Şriftin ölçüsü :

Saytın rəngi :

44 GÜNLÜK ZƏFƏR SAVAŞINDA 56 ŞƏKİLİ GƏNC QƏHRƏMANLIQLA DÖYÜŞƏRƏK VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞDUR

HƏMİD Cavanşir oğlu Abbasbəyli


  Xüsusi Təyinatlı Qüvvələrin Baş leytenantı Həmid Cavanşir oğlu Abbasbəyli 17 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə o, Bakı şəhəri, Binəqədi rayonu Famil İsgəndərov adına 157 saylı orta məktəbin 1-ci sinfinə gedib. Ailə vəziyyəti ilə əlaqədar 2002-ci ilin noyabr ayında o, anası və qardaşı ilə birgə Şəki şəhərinə, nənəsinin yanına köçüb və Şəki şəhər 18 saylı orta məktəbdə təhsilini davam etdirib.
2006-cı ildə Həmid Abbasbəyli C.Naxçıvanski adına Hərbi liseyə qəbul olub və 2009-cu ildə liseyi bitirib. 4 xarici dil bilən Həmid elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2013-cü ildə ali təhsilini başa vurduqdan sonra cəbhə bölgəsində Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə tağım komandiri kimi xidmət edib.
2015-ci ildə öz ərizəsinə əsasən ağır təlimlər-dən, imtahanlardan, sınaqlardan keçərək Xüsusi Təyinatlı Qüvvələrin siralarına qoşulub. İşlədiyi müddət ərzində özünü nümunəvi, peşəkar zabit kimi göstərib. 2016-cı il dekabr ayının 5-dən 2017-ci il fevral ayının 17-dək Türkiyədə, 2017-ci il sentyabr ayının 18-dən 2018-ci il yanvar ayının 15-dək isə Çində təlim kursu keçib.
Həmid Abbasbəyli Aprel döyüşlərində iştirak edib və böyük fədakarlıq göstərib. O, idmanda da bö¬yük uğurlar qazanaraq “Boks və qaydasız döyüş” idman növü üzrə yarışlarda iştirak edib və həmişə birincilik qazanıb.
Gənc zabit xidmət etdiyi dövrdə hərbi paradların iştirakçısı olub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi mü¬na¬si¬bətilə 2018-ci il iyun ayının 26-da Bakının “Azadlıq” meydanında təntənəli hərbi paradda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində iştirak edib və yubiley medalı ilə təltif edilib.
2020-ci il iyun ayının 24-də Moskva şəhərində Qırmızı meydanda keçirilən Böyük Vətən müharibəsində Qələbənin 75-ci illiyinə həsr edilmiş irimiqyaslı paradda 75 hərbçi ilə Azərbaycan Ordusunu təmsil edənlərin sırasında olub. “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” medalı ilə təltif edilib.
Baş leytenant Həmid Abbasbəyli 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində ilk gündən döyüşə qatılıb. Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Hadrut qəsəbəsinin, Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında iştirak edib. O, qrup rəhbəri kimi döyüşlərdə böyük şücaət göstərib. Düşmənin coxlu sayda canlı qüvvəsini və texnikasını məhv edib, yaralı yoldaşlarını döyüş meydanından çıxarıb. Ağır döyüşlərin birində minaya düşərək ayağından yaralanıb, lakin ilkin tibbi yardımdan sonra döyüşə davam edib. İgid döyüşçü oktyabrın 19-dan 20-nə keçən gecə Laçın cəbhəsində ge¬dən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ailədə 2 qardaş olublar. Subay idi.
Şəhidin atası Cavanşir Abbasov 2016-cı ildə vəfat edib. Anası Gülnara xanım deyir ki, övladları Həmid və Ağasının təlim-tərbiyəsinə xüsusi diqqət yetiriblər, vətənpərvər bir ruhda böyüdüblər.
Şəki şəhər 18 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Xatirə Qədirova: “Həmid Abbasbəyli mənim ən ağıllı və tərbiyəli şagirdlərimdən biri idi. O, öz ağılı, zəkası, mədəniyyəti ilə yoldaşlarının və müəllimlərinin sevimlisi olmuşdu. Onun elə bir görkəmi, elə bir duruşu var idi ki, ona həmişə deyirdim ki, sən böyüyəndə əsl hərbçi olacaqsan. O, hələ uşaq yaşlarından hərbçi olmaq istəyirdi. Həmidin vətənpərvərliyi, xalqına, millətinə olan sevgisi onu yolundan dönməyə qoymadı. O, öz məqsədinə çatdı və hərbçi oldu. Bu gün məktəb kollektivi də, mən də bir müəllimi kimi onunla fəxr edirəm” – deyir.
Zabit Həmid Abbasbəylinin mübarək nəşi 24 oktyabrda əvvəlcə Xətai rayonuna gətirilib, burada böyük izdihamla qarşılanıb, doğmaları ilə vidalaşdıqdan sonra avtomobil karvanının müşayiəti ilə general Polad Həşimovun uyuduğu Bakının İkinci Fəxri Xiyabanında yaylım atəşi ilə təntənəli şəkildə Xətai Rayon İcra Hakimiyyətinin, Xüsusi Təyinatlı Qüvvələrin və Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.
Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin xatirəsinə yaşadığı binanın önündə “Həmid” bulağı inşa olunub.

ÜLVİ Bayram oğlu Abışov

Ülvi Bayram oğlu Abışov 1997-ci il sentyabr ayının 23-də Şəki rayonunun Turan qəsəbəsində anadan olub. 2003-ci ildə Turan qəsəbə tam orta məktəbinin 1-ci sinfinə gedib. 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib. O, orta məktəblə yanaşı, musiqi məktəbinin tar şöbəsində də təhsil alıb. 2015-ci ilin aprel ayında hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Tovuz rayonunun Əlibəyli kəndində yerinə yetirib. 2016-cı ilin Aprel dö-yüşlərində iştirak edib. Xidməti dövründə hərbi hissə komandanlığı tərəfindən “Təşəkkürnamə” alıb. 2017-cı ilin oktyabr ayında ehtiyata buraxılıb. 2020-ci il sentyabrın 27-də başlanan Və¬tən müharibəsi bütün gənclərimiz kimi onun da vətənpərvərlik duyğularını oyadıb. Ülvi sentyabrın 29-da qismən səfərbərliklə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə çağırılaraq döyüş bölgələrinə göndərilib. O, Füzuli, Cəbrayıl döyüşlərində iştirak edib və sonda Şuşa uğrunda gedən döyüşlərdə, noyabr ayının 8-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Noyabr ayının 17-də doğulduğu Turan qəsəbəsində torpağa tapşırılıb.
Ailədə 2 qardaş olublar. Subay idi.
“Ülvi çox utancaq, sakit təbiətli biri idi. Heç kəsin qəlbinə dəyməzdi. Onun sanki öz dünyası var idi, hər şeyi öz qəlbində yaşayardı, heç kimlə öz sirrini, hisslərini, arzularını bölüşməzdi. Çox zəhmətkeş idi, usta yanında fəhlə işləyirdi” – deyir bibisi oğlu Amil.
Müəllimi isə Ülvinin dəfn gününü hələ də unuda bilmir: “Cənazə karvanı bayraqlara bələnib gedəndə həyatımda ilk dəfə ölən bir insana həsəd apardım. Uzun insan seli, təntənə, alqış sədaları... Sanki bayraqlar onu çiyninə alıb aparırdı. Düşündüm ki, belə təntənəli dəfn yalnız şəhidlərə qismət ola bilər”.
Bu gün atası Bayram Abışov, anası Tünzalə xanım, məktəbli qardaşı Elmi Ülvinin yarımçıq arzularına həyat vermək istəyi ilə yaşayırlar. Nənəsi Kamilə xanım isə sevimli nəvəsinin şərəfli ömür yolu ilə fəxr edir: “Babası Eyvaz Abışov Ülvinin şəhidliyindən öncə ona həsr etdiyi şeirində dünyaya gəlməyindən tutmuş bütün həyatı və qəhramanlığından bəhs edib. Sanki nəvəsinin necə bir qəhrəman olacağı ürəyinə dammışdı.
Ülvi anadan yeddi aylıq doğulmuşdu. Onu çox böyük əziyyətlə böyüdüb boya-başa çatdırdıq. O, çox sakit, gülərüz uşaq olub. Heç kəslə dalaşmazdı. Dost onun üçün hər şey idi. Ülvini dost-tanışlarından əlavə, bütün qəsəbə sakinləri də çox sevirdi. Onun idealı Milli Qəhrəmanımız Mübariz İbrahimov idi. Ülvinin bu arzusu onu şəhidlik zirvəsinə qaldırdı. Mən nəvəm Ülvi ilə fəxr edirəm. Çünki Ülvi bizim başımızı həmişə uca edib. Nəvəm kimi igid, saf qəlbli, mehriban, gülərüz, zarafatcıl, mədəniyyətli, mərifətli birinə ancaq şəhidlik yaraşardı" – deyir Kamilə xanım.
Ülvi Abışov ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi sücaətə görə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

NAMAZ Baxış oğlu Allahverdiyev

Leytenant Namaz Baxış oğlu Allahverdiyev 2000-ci il iyun ayının 13-də Şəki rayonunun Suçma kəndində anadan olub.
2006-cı ildə Şəki rayonu Suçma kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 2017-ci ildə həmin məktəbin XI sinfini uğurla başa vuraraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Hərbi məktəbdə oxuduğu zaman dəfələrlə «Fəxri fərman» və «Təşəkkürnamə» ilə təltif edilib. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi Namazın da ali təhsilini yarımçıq qoyub cəbhəyə getməsinə səbəb olub. Namaz Allahverdiyev əvvəlcə Gəncədə çağırışçı gənclərə təlim keçib. Daha sonra cəbhə bölgəsinə yollanıb. Döyüş yolu Füzulidən başlayıb. Şuşanın işğaldan azad olunmasında böyük qəhrəmanlıq göstərən gənc zabit noyabr ayının 8-də Şuşada şəhidlik zirvəsinə yüksəlib.
Ailədə iki qardaş olublar. Subay idi.
Şəhid anası Nazilə xanım: «Oğlumun ən böyük arzusu ali təhsilli hərbçi olmaq idi. O, bu arzusuna öz səyi, bacarığı, savadı sayəsində çatdı. Yaşı az olsa da, kiçik qardaşı Şahruda ciddiyyəti, ailəcanlılığı, qayğıkeşliyi, kişi xasiyyəti ilə əsl örnək idi» – deyir.
Şəhid atası Baxış Allahverdiyev söyləyir ki, zabit olmaq onun arzularının zirvəsi idi. Hərbi bilik və bacarıqlara yiyələnmək istəyi, ən başlıcası isə vətənə olan sevgisi onu böyük coşqu ilə torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərə könüllü olaraq qatılmasına əsas səbəb olmuşdur. Hərbi məktəbdə könüllülük əsasında döyüş bölgəsinə getmək istəyi barəsində kursantların rəyi soruşulan zaman oğlum Namaz leytenant rütbəsi alan kimi ilk anda könüllü olaraq döyüşə qatılmaq arzusunda olduğunu bildirmişdi. Bu, onun ilk və son döyüş yolu oldu.
Şəki rayonu Suçma kənd tam orta məktəbin məzunu Nihat Məmmədov Namaz Allahverdiyev haqqında qəhərini boğaraq danışdı: «Şəhid qardaşım Namaz mənim məktəb illərindən dostum olub. Namaz çox etibarlı dost idi. Heç kimlə bölüşə bilmədiyim fikirlərimi Namaza rahatlıqla etibar edə bilirdim. Dərslərimizə də bir yerdə hazırlaşardıq. Heç vaxt aramızda inciklik, küsülülük olmazdı. Təkcə mənimlə yox, hər kəslə səmimi idi Namaz. Ən böyük arzusu hərbçi olmaq idi. O, ali hərbi məktəbə daxil oldu, mənsə başqa universitetə. Amma əlaqələrimiz qırılmadı. Hər imkan tapdıqca, bayramlarda şəhərdə görüşərdik. Şəkil çəkdirir, gəzir, əylənirdik. Son məzuniyyətə gələndə ilk qarşılayan, gedəndə isə yola salan da mən oldum. Nə biləydik ki, son gedişdi bu. Qarabağ savaşı başlayanda əlaqə saxladım. Çox sevinirdi leytenant rütbəsi aldığı üçün. Hər dəfə zəng edəndə yeni alınan torpaqlarda olduğunu deyirdi, amma məhz harda, onu demirdi. Şuşa alınanda sevincimi bölüşmək və təbrik etmək üçün zəng çaldım. Cavab vermədi. Çox zəng etdim. Ağlıma gəlməzdi ki, mənim dostum şəhid olub. Məkanın cənnət olsun, əziz dostum, qəhrəmanım Namaz».
Leytenant Namaz Allahverdiyev 17 noyabr Milli Dirçəliş Günündə Şəki rayonu Suçma kənd qəbiristanlığında şəhidlər üçün ayrılmış hissədə dəfn edilib. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə «Vətən uğrunda», «Cəsur döyüşçü» və «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilib.

VİLAYƏT Valeh oğlu Allahverdiyev

Vilayət Valeh oğlu Allahverdiyev 2000-ci il avqustun 19-da Şəki rayonunun Birinci Biləcik kəndində anadan olub. 2007-2018-ci illərdə Birinci Biləcik kənd tam orta məktəbində təhsil alıb.
2018-2020-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin aprel ayında ordudan tərxis edilib. 27 sentyabrda başlayan Vətən müharibəsi zamanı ölkədə elan olunmuş qismən səfərbərliklə əlaqədar cəbhəyə gedib. Füzulinin, Cəbrayılın, Qubadlının işğaldan azad edilməsində fəal iştirak edib. Laçın uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub.
Subay idi.
Bu, bir qəhrəman vətən oğlunun kiçik tərcümeyi-halıdır. Müharibə olmasaydı, buraya onunla bağlı daha nələr əlavə olunacaqdı. Axı çox gənc idi. Arzuları, gələcək planları vardı. Lakin Vətəni qorumaq, onun uğrunda şəhid olmaq bu amalların ən başında gəlirdi.
Valeh və Ruhəngiz Allahverdiyevlərin ailəsində şəhidin özündən başqa Aydan, Salatın, Gülçin, Məltəm adlı 4 bacısı, Cuma adlı bir qardaşı var. Sadə, təvazökar bir ailədə böyümüşdü.
Sinif yoldaşı Fərid Xəlilov bunları Vilayət haqqında dedi: «Vətən müharibəsində kəndimizdən bir çox əsgər öz vətənini qorumaq üçün cəbhəyə yollanmış, torpaqlarımızın işğaldan azad olunmasında fədakarlıq göstərmişlər. Bunlardan biri də mənim sinif yoldaşım Allahverdiyev Vilayət Valeh oğludur. Vilayət xoş xasiyyətli, şirin söhbətli, dostlarının sevimlisi olan biri idi. Hərbiyə marağı çox böyük idi. Hərbi xidmətə gedəcəyi günü səbirsizliklə gözləyirdi. Xidmətini başa vurub geri döndükdən sonra da ürəyi hərblə birgə döyünürdü.
Vətən müharibəsi başlayan gün Vilayət cəbhəyə yollandı. Döyüşlər zamanı xoş sədasını eşidirdik».
Sinif rəhbəri Sabir müəllim də Vilayət haqqında öz xatirələrini bölüşür: “Vilayət zahirən sakit görünsə də, onunla danışanda necə bir qaynar ürəyə sahib olduğunu hiss edirdim. Bir qədər də duyğusal idi. Rəsm çəkməyi xoşlayırdı. Arzusu isə hərbi geyimdə vətənin keşiyində dayanmaq idi. O, çox qoçaq, mərd oğul idi.
Müharibənin ilk günündə döyüşlərdə iştirak edən Vilayət Şuşa şəhərinin alınmasında çox böyük şü¬caət göstərdi. Qarabağın ürəyi olan Şuşada Azərbaycanın üçrəngli bayrağının dalğalanmasında yaxından iştirak etdi. Lakin taleyinə şəhidlik zirvəsi yazılıbmış. Bu xəbəri həm kədər, həm qürurla qarşıladıq. Torpaq uğrunda ölən varsa, Vətəndir”.
Vilayət Allahverdiyev şəhidlik zirvəsinə ucalandan xeyli sonra – dekabr ayının 8-də doğulub boya-başa çatdığı Birinci Biləcik kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə «Vətən uğrunda» medalı ilə təltif edilib.

