Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin tarixi məkanları ilə tanışlıq tur-aksiya iştirakçılarının ürəyincə oldu

20 noyabr 2015 | 06:11

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə hərəkət edən respublikamızın 8 şəhər və rayonunun məktəbliləri ekskursiyanın üçüncü günündə - noyabrın 18-də qədim Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar.
Səfər proqramına uyğun olaraq Quba, Qusar, Xaçmaz, Abşeron, Xızı, Şabran, Siyəzən rayonlarının və Sumqayıt şəhərinin məktəbliləri əvvəlcə Şəki şəhərinin qədim tarixi hissəsinə - “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəldilər.
Məlumat verildi ki, qoruğun ərazisində dövlət qeydiyyatına götürülmüş 25 tarixi abidə var. Bu ərazidə təbiət gözəllikləri ilə insanların yaratdıqları qədim abidələr vəhdət təşkil edir, bir-birini tamamlayır.
Qoruğun ərazisində yerləşən XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – Şəki xanlarının sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında xüsusilə böyük maraq oyatdı. Məktəblilərin diqqətinə çatdırıldı ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə, təqribən 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür.
Məktəblilər ilk dəfə gördükləri sarayın gözəlliyinə heyran qaldıqlarını bildirdilər, abidənin önündə xatirə şəkilləri çəkdirdilər.
Tur-aksiyanın iştirakçıları sonra “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisini gəzdilər, buradakı muzeylərə baxdılar. Məktəblilər daha sonra qoruğun ərazisindəki “Sənətkarlar evi”nə baş çəkdilər, burada şəkili sənətkar, məşhur şəbəkə ustası Hüseyn Hacımustafazadənin emalatxanasında oldular. Hüseyn usta məktəblilərə şəbəkə sənətinin sirləri barədə məlumat verdi.
Qoruğun ərazisində yerləşən, XVIII əsrin sonunda Şərq memarlığı üslubunda tikilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq da məktəblilərin ürəyincə oldu.
Məktəblilər XIX əsrə aid tarixi-memarlıq abidəsi olan Cümə məscidinə baş çəkdilər, inşaat işləri davam etdirilən “Marxal” müalicə-istirahət kompleksinə baxdılar.
Şəkiyə səfərləri çərçivəsində məktəblilər Kiş kəndində yerləşən qədim alban məbədini də ziyarət etdilər. Şagirdlərin diqqətinə çatdırıldı ki, məbəd eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir.
Tur-aksiya iştirakçıları həmin gün şəhərin görməli yerlərini də gəzdilər, milli mətbəx nümunələrini daddılar, Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə qonaq oldular.
Şəkinin tarixi məkanları ilə tanışlıq tur-aksiya iştirakçılarında zəngin təəssürat yaratdı.

Keçidlər