiti hesabına inşa edilmiş 280 və 120 şagird yerlik yeni məktəb binaları öz qapılarını məktəb kollektivlərinin üzünə açıb.
Şin kəndində rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə keçirilən mərasimdə çıxış edənlər ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən geniş bəhs ediblər. Diqqətə çatdırılıb ki, təkcə son üç ildə Şəkidə 20 yeni məktəb binası tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub. Bu gün daha iki məktəb binası şagirdlərin istifadəsinə verilir. Bundan əlavə, hazırda rayonun Göybulaq, Baş Göynük və Qoxmuq kəndlərində yeni məktəb binalarının tikintisi davam etdirilir. Bu məktəblərin də cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Vurğulanıb ki, ötən tədris ilinin yekunları Şəki rayonunun təhsil müəssisələri üçün çox uğurlu olub. Məzunlardan 19 nəfəri qızıl medala layiq görülüb, 682 nəfər tələbə adını qazanıb. Qəbul imtahanlarında 40 məzun 600 baldan yuxarı nəticə göstərib.
Rəmzi qırmızı lent kəsildikdən sonra yeni məktəb binasına baxış olub. Diqqətə çatdırılıb ki, Şin kənd tam orta məktəbi indiyədək ötən əsrin ortalarında inşa edilmiş köhnə, uyğunlaşdırılmış binada fəaliyyət göstərib. 280 şagird yerlik yeni məktəb binasının tikintisinə 2013-cü ildə başlanılıb. İkimərtəbəli binada 14 sinif otağı, 2 laboratoriya, fənn kabinetləri, tibb otağı, bufet, akt və idman zalları yerləşir. Bina müasir istilik sistemi ilə təchiz olunub.
Məktəbin foyesində ümummilli lider Heydər Əliyevə və Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş sərgilər yaradılıb.
Diqqətə çatdırılıb ki, yeni dərs ilində bu məktəbdə 230 şagird təhsil alacaq. Onlardan 31-i ilk dəfə məktəb partası arxasında əyləşəcək.
Rayon rəhbərliyi daha sonra Baş Şabalıd kəndində inşa edilmiş 120 şagird yerlik yeni məktəb binasının açılışında iştirak edib.

Keçidlər