YOLÇU Bəhruz oğlu Babazadə

Yolçu Bəhruz oğlu Babazadə 2002-ci il yanvar ayının 20-də Şəki rayonunun Qozlubulaq kəndində anadan olub. 2008-ci ildə Şəki rayonu Qozlubulaq kənd tam orta məktəbinin I sinfinə gedib, 2019-cü ildə həmin məktəbin XI sinfini bitirib. 20 yanvar 2020-ci ildə Şəki rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Beyləqanda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində ön cəbhəyə gedib. Füzuli, Xocavənd, Ağdərə, Cəbrayıl və s. ərazilərdə gedən döyüşlərdə iştirak edib.
Yolçu Babayev oktyabr ayının 7-də sübh çağı Cəbrayıl rayonu uğrunda gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Ailədə iki qardaş olublar. Subay idi.
Özündən 2 yaş böyük olan qardaşı Rəsul: "Heç vaxt bilməzdim ki, belə igid qardaşım var. Evin sonbeşiyi olduğu üçün onu həmişə uşaq bilirdim. Amma o, qəhrəmanlığı ilə bunun əksini təsdiqlədi" – deyir.
Yolçunun atası Bəhruz Babayev: «Atamın adını vermişdim deyə oğluma həmişə “atam” deyərək müraciət edirdim. İstəyirdim ki, babasının adını yaşatsın. Ailəmizə layiq oğul kimi böyüsün. Oğlum nəinki ailəmizə, qohumlarımıza, eləcə də bütün xalqımıza layiq övlad oldu. Vətən uğrunda şəhid olması ilə təkcə bizim deyil, bütün Azərbaycanın qüruru, fəxri olduğunu sübuta yetirdi. Qorxmaz, cəsur, çətinliklərə sinə gərən bir övlad idi. Hərbçi yoldaşları, dostları onun haqqında həmişə deyirdilər ki, Yolçu bütün döyüş tapşırıqlarını ürəklə, can-başla yerinə yetirirdi. Komandirləri həmişə Yolçudan razılıq edirdilər. Mən öz oğlumla fəxr edirəm» – deyir.
Yolçunun anası Xatirə Babayeva qırılan səsini nizama salaraq: «Yolçu uşaqlıqdan evcanlı idi. Həmişə bizim qayğımıza qalırdı. Uşaq vaxtlarından əməyə, işə marağı vardı. Kənddə nə iş olsa, qulpundan yapışıb evə qazanc gətirirdi. Qazandığı pulları boş-boşuna xərcləməzdi. Evin ehtiyaclarını ödəyirdi. Dostları, yoldaşları ondan çox razılıq edərdilər. Mehriban, istiqanlı uşaq idi. Böyüklərə hörmət edər, əlindən gələn köməyi əsirgəməzdi. Ana kimi oğlumdan çox razıyam» – dedi. Onu da qeyd etdi ki, hələ də oğlunu xəyalında, ürəyində yaşadır, yoxluğu ilə barışa bilmir.
Yolçunun müəllimi Mehriban Qarayeva da şagirdi haqqında fəxrlə danışır: “Şəhid şagirdimiz, sənin haqqında nə desəm, nə yazsam az olar. Bircə onu deyirəm ki, Allah sənə rəhmət eləsin, qeyrətli balam. Sənin və sənin kimi igid övladlarımızın sayəsində qələbə çaldıq. Bizim sənə verdiyimiz təhsilin, tövsiyələrin, göstərdiyimiz yolun ən uca zirvəsində dayandın. Şəhadətin mübarək, igid balam!”
Yolçu Babazadə oktyabr ayının 7-də doğulduğu Şəki rayonunun Qozlubulaq kənd qəbiristanlığında tor¬pağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

MƏMMƏDİYƏ Məhəmməd oğlu Cabbarzadə

  Gizir Məmmədiyə Məhəmməd oğlu Cabbarzadə 1986-cı il dekabr ayının 10-da Şəkidə anadan olub. 1994-cü ildə Şəki şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 4-cü sinifdən təhsilini Bakı şəhəri Mərdəkan qəsəbəsindəki 18 saylı tam orta məktəbdə davam etdirib. 2005-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib.
2005-cü ilin iyulunda Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə başlayıb və Naxçıvanda «N» saylı hərbi hissədə xidmət edib. 2007-ci ilin yanvarında hərbi xidməti başa vurub. Hərbi xidmətdən qayıtdıqdan sonra 2013-cü ilədək Bakı şəhəri Nərimanov rayonunda mühafizə xidmətində muhafizəçi işləyib.
Hərbi sahəyə çox böyük marağı olan Məmmədiyə 2013-cü ildə 6 aylıq hərbi kurs keçib, həmin ildən Beyləqanda yerləşən «N» saylı hərbi hissədə gizir olaraq tağım komandiri, tank komandiri kimi xidmətini davam etdirib. Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə rəhbərlik tərəfindən fəxri fərmanlarla təltif olunan Məmmədiyə «Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)» yubiley medalına layiq görülüb.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində ilk gündən xidmət etdiyi hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib. Xidməti dövründə gizir olan Məmmədiyə oktyabr ayının 23-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Ailədə bir bacı, bir qardaş olublar. Ailəlidir, bir oğul övladı yadigar qalıb.
«Məmmədiyə çox mehriban, səmimi, çalışqan, böyük-kiçik yeri bilən oğul idi. O, vətənini, xalqını çox sevirdi. Məmmədiyə həyatda öz yerini hərbçi kimi tutdu. Qarabağ yarası bütün vətən oğulları kimi onu da yandırıb-yaxır, qisasa, intiqama səsləyirdi. İşğal olunmuş torpaqlarımızı düşmən tapdağından xilas etmək ən böyük arzusu idi. Nəhayət, o gün gəlib çatdı. Şükürlər olsun ki, bu gün qazandığımız zəfərdə Məm¬mə¬diyənin də payı var.
Məmmədiyənin oğlu, nəvəmiz Əli hələ körpədir. Bir yaşını yenicə adlayıb. Ona görə də hələ ki, olub-keçənlərdən xəbərsizdir. Məmmədiyənin anası Zöhrə xanım, bacısı Tünzalə, həyat yoldaşı Aytəkin, digər əzizlərimiz üçün Məmmədiyənin şəhid olması nə qədər kədərli olsa da, bir o qədər də qürurvericidir. Çünki o, öz amalı uğrunda şəhid olub. Elə təsəllimiz də budur» – söyləyir şəhid atası Məhəmməd kişi.
Məmmədiyə Cabbarzadə Şəkinin «Çöl» qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi rəşadətə görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

TALEH Fərhad oğlu Daşdəmirov

Taleh Fərhad oğlu Daşdəmirov 1998-ci il fevral ayının 5-də Şəki rayonunun Qoxmuq kəndində anadan olub. Ailəsi ilə birlikdə 2001-ci ildən Bakı şəhəri Xocəsən qəsəbəsində yaşayıb. 2004-2015-ci illərdə Xocəsən qəsəbəsi 104 saylı tam orta məktəbdə təhsil alıb. 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində yaşayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi ilə əlaqədar elan olunmuş qismən səfərbərliyə görə cəbhəyə çağırılıb. Füzuli, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Noyabr ayının 8-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ailədə bir bacı, bir qardaş olublar. Subay idi.
Fərhad və Xalidə Daşdəmirovlar Vətən üçün əsl fədakar bir övlad böyüdüblər. Bacısı Ülviyyə üçün isə Taleh uca bir dağ idi. Ülviyyə: “Taleh o qədər gözəl qardaş idi ki, bir dəfə də ondan inciməmişdim. Bir sözümü iki eləməzdi, ümumiyyətlə, heç kimin xətrinə dəyməzdi. Mənim arxam-dayağım idi.
         Oxuduğu məktəbdə sevilib-seçilən usaqlardan idi. Qulluq etdiyi hərbi hissədə də hamının hörmətini qazanmışdı. Bu gün mənim üçün olduqca çətindir. Qardaşım şəhid olub. Amma  onu bilirəm  ki, səhidlər ölmür, onlar sağdır. O yüksək məqama hər insan yüksələ bilmir. Bacı kimi bir nisgilim də Talehin nişanlı olmasıdır. Yolunu gözləyən var idi. Qismət olmadı. Qardaşımın ən böyük arzusu Şuşanın alınması idi. Deyirdi ki, Şuşanı qaytara bilməsək, geri dönən deyiləm. Arzusuna çatdı. Şuşada şəhidlik zirvəsinə ucaldı”.
         Əmisi oğlu Babək Daşdəmirov Talehli günlərindən kədər qarışıq fəxrlə danışır: “Taleh mənim əmim oğlu olsa da, bir-birimizə qardaş olmuşuq. Yaşca böyük olduğuma görə Taleh mənə həmişə “Babək qaqaş” deyirdi. Bütün sevincini, dərdini mənimlə bölüşürdü. Daim məsləhət alırdı. Səmimi, sədaqətli, mərd oğlan idi. Ailəcanlı idi. Hər kəsi düşünürdü. 22 yaşı olmasına baxmayaraq, mənim üçün ideal insanlardan idi. Taleh vətənpərvər idi. Hələ hərbi xidmətdə olarkən torpaqlarımızın azad olunmasını, gözəl Qarabağımızın erməni işğalçılardan təmizlənməsini arzulayırdı. Nəhayət onun arzusu həyata keçdi. Vətən müharibəsinin başladığı ilk günlərdən ordu sıralarına yola düşdü. Qısa müddət Gəncədə qaldıqdan sonra cəbhə xəttinə yollandı. Taleh cəbhəyə getdiyi ilk gündən mütəmadi əlaqə saxlayırdıq.  O, Füzuli, Xocavənd istiqamətində döyüşlərdə fəal iştirak edib. Pulemyotçu idi. Neçə-neçə erməni əsgərinin anasını ağlar qoymuşdu. Ermənilər onun pulemyotunu susdurmağa çalışsalar da, nail ola bilməmişdilər. Taleh Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Bir çox uğurlu əməliyyatların iştirakçısı olub. Sonuncu dəfə mənə noyabrın 6-sı zəng vurmuşdu. Dedi ki, Qarabağ  incisi olan Şuşaya gedirlər və qeyd etdi ki, bizi ağır və  həlledici döyüşlər gözləyir. Sanki şəhid olacağı ürəyinə dammışdı. Şəhidlik yüksək məqamdır, – dedi. Həmin gündən sonra zəng kəsildi. Sonradan öyrəndim ki, Şuşa-Xankəndi ətrafında gedən döyüşlərdə Taleh qardaşım düşmən snayperinə tuş gəlib. Onun şəhadətindən bir neçə saat sonra  düşmən təslim bəyanatına imza atıb.
Taleh düşmənlə sonadək mübarizə apararaq qəhrəmancasına şəhid oldu. Talehin gənc yaşda şəhid olmasına üzülsəm də, qürurum ondan da üstündür. Çünki Taleh ən uca məqama – şəhidlik məqamına yüksəldi.  Vətən, xalq yolunda ölməyin ən böyük şərəf olduğunu sübut etdi.
Talehi itirmək məni çox sarsıtdı. Şəkillərinə hər dəfə baxanda gözüm qeyri-ixtiyari onun gözləri ilə toqquşur və tez gözümü ondan çəkirəm. Elə bil, bununla özümü onun  ölmədiyinə inandırmağa çalışıram.
Əlbəttə ki, Taleh və Taleh kimi şəhidlərimiz ölməyiblər, ölümsüzləşiblər!”
Taleh Daşdəmirov 25 dekabr 2020-ci ildə Şəki rayonunun Qoxmuq kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

ASİF Vasif oğlu Əhmədov

Asif Vasif oğlu Əhmədov 2001-ci il aprelin 4-də Şəki rayonunun Oxud kəndində dünyaya gəlib. 2006-cı ildə Oxud kənd orta məktəbinin 1-ci sinfinə gedib və 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2019-cu il aprel ayında Vətən qarşısında olan borcunu yerinə yetirmək üçün qürurla hərbi xidmətə yollanıb. Bakının Pirəkəşkül qəsəbəsində şərəflə xidmət edib. Xidməti borcunu bitirməyə çox az qalmışdı. 2020-ci il oktyabrın 4-ü hərbi xidmətini bitirirdi. Lakin 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi hər kəs kimi Asifin də tale yolunu dəyişdi və o, xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatıldı.
Asif Əhmədov Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Oktyabrın 21-də Füzulinin Gecəgözlü kəndində şəhidlik zirvəsinə yüksəlib.
Ailədə bir bacı və üç qardaş olublar. Subay idi.
Bir neçə il əvvəl ailə başçısı Vasif Əhmədov dünyasını dəyişib. Mahirə ana övladları üçün həm də atalıq missiyasını yerinə yetirməyə başlayıb. Ailənin yükü isə böyük oğul olaraq Allahverdinin çiyinlərinə düşüb. Asif ikinci övlad idi. O, müharibədə olarkən ön xətdə olduğunu təkcə Allahverdiyə demişdi. Nə anası, nə də bacısı Mədinə və kiçik qardaşı Ağasif bu haqda heç nə bilmirdilər. Oktyabrın 21-i səhəri ailəsi ilə telefon əlaqəsi yaradan Asif onlara “Özünüzdən muğayat olun” – demişdi. Özü isə elə həmin günün axşamı qəhrəmancasına həlak olmuşdu. Özündən muğayat olmaq isə heç ağlına da gəlməmişdi.
Bu gün Asifi orta məktəb müəllimləri də fəxrlə anırlar. “Asif məktəbdə oxuduğu müddətdə nümunəvi tərbiyəsi ilə müəllimlərinin sevimlisi olub. O, vətənpərvər bir gənc idi. Həmişə deyərdi ki, işğal altında olan torpaqlarımızı biz azad etməliyik. Şəhidlik ən uca zirvədir. O zirvəyə çatmaq hər insana nəsib olmur. Ən şərəfli ölüm Vətən uğrunda olan ölümdür. Hətta özünün yazdığı və “Son zəng”də oxuduğu şeirdə bu arzu və istəyi əksini tapıb:

Mənə yəqin belə qismət rəva bilməzdi Xuda,
Alın yazım pozulub, alnımı sildiyimə görə.

Asif, mən bir ömür verdim hədər, öləndə isə,
Vətən uğrunda ölüm, yanmayım öldüyümə görə.

Canından vətəninə can verərək ən böyük arzusuna çatdı. İndi Asifin ruhu şaddır. Çünki Müzəffər Azərbaycan Ordusu Asifin qanını yerdə qoymadı. Şəhidlərin qisası alındı. Vətənin igid oğlu Asif Əhmədov, səni unutmayacağıq. Haqqını halal et. Ruhun şad olsun” – deyir müəllimləri.
Asif Əhmədov oktyabr ayının 25-də Şəki rayonunun Oxud kənd qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

QALİB Rəşid oğlu Əhmədov

Qalib Rəşid oğlu Əhmədov 10 sentyabr 2001-ci ildə Şəki rayonunun Əlyar kəndində anadan olub. 2007-2016-cı illərdə Şəki rayonunun Əlyar kənd məktəbində təhsil alıb. 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Cəbrayıl, Hadrut istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Oktyabr ayının 10-da Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ailədə 2 qardaş olublar. Subay idi.
Şəhid anası Validə xanım həmişə övladlarını cüt görmüşdü. Bu gün isə Qalib böyük qardaşı İlkinə ruhu ilə yoldaşlıq edir. Bunu isə yalnız ana ürəyi duyub hiss edir.
Qalibin atası Rəşid Əhmədov: «Vətən sevgisi ilə yaşamaq, onun təkcə gözəlliklərini seyr etməkdən, suyunu içib, çörəyini yeməkdən ibarət deyildir. Bu sevgi insanın bütün varlığında, əməlində həmahəng olmalı, insanla bütövləşməlidir. Bu mənada bir azərbaycanlı kimi, bir şəhid valideyni kimi qürur duyuram ki, bizim gənclərimizdə bu sevgi bütövdür, tamdır. Qalib çox ağıllı və tərbiyəli bir övlad idi. Çox mehriban idi, zəhmətkeş idi. Kiçik yaşlarından halal zəhməti ilə işləyib, ailəyə dəstək olurdu. Qalibin ən gözəl şəxsi keyfiyyəti onun vətənpərvər olması idi. Torpaqlarımızın işğal altında olması ilə barışa bilmirdi. Mənim oğlum Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid oldu. Onun varlığını hər an yanımda hiss edirəm. O, mənim üçün əsl qəhrəmandır, igiddir. O, vətəninə və millətinə bağlı bir insan idi. Vətənə olan sevgisini hər şeydən üstün tuturdu. Daim vətənini və xalqını düşünürdü. Fəxr edirik ki, Qalib Vətən yo¬lun¬da şəhid olub. Biz çalışmalıyıq ki, həmişə məğrur dayanaq. Qalibin ən çox sevdiyi şeir Məmməd Arazın “Vətən mənə oğul desə” adlı şeiri idi:

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim».


