Şriftin ölçüsü :

Saytın rəngi :

Aqa Səfəvi: Bizi ölkələrimizin mədəniyyətləri birləşdirdi

24 avqust 2015 | 15:00

İndiyədək dünyanın bir sıra ölkələrində konsertlər vermişik. Azərbaycana isə ilk dəfədir səfər edirik. Şəki bizi çox mehribanlıqla qarşıladı. Bu qədim şəhərin sakinləri çox mədəni, gülərüz, eyni zamanda, musiqiyə yaxşı qiymət verəndirlər.
Bu sözləri “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının iştirakçısı, İranın “Lian” musiqi qrupunun vokal ifaçısı Aqa Səfəvi AZƏRTAC-a müsahibəsində deyib.
Festivalın açılışının çox möhtəşəm və maraqlı keçdiyini vurğulayan iranlı musiqiçi deyib: “Açılış mərasimində Azərbaycan, İran, Türkiyə və Özbəkistanın musiqi qrupları birlikdə çıxış etdilər. Biz birgə məşq etməmişdik. Ancaq çıxışımız çox yaxşı alındı. Çünki bizi ölkələrimizin mədəniyyətləri birləşdirirdi. Bir daha əmin olduq ki, qonşu ölkələr olaraq, mədəniyyətlərimiz qədimdən bir-birinə çox yaxın imiş. Ona görə də konsertdə bir-birimizə tez uyğunlaşdıq”.
“Ən maraqlısı odur ki, bizim repertuarımızda “Şəki” adlı ritm də var. Bu, çox qədim ritmdir və ondan İranın cənubunda çox istifadə edirlər”, deyə iranlı musiqiçi bildirib.
Aqa Səfəvi daha sonra deyib: “Qonaqpərvərliyə görə Azərbaycan xalqına, şəkililərə minnətdarlığımızı bildiririk. Bizi çox istiqanlı qarşıladılar. Biz bu mehribançılığı, istiqanlığı ürəyimizdə saxlayacaq və özümüzlə İranın müxtəlif bölgələrinə aparacağıq. Xalqınızın gözəl keyfiyyətlərini ölkəmizdə sevgi ilə təbliğ edəcəyik”.

Keçidlər