Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident Administrasiyasının rəsmisi: Vətəndaşların müraciətlərinə diqqət daha da artırılmalıdır

19 noyabr 2015 | 01:11

Bugünkü seminar-müşavirə vətəndaşların müraciətlərinə baxılması işini daha da təkmilləşdirmək, kargüzarlığı müasir tələblər səviyyəsinə qaldırmaq, yerlərdə bu işi maksimum səviyyədə canlandırmaq məqsədi daşıyır.
Bu sözləri Şəkidə jurnalistlərə müsahibəsində Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavini İsrafil Qurbanov deyib.
Yerli təhsil idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması ilə bağlı noyabrın 17-də Şəki şəhərində keçirilən regional seminar-müşavirənin əhəmiyyətindən danışan İ.Qurbanov Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı Fərmanla tətbiq olunan “Vətəndaşların müraciətləri haqqında” Qanunun normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. Prezident Administrasiyasının rəsmisi seminar-müşavirədə dinləyicilərə həmin Qanunun yeni redaksiyasının əvvəlkindən fərqli cəhətlərinin, bu sənəddən irəli gələn vəzifələrin ətraflı izah olunduğunu bildirib. Seminarda, həmçinin Təhsil Nazirliyi tərəfindən yerlərdə müasir tələblər səviyyəsində qurulan elektron sənəd dövriyyəsi və bu sahədəki texnoloji yeniliklər barədə də geniş məlumat verilib.
Prezident Administrasiyasının rəsmisi deyib: “Belə tədbirlərin keçirilməsi dövlətimizin başçısının vətəndaşların müraciətlərinə həssaslıqla yanaşdığını göstərir. Şübhəsiz ki, seminar-müşavirənin nəticəsi olaraq yerlərdə bu sahədə iş daha da yaxşılaşacaq. Vətəndaşların müraciətlərinə diqqət daha da artırılmalıdır”.
İndiyədək Sumqayıt və Xaçmazda belə seminar-müşavirələrin keçirildiyini xatırladan İsrafil Qurbanov bu mövzuda növbəti tədbirlərin Lənkəran və Gəncədə təşkil olunacağını, beləliklə bütün təhsil işçilərinin bu tədbirlərə cəlb ediləcəyini diqqətə çatdırıb.

Keçidlər