Qalibin sinif müəllimi İradə Vəliyevanın da fikirləri nakam ömrə işıq tutur: “Qalib mənim ən sevimli şagirdlərimdən biri idi. Yadımdadır, şagirdlərlə fərdi söhbət aparırdım. Təhsil alıb gələcəkdə hansı peşəyə yiyələnəcəklərini soruşurdum. Kimisi müəllim, kimisi bioloq, kimisi musiqiçi, kimisi həkim olacağını dedi. Qalibə də eyni sualla müraciət etdim. Qalib fikirləşmədən: “Müəllimə, mən gələcəkdə hərbçi olacağam” – dedi. Nəyə görə bu peşəni seçdiyini soruşduqda onun cavabı dəqiq oldu: “Müəllimə, mənim vətənimin torpaqlarının iyirmi faizi işğal altındadır. Bu gün Vətənin peşəkar hərbçilərə daha çox ehtiyacı var”. Onun bu cavabı sinifdə sükut yaratdı. Sonra sinifdəki şagirdlərin hamısı ayağa qalxıb əl çalmağa başladı. Qalibin cavabı təkcə mənim yox, sinif yoldaşlarının da çox xoşuna gəlmişdi.
Bəli, Qalib vətəni Azərbaycanı müdafiə etdi və  Vətən uğrunda şəhid oldu. Belə bir qeyrətli, vətənpərvər şagirdin müəllimi olduğum üçün qürur duyuram. Allah bütün şəhidlərimizə rəhmət etsin”.
Qalib Əhmədov şəhidlik zirvəsinə ucaldıqdan 12 gün sonra – oktyabr ayının 22-də doğulub boya-başa çatdığı Şəki rayonunun Əlyar kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

RƏŞAD Ələkbər oğlu Əhmədov

Rəşad Ələkbər oğlu Əhmədov 2002-ci il iyun ayının 17-də Şəki şəhərində anadan olub. 2008-ci il-də Nizami Gəncəvi adına Şəki şəhər 7 saylı tam orta məktəbin I sinfinə gedib və 2019-cu ildə həmin məktəbin XI sinfini başa vurub. 2010-2014-cü illərdə karate idman növü ilə məşğul olub. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və Goranboyda yerləşən «N» saylı hərbi hissədə əsgəri xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb. Suqovuşan, Ağdərə uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub və həmin döyüşlərin birində qəhrəmancasına şəhid olub.
Ailədə iki qardaş olublar. Subay idi.
Atası Ələkbər Əhmədov 2013-cü ilin dekabr ayında vəfat edib. Anası Şərafət xanım Rəşada və qardaşı Rəcəbə həm ana, həm də ata olub. Oğullarını min bir əziyyətlə böyüdən Şərafət ana onları möhkəm xarakterli, təəssübkeş, vətənpərvər, xalqa, cəmiyyətə yararlı övladlar kimi böyüdüb. Bu gün böyük qardaşı Rəcəb onunla fəxr etdiyini söyləyir. Deyir ki, insan gənc yaşda müxtəlif qəzalardan, xəstəliklərdən dünyasını dəyişə bilər. Rəşadın bəxtinə isə ölümlərin ən şərəflisi düşüb. O, bu yolu öz hünəri, cəsarəti, qəhrəmanlığı ilə seçib.
«Rəşad çox ürəyitəmiz, canayaxın idi. Heç kəsə ziyanı dəyməzdi. Rəşadı nəinki şagirdlər, müəllimlər də çox sevirdi. Vətənpərvər idi, hətta əsgəri xidmətə getməzdən əvvəl «Lazım gəlsə, Vətən uğrunda şəhid də olaram» – deyirdi. Bu istək onun qəlbində idi. Axşamlar oturub söhbət edərdik. Şəhidlik zirvəsinin ucalığından danışardı. Əgər indi həyatda olsaydı, yəqin ki, hərbçi kimi çalışardı. Arzusu hərbçi olmaq idi.
Rəşadın yoxluğu hər birimizə başqa bir acı, həm də fərəh oldu. Həmişə qəlbimizdəsən, Rəşad!» – deyir sinif yoldaşı Kənan.
Daha bir sinif yoldaşı Aytən isə: “Rəşad hər zaman deyərdi ki, məktəbi bitirsək də, ailə qursaq da, dostluğumuzu itirməyək, daim bir-birimizi yad edək. Onun, gələcəyi ilə bağlı çoxlu xəyalları vardı. Çox istəyirdi ki, yaxşı bir işdə çalışıb anasına layiq olduğu həyatı yaşada bilsin. Rəşad bir az nadinc olsa da, onun çox gözəl xüsusiyyətləri vardı. Sevdiklərinə qarşı çox qayğıkeş, mehriban, səmimi idi. Əlindən gəldiyi qədər kömək etməyə çalışırdı. Həssas olduğu üçün adi səbəblərdən kövrələr, duyğulanardı.
Hələ də səsi, gülüşü, zarafatları qulagımda, hərəkətləri söhbətləri gözümün önündədir. Həm də ona görə sevinirəm ki, adı daim yüksəklərdə olacaq, unudulmayacaq. Üzülürəm ki, arzuları yarımçıq qaldı. O, bizim fəxrimizdir» – deyir.
Rəşad Əhmədovun mübarək nəşi ölümündən 90 gün sonra – dekabr ayının 30-da Şəkinin “Dovşan düzü” qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şüsaətə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

AYDIN Mustafa oğlu Əhmədli

Aydın Mustafa oğlu Əhmədli 2002-ci il mart ayının 12-də Şəki rayonunun Orta Zəyzid kəndində dünyaya gəlib. İlk təhsilini Orta Zəyzid kənd 2 saylı tam orta məktəbində alıb, daha sonra təhsilini Bakı şəhəri Binəqədi rayonu 179 saylı tam orta məktəbdə davam etdirib və məktəbi müvəffəq qiymətlərlə başa vurub.
Əhmədli Aydın 2020-ci ilin may ayında hərbi xidmətə gedib. Əsgəri xidmətinə Ağcabədi rayonunda başlayıb. 29 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində ön cəbhəyə gedib. Füzuli döyüşlərinin fəal iştirakçısı olub. Füzuli uğrunda gedən döyüşlər zamanı oktyabr ayının 8-də mənfur düşmənin atdığı mərmilərdən aldığı zərbə nəticəsində şəhidlik zirvəsinə yüksəlib.
Ailədə iki bacı, iki qardaş olublar. Subay idi.
Cəmi 18 il ömür sürən Aydın zəhmətkeşliyi, ailəsinə olan qayğısı, vətənpərvərliyi, ən əsası isə saflığı, təmizliyi ilə ürəklərə yol tapmışdı. Vətən torpağı uğrunda şəhid olması ilə isə tarixə yazıldı. Az ömrü ilə, çox ömürlülərin bacarmadığı hünəri ilə ölümsüzlüyə qovuşdu. Bəlkə elə ona görə də şəhid anası Bahar xanım Aydından sonra düzənini hələ də qaydaya sala bilmir. «Keşməkeşli bir həyat yaşayıb bizim ailə. Uşaqlar hələ balaca olarkən rəsmi qaydada həyat yoldaşımdan ayrılmışam. Uşaqları da götürüb ata evimə qayıtdım. Bir müddət sonra Bakıya getdik. Orada kirayə ev tutdum və günəmuzd işlə uşaqlarımı dolandırmağa başladım. Qızlarım Rəqsanə və Əfsanə yaşca qardaşlarından böyük olsalar da, evin yükünü Aydın çəkirdi. Qardaşı İlkinə böyük qardaş kimi əsl nümunə idi. Çox istəyirdi ki, evimiz olsun. Əsgərlik yaşınacan işləyib bir az pul da yığmışdı. Deyirdi ki, əsgərliyimi çəkib gəlim, üstünü düzəldib ev alarıq. Hərbi xidmətdə olarkən zəng edəndə deyirdim ki, birdən pul lazım olar, qoy göndərim. Hamı uşağına pul göndərir. Deyirdi ki, mənim pula ehtiyacım yoxdur. Siz özünüzə korluq verməyin. Nəinki qardaş-bacılarının, mənim də arxam, köməyim idi Aydın. Çox güvənirdim, inanırdım ona. Deyirdi ki, əsgərliyimi başa vurub gəlim, qazanıb ev alacam, hər şey yaxşı olacaq, yenə də inandım. Amma belə olmadı. O, bizi başqa yolla evli-eşikli etmək istəyirmiş» – deyir Bahar ana.
Xalası oğlu Sahib də Aydının necə ağıllı, bacarıqlı, zəhmətkeş gənc olmasından danışdı. «Aydın əslində yaşından daha böyük idi. Evin bütün yükünü çiyinlərində çəkir, bir dəfə də olsun yoruldum demirdi. Dürüstlüyü, xoş rəftarı, böyük-kiçik yeri bilməyi ilə qohum-qonşu arasında da böyük hörmət qazanmışdı. Etibarlı dostları vardı. Aydının əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaq» – dedi.
Aydın Əhmədli oktyabr ayının 9-da anasının doğulduğu ünvanda – Zaqatala rayonu Qandaq kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə «Vətən uğrunda» medalı ilə təltif edilib.

XƏYAL İsrafil oğlu Əsgərzadə

Kiçik çavuş Xəyal İsrafil oğlu Əsgərzadə 25 dekabr 1995-ci ildə Qayabaşı kəndində dünyaya gəlib. 2001-2012-ci illərdə Qayabaşı kənd tam orta məktəbində təhsil alıb. 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2016-2018-ci illərdə Sarıca Polis Bölməsində polisə ictimai dəstək üzrə çalışıb. 2019-cu ildə "N" saylı hərbi hissədə MAXE kimi işləyib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müha-ribəsində döyüşlərə atılıb və şərəfli bir döyüş yolu keçib. Oktyabr ayının 9-da Suqovuşan ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ailənin tək övladıydı. Subay idi.
Qayabaşı kəndinin 70-dən çox igidi Vətən müharibəsində iştirak edib. Onlardan dördü şəhidlik zirvəsinə ucalıb, beş nəfəri qazidir.
Evin tək övladı olduğu üçün valideynləri İsrafil və Rüxsarə Babayevlər Xəyalı yanlarında görmək istəyirdilər. Xəyalın isə xəyalı hərbidə idi. Onu əsl kişi sənəti sayırdı.
Xəyal özünü yalnız hərbçi kimi Vətənə layiqli övlad hesab edirdi. Buna görə də o, ailəsindən xəbərsiz yenidən könüllü şəkildə hərbiyə qayıdır və orada işləməyə başlayır. 2020-ci il sentyabrın 24-də üç günlük məzuniyyət alaraq evə gələn Xəyal qayıdarkən anasına: – Ana, hazırlaş, sağ-salamat qayıdım, sevdiyimlə ailə quracağam» – deyib.
Yaxın qonşusu Ramilə Məmmədova Xəyal haqqında danışdı: «Hər gün rastlaşdığımız, qonşuluqda yaşayan Xəyal balamız haqqında nə qədər danışsaq azdır. Xəyal ailəsinin gözünün nuru idi, bütün doğmalarının, bütün kəndimizin sevimlisiydi. Ailənin tək övladı olan Xəyal elə uşaqlıqdan zəhmətkeş böyümüşdü. Təsərrüfat işlərində atasına yaxından kömək edərdi. Qazancını toplayıb, ev-eşik tikdirmək, şərait yaratmaq istəyirdi. Axı 25 yaşı var idi, ömrünün ən gözəl çağındaydı. Hərbidə işləyirdi. Elə ilk qazancına evin bir otağını təmir etdirmişdi. …Xəyalın həvəslə təmir etdiyi qonaq otağı dəfələrlə dolub-boşaldı. Amma gələnlər Xəyalın toyuna deyil, başsağlığına gəlmişdilər. Döyüş yoldaşları söyləyir ki, iki ayağını itirməyinə baxmayaraq, gülümsəyərək: “Atama deyərsiz ki, oğlu kişi kimi döyüşdü” sözlərini deyib və gözlərini əbədi olaraq yumub. Qorxmaz, mərd, vətənpərvər, qürur mənbəyimiz olan eloğlumuz Xəyal son nəfəsini də özünün dediyi kimi “kişi kimi” tapşırıb!”
Sözün həqiqi mənasında xəyala dönən Xəyal Əsgərzadə oktyabr ayının 19-da Sarıca kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

 

ZAUR Eldar oğlu Əliyev

Zaur Eldar oğlu Əliyev 1989-cu il iyul ayının 24-də Şəkidə anadan olub. 1995-ci ildə Şəki şəhər 9 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 2004-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2005-ci ildə Şəki Avtomobil məktəbini sürücü ixtisası üzrə bitirib. 2007-ci il oktyabr ayının 2-də Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlayıb. Hərbi xidməti dövründə Tovuzda yerləşən «N» saylı hərbi hissədə xidmət keçib. 2009-cu il aprel ayının 5-də ordudan tərxis edilib.
Hərbi xidmətdən qayıtdıqdan sonra 2009-2010-cu illərdə fəhlə işləyib. 2010-2013-cü illərdə yenidən hərbiyə dönərək Beyləqanda yerləşən «N» saylı hərbi hissədə sürücü olaraq xidmət edib. 2014-2018-ci illərdə Şəki Hava Bürosunda sürücü, 2019-cu ilin əvvəlindən 30 sentyabr 2020-ci ilədək «Əfqan» firmasında yük avtomobili sürücüsü işləyib.
2-ci Qarabağ müharibəsi başladıqdan sonra 30 sent¬yabr 2020-ci ildə könüllü olaraq cəbhəyə gedib və sürücü kimi Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərin iştirakçısı olub. 2020-ci il oktyabr ayının 15-də Tərtər-Ağdərə istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Ailədə bir bacı və bir qardaş olan Zaur Əliyevin özü də ailəli idi. Özümdən sonra bir oğul övladı yadigar qalıb.
Eldar Əliyev oğlu Zaura toy edib sevdiyi Səma xanımı evinə gəlin gətirəndə ailə böyük sevinc yaşamışdı. İlk gündən bu böyük ailə gəlini böyük sevgi ilə qəbul etmişdi. Körpə Ümidin dünyaya gəlişi gənc ata-anadan daha çox Zahidə nənəni, İsmiyə ananı, bacısı Pərvanəni sevindirmişdi. Ümidin atalı günləri bircə il çəkdi. İndi İsmiyə xanım da, Səma xanım da, Pərvanə də, Zahidə nənə də mehr-ülfətlərini Zaurun yadigarına, yaş yarımlıq Ümidə salıblar.
Şəhid atası Eldar Əliyev nə qədər kədərlənsə də, oğlu haqqında qürurla danışır: “Zaur döyüşlərə öz istək və arzusu ilə, könüllü getmişdi. Onun ən böyük arzusu düşmən tapdağı altında olan torpaqlarımızı azad görmək idi. Dostlarına deyirmiş ki, hətta bu yolda canını da verməyə hazırdır. Allah da onu bu arzusuna çatdırdı. Zaur çox sadə, zəhmətkeş, səmimi, və¬tən¬pərvər övlad idi. Ata-anasını, ailəsini, oğlunu çox sevirdi. Şəhidliyi ilə sübut etdi ki, əslində hər kəsdən çox Vətənini sevirmiş”.
Zaur Əliyevin sinif rəhbəri Pərvanə Lətifova isə: «Zaur unudulmayan, yaddaqalan, həqiqətən çox sevdiyim şagirdlərdən biridir. O, çox mehriban, gülərüz, saf, yumşaqqəlbli, şirindilli, bir az çılğın, bir az dəcəl uşaq idi.
Mən onu bacarıqlı, ağıllı şagird kimi xatırlayıram. Zaur məktəbdə bütün müəllim kollektivinin, şagird kollektivinin hörmətini qazanmışdı. Dərsdənkənar məşğələlərdə, sinif saatlarında aparılan söhbətlərdə həmişə söz Vətəndən düşəndə, onun xasiyyətinin çılğınlığı üzə çıxırdı və o, torpaqlarımızın düşmən tapdağından azad ediləcəyindən danışardı. O, Vətənini, ailəsini çox sevirdi.
Deyirdi ki, Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirəm, müharibə başlasa, könüllü olaraq ordu sıralarına birinci yazılanlardan olacağam. Mən buna inanırdım, çünki onun qorxmaz, cəsur, vətənpərvər olduğunu bilirdim. Və bir gün bu saf, gülərüz, vətənpərvər balamızın şəhid olduğunu eşidəndə mən çox üzüldüm, sarsıldım, ancaq həm də qürurlandım. Onun haqqında olan fikirlərim tam təsdiqini tapdı» – deyir.
Zaur Əliyev 2020-ci il oktyabr ayının 15-də Şəkinin “Çöl” qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

