Şriftin ölçüsü :

Saytın rəngi :

Bolqarıstanda Şəki haqqında broşürlər nəşr edilib

06 iyul 2015 | 15:00

Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən göndərilən məlumatlar və şəkillər əsasında Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşmış Şəki şəhəri haqqında bolqar dilində broşürlər nəşr olunub. Broşürlərdə Şəki və Qabrovo şəhərləri arasında əlaqələr barədə məlumat verilir. 2004-cü ildə həmin şəhərlərin icra hakimiyyətləri tərəfindən qardaşlaşma haqqında birgə bəyannamənin imzalanmasından, rəsmilərin qarşılıqlı səfərlərindən bəhs edilir. Şəkinin əsrarəngiz təbiətindən, qədim tarixindən, “Şəki” sözünün etimologiyasından, həmçinin Şəki xanlığından söhbət açılır. Şəkinin Azərbaycan tarixində mühüm rolunun qeyd edildiyi broşürlərdə şəhərin mədəni-tarixi abidələri, xüsusilə Şəki xanlarının sarayı barədə məlumatlar da əksini tapır. Qədim tarixi abidələr olan Aşağı və Yuxarı Karvansaray, Cümə Məscidi, Kiş kəndində yerləşən Alban məbədi ilə yanaşı, 2012-ci ildə inşa edilmiş Yay Teatrı barədə məlumat verilir. Müasir dövrdə Şəkinin Azərbaycanın mədəni həyatında oynadığı vacib rol, burada təşkil edilən beynəlxalq musiqi festivalları qeyd edilir, qədim xalq sənətləri olan misgərlik, dəmirçilik, təkəlduzçuluq, xalçaçılıq, dulusçuluq, papaqçılıq haqqında ətraflı söhbət açılır. Həmçinin Şəki mətbəxi və Şəki şirniyyatlarının zənginliyi broşürlərdə xüsusi qeyd edilir.
Broşürlər Bolqarıstanın dövlət və özəl qurumlarına, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara, eləcə də 30-dan çox kitabxanaya göndərilib.

Keçidlər