Şriftin ölçüsü :

Saytın rəngi :

Bakının “Sərhədçi” komandası Prezident Kuboku uğrunda 9-cu çövkən milli oyununun qalibidir

22 dekabr 2014 | 16:00

Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda 9-cu çövkən milli oyunu üzrə yarışlar Bakının “Sərhədçi” komandasının qələbəsi ilə başa çatıb.
  “Sərhədçi” komandası dekabrın 22-də, oyunların təntənəli bağlanış mərasimindən əvvəl keçirilən çövkən oyunu üzrə yarışın finalında paytaxtın digər təmsilçisi – “Kövsər” komandasını 4-0 hesabı ilə məğlub edərək oyunların qalibi adını qazanıb. 3-cü yeri Ağdam təmsilçilərinə 1-0 hesabı ilə qalib gələn Ağstafa komandası tutub.
Bir gün əvvəl başa çatmış sür-papaq oyunu üzrə yarışlarda Balakən komandası hamıdan güclü olub. Bu növdə sonrakı yerləri Ağcabədi və Laçın rayonlarının komandaları tutublar. Oğuzlular papaq, Qəbələ komandası isə yaylıq oyunu üzrə yarışların qalibi adını qazanıblar.
Xatırladaq ki, dekabrın 17-də başlanan yarışlarda respublikamızın 13 rayonunu və Bakı şəhərinin 3 idman klubunu təmsil edən 16 komandaq mübarizə aparıb.
Çövkən oyunu üzrə final qarşılaşmasından sonra komandaların mükafatlandırılması mərasimi keçirilib. Çövkən, sür-papaq, papaq və yaylıq oyunları üzrə fərqlənən bütün komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunub. Çövkən milli oyununun qalibi “Sərhədçi” komandası, eyni zamanda, yarışların baş mükafatına – Prezident Kubokuna layiq görülüb.
Sonda yarış iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və dirçəldilməsinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.

Keçidlər