SƏNAN Muxtar oğlu Ələsgərzadə

Sənan Muxtar oğlu Ələsgərzadə 1995-ci il oktyabr ayının 10-da Şəki rayonunun Əlyar kəndində anadan olub. 2001-2009-cu illərdə Əlyar kənd ümumi orta məktəbində təhsil alıb. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2016-cı ildə müddətdən artıq hərbi xidmətə başlayıb. Vətən müharibəsi başlayanda torpaqlarımızın düşmən iş-ğalından azad edilməsi uğrunda döyüşlərə atılıb. Sənan oktyabr ayının 19-da Qubadlı rayonunun azad olunması uğrunda gərgin döyüşlər zamanı öz yaralı döyüş yoldaşını atəş altından çıxararkən qəhrəmancasına şəhid olub.
Ailədə bir bacı, iki qardaş idilər. Subay idi.
Sənan qardaşı Elmas, bacısı Gülnaz üçün qəhrəmanlığı, vətənsevərliyi, cəsurluğu ilə nümunə idi. Atası Muxtar Qarayev, anası Heyran xanım isə hər zaman onunla fəxr ediblər. Sənan bu fəxarət hissini dostlarına, müəllimlərinə də yaşadıb. Müəllimlərinə – Anam məni Vətən üçün dünyaya gətirib, – deyərmiş.
Şəhid atası Muxtar Qarayev isə oğul itkisi ilə nə qədər acı çəksə də, Sənanın qəhrəmanlığı ilə fəxr edir: "Qarabağ müharibəsinin ağrı-acısını yaşayan və neçə-neçə gənc övladlarını itirən millətimizə Allahdan səbr diləyirəm. Tarixin bütün dövrlərində baş verən müharibələr ağır və dəhşətli olub. Çünki müharibələrin dəhşətləri və ağır nəticələri illər keçsə də, insanların yaddaşından silinmir. Müharibədən, terrordan ən çox əziyyət çəkən millət olaraq biz azərbaycanlılar sülhün nə qədər gözəl nemət olduğunu anlayırıq. Amma unutmayaq ki, Azərbaycan xalqı sülhsevər olduğu qədər də vətənpərvər və bir qarış torpağını belə yağı düşməndə qoymayacaq qədər qətiyyətli və qeyrətlidir.
Övladım Sənan və onun kimi şəhidlər təkcə mənim yox, ümumiyyətlə, bütün Azərbaycan xalqının hafizəsindən heç zaman silinməyəcəkdir. Çünki onlar həyatda ən uca zirvə olan şəhidlik zirvəsinə yüksəliblər. Sənan sanki həyata hərbçi kimi doğulmuşdu. Orduda önəmli yer tutan xüsusi təyinatlı dəstədə xidmət edirdi. Komandirləri həmişə onun haqqında müsbət fikirlər söyləyirdilər. Sənan ailədə çox mehriban və gülərüz bir övlad idi. İnsanlarla hər zaman xoş rəftar edirdi. Deyib-gülən, zarafatçıl bir insan idi. Bütün bunlara baxmayaraq, Sənan həmişə narahat idi. Bu narahatlığın səbəbi, işğal olunmuş torpaqlarımızın erməni tapdağında olması idi.
2016-cı ildə baş verən və Ermənistanın məğlubiyyətilə nəticələnən 4 günlük Aprel döyüşlərində də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində yer alan Xüsusi Təyinatlı Dəstələr düşmənə böyük zərbə vurdu. Bu əməliyyatlarda Sənanın da iştirakı olmuşdu. Sənanın ən böyük arzusu doğma Qarabağın azad olunması idi. Mən fəxr edirəm ki, Sənan kimi qəhrəman övlad böyütmüşəm. Qəlbim ona görə rahatdır ki, Sənanın arzusu yerinə yetirildi və torpaqlarımız düşmən tapdağından azad edildi”.
Şəhid anası Heyran xanım da oğlu ilə qürur duyduğunu söyləyir: “Mən bütün şəhid analarının acısını anlayır və demək istəyirəm ki, nə böyük fəxarətdir ki, Vətən torpağını candan əziz tutan qeyrətli oğullarımız var.
Sənan çox mehriban və istiqanlı, mərd və qorxmaz idi. Uşaqlıqdan hərbiyə marağı var idi. Hər zaman deyirdi ki, hərbi sahədə peşəkarlıq qazanacaq, daima irəli gedəcəyəm. Elə bu istəklə də əsgəri xidmətini başa vurduqdan sonra ordu sıralarında qalıb işləməyə başladı. Azərbaycan Respublikası Daxili Qoşunlarının tərkibində yer alan Xüsusi Təyinatlı Dəstədə xidmət etdi. Vətən uğrunda mübarizə onun üçün ən şərəfli yol idi. Bu yolun nə qədər məsuliyyəti və şərəfli olduğunu bizlər də dərk edirdik.
Vətən müharibəsi zamanı düşmənlərin məhv edilməsində Sənanın da böyük rolu olub. Bunu komandirləri və döyüş yoldaşları dəfələrlə Sənan haqqında söhbətlərində deyiblər. Mən fəxr edirəm ki, Sənan kimi vətənpərvər övlad böyütmüşəm”.
Sənan Ələsgərzadə oktyabr ayının 19-da Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib, ayın 20-də isə Şəkinin «Şeyx Osman» qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

ƏZİZ Məmmədvəli oğlu Əzizov

Əziz Məmmədvəli oğlu Əzizov 1 mart 2000-ci ildə Şəki rayonunun Qayabaşı kəndində anadan olub. 2006-2017-ci illərdə Qayabaşı kənd tam orta məktəbində təhsil alıb. 2018-2019-cu illərdə «N» saylı hərbi hissədə hərbi xidmətdə olub. Hərbi polis olmağa hazırlaşırdı. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı ölkəmizdə elan olunmuş qismən səfərbərliklə əlaqədar olaraq döyüşlərə qatılıb. Cəbrayıl, Qubadlı, Laçın və digər bölgələrdə şərəfli döyüş yolu keçib. Noyabr ayının 4-də Şuşa ətrafında gedən  döyüşlərdə  düşmən artilleriyasına  tuş  gəlib və ürəyindən qəlpə yarası alaraq şəhidlik zirvəsinə yüksəlib.
Ailədə üç qardaş olublar. Subay idi.
Övladları Taleh, Saleh və Əzizlə fəxr edən Məmmədvəli və Hədiyyə Əzizovlar onları vətənpərvər ruhda tərbiyə ediblər. Taleh Əzizov da müddətdən artıq hərbçi kimi Vətən müharibəsində iştirak edib və şərəfli döyüş yolu keçib.
Bu gün Əzizi nəinki doğmaları, dost-tanışları, müəllimləri də qürurla anırlar. Onun orta məktəb müəllimi Hüsniyyə xanım şagirdi haqqında: "Şəki qəhrəmanlar diyarıdır. Buna II Dünya müharibəsi zamanı Əhmədiyyə Cəbrayılovun timsalında şahid olduq. Ataların yolu – oğulların yoludur. Qəhrəmanlığı ilə dastan yazan igidlərimizdən biri də II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Qayabaşı kənd sakini Əziz Əzizovdur.
Əzizin uşaqlığı gözlərimin qarşısında keçib. 2000-ci ildə sadə bir ailədə dünyaya göz açıb. Ata-anası zəhmətkeş olublar. Əziz ailənin kiçiyidir. Hələ uşaqlıqdan zəhmətə alışmışdı. Ailəni dolandırmaq üçün atasına hər cür köməklik edirdi. 
Arzusu hərbi polis olmaq idi. Çox böyük həvəslə çalışırdı. Sənədlərini hazırlamışdı. Müsabiqədən də keçmişdi. Axırıncı rastlaşmağımızda “Müəllim, müsabiqədən keçmişəm. İşə çağırılmağıma lap az qalıb” dedi. Çox sevincliydi. Arzusunun bir addımlığında olan Əzizə iki xəbər gəldi. Biri arzusunda olduğu gələcək işi ilə bağlı gözlədiyi xəbər, digəri isə döyüşə çağırış idi. Təbii ki, Əziz heç fikirləşmədən həmişəki şuxluğu ilə gülə-gülə bu çağırışa yollandı və atıcı kimi döyüşlərə qatıldı” – deyir.
Bu, sinəsini düşmən gülləsinə sipər edən, Vətəni, torpağı canından da çox sevən, onun uğrunda şəhadəti bir şərbət kimi içən Şəki sakini Əzizin sadə bir həyat yoludur.
Bundan sonra da onun haqqında keçmiş zamanda danışılacaq. Çünki xatirələr təzələnmir, yenilənmir, olduğu kimi qalır.
Əzizin əmisi oğlu, əsgər yoldaşı Eyvazın xatirələrindən: “Əmim oğlu Cəbrayılın, Qubadlının və Laçının azad olunmasında böyük şücaət göstərmişdi. Qubadlını azad etdikdə sevincinin həddi-hüdudu yox idi. Prezidentimizin erməniləri “İti qovan kimi qovacağıq” sözləri ona xüsusi ruh verirdi. Bu sözləri deyərək, gülə-gülə döyüşə atılırdı. Oktyabrın 13-də döyüşlərin qaynar nöqtəsinə atılan zaman “Əmioğlu, özündən muğayat ol, bura kişi kimi gəlmişik, kişi kimi də getməliyik!” – dedi, sanki bir də ona lazım olmayacağını bilərək çantasında olan ehtiyat köynəyini də çıxarıb mənə verdi və Xocavənd-Şuşa ətrafında gedən döyüşlərə qatıldı. Döyüş yoldaşları təsdiq edir ki, Əziz gözünü qırpmadan güllə yağışı altında 8 nəfər döyüş yoldaşını mühasirədən xilas etmişdi”.
Əziz valideynləri ilə ara-sıra telefon əlaqəsi saxlayırdı. Hər dəfə də anasına “Mən bura istirahətə yox, döyüşə gəlmişəm, ana, hər şey ola bilər!” – deyərək, sanki şəhid olacağından xəbərdar kimi anasını bu xəbəri eşitməyə hazırlayırdı. Hədiyyə ana hələ də sonbeşiyinin yoxluğuna inana bilmir. Təsəllisi bu yoxluğun cismani olmasıdır. Ruhu isə hər zaman onlarladır.
Əziz Əzizov noyabr ayının 6-da Şəkinin Qayabaşı kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olun-masına görə” medalları ilə təltif edilib.

FƏRİD Etibar oğlu Hüseynov

Fərid Etibar oğlu Hüseynov 11 iyun 1994-cü ildə Şəki rayonunun Qayabaşı kəndində dünyaya göz açıb. 2000-ci ildə Qayabaşı kənd tam orta məktəbin birinci sinfinə daxil olub, 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2011-2013-cü illərdə Ağdam bölgəsində Quru qoşunlarında atıcı olaraq xidmət göstərib. Hərbi xidməti başa vurduqdan sonra evlərinə – Qayabaşı kəndinə dönüb. 2014-cü ildə ailə həyatı qurub. Kənddə bir müddət fərdi təsərrüfatla məşğul olub, 2017-ci ildə anasının vəfatından sonra ailəsi ilə Bakıya köçüb, Xocasən bələdiyyəsində fəhlə kimi çalışıb.
Vətən müharibəsi başlayanda çağırışçı kimi torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb. Xocavənd-Şuşa ətrafı döyüşlərdə fəal iştirak edib. Oktyabr ayının 29-da mühasirəyə düşüb və düşmən artilleriyasına tuş gələrək qəhrəmancasına şəhid olub.
Ailədə iki qardaş olublar. Ailəli idi, Damla və Nəzrin adlı iki qız övladı yadigar qalıb.
Şəhid atası Etibar Hüseynov oğlunu fəxrlə anır. Deyir ki, Fərid çox yaxşı oğul olub. Ata-anasına, ailəsinə bağlı insan idi. 2017-ci ildə anası Yeganə xanımın vəfatı onu çox sarsıtmışdı. Qardaşı Fərruxla da münasibətləri çox səmimi idi.
Övladlarını çox sevirdi, – deyir. Həyat yoldaşı Ülviyyə xanım, qızları o sevginin həsrəti ilə yaşayırlar.
Qayabaşı kənd orta məktəbinin müəllimi Rahim Hüseynov öz şagirdi haqqında kədərlə danışdı: «Oxuduğu müddət ərzində sakit, səmimi xarakteri ilə şagird və müəllim kollektivinin yaddaşında iz buraxmışdı. Dərslərindən yüksək qiymətlər almasa da, idmana və hərbiyə olan xüsusi marağı ilə daim seçilirdi. Fərid səmimi, genişqəlbli oğlan idi. Ona hər hansı bir iş üçün müraciət etdikdə, heç vaxt biganə qalmazdı, əlindən gələn köməkliyi etməyə çalışardı. Çox zəhmətkeş idi. Uşaq yaşlarından ağır işlərdə işləməkdən əlləri qabar olmuşdu.
Məktəbi bitirdikdən sonra hərbi xidmətini başa vuran Fərid doğma kəndinə qayıdıb. Bir müddət kənd¬də yaşadıqdan sonra ailə quran Fərid, burada çətin dolanışıq səbəbi ilə Bakıya köçüb. Vətənin ona ehtiyacı olan bir dönəmdə isə ailəsini qayınatasına tapşıraraq döyüşə yollanıb”.
Qayabaşı kənd orta məktəbinin uşaq birliyinin rəhbəri Ülviyyə Qafarova: “Son günlər gənclərimizin Fəridin Facebook səhifəsindən götürülmüş bir paylaşımı diqqətimi çox çəkdi. Fərid müharibədən az öncə kəndə gəlmiş, qohum-əqrəbaları ilə görüşmüş, sonuncu dəfə anasının qəbrini ziyarət etmişdi. Hətta anasının baş daşı ilə şəkil çəkdirərək “Ana, səninçün çox darıxmışam, tezliklə gələcəm yanına” – deyərək paylaşım etmişdi.
Fərid cənnət mələyi idi. Çünki həm anasına, həm də Vətəninə ləyaqətlə xidmət etmişdi».
2020-ci il noyabrın 12-də Fərid Etibar oğlu Hüseynovun nəşi öz doğma kəndinə gətirilib və böyük izdihamla Qayabaşı kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətinə görə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

VASİF Natiq oğlu Həmidov

Vasif Natiq oğlu Həmidov 1987-ci il iyunun 4-də Şəkidə anadan olub. 1993-cü ildə Şəki şəhər 19 saylı tam orta məktəbin 1-ci sinfinə gedib və 2002-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib.
2005-ci il iyul ayının 10-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə başlayıb və Gəncədə yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Xidməti dövründə əsgər, minamyotçu olub. 2007-ci ilin yanvar ayında tərxis edilib.
Vasif Həmidov 2007-2013-cü illərdə Şəki şəhərində yerləşən qazdoldurma məntəqəsində operator, 2013-cü ildən cəbhəyə gedən günəcən Bakı şəhərində yerləşən “İnfeks” firmasında qapı və pərdə hazırlanması üzrə nəzarətçi işləyib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi gənc Vasifin vətənpərvərlik duyğularını daha da alovlandırıb və o, 2020-ci il sentyabrın 30-da könüllü olaraq cəbhə bölgəsinə yollanıb. «N» saylı hərbi hissənin tərkibində Tərtər, Ağdam və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edən Vasif şərəfli bir döyüş yolu keçib. O, minamyotçu idi. Cəsarəti, qorxmazlığı ilə ilk gündən diqqəti cəlb edib. Oktyabrın 27-də Tərtər istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə uçalıb.
Ailədə 2 oğul olublar. Ailəlidir. Özündən sonra 1 oğlu və 1 qızı yadigar qalıb.
Vasif Həmidovun atası Natiq Həmidov Əfqanıstan müharibəsi veteranı olub və 1998-ci ildə dünyasını dəyişib. Anası Nailə xanım isə Şəki Doğum evi kompleksində kiçik tibb işçisi işləyir. Oğlu haqqında danışan Nailə xanım: “Vasif qardaşı Elçindən bir il əvvəl gəlib dünyaya. İki qardaş idilər. Vasif zəhmətkeş, insanlarla rəftarında səmimi, ailəcanlı, vətənpərvər bir övlad idi. Məktəbdə oxuyanda ən böyük arzusu Naxçıvanski adına Ali Hərbi Məktəbə qəbul olmaq olub. 2-ci sinifdə oxuyanda atasını itirən Vasifin arzusunu həyata keçməyini nənəsi istəməyib və “Gözümün qabağında ol” – deyib.
Vasif cəbhəyə könüllü yazılanda evdə heç kimə bildirməyib. Çağırış olan günü ona – getmə, sənin iki körpən var, – dedik. Amma o, fikrində qərarlı idi. Qətiyyətlə: “Bacarmaram, getməliyəm!” – deyib döyüş bölgəsinə yollandı. Onda anladım ki, Vətənini, torpağını hər şeydən çox sevirmiş, hətta anasından, iki balasından, ailəsindən də çox” – deyir.
Vasif işi ilə əlaqədar Bakıda yaşayırdı. Şəkidə toy edib sevdiyi Fatma xanımı gəlin gətirdikdən sonra da Bakıya qayıtdı. 2016-cı ilin may ayında ilk övladı Ayxan dünyaya gəldi. 2020-ci ilin mart ayında isə ikinci övladı Nailə dünyaya gəldi. Qızının doğumu ilə əlaqədar Şəkiyə dönən ailə bir daha geri qayıtmadı.
Vasif Həmidovu təhsil aldığı orta məktəbdə də böyük hörmətlə xatırlayırlar. İbtidai sinif müəllimi Nüyvər Xəlilova şagirdi haqqında danışaraq deyir: “Vasif çox tərbiyəli, səmimi, çalışqan uşaq idi. Eyni zamanda idmana, hərbiyə və xüsusilə də musiqiyə böyük həvəs göstərərdi. O, məktəb tədbirlərində, xüsusən də ictimai tədbirlərdə öz fəallığı ilə seçilərdi. Vasifin vətənpərvərliyini xüsusi qeyd etmək istərdim. Onun qəhrəmanlığı məktəbimizin bütün şagirdləri üçün əsl vətənpərvərlik nümunəsidir. O, öz xarakteri ilə yoldaşlarından həmişə seçilirdi. Olduqca qayğıkeş, mehriban idi”.
Vasif Həmidov Şəkinin “Dovşan düzü” qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

