Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili gənclər Vətəni qorumağa gedirlər

07 aprel 2015 | 15:00

Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama əsasən, aprelin 7-də Şəkidə gəncləri hərbi xidmətə yolasalma mərasimi keçirilib.
Çağırışçı gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şəhərin mərkəzindəki parkda şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və valideynlərin iştirakı ilə keçirilən mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəisi, polkovnik Asəf Əhmədov Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər barədə danışıb. Bildirilib ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda inamlı addımlar atılır. Orduda islahatların aparılması, struktur dəyişiklikləri, peşəkar kadrlarla komplektləşdirmə, hərbi təhsilin müasir tələblər baxımından inkişafı və hər şeydən öncə, Silahlı Qüvvələrin vahid komandanlıq altında birləşməsi öz bəhrəsini verir. Bugünki ordu 90-cı illərin ordusu deyil. Artıq nizam-intizamlı, düşmənə layiqincə cavab verə biləcək ordu yaranıb, şəxsi heyətin mənəvi-psixoloji və döyüş hazırlığı xeyli yüksəlib.
Mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Vətənə xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirmiş, gənclərə şərəflə xidmət etməyi, hərbi biliklərə dərindən yiyələnməyi tövsiyyə etmiş, sağ-salamat evə qayıtmalarını arzulamışdır.
Tədbirdə digər çıxış edənlər də gəncləri təbrik edərək, onlara əsgəri xidmətdə uğurlar arzulamışılar.
Sonra çağırışçı gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobusla hərbi hissələrə yola düşüblər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev iştirak etmişdir.

Keçidlər