Şriftin ölçüsü :

Saytın rəngi :

Cari ildə Şəki Turizm İnformasiya Mərkəzinə 556 nəfər xarici turist müraciət edib

23 dekabr 2014 | 16:00

Bu il Şəki Turizm İnformasiya Mərkəzinə 40 ölkədən 556 nəfər xarici, həmçinin 300 nəfərə yaxın yerli turist müraciət edib. Müraciətlər əsasən Şəkinin, eləcə də bu bölgənin gəzməli, görməli yerləri, tarixi məkanları, turizm imkanları barədə ətraflı məlumat almaq məqsədi daşıyıb. Mərkəzə müraciət edən turistlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.

Bu məlumatı Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev AzərTAc-a eksklüziv müsahibəsində verib.

Mərkəzin rəhbərinin bildirdiyinə görə, il ərzində quruma ən çox Almaniya Federativ Respublikasından olan turistlər müraciət ediblər. Həmin müddətdə mərkəz tərəfindən 128 alman turistə xidmət göstərilib. Polşa, Fransa, Rusiya, İtaliya və digər Avropa ölkələrinin, həmçinin Avstraliya, Yaponiya, uzaq Amerika qitəsində yerləşən Kanada, ABŞ, Argentina, Meksika, Braziliya kimi ölkələrin turistləri də mərkəzə daha çox müraciət edənlər arasındadırlar.

Hazırda Şəkidə turizmin inkişafı ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdıran Nəsib İmaməliyev bu layihələrdən birinin finlandiyalı ekspertlərin iştirakı ilə aparıldığını bildirib. Onun sözlərinə görə, Finlandiyanın turizm sahəsində çalışan mütəxəssisləri dəfələrlə Şəkidə olub, yerli sənətkarlar, muzey işçiləri, həmçinin tələbələr üçün treninqlər keçiriblər. Şəki Turizm İnformasiya Mərkəzi belə layihələrin həyata keçirilməsində əlaqələndirici rol oynayır.

Qeyd edək ki, 2008-ci ildən fəaliyyət göstərən və hazırda “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki “Sənətkarlar evi”ndə yerləşən Turizm İnformasiya Mərkəzi Şəkiyə gələn yerli və xarici turistləri bələdçi xəritələri və digər çap məhsulları ilə, həmçinin lazımi informasiyalarla təmin edir. Turistlərin yerləşdirilməsində, turizm marşrutları üzrə hərəkət etməsində onlara yardımçı olur, bələdçilik edir.

Keçidlər