HÜSEYN  Akif  oğlu Həmidzadə

Əslən Şəkinin Oxud kəndindən olan Hüseyn Akif oğlu Həmidzadə 1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakı şəhəri 268 saylı  orta  məktəbin birinci sinfinə  gedib. 2014-cü ildə Xırdalan şəhərində orta təhsilini başa vurub. Elə həmin il Kooperasiya Universitetinə  daxil  olub.  2018-ci ildə ali təhsilini  bitirib. 2018-2019-cu illərdə Murov dağda vətənə olan xidməti borcunu yerinə yetirib. Torpaqlarımızın işğal altında olmasını bir an belə yadından çıxarmayan Hüseyn 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda  könüllü  olaraq  ön cəbhəyə gedib. Cəbrayıl, Füzuli və Xocavəndin alınmasında  igidlik göstərib. Oktyabr ayının 25-də Xocavənddə gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Ailədə bir bacı, iki qardaş olublar. Subay idi.
Akif və Rahilə Həmidovların ocağında Hüseyndən başqa Məmmədbağır adlı daha bir oğul və Nargilə adlı bir qız övladı böyüyüb. Akif ata övladlarına, xüsusən də oğullarına doğma torpağa, el-obaya, Vətənə sevgi hissi aşılayıb. Onları nizam-intizamlı, ciddi, məsuliyyətli olmağa sövq edib. Bəlkə də bu xüsusiyyətlər onun uzun müddət güc orqanlarında çalışmasından irəli gəlirdi.
Şəhid atası Akif Həmidov: "Hüseyn hələ uşaqlıqdan qorxmazlığı, cəsarəti ilə diqqəti cəlb edirdi. Hər bir işdə nümunə olmağı sevirdi. II Qarabağ savaşı başlayanda Hüseynin də qanı qaynadı, vətənpərvərlik  hissi  onu  rahat  buraxmadı.  Deyirdi ki,  artıq  evdə  oturmaq vaxtı deyil. Torpaqlarımızı düşmən tapdağından xilas etmək üçün əsl fürsətdir. Elə bu niyyətlə də könüllü olaraq ön cəbhəyə getdi. O, qələbə çalmaq  arzusu ilə gedirdi. Təəssüf ki, bu qələbəni görə bilmədi. Ancaq əminəm ki, yüzlərlə şəhidimiz kimi Hüseyn də qələbə sevincini ruhu ilə hissi etdi. Onların qanı  yerdə qalmadı. Əslində şəhidlərimiz qanlarını özləri aldılar. Hər biri cəsarətləri, qəhrəmanlıqları ilə düşmənə qan uddurdu və 30 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı. Elə buna görə də oğlumun həlak olmasından nə qədər kədərlənsəm də, bir o qədər də qürur hissi keçirirəm” – deyir.
Şəhidin yaxın qohumu Fikrət Həmidov isə: "Məktəbə getdiyi gündən torpaqlarımızın işğal altında   olması onu çox narahat edirdi. Müəllimlərinə, valideynlərinə bu haqda çoxlu suallar verirdi və qətiyyətlə  deyirdi ki, biz torpaqlarımızı işğaldan azad etməliyik. O, əsl dəliqanlı, igid, qəhrəman idi. Müharibənin ən qaynar nöqtələrində vuruşdu və hər zaman xoş sorağını eşitdik. Bir qan qohumu olaraq Hüseynlə fəxr edirik” – deyir.
Hüseyn Həmidzadə noyabr ayının 2-də ata-baba yurdu olan Şəkinin Oxud kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

RAHİB Məmmədemin oğlu Hacıismayılov

Rahib Məmmədemin oğlu Hacıismayılov 1991-ci il seniyabrın 17-də Şəkidə anadan olub. 2007-ci ildə Şəki şəhər 19 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib.
Əsgəri xidmətini Xızıda yerləşən «N» saylı xüsusi təyinatlı hərbi hissədə yerinə yetirib və 2011-ci ilin aprelində ordudan tərxis olunub.
2012-ci ilin əvvəlindən Bakıda yerləşən «Avromed» şirkətində işə düzəlib. Uzun illər «Abadlıq» kiçik müəssisəsində sürücü işləyən atası Məmmədemin kişi də, xəstəliyi ilə bağlı işlədiyi 2 saylı Uşaq Musiqi məktəbindən təqaüdə çıxmış 3-cü qrup əlil anası Tangiz xanım da onu tək qoymaq istəməyib və Rahibin yanına – Bakıya köçüblər. Bir il sonra isə Rahibin yeganə qardaşı Rəvan həmin şirkətdə işə başlayıb.
Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq cəbhəyə yola düşən Rahib «N» saylı hərbi hissənin tərkibində Tərtər, Ağdam və Ağdərə istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Xidməti dövründə baş atıcı olan Rahib, Tərtər istiqamətində gedən ağır döyüşlərin birində əbədiyyətə qovuşub. 20 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan igidimiz hələ ailə həyatı qurmamışdı.
İki övlad anası olan Tangiz ana sonbeşik oğlunu «Ponpuşum» deyə çağırar, bir gün onsuz qalacağını ağlına belə gətirməzdi. Zəhmətkeş, böyük-kiçik yeri bilən, ailəcanlı, hər kəsin qayğısına qalan, vətənpərvər, mərd idi Rahib. O, hər il Xocalı hadisələrinin ildönümü olanda çox təsirlənərdi. Deyərdi ki, Xocalı hadisələri zamanı biz balaca olmuşuq, indiki vaxt olsa idi, o qaniçənlərdən qisasımızı alardıq. Tovuz hadisələrində də könüllü yazılmışdı. Amma aparmadılar. Vətən müharibəsi başlayanda yenə də könüllü olaraq hərbiyə yazıldı. Cəbhəyə gedəndə elə sevinirdi ki, sanki toya-bayrama gedir. «Bu günü çoxdan gözləyirdim ki, onlardan qisasımı alım» – deyirdi. Cəbhədən ana-sına zəng edəndə:«Bərdədəyəm, bizi döyüşə apar-mırlar» – deyib Tangiz anasını arxayın salırdı. Qo-humlarına da tapşırırdı ki, döyüşdə olduğunu anasına deməsinlər.
Dostlarına: «Müharibə varsa, ölüm də olmalı-dır. Ölsəm, mənimlə fəxr edərsiniz» – deyirdi.         
Qürurunu kədərinə sipər edən Rəvan: «Qar-daşım çox qayğıkeş idi. Böyük qardaş mən olsam da, hər zaman bütün çətinliklərin həll olunmasında özünü irəli atar, çətin məqamların müsbət həllini tapardı. Ailəmizin hər problemini o həll edərdi. Onun şəhidlərimizə qarsı xüsusi bir ehtiram hissi var idi. Hər zaman şəhidlərimizlə maraqlanardı. Deyirlər insanın taleyi, qisməti əvvəldən alnına yazılır. Ancaq fikirləşirəm ki, bəzən qismətini insan özü də seçə bilər. Qardaşımın qoluna həkk etdirdiyi “Qələbə və cənnət bizim ücün yazılıb” kəlamını görəndən sonra bu qənaətə gəldim» – deyir.
Bəzən insan ölümündən sonra daha yaxşı ta-nınır. Saglığında fərqində olmayıblar bəlkə də. Şəhidlik zirvəsinə yüksəldikdən sonra isə əzizləri onun sosial şəbəkələrdəki paylasımlarını təkrarən izləyərkən necə vətənpərvər, yurdsevər olduğunu bir daha hiss edirlər. Rahib hətta şəhidlərə aid xüsusi sosial səhifə də açıbmış.
Cəbhəyə gedərkən Səfərbərlik və Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsindən onu yola salmağa gedənlər arasında xalası Fikriyyə xanım da var idi. Vaxta hələ xeyli vardı. Ona görə də yaxın-lıqdakı parkda gəzişməyə başladılar. Maraqlı anları telefonunun yaddaşına köçürməyi sevən xala nədənsə bu yolasalma mərasimini lentə almaga çəkindi. Qorxdu ki, ürəyinə daman "bu bizim son görüşümüz ola bilər" fikrini hiss edər.
Həqiqətən də bu, Rahibin əzizləri ilə son görüşü oldu. O, doğulub boya-başa çatdığı doğma Şəkiyə canından çox sevdiyi Vətənin müqəddəs üçrəngli bayrağına sarılmış halda gəldi.
Rahib Hacıismayılov Şəkinin “Dovşan düzü” qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

ƏHMƏD Teymur oğlu Hacıyusifov

Əhməd Teymur oğlu Hacıyusifov 23 iyul 2001-ci ildə Şəki rayonu Baş Göynük kəndində anadan olub. 2007-ci ildə Baş Göynük 2 saylı tam orta məktəbinə daxil olub və 2018-ci ildə həmin məktəbi bitirib. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüş bölgəsinə yollanıb. O, Füzuli, Gəbrayıl, Qubadlı rayonlarının işğaldan azad edilməsində fəal iştirak edib. Əhməd Hacıyusifov 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb.
Ailədə iki bacı, bir qardaş olublar. Subay idi.
Bəlkə ilk nəzərdə sadə, adi bir ömür yolu sayıla bilər. Lakin bu, zahirən belədir. Həmin sadəliyin, həmin sakitliyin içində gözlə görünməsi çətin olan bir vulkan yatırdı, bir ümman kükrəyirdi. Əhməd anası Təranə xanımın, bacıları Arzu ilə Nərminənin fəxri, qürur yeri idi. O, indi əzizlərini şərəfli şəhid adı ilə qürurlandırır.
Şəhid atası Teymur Nöbərov söyləyir ki, Əh-məd hələ balaca olanda, onun yanında Qarabağın işğal altında olması haqqında söhbət düşəndə həmişə deyərdi: «Əsgərlik vaxtım çatsın, Qarabağı mən alacağam». Saf uşaq qəlbinin söylədikləri bu gün həqiqətə çevrildi. Əhməd Vətənin qalib əsgəri oldu.
Kənd sakini Xəyal Ədilov Əhməd Hacıyusifov haqqında xatirələrini qürurqarışıq kədərlə söyləyir: «Onun haqqında düşündüklərimi yazmaq mənim üçün asan deyil. Əhməd mənim qonşum idi. Məhəlləmizdə hamı onu Qaqaş ləqəbi ilə tanıyırdı. Uşaq vaxtından çox cəld idi. Uşaqlığı bizim əkin və otlaq sahələrimiz olan «Sarca» adlı yerdə və kəndimizin dağlarında keçib. Hamı onu tərbiyəli, qanacaqlı, öz yerini bilən uşaq kimi tanıyırdı. Bütün ağsaqqalların və ağbirçəklərin hörmətini qazanmışdı. Kəndimizin adət-ənənələrinə uyğun olaraq məhəllənin bütün xeyir və şər məra-simlərində yaxından iştirak edirdi. Atası Teymur Ovçular birliyinin üzvü olduğu üçün Əhməddə də ova getməyə maraq yaranmışdı. Həmişə tir atışlarına maraq göstərərdi və çox dəqiq atışlar edərdi. Elə buna görə də mən eşidəndə ki, Əhməd snayper atıcısı olub, heç də təəccüblənmədim».
«Əhmədə altıncı sinifdən on birinci sinifə qədər dərs demişəm. Onun uşaqlıq illəri həmyaşıdlarından fərqli idi. Həmyaşıdları futbol oynayarkən Əhməd valideynlərinə kömək edər, təsərrüfat işləri ilə məşğul olardı. Çox zəhmətkeş olan Əhməd, həm də gözəl at sürərdi. Vətənpərvər, xeyirxah bir gənc kimi yetişmişdi», – deyən Mahir müəllim onun yaddaşlara həkk olunduğunu söyləyir.
Əhmədin həmkəndlisi Mövlud Hüseynəliyev onunla fəxr etdiyini, qürur duyduğunu bildirdi. Əh-mədin Füzulidən başlayaraq Şuşaya qədər böyük bir döyüş yolu keçdiyini, Şuşada qələbəyə bir gün qalmış şəhid olduğunu söylədi. O, şəhid olsa da, qəlbimizdə əbədi yaşayacaqdır – dedi. Onu da əlavə etdi ki, əsgər vurulanda ölmür, unudulanda ölür. Şəhidlər isə heç zaman unudulmayacaqdır.
Əhməd Hacıyusifov noyabrın 9-da Baş Göynük kəndinin “Kəndbaşı” qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

RÖYAL Abuzər oğlu Xasıyev

Baş leytenant Röyal Abuzər oğlu Xasıyev 19 aprel 1993-cü ildə Şəki rayonunun İkinci Biləcik kəndində anadan olub. 1999-cu ildə Şəki rayonu İkinci Biləcik kənd tam orta məktəbin I sinfinə gedib. 2007-ci ildə natamam orta təhsilini başa vur-duqdan sonra, 2010-cu ildə Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Burada təhsilini bitirdikdən sonra – 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2017-ci ildə leytenant, 2019-cu ildə baş leytenant rütbəsinə yüksəlib. Xidməti dövründə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə ilk gündən qatılıb və igidliyi ilə seçilib. Oktyabr ayının 7-də Füzuli rayonu uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb.
Ailədə iki qardaş olublar. Subay idi.
Abuzər və Ülkər Xasıyevlər hər iki övladını vətənpərvər ruhda tərbiyə ediblər. Elə ona görə də, hər iki qardaş tərəddüdsüz olaraq torpaqlarımızın azadlığı uğrunda gedən müharibəyə qoşulublar. Təmraz üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımıza sancaraq qalib əsgər geri kimi dönüb, Röyal isə özü o bayrağa çevrilərək qayıdıb.
Şəhidin anası Ülkər Xasıyeva xatırlayır ki, Röyal hələ kiçik yaşlarından deyərdi ki, böyüyəndə zabit olacağam, torpağımızı qoruyacağam. Əbəs yerə oğula düşmən çəpəri deyilmir. 44 gün sürən müharibədə oğullarımız Vətəni canları bahasına qorudular. Bu yolda şəhidlərimiz də oldu, müharibənin ağrı-acısını bədənində daşıyan qazilərimiz də. 44 günün sonunda əldə etdiyimiz Qələbədə şəhidlərimizin böyük rolu var. Biz analar onların itkisinin kədəri ilə baş-başa qaldıq. Do-ğrudur, bizim oğullarımız canlarını hədər yerə fəda etmədilər, Vətənə qurban getdilər. Bu bizə təskinlik versə də, ayrılıqlarına dözmək çox çətindir.
Oğlum ən böyük arzusuna çatdı. Vətənin azadlığı uğrunda döyüşdü. Onu qalib, qazi kimi qucaqlaya bilmədim. Onun gözəl günləri hələ qabaqda idi. Toyunu görəcəkdik. Arzularımız ürəyimizdə qaldı. Şəhid xəbəri gəldi. Hər şəhid anası kimi mənim də ürəyim dağlıdır. Amma təsəllim var ki, oğlum böyük bir amal uğrunda həlak olub. Biz valideynləri olaraq, övladımıza hə-mişə Vətən sevgisini aşılamışıq. Qələbə xəbəri isə yaralarımıza su səpdi. Oğlumla fəxr edirəm və onu cənnətdə görmək arzusu ilə yaşayıram”.
Şəhidin qardaşı Təmraz Xasıyev: “Qardaşımla aramızda 2 yaş fərq var. Hər ikimiz hərbçi olmağı, torpaqlarımızın işğaldan azad olunmasını arzulayırdıq. Gözlədiyimiz gün gəlmişdi. Səfərbərlik elan olundu. İstəyirdim ki, bu müqəddəs döyüşlərdə qardaşımla birgə olum. Arzuma çatdım, artıq döyüşlərdə iştirak edirdim. İkimizin də məqsədimiz bir idi; torpaqlarımızı düş-məndən azad etmək. Qardaşım Füzuli istiqamətin-də, mən isə Suqovuşan istiqamətində döyüşürdük. Aramızda məsafə fərqi olsa da, eyni amal uğrunda vuruşurduq. Oktyabr ayında qardaşımın şəhid ol-masından xəbərsiz idim. Bilmirdim ki, artıq qardaşım uğrunda döyüşdüyüm torpağın altında yatır və mən bütün şəhidlərlə birlikdə onun da qanının qisasını alıram. Qardaşım şəhid oldu, ən ali məqama ucaldı. Uğruna fəda getdiyi torpaq isə azad olundu. Fiziki cəhətdən yanımızda olmasa da, bilirəm ki, o bizimlədir. Bu, ən böyük təsəllidir”.
Baş leytenant Röyal Xasıyev oktyabr ayının 8-də İkinci Biləcik kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

ELŞƏN Cahangir oğlu İbrahimov

Elşən Cahangir oğlu İbrahimov 27 mart 2002-ci ildə Şəkidə anadan olub. 2008-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib.
2019-cu ildə Bakı Sosial İqtisad Kollecinə qə-bul olub. Təhsil aldığı kollecdə çalışqanlığı ilə fərq-ləndiyi üçün 2020-ci ilin fevralında Azərbaycan İqtisad Universitetinin nəzdində olan İqtisad kollecinə dəyişdirilib.
2020-ci il may ayının 4-də Azərbaycan Res-publikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə başlayıb. Hərbi xidməti dövründə Tərtərdə yerləşən «N» saylı hərbi hissədə xidmət keçib. 27 sentyabr 2020-ci ildən başlayan 2-ci Qarabağ müharibəsində Tərtər istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olub. Ok-tyabrın 4-də Tərtər istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Ailədə iki uşaq olublar. Subay idi.
Ailənin ilk övladı idi Elşən. Atası Cahangir İbrahimov, anası Xatirə xanım Elşəni çalışqan, səmimi, vətənpərvər, idmana və hərbiyə çox böyük həvəsi olan bir övlad kimi yaddaşlarına yazıblar. Hazırda 10-cu sinifdə oxuyan qardaşı Ruslan üçün isə o, əsl qəhrəmanlıq simvoluna çevrilib.
Elşənin 18 yaşı yenicə tamam olsa da, o, sa-dəliyi, mehribanlığı, bir də simasındakı şirin gülüşü ilə hər kəsin sevimlisinə çevrilmişdi.
Elşənin tarix müəllimi, əməkdar müəllim Ru-həngiz Abdullayeva şəhid şagirdini fəxrlə anır: «Qə-ləbəyə, zirvəyə aparan yol çətinliklərdən keçir. Qa-zandığımız şanlı qələbənin ən böyük dəyəri şəhid qanı ilə qazanılmasıdır. Biz tarix müəllimləri şagirdlərimizə dərslikdə yazılanları öyrədirdik, şagirdlərimiz isə yeni tarix yazdılar, həm də böyük vüqarla, iftixarla. Vətən müharibəsində ölümü ilə bizi sarsıdan məktəbimizin ilk şəhidi Elşən oldu. Oktyabrın 4-də Elşən son mənzilə yola salındı. Şəkidə böyük izdiham, həyəcan yaşandı. O, az yaşı ilə öz qanı bahasına bu yüksəkliyi fəth etdi. Öz ölümü ilə həm qələbəmizə vəsilə oldu, həm də məktəbimizin 1-ci Qarabağ müharibəsinin şəhidləri Əli, Məzahir, Etibar, Tərlan, Pərviz, Telman, itkin Ziya, Aprel şəhidimiz Elnur və digərlərinin qisasını aldı».
Elşən haqqında onu tanıyanların bir sözü var: O, özünəməxsusluğu ilə hər zaman diqqət mərkəzində olub. Mərdliyi, vətənpərvərliyi, mədəniyyəti ilə çoxlarından seçilirdi. Hər zaman gülərdi, üzündən təbəssüm əksik olmazdı. Zarafatcıl, çox duyğulu oğlan idi. Kimin kefi olmasa, onunla dərdləşər, gülümsər siması ilə xoş əhval-ruhiyyə yaradıb insana dərdini unutdurardı. Müharibədən belə zarafatyana bəhs edər, ən darıx-dırıcı xəbərlərə də zarafat donu geyindirərdi. Bəlkə elə buna görə də onu xatırlayan hər kəsin kədərində də bir gülüş, təbəssüm var.
Yaxın dostunun dediyi: – Şəhidlərin yoxluğunu itki adlandırmağı düzgün hesab etmirəm. Vətən uğrunda canından keçmək itki yox, əsl qazancdır, – sözlərində əslində böyük həqiqət var.
“Hər insan bir gün ölüm şərbətini içir, ləyaqətli ölüm isə az insana nəsib olur. Elşən də ləyaqətli insanların arasında öz yerini tutdu. O, çata biləcək ən yüksək zirvəyə, ən yüksək rütbəyə, şəhidlik mərtəbəsinə yüksəldi. Elşənin soyadı İbrahimov idi, lakin bu onu qane etmədi. Öz mübarizliyini ortaya qoyaraq Mübarizlərin ölmədiyini, daim sağ və aramızda olduğunu bir daha bizlərə xatırlatdı” – söyləyirlər dostları.
Elşənin bütün yaxınları onunla qürur duyur. Belə bir insanı yaxından tanımağın iftixarını yaşayır. Şəhid anası Xatirə xanım isə oğlunu bircə dəfə də olsa yuxusunda görməyin həsrətindədir. Hər gecə yatağına bu arzu-istəklə girir, amma nədənsə şəhid balası onun yaşlı gözlərinə görünməkdən çəkinir. Qohumlardan kimin yuxusuna girsə, cənnətməkan bir guşəni göstərib: «Bura mənim yerimdir» – deyib gülümsəyir. Eynən həyatda olduğu kimi.
Elşən İbrahimov Şəkinin “Qışlaq” qəbirista-nlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və "Laçının azad olunmasına görə medalları ilə təltif edilib.

