Şriftin ölçüsü :

Saytın rəngi :

İranın Azərbaycandakı səfiri Şəkidə olub

07 may 2015 | 15:00

İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin mayın 7-də Şəkidə olub.
Həmin gün səfir Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb. Şəhər icra hakimiyyətində keçirilən görüşdə ikitərəfli əməkdaşlıq əlaqələri barədə ətraflı söhbət açılıb.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qonağa Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, milli adət-ənənələri, tarixi abidələri, turizm potensialı barədə geniş məlumat verib. Bildirilib ki, Şəkidə qədim ipəkçilik ənənələri indi də davam etdirilir. Şəki, həm də sənətkarlar diyarıdır. Hər il bu şəhərdə beynəlxalq səviyyəli tədbirlər, musiqi festivalları keçirilir. Bu tədbirlərdə İranın musiqi kollektivləri də yaxından iştirak edirlər.
Diqqətə çatdırılıb ki, əsrarəngiz təbiəti olan Şəki, eyni zamanda, Azərbaycanın turizm mərkəzlərindən biridir.
Səfir Möhsün Pakayin Azərbaycan ilə İran arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. İranlı diplomat Şəki ilə gələcəkdə ticarət, turizm və mədəni sahələrdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşün sonunda qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.
İkigünlük səfər çərçivəsində iranlı diplomat Şəkinin tarixi məkanları ilə də yaxından tanış olacaq.

Keçidlər