Şriftin ölçüsü :

Saytın rəngi :

“Nağara-2015” festivalında “Abbos” qrupunun çıxışı maraqla qarşılanıb

24 avqust 2015 | 15:00

Şəkidə keçirilən “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı çərçivəsində avqustun 23-də axşam Özbəkistanın “Abbos” qrupunun konserti olub.
Yay teatrında keçirilən konsertdə tədbirə dəvət olunan qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri və musiqisevərlər iştirak ediblər.
Konsertdən əvvəl məlumat verilib ki, “Abbos” qrupu 1998-ci ildə Özbəkistanın xalq artisti, milli zərb alətlərinin peşəkar ifaçısı Abbos Kasimov tərəfindən yaradılıb. Qrup ənənəvi musiqi alətləri olan karnay, surnay, doyra və nağara ifaçılarından ibarətdir. “Abbos” bu alətləri estrada üslubunda ifa edən ilk musiqi qruplarından biridir. Qrup karnay və surnay alətlərində müxtəlif xalqların ritmlərini, musiqi kompozisiyalarını yüksək peşəkarlıqla ifa etməklə bütün dünyada məşhurlaşıb. Bu kompozisiyaların sırasına “Boney-M”, “Modern talking” kimi qrupların, həmçinin Maykl Ceksonun, Latın Amerikası, rus, qazax, qırğız və tacik ifaçılarının mahnıları daxildir.
Qrupun üzvləri dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ, Fransa, İngiltərə, Almaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Honkonq, Tayvanda qastrol səfərlərində olublar və öz ifaları ilə tamaşaçıları təəccübləndirməyi bacarıblar.
“Abbos” qrupunun üzvlərinin Şəki musiqisevərlərinə təqdim etdikləri şux və oynaq ritm-kompozisiyalardan ibarət konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Keçidlər