ELSEVƏR Etibar oğlu İbrahimov

Elsevər Etibar oğlu İbrahimov 1999-cu il no-yabr ayının 6-da Şəki rayonunun Aşağı Layısqı kən-dində anadan olub. 2006-cı ildə Aşağı Göynük kənd tam orta məktəbinin I sinfinə gedib və 2017-ci ildə orta təhsilini bitirib. 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ilin iyulunda əsgəri xidmətini başa vurub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı ölkəmizdə tətbiq edilmiş qismən səfərbərliklə əlaqədar torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən müharibəyə qoşulub. Füzuli, Qubadlı və s. bölgələr uğrunda gedən döyüşlərdə iştirak edib. No-yabrın 9-da Xankəndi ətrafında döyüşlərdə qəhrə-mancasına şəhid olub.
Ailədə iki bacı, iki qardaş olublar. Subay idi.
Şəhid atası Etibar İbrahimov oğlu haqqında danışarkən: – Elsevəri yaşından asılı olmayaraq həmişə evimin böyüyü hiss etmişəm. O, bu münasibəti öz təmkini, ağayanalığı ilə qazanmışdı, – deyir.
Elsevər həqiqətən də sanki böyüklük üçün yaranmışdı. Bacısı Xatirə ailə həyatı qurub. Qonşu kənddə yaşayır. Digər bacısı Aytac qəzaya düşərək dünyasını dəyişib. Ailənin sonbeşiyi Alişanın isə hələ 10 yaşı var. Valideynlərinə kömək etmək məhz Elsevərin boynuna düşürdü. Bu haqda Tükəzban ana ürək ağrısı ilə danışır: “Elsevər çox mehriban bir oğul idi. Qayğıkeş, sözünün üstündə duran. Yalanı sevməzdi. İşgüzar, zəhmətkeş idi. Çalışırdı ki, evin yükünü özü çəksin. Heç kəsə əziyyət verməzdi. Biz onu kasıblıqla, əziyyətlə böyütmüşdük. Heç vaxt yemək seçməzdi, məni incitməzdi. Hər dəfə işdən qayıdanda balaca qarda-şından soruşardı ki, anam yeməyini vaxtlı-vaxtında yeyirmi. Anasına çox bağlı idi. Cəbhəyə gedərkən balaca qardaşına: – Anam sənə əmanət, – deyib.
Elsevərin çox yaxşı yaddaşı vardı. Bütün qo-hum-əqrəbanın ad gününü əzbər bilirdi. Hamını yad edərdi. Cəbhədə olarkən demək olar ki, hər gün mə-nimlə danışırdı. Cəbhəyə gedərkən məni və balaca qardaşını tək qoyub getdiyi üçün bizdən nigaran idi. Amma ön cəbhədə olduğunu gizlədirdi. Soruşanda Şəmkirdə olduğunu söyləyərdi. Elə sonuncu dəfə noyabrın 6-da – öz ad günündə danışdı mənimlə. 21 yaşı tamam olurdu...
“Tezliklə qələbə ilə qayıdacağam. Ad günümü evdə qeyd edərik, ana” – dedi. Ad günündən 3 gün sonra isə şəhadətə ucaldı".
Kənd sakini Xaliq İbrahimov da Elsevərdən qürur hissi ilə söz açır: "Çalışqan, zəhmətkeş oğul idi. Kənd yolunu daşlardan, kollardan təmizlərdi. Üzündə həmişə bir kədər dolaşardı. Qeyri-adi baxışı vardı. Yersiz zarafatı xoşlamazdı. Qapalı idi, sirrini bölməz, ürəyini kimsəyə açmazdı. Cəbhədə olanda yaxınlarla əlaqə saxlayar, anasından muğayat olmağımızı tapşırardı. Ön cəbhədə olduğunu bizə demişdi. Amma anasına söyləməməyi xahiş etmişdi”.
"Vətən! Doğma Azərbaycan! İllərdir bağrı parçalanmış Qarabağım! Bu gün sənin taleyinə şərəfli bir tarix yazıldı. Bu tarixi şir biləkli, qurd ürəkli igidlərin yazdı. O igidlər ki, 30 illik işğala 44 gündə son qoydu. 44 gündə Vətənin köksündəki Qarabağ yarasını sağaltdı.
Bu tarixi yazan, bu yaraya məlhəm olan oğullardan biri də məktəbimizin şagirdi Elsevər İbrahimovdur. Elini sevən igidimiz şirin canını şirin vətəni üçün fəda etdi. Vətən üçün canını fəda edənlər həmişə xatirələrdə yaşayır. Bizim elini canından çox sevən Elsevərimiz də belə oğullardan oldu" – deyir müəllimləri.
Elsevər İbrahimov noyabr ayının 15-də Aşağı Layısqı kəndinin "Mərdanlar” qəbiristanlığında tor-pağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

MƏHƏRRƏM Şərif oğlu İbrahimli

Məhərrəm Şərif oğlu İbrahimli 2001-ci il ap-rel ayının 9-da Şəki rayonunun Oxud kəndində ana-dan olub. 2007-ci ildə N.Hümmətov adına Oxud kənd tam orta məktəbinin 1-ci sinfinə gedib və 2018-ci ildə orta məktəbi bitirib.
Məhərrəm 2019-cu ilin aprel ayında ordu sı-ralarına çağırılıb. Əsgəri xidmətini Goranboyda yerləşən "N" saylı hərbi hissədə keçirib. Hərbi sahəyə böyük həvəsi olan Məhərrəm ilk gündən cəsarəti, silahlarla peşəkarcasına davranma qay-dası, nizam-intizamı ilə komandirlərinin hörmətini qazanıb. Elə ona görə də, evlərinə xidmət etdiyi hərbi hissədən dəfələrlə təşəkkür məktubu gəlmişdi. O, artıq öz qərarını vermişdi. Oktyabr ayında hərbi xidmətini başa vurduqdan sonra orduda qalıb müddətdən artıq xidmət edəcək, Vətənə, torpağa olan sevgisini hərbçi olaraq sübuta yetirəcəkdi. Amma qismət olmadı. Əsgəri xidmətini başa vurmağa bir necə gün qalmış Vətən müharibəsi başladı. Məhərrəm xidmət etdiyi hərbi hissənin tərkibində döyüşə atıldı. Burada da öz cəsarəti, qorxmazlığı, bacarığı ilə diqqət çəkən Məhərrəm İb-rahimli şərəfli bir döyüş yolu keçdi. Oktyabr ayının 25-də Tərtər istiqamətində gedən Suqovuşan döyüşlərində qəhrəmancasına həlak oldu.
Ailədə 4 qardaş idilər. Subay idi.
Şəhid atası Şərif kişi oğlu ilə qürur duyduğunu deyir. "Məhərrəm oktyabr ayında əsgəri xidmətini başa vurub əzizlərinin yanına qayıdacaqdı. Anası Zümrüd xanım, qardaşları Qeysər, Ramil, Elnur onun yolunu gözləyərkən elə oktyabr ayında şəhidlik xəbərini eşitdik. O, qəhrəmanlığı ilə ailəmizin, kəndimizin başını uca etdi və şərəfli ölümü ilə ölümsüzlük qazandı. Heç nədən qorxmurdu. Çox cəsarətli idi. Hətta “Növbəti Mübariz mən olacağam deyirdi” – söyləyir şəhid atası.
Müəllimləri də Məhərrəm haqqında danışmağı özlərinə borc bilirlər: "Məktəbdə oxuduğu müddətdə nizam-intizamlı şagird kimi sinif yoldaşlarının, müəllimlərinin hörmətini qazanmışdı. Onun Vətən, torpaq sevgisi kiçik yaşlarından bəlli idi. Ailədə ata-anasına qarşı diqqətli, özündən kiçik qardaşlarına səmimi idi. Qonşuların, qohumların da köməyinə çatar, heç kəsin xətrinə dəyməzdi. Kiçik yaşlarından şəhidlər haqqında məlumat toplamağı, bayrağı, torpağı çox sevirdi. Məktəbdə oxuyanda qapılarından böyük bir bayraq asmışdı. Kiçik uşaqlara bayrağımız haqqında maraqla danışardı. İdman və hərbi dərslərə marağı daha çox idi. Məhərrəm əsl vətənpərvər idi" – deyirlər.
Məhərrəm 4 qardaşın böyüyü idi. Yaşına uyğun olmayan təmkini, böyüklərə hörməti, kiçiklərə qayğısı onu erkən yaşdan böyüdüyü mühitin sevimlisi etmişdi. Sevincini və kədərini isə anası ilə bölüşməyi xoşlayırdı. Ana da Məhərrəmlə fəxr edirdi. Oğlunu hərbi xidmətə yola salanda: «Əsgər paltarı üçün həmişə həsrət çəkmisən. İndi bu gün yola düşürsən. Bizdən nigaran qalma. Qardaşların üçün sənin getdiyin yol örnək olacaq. Odur ki, xoş xəbərlərini gözləyəcəyik» – dedi.
Elə də oldu. Xidməti dövründə nümunəvi davranışına, təlimlərdə qazandığı nəticələrə görə ona məzuniyyət verildi. Məhərrəmin gəlişi hamını sevindirdi. Hərbi xidməti zamanı Məhərrəm həm zahirən, həm də mənəvi dünyası cəhətdən xeyli püxtələşmişdi. Arada xəlvətə çəkilib şeir yazmağı da vardı. Lakin onu kimsəyə göstərməzdi. Oktyabrın 9-da xidmət müddəti bitməli, tərxis olunmalı idi. Lakin sentyabrın 27-də başlayan Vətən müharibəsi hamı kimi onun da müsəlləh əs-gər olaraq döyüşə getməsini tələb edirdi. Biz tələb sözünü şərti söylədik. Həmin günlərdə hamı könüllü olaraq cəbhəyə getmək üçün növbəyə dayanmışdı. Valideynləri hər dəfə Məhərrəmlə telefon vasitəsilə əlaqə saxlayanda nəinki təşviş keçirir, əksinə, rahatlanırdılar. Qələbəyə inamları birə-beş artırdı.
Məhərrəmin atası Şərif söyləyir ki, onun dəf-nindən sonra kitabların arasından bir dəftər tapdıq. Bu, Məhərrəmin şeir dəftəri idi. Yazmışdı ki, Mübariz İbrahimov kimi şəhidliyə yüksəlmək şərəfdir və mən həmin şərəfə nail olmalıyam.
Bəli, xalqın bütövlüyü ondadır ki, Vətənə mə-həbbət və sədaqət sonsuz, onun uğrunda ölmək isə şərəf sayılır. Belə xalq, belə torpaq basılmaz.
Oktyabr ayının 7-də şəhidlik zirvəsinə yüksələn Məhərrəm İbrahimli ölümündən 18 gün sonra doğulduğu Oxud kəndində torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə "Vətən uğrunda" medalı ilə təltif edilib.

SAKİT İsmayıl oğlu İsmayılov

Çavuş Sakit İsmayıl oğlu İsmayılov 1985-ci il yanvar ayının 7-də Şəki rayonunun Aran kəndində anadan olub. 1991-ci ildə Şəki rayonunun Aran kənd orta məktəbinin 1-ci sinfinə gedib və 1999-cu ildə həmin məktəbin 9-cu sinfini bitirib. 1999-cu ildən 2002-ci ilə qədər Şəki Peşə kollecində təhsil alıb. 2003-cü ildə hərbi xidmətə çağırılıb və 2004-cü ilin iyul ayında xidmətini başa vurub.
2010-cu ilin yanvar ayının 21-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində MAHHXHQ hazırlıq kursuna manqa komandiri ixtisası üzrə daxil olub. Həmin kursu aprel ayının 10-da bitirib və «N» saylı hərbi hissə komandirinin sərəncamına göndərilib. Həmin hərbi hissədə manqa komandiri vəzifəsində xidmət edib. 2020-ci ilədək müxtəlif hərbi hissələrdə manqa komandiri vəzifəsində xidmətini davam etdirib. Xidməti dövründə qazandığı uğurlara görə müxtəlif fəxri fərmanlar alıb. 24 iyun 2013-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “Azər-baycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, 26 iyun 2019-cu ildə “Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb. Oktyabr ayının 13-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Ailədə özündən başqa Sevinc adlı bir bacısı və Ruslan adlı bir qardaşı var. 2006-ci ildə ailə həyatı qurub, Xəyal və Mələk adlı iki övladı yadigar qalıb.
Anası Güldərən xanım 2004-cü ildə dünyasını dəyişib.
Şəhidin həyat yoldaşı Gülmira İsmayılova: "Sakit adı kimi, özü də çox sakit, dürüst və mehriban bir insan idi. O, vətəninə, əsgərlərinə qarşı qayğıkeş, işində məsuliyyətli idi. On ildir ki, Azərbaycan Ordusunda xidmət edirdi. Xidməti dövründə bütün döyüş dostlarının hörmətini qazanmışdı. Müharibə başlayandan tez-tez evə zəng vururdu. Azərbaycan Ordusunun irəliyə getməsindən sevinclə danışırdı. Amma bir dəfə zəng vuranda, döyüş dostlarının gözünün qabağında ne-cə şəhid olduğunu göz yaşı axıdaraq anlatdı və de-di: – “Mən onların qisasını alacağam. Məndən nigaran olma” – və bu, onun son danışığı, son sözü oldu”.
Şəhidin oğlu Xəyal İsmayılov atası ilə bağlı xatirələrini belə bölüşdü: “Atamla fəxr edirəm. Mənim atam çox vətənpərvər bir insan idi. Bir dəfə mənə işğal olunmuş ərazilərin adları olan siyahını verib dedi ki, bunları əzbərlə və heç vaxt unutma. Atam sonuncu dəfə gələndə ona hərbi hissədən mükafat olaraq verilən qol saatını mənə bağışladı. Həmin saatı hər zaman qoruyacağam”.
Sakit İsmayılov oktyabr ayının 23-də Şəkinin “Dovşan düzü” qəbiristanlığındakı Şəhidlər xiyaba-nında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

ELNUR Arif oğlu İsmayılov

Elnur Arif oğlu İsmayılov 2001-ci il fevral ayının 24-də Şəki rayonu Baş Küngüt kəndində anadan olub. 2007-ci ildə Şəki rayonu Baş Küngüt kənd tam orta məktəbinin 1-ci sinfinə gedib, 2008-ci ildən təhsilini Şəki şəhər 19 saylı tam orta məktəbdə, 2011-ci ildən isə bir daha məktəbini dəyişərək Şəki şəhər 8 saylı tam orta məktəbin 5-ci sinfindən davam etdirib və 2016-cı ildə həmin mək-təbin 9-cu sinfini bitirib.
2019-cu il aprel ayının 5-də Azərbaycan Res-publikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə başlayıb və əvvəlcə Cəlilabaddakı «N» saylı hərbi hissədə, sonra isə Beyləqanda yerləşən «N» saylı hərbi hissədə xidmət keçib. Hərbidə baş atıcı, əsgər olub. 27 sentyabr 2020-ci ildən başlayan 2-ci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə 22 oktyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə yüksəlib. Subay idi. Ailədə 2 bacı, 1 qardaş olublar.
Elnuru hər kəs sadə, vətənpərvər, idmana və hərbiyə çox böyük maragı olan bir gənc kimi tanı-yırdı. Elnurun atası Arif İsmayılov 1-ci Qarabağ müharibəsi qazisidir. O, 1993-cü ilin əvvəllərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə başlamış, xidməti illərində Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. O, Tərtər istiqamətində gedən ağır döyüşlərdə yaralanmışdır və hazırda 2-ci qrup əlildir. Elnur hələ uşaqlıqdan atasının cəbhə xatirələrini həvəslə dinləyər, xəyalında Qarabağ uğrunda döyüşə atılardı. Zaman keçdi və bu xəyallar gerçəkləşdi.
Anası Elnarə xanım da oğlunu vətənpərvər ruhda tərbiyə edirdi. Özündən 8 yaş kiçik olan əkiz bacıları Gülnur və Gülxatın üçün isə Elnur əsl qəhrəman idi. Bacılar hər zaman onun diqqət və qayğısını duyar, özlərini güvəndə, arxalı hiss edərdilər. Elnur bu gün də şərəfli adı, qürurverici ömür yolu ilə bacılarına arxa, köməkdir. "Biz qardaşımızla fəxr edirik. Onun dəfn mərasiminə toplaşan yüzlərlə insanı gördükdə bir daha anladıq ki, bizim qardaşımız hamının yüksələ bilmədiyi bir zirvəyə yüksəlib" – deyir bacılar.
Elnur haqqında müəllimləri də xoş sözlər söyləyirlər.
“Qanları, canları bahasına əldə olunan Qarab-ağımız şəhidlərin misilsiz hünərinin, Vətən sevgisinin bariz nümunəsidir. Bu igidlərdən biri də Vətən müharibəsində əldə olunan zəfərdə payı olan dərs dediyimiz, fəxrlə adını çəkdiyimiz Elnur İsmayılovdur. Elnur çox vətənpərvər, duyğusal uşaq idi. Qarabağdan söhbət düşəndə deyirdi ki, müəllim, Qarabağ mənim qaysaq bağlamayan yaramdır. Atam 1-ci Qarabağ müharibəsində qazi olub, qələbə sevincini yaşaya bilməyib. Amma mən şəhid olsam da, axıra kimi vuruşub torpaqlarımızı işğaldan azad etməyə hazıram, təki Ali Baş Komandan əmr etsin.
Arzu etdiyi kimi torpaqlarımız azad olundu, amma biz bu Qələbəni təəssüf ki, Elnursuz qeyd edirik.
Doğma Vətənin qoynunda boy atan, pərvaz-lanan, böyük ümidləri doğrultmağa qadir olan mək-təbimizin şagirdi, 19 yaşlı şəhidimiz Elnur İsmayılov körpəlikdən Vətən sevgisi ilə böyüyüb. O, coşğun təbiətli, məsuliyyətli, ictimai işlərdə, sinif tədbirlərində fəallıq göstərən bir şagird idi. Çətinlikdən qorxmur, qarşısına qoyduğu məqsədinə çatmağa çalışırdı. Onda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük var idi.
Təsərrüfata meyilli idi. Hərbi xidməti bitirdik-dən sonra ferma açacağını qarşısına məqsəd qoy-muşdu. Vaxtının çoxunu babasının yanında, kənddə keçirirdi. Bəlkə elə buna görə də babası Rüstəm kişi Elnurun yoxluğuna dözmədi və 20 gün sonra vəfat etdi.
Elnur kiçik yaşlarından çox dəcəl olsa da, ürəyitəmiz, əliaçıq idi. O, həm də çox dostcanlıydı, hər bir kəslə tez bir zamanda dost olmağı bacarırdı. Dostlarından hansısa haqsızlıqla qarşılaşsaydı, onu tək buraxmazdı, arxasında durardı. Vətən müharibəsində də Müzəffər Azərbaycan Ordusunun tərkibində müxtəlif istiqamətlərdə düşmən qüvvələrinə qarşı qəhrəmanlıqla savaşıb, döyüş yoldaşlarını mühasirədən çıxarıb, yaralıların düşmənin əlinə keçməsinə imkan verməyib. Dəfn zamanı Elnurun komandiri bu haqda danışıb və qeyd edib ki, Elnur Füzuli istiqamətində gedən dö-yüşlərin birində mühasirədə olan 60 nəfər Azərbaycan əsgərini xilas edib” – deyir müəllimləri.
Elnur hərbi xidmətdən məzuniyyətə gələndə Aprel şəhidi Elnur İsgəndərovun məzarını ziyarət edib, orada şəkil çəkdirib. Anası Elnarə xanım şəklə baxanda Elnurun kölgəsinin məzar daşının üstünə düşdüyünü görür və şəkli ekrandan silmək istəyir. Lakin Elnur icazə vermir. Elə oradaca dayısı oğluna deyir ki, İsgəndərov kimi igid olmaq hər oğulun hünəri deyil. Əgər şəhid olsam, məni burada, Elnur İsgəndərovun yanında dəfn edərsiniz.
Bu, Elnurun son istəyi idi və onun vəsiyyətinə əməl olundu. Hazırda Elnur İsmayılov Elnur İsgəndərovun dəfn olunduğu “Dövşan düzü” qəbiristanlığında uyuyur. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

HÜSEYN Fərman oğlu İsmayılov

Çavuş Hüseyn Fərman oğlu İsmayılov 29 iyun 1991-ci ildə Şəki rayonunun Qayabaşı kəndin-də anadan olub. 1997-2008-ci illərdə Qayabaşı kənd tam orta məktəbində təhsil alıb. 2009-2011-ci illərdə hərbi xidmətdə olub. 2012-ci ildən MAXE kimi hərbi xidmətə başlayıb. Aprel döyüşlərinin iştirakçısı olan Hüseyn İsmayılov Vətən müha-ribəsində də mərdliklə vuruşub. Noyabr ayının 8-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ailədə bir bacı, iki qardaş olublar. Ailəli idi, Yağmur və Ada adında iki övladı var.
Ata Fərman və ana Gülsurə İsmayılovlar üçün Hüseyn həmişəyaşardır. Bacısı Təhminə isə ailəsi, uşaqları olsa da, onun üçün qardaşını əvəz edən elə bir varlıq yoxdur. Deyirlər insanların kimliyini daha dəqiq öyrənmək üçün ən gözəl vasitə, onu tanıyanların xatirələridir. Elə biz də şəhidimizi həmin xatirələrdən tanımaq istəyirik.
Qardaşı Orxanın xatirələrindən: “Hüseyn 2012-ci ildə ailə qurub, ailəsi ilə birlikdə Bakının Pirəkəşkül qəsəbəsində yaşayırdı və oradakı hərbi hissədə MAXE vəzifəsində çalışırdı. İki il burada işlədikdən sonra öz istəyi ilə döyüş bölgəsində xidmət etməyə qərar verib və Beyləqanda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirib. Quru qoşunlarının tərkibində PDM döyüş maşınında mexanik vəzifəsində çalışıb. Qardaşım 2016-cı il Aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak edərək, xüsusi mərdlik və şücaət göstərib. 2 ədəd yubiley medalı ilə təltif edilib. 2018-ci ildən Füzuli bölgəsindəki hərbi hissədə düşmən postuna yaxın yerdə xidmətdə olub. Hüseynin şücaəti bununla bitmir. II Qarabağ müharibəsi başlayan kimi öz PDM döyüş maşını ilə Qubadlı və Cəbrayıl uğrunda gedən döyüşlərdə ən qaynar nöqtələrdə olub, düşmənlə üz-üzə gələrək onun texnikasını ələ keçirib. Qubadlı uğrunda gedən döyüşlərdə düşmən tərəfindən vurularaq döyüş maşını sıradan çıxarılan Hüseyn ağır yaralarla 13 saat sürünərək ordumuza qoşulmağı bacarıb. Yaralarının sağalması üçün ona bir aylıq istirahət verilmişdi. O, bu vaxtın cəmi beş gününü valideynlərinə, öz ailəsinə və şəhid olmuş döyüşçü yoldaşlarının övladlarına ayıraraq, təkidlə döyüş meydanına qayıtmışdı.
Noyabrın 9-da Şuşa ərazisində gedən döyüş-lərdə onun döyüş texnikası düşmən tərəfindən təkrar vurularaq sıradan çıxarılıb. Yaralı Hüseyn öz döyüş yoldaşları ilə birgə düşmənə son dəfə hücum edib və düşmən snayperinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb".
Sinif yoldaşı Jalə isə Hüseyni belə xatırlayır: «Hüseyn bizim sinfə onuncu sinifdə oxuyanda paralel sinifdən keçmişdi. Sakit təbiətli, mehriban, hamıya hörmətlə yanaşan bu oğlanın sinfimizə keçmə səbəbini ailə həyatı quranda bildik. Sevib-seçdiyi ömür-gün yoldaşı da bizim sinifdə oxuyurdu. Hər ikisi sinif yoldaşım, həm də qohumum olduğu üçün biz çalışırdıq ki, imkan tapdıqca əlaqə saxlayaq. Telefonla danışar, arabir görüşərdik. Həyat yoldaşı Fərqanə Hüseyndən çox razı idi. Həmişə Hüseynin ailəsinə, uşaqlarına, valideynlərinə, bir sözlə ətrafındakılara olan diqqət və qayğısından həvəslə danışardı. Hüseynin işinin çox çətin və məsuliyyətli olmasına baxmayaraq, o, hər kəsə lazım olan vaxtı ayırırdı, qayğısını əsirgəmirdi. Ailəsi, övladları üçün çox dəyərli, əvəzsiz idi. Bu gün onun yoxluğunun ailəsi üçün nə qədər dözülməz olduğunu təsəvvür etmək çətindir. Hüseyn dostluqda da sadiq idi. Hərbiçi yoldaşı ilə ailəvi dostluq edirdi. Bir-birinə arxa-dayaq olurdular. Həmin dostunun ölümü Hüseynə çox təsir etmişdi. Onun düşmənə olan nifrətini artırmışdı. Vətən sevgisini bütün sevgilərdən üstün tutan Hüseyn, ona yaralı olduğu üçün verilən məzu-niyyətdən təkcə öz ailəsinə deyil, şəhid dostunun da ailəsinə vaxt ayırmış, övladlarının görüşünə getmiş, onlara atalarının qanını yerdə qoymayacağına, son damla qanına qədər vuruşacağına söz vermişdi. Verdiyi sözdən qaçmazdı Hüseyn. Belə də etdi, mə-zuniyyətini yarımçıq qoyub, yenidən cəbhə bölgəsinə yollandı... Bu, sonuncu görüş, sonuncu döyüş oldu. Hüseyn çox böyük mərdliklə əlçatmaz şəhidlik zirvəsinə ucaldı. Xatirələrimizin ən əzizinə çevrildi. Heç zaman unutmarıq.
Hüseynin Vətənə əmanət 7 yaşlı qızı, 5 yaşlı oğlu var. O oğul ki, hələ heç nəyi dərk etmədən gün-lərdir atasının ona zəng vurmadığı üçün küsüb".
Hüseyn İsmayılov dekabr ayının 1-də Qayabaşı kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

SƏBUHİ Yaşar oğlu İsgəndərli

Səbuhi Yaşar oğlu İsgəndərli 2001-ci il iyu-nun 25-də Tərtərdə anadan olub. 2007-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 9-10-cu sinifləri Şəki şəhər 12 saylı tam orta məktəbdə, 11-ci sinfi isə 18 saylı tam orta məktəbdə bitirib.
Səbuhi 2019-cu ilin iyulunda həqiqi hərbi xidmətə başlayıb və Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib. 27 sentyabr 2020-ci ildən başlayan 2-ci Qarabağ müharibəsində cəbhə bölgəsində xidmətini davam etdirib. O, Zəngilan istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olub.
Səbuhini hər kəs çalışqan, sadə, qayğıkeş bir insan kimi tanıyırdı. Onun idmana və hərbiyə çox böyük həvəsi var idi. Hərbi sahəyə olan marağını atası Yaşar Mustafayev daha da artırmışdı. Yaşar müəllim I Qarabağ müharibəsi veteranıdır. O, 1992-1994-cü illərdə Ağdərə, Kəlbəcər və Sırxavənd istiqamətində gedən döyüşlərdə olmuş, torpaqlarımızın bütövlüyü uğrunda vuruşmuşdur. Hazırda Şəki şəhər Yaşıllaşdırma idarəsində bağban işləyən Yaşar Mustafayev oğlu Səbuhini vətənpərvər övlad kimi yetişdirmişdi. Səbuhi hələ 7-ci sinifdə oxuyarkən onu bir vaxtlar uğrunda döyüşdüyü ərazilərə tərəf aparmış, uzaqdan da olsa o yerləri göstərərək: – Bu torpaqlar bizim vətənimizdir, oğlum, təəssüf ki, indi onun üzərində düşmən gəzir, – demişdi.
Səbuhi də balaca yumruğunu sıxaraq: – Sən fikir etmə, ata, o torpaqları mən alacam, – demişdi. – Sən bacarmadın, amma mən bacaracam.
Atası qürurlanmışdı oğlunun sözündən: – Sən gərək dərslərini, xüsusən də tarix dərsini yaxşı oxu-yasan. Xalqımızın, vətənimizin tarixini, xəritəsini yaxşı bilməlisən ki, sözünü faktlarla deyə biləsən.
Səbuhi digər dərslərə o qədər maraq göstərməsə də, tarix dərsinə xüsusi diqqət yetirirdi. Vətənimizin keçmişini, qədimdən bu günə kimi olan düşmənlərini tanımaq istəyirdi. Erməni qaniçənlərinə nifrəti də böyük idi. Məktəb tədbirlərində, anım günlərində düşmənlərimizin Qarabağda törətdikləri vəhşiliklər, xalqımızın başına açdığı zülmlər barədə çıxışlar etmişdi. Böyüyüb əsgərliyə gedəcəyi günü səbirsizliklə gözləyirdi.
Sinif yoldaşlarına zarafatla: «Mən əsgər olanda evinizdə arxayın yatarsız. Sizi də, bütün ölkəni də mənim kimi oğullar qoruyacaq» – deyirdi.
Bir neçə dəfə məktəbini dəyişsə də, mühitə tez alışan Səbuhi şən, mehriban, zarafatcıl xasiyyəti ilə qısa müddətdə bütün sinfin sevimlisinə çevrilirdi. Qarabağdan söz düşəndə isə çox həvəslə: – Təki əsgər yaşım çatsın, gedib vuruşacağam, – deyirdi. Hətta bir dəfə sinif rəhbəri Zaur müəllimə: – Müharibə başlayarsa, mən könüllü olaraq cəbhəyə gedəcəyəm, düşmənlərimizdən qisas alacağam, – demişdi.
Müəllimi isə ona: – Axı sən azyaşlısan – demişdi.
– Şah İsmayıl Xətainin taxta çıxanda 14 yaşı var idi, – deyə cavab vermişdi.
Məktəbin məzunu, Aprel döyüşlərində şəhid olmuş baş leytenant Elnur İsgəndərovdan söz düşəndə Səbuhinin dediyi: «Xoşbəxt insandır ki, Vətən uğrunda şəhid olub» – sözlərini müəllimləri və sinif yoldaşları hələ də unutmurlar.
Səbuhinin qısa və şərəfli ömür yolunu fəxrlə anan dostları hər zaman onu yanlarında hiss edirlər. Tərtər Su Meliorasiya idarəsində kadrlar şöbəsinin müdiri olmuş, hazırda heç yerdə işləməyən anası Gülnarə xanım, Şəki Tibb Kollecinin məzunu bacısı Lalə və onun ailəsi üçün də Səbuhi həmişəyaşardır. Elə müqəddəs kitabımız olan «Qurani-Kərim»də də belə deyilir: «Allah yolunda öldürülənlərə ölü deməyin, onlar ölü deyil, diridirlər».
Səbuhi İsgəndərlinin ən böyük arzusu Vətən uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda vuruşmaq və bu müqəddəs amal yolunda şəhid olmaq idi. Allah onu bu arzusuna çatdırdı.
Səbuhi İsgəndərli Şəkinin «Dovşan düzü» qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

KƏNAN Faiq oğlu İsrafilov

Kapitan Kənan Faiq oğlu İsrafilov 8 noyabr 1990-cı ildə Şəki rayonunun Şirinbulaq kəndində anadan olub. 1997-ci ildə Şirinbulaq kənd ümumi orta məktəbin 1-ci sinfinə gedib. 2004-cü ildə Şirin-bulaq kənd ümumi orta məktəbində 7-ci sinfi bitirərək Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2008-ci ildə həmin liseydə orta təhsilini başa vurub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 1-ci kursuna daxil olub. 2012-ci ildə Ali Hərbi Məktəbi bitirib və təlim-tədris mərkəzində ixtisasartırma kursu keçib. 2013-cü ildə leytenant hərbi rütbəsi ilə “N” saylı hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin olunub. 2015-ci ildə ona baş leytenant rütbəsi verilib. 2019-cu ildə kapitan rütbəsi alan Kənan İsrafilov xüsusi kursa daxil olub. 2020-ci ilin iyul ayında həmin kursu bitirib və “N” saylı hərbi hissəyə tabor komandiri vəzifəsinə təyin olunub. Xidməti dövründə “Qüsur-suz xidmətə görə” 3-cü dərəcəli medalı və “Azər-baycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif edilib.
2020-ci il sentyabrın 27-dən başlayan 2-ci Qarabağ savaşında şərəfli döyüş yolu keçib. Talış kəndinin, Suqovuşanın azad olunmasında qəhrə-manlıq göstərib. Ağdərə və digər ərazilər uğrunda gedən döyüşlərdə iştirak edib. Gənc kapitan oktyabr ayının 5-də qəhrəmancasına şəhid olub.
Ailədə bir bacı, bir qardaş olublar. Ailəli idi. Aysu adlı bir qız övladı yadigar qalıb.
Kənanın atası Faiq İsrafilov Rusiya vətən-daşıdır və orada yaşayır. 2 övlad anası olan bacısı Aydan isə ailəsi ilə Bakıda yaşayır.
Şəhid anası Məlahət xanım isə oğlu və onun ailəsi ilə birgə yaşayırdı. Səhhəti ilə əlaqədar indi Şirinbulaq kəndindədir. Özümə gəlim, balamın ailəsini yenə başıma yığacam, – deyir. Bir də deyir ki: "Oğlum Kənan haqqında söz demək, danışmaq mənim üçün olduqca çətindir. Ona görə ki, o, artıq həyatda yoxdur. Onun bütün həyatı, bütün 30 ili gözümün önündən gəlib keçir və haradan başlamaqda çətinlik çəkirəm. Kənan çox cəsarətli, inadkar bir uşaq kimi böyüyürdü. Onun ən çox sevdiyi Səməd Vurğunun “Azərbaycan” şeiri və bir də qəhrəmanlar haqqında olan hekayələr, dastanlar idi. Kənan kiçik yaşlarından hərbə və hərbçiliyə böyük maraq göstərirdi. Hərbçi olan əmisi Nəsimi ilə qürur duyurdu. Kənan hərbi paltardan daha gö-zəl geyim olmadığını deyirdi. O, böyüdü, əvvəlcə hərbi liseyə, daha sonra Ali Hərbi Məktəbə və Hərbi Akademiyaya daxil oldu. Arzusu Akademiyanı bitirib, Vətəninə, millətinə xidmət etmək idi. Kənan həmişə deyərdi: “Ya tarix yazacağıq, ya da tarix olacağıq”.
Doğma Vətəni uğrunda gedən döyüşlərdə ön xətdə oldu və şəhidlik zirvəsinə yüksəldi. Belə deyirlər ki, döyüş meydanında şəhid olan igidlərin ruhları ağ durnalara köçür. İldə bir dəfə bu dərdli durnalar bu igidlərin şəhid olduqları yerdən keçir və hündürdən qaqqıldaşırlar. Mən hər cümə axşamı oğlumun qəbrinin üstünə gəlir və o dərdli durnaları gözləyirəm. Ümid edirəm ki, bir gün o durnalar, Kənanın ruhu olan durna ilə birgə gələcəklər".
Həyat yoldaşı Fərqiyyə İsrafilova da yeganə övladının atası ilə fəxr etdiyini söyləyir: "Mənim üçün həyat yoldaşım Kənan haqqında söz demək böyük fəxrdir. Bizim birgə həyatımız cəmi 2 il sürsə də, sanki 100 il bir yerdə yaşamışıq. Onun çox gözəl və mülayim xasiyyəti vardı. Mən bu qısa ömür yolunda ondan bir dəfə də olsun xətrimə dəyəcək bir söz və bir hərəkət görməmişdim. Mən Kənanın mərd və kişilərə məxsus sanballı xüsusiyyətlərini heç vaxt yaddan çıxarmayacağam. Qızımız Aysu dünyaya göz açdı. Kənan onu hədsiz dərəcədə sevirdi. O deyirdi ki, Aysu evimizə xeyir-bərəkət gətirəcək. Mən qızımı Kənanın adına layiq böyüdəcəyəm və ona atasının necə qəhrəman olduğundan danışacağam. Biz onu heç vaxt unut-mayacaq və həmişə xatırlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Kapitan Kənan İsrafilov oktyabr ayının 7-də Şəki rayonunun Şirinbulaq kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

NİCAT Məhərrəm oğlu İmamverdiyev

Nicat Məhərrəm oğlu İmamverdiyev 1995-ci il fevral ayının19-da Şəkidə anadan olub. 2001-ci ildə Şəki şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə ge-dib, 2010-cu ildə həmin məktəbin 9-cu sinfini biti-rib. Elə həmin il Şəki şəhər 1 saylı Texniki Peşə məktəbinə qəbul olub və 2013-cü ildə həmin məktə-bi elektrik qaz qaynaqçısı ixtisası üzrə bitirib. Hə-min məktəbdə oxuyan zaman paralel olaraq avtomobil təmiri sexində usta köməkçisi kimi çalışıb.
2013-cü il aprel ayının 7-də Azərbaycan Res-publikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə başlayıb. Xidməti dövründə Naftalanda yerləşən «N» saylı hərbi hissədə xidmət keşib, 2014-cü il oktyabr ayının 1-də hərbi xidməti müvəffəqiyyətlə başa vuraraq ordudan tərxis edilib.
Hərbi xidməti başa vurduqdan sonra bir il sənətilə məşğul olan Nicat 2015-ci ildən Şəkidə yerləşən "Ekonom" marketdə nəzarətçi-satıcı işləyib.
27 sentyabr 2020-ci ildə başlayan 2-ci Qarabağ müharibəsinə qatılıb. Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Tərtər istiqamətində gedən ağır döyüşlərdə 16 oktyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalıb.
Ailənin tək övladı olan Nicat hələ ailə qurmamışdı.
“Olduqca çalışqan, zəhmətkeş, sadə, səmimi, vətənpərvər oğul idi” – deyirlər valideynləri. Məhər-rəm kişi də, Çimnaz ana da yeganə övladlarını məhz bu ruhda tərbiyə etmişdilər. Bəlkə elə ona görə də hər kəsin rəğbətini, xətir-hörmətini qazanmışdı Nicat. Bu gün təhsil aldığı orta məktəbin direktoru Tahirə xanım da Nicat haqqında fəxrlə söz açır: “Hamı bir gün bu dünyaya gəlir və bir gün də bu dünyanı tərk edir. Şəhidlər isə əbədi yaşayırlar. Bir şagird kimi əxlaqı, davranışı ilə həmyaşıdlarına nümunə olan mələk simalı, mələk xasiyyətli Nicat balamız, Vətən sevgisi ilə də hamıya nümunə oldu, Şəhidlik zirvəsinə ucaldı, ölməzlik qazandı.
Yaşıdları arasında gülərüzlüyü və mərdliyi ilə xüsusilə fərqlənirdi. O, məktəbimizin çox sevilən şagirdi idi. Oxuduğu müddətdə nizam-intizamı, bacarığı, məsuliyyəti və dürüstlüyü ilə müəllim və şagird kollektivinin hörmətini qazanmışdı. Nicatın qəhrəmanlığı Azərbaycan gəncləri üçün, məktəbimizin şagirdləri üçün bir örnək olacaq və o, əbədi olaraq qəlbimizdə yaşayacaq!
Torpaq, uğrunda tökülən qanla müqəddəsləşir. Şəhid ölmür, ölümdən yüksəkdə olan uçalığa yüksəlir. Nicat da öz vətənsevərliyi, qəhrəmanlığı ilə o zirvəyə yüksəldi. Əbədiyyət qazandı!” – deyir.
Nicat İmamverdiyevin nəşi ailəsinə oktyabr ayının 21-də təhvil verilib. Oktyabrın 22-də isə Şəkinin “Yuxarıbaş” qəbiristanlığında dəfn edilib. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı ilə təltif olunub.

FƏRİD Aydın oğlu İzzətli

Baş leytenant Fərid Aydın oğlu İzzətli 1994-cü il mart ayının 21-də Şəkidə dünyaya gəlib. 2000-ci ildə Şəki şəhər 17 saylı tam orta məktəbin 1-ci sin-finə gedib və 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2015-ci ildə ali təhsilini başa vuran Fərid elə həmin il Bakıda yerləşən «N» saylı hərbi hissədə leytenant kimi əmək fəaliyyətinə başlayıb. 2018-ci ildə xid-mətini Qusarda yerləşən «N» saylı hərbi hissədə baş leytenant kimi davam etdirib. 2016-ci ildə Aprel döyüşlərinin fəal iştirakçısı olub. Nümunəvi xidmətinə və döyüş bacarığına görə dəfələrlə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif edilib. “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günündən xidmət etdiyi hərbi hissənin tərkibində döyüşə atılan baş leytenant Fərid İzzətli Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Xocavənd istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ailədə iki qardaş olublar. Ailəlidir və özündən sonra Səid adlı 1 yaşlı oğlu yadigar qalıb.
Şəhid atası Aydın Cabbarovun da dediyi kimi, öz istək və arzusu ilə hərbiyə getmiş Fəridin ən böyük arzusu düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etmək olub. Hələ orta məktəbdə oxuyarkən 26 fevral Xocalı soyqırımına həsr edilmiş tədbirdən sonra gözləri dolmuş halda müəlliminə yaxınlaşıb: – Müəllim, mən hərbçi olmaq istəyirəm, düşməndən intiqam almaq istəyirəm! Mən şəhid olana kimi savaşacağam! – deməsini nə müəllimlər, nə də şagirdlər hələ də unutmayıblar.
"Fərid sinif yoldaşları üçün sanki bir böyük qardaş idi. Böyüklərin hörmətini saxlayar, kiçiklərə, yaşıdlarına örnək olardı. Onu çox mehriban, səmimi, humanist, təvazökar bir insan kimi tanıyırdıq. O, kimsənin xətrinə dəyməzdi. Hər kəslə səmimi ünsiyyəti, düzgün rəftarı var idi. Sinifdə qızlar əksəriyyət təşkil edirdi və hər birini qardaş kimi qoruyar, bir sözlərini iki etməzdi.
Səliqəsi, intizamı, səmimiyyəti, xüsusilə fiziki cəhətdən özündən zəif yaşıdlarına qayğısı, yağışlı, qarlı havalarda sinfin qızlarına göstərdiyi diqqəti ilə seçilərdi Fərid. Hərbi və Fiziki tərbiyə dərslərinə xüsusi marağı var idi. Hərbi dərslərdə sərbəst atəş açmaqda çox bacarıqlı idi. Təsəllimiz odur ki, bu gun Fəridin ruhu şaddır. Uğrunda canını, qanını qurban etdiyi torpaq işğaldan azad edilib və Azərbaycan xalqı möhtəşəm zəfərə imza atıb" – deyir sinif yoldaşları.
Şəhid hərbçinin həyat yoldaşı Nərmin xanım da onunla ailə həyatı quranda yəqin ki, məhz bu keyfiyyətləri əsas tutub. Nə yaxşı ki, gümanında yanılmayıb. İndi Nərmin xanım körpə Səidini bağrına basıb ona atasının qəhrəmanlıq dastanından danışır.
Şəhid anası Kəmalə xanım nəvəsini də eynən övladları kimi vətənpərvər ruhda tərbiyə edir. Bəlkə böyüyəndə Səid də hərbçi olacaq, atası, əmisi kimi. Çünki Fərid İzzətlinin yeganə qardaşı Vüqar İzzətli də hərbçidir. O, hazırda Daxili Qoşunların "N" saylı hərbi hissəsində MAXE kimi xidmət edir. O da qar-daşı kimi bu Vətən uğrunda canını belə fəda etməyə hazırdır.
Baş leytenant Fərid İzzətli oktyabr ayının 22-də Şəkinin "Qışlaq" qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə "Vətən uğrunda", "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

ELTUN Zaur oğlu Kərimov

Eltun Zaur oğlu Kərimov 2001-ci il fevral ayı-nın 1-də Rusiya Federasiyasının Sverdlovski vila-yəti, Krasnoturınsk şəhərində anadan olub. 2008-ci ildə Krasnoturınsk şəhər 5 saylı beynəlmiləl tam orta məktəbin 1-ci sinfinə gedib, 2015-ci ildən təhsilini Şəki şəhər 9 saylı tam orta məktəbin rus bölməsinin 7-ci sinfindən davam etdirib. 2018-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib.
O, 2019-cu il aprel ayının 3-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə başlayıb. Hərbi xidməti dövründə «N» saylı hərbi hissədə xidmət keçib. Hərbidə minaatan əsgər olub. Əsgəri xidmətinin başa çatmasına bir neçə gün qalmış başlayan 2-ci Qarabağ müharibəsində Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. 29 sentyabr 2020-ci il tarixdə Tərtər istiqamətində gedən ağır döyüşlərin birində şəhid olub.
Ailədə bir bacı, iki qardaş olublar. Subay idi.
Atası Zaur Kərimov uzun illər Rusiyada yaşadığı üçün uşaqlar da orada doğulmuşdular. Lakin Zaur kişi də, Aybəniz xanım da övladlarını milli ruhda tərbiyə edir, onlara vətənpərvərlik duyğuları aşılayırdılar.
Eltun evin böyüyü olduğu üçün bacısı Banu da, kiçik qardaşı Pərviz də həmişə onunla hesablaşar, bir sözünü iki etməzdilər. Eltun demək olar ki, vaxtının çoxunu rayonun Cəfərabad kəndində yaşayan nənə-babasının yanında keçirərdi. Kənd həyatını, təbiət qoynunda gəzməyi çox sevən Eltunun o kənddə çoxlu dostları vardı.
Hərbi sahəyə çox böyük həvəsi olan Eltun, həm də idmançı idi. O, akrobatika ilə məşgul olur, rayonun voleybol komandasında oynayırdı. Bu gün bütün dost-tanışları Eltunu kədərli olduğu qədər də, qürurla anırlar. «Eltun sinfimizə Rusiyadan gəlmişdi. Lakin ilk gündən müəllim və şagirdlərin rəğbətini qazanıb, sevimlisinə çevrildi. Bütün dərslərdə fəal, deyib-gülən, zarafatcıl uşaq idi. O, çox sadə, dəyanətli, ədalətli, insanpərvər idi, son tikəsini hər kəslə bölüşürdü.
Məktəbin bütün tədbirlərində yaxından iştirak edirdi. Məktəbin voleybol komandasının üzvü idi. Həmçinin, Şəki şəhərinin yığma komandasının tərkibində dəfələrlə respublika yarışlarında iştirak edərək mükafata layiq yerlər tutmuşdu. Valideynlərinə böyük qayğı ilə yanaşırdı. Məktəbimizin bütün kollektivi onunla fəxr edir. O, həmişə bizim qəlbimizdə yaşayacaqdır!” – 9 saylı beynəlmiləl tam orta məktəbin məzunları deyirlər.
Eltunun ən böyük arzusu Vətənimizi azad, torpaqlarımızı bütöv görmək idi. Dostları ilə söhbətləşəndə deyərdi ki, müharibə olsaydı mən də gedərdim, işğal altında olan torpaqlarımızı azad edənlər sırasında olardım. Tanrı Eltunun dualarını eşitdi… Müharibə başlayandan iki gün sonra ağır döyüşdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəldi.
Eltun Kərimov Şəkinin “Dovşan düzü” qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

ƏTRAF Oktay oğlu Qənimətov

Leytenant Ətraf Oktay oğlu Qənimətov 20 mart, 1997-ci ildə Şəki rayonu Dəmiryol köçkünlər qəsəbəsində anadan olub. 2003-cü il Şəki şəhər Çə-ləbixan qəsəbə köçkünlər tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2014-cü ildə həmin  məktəbi biti-rərək Sumqayıt Dövlət Universitetinin tarix və coğ-rafiya fakültəsinə qəbul olub. 2018-ci ildə ali təhsilini uğurla başa vurub.
2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Ça-ğırış üzrə Dövlət Xidmətinin Laçın rayon şöbəsi tə-rəfindən həqiqi hərbi xidmətə göndərilib və Naxçıvan MR-nın "N" saylı hərbi hissəsində xidmət edib. 2019-cu il yanvar ayının 3-ü hərbi xidmətini bitirib. Həmin il martın 1-i təlim tədris mərkəzinə ehtiyat zabit kursuna qəbul olub, iyunun 4-də kursu bitirib və leytenant rütbəsi alaraq Qazax rayonunda “N” saylı hərbi hissədə xidmətə başlayıb. II Qarabağ müharibəsi zamanı oktyabr ayının 11-i Füzuli rayonunda döyüşlərə qatılıb. Leytenant Ətraf Qənimətov oktyabr ayının 13-də Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şə-hidlik zirvəsinə ucalıb.
Ailədə bir bacı və iki qardaş olublar. Nişanlı idi.
Anası Zəminə xanım övladları Rəhim və Tey-yubənin varlığı ilə təskinlik tapsa da, kimsənin ki-minsə əvəz edə bilməyəcəyi həqiqəti ilə barışmalı olur. Axı qəhrəmanları heç kim əvəz edə bilməz!
Şəhidin atası Oktay Vəliyev: “Döyüşlərin başlamasından bir müddət keçmişdi. Dilimizə gətirməsək də, narahatlığımızı büruzə vermədən ondan xəbər gözləyirdik. Ordumuz zəfərlə irəliləyirdi. Çox sevinirdik. Sevinirdik ki, doğma Laçınımıza qovuşacağıq. Bunu döyüşlərdən gələn xəbərlər də təsdiq edirdi. Amma nigarançılığımız vardı. Çünki qələbə itkisiz, qurbansız əldə edilə bilməz. Hər qarış torpaq şəhid qanı ilə yoğrul-malıdır. Eşidirdik ki, Ətraf nəinki cəsarətlə döyü-şür, hətta odun-alovun içindən yaralı döyüş yoldaş-larını çıxarır. Əsgər yoldaşları söyləyirdilər ki, o, nə ölümdən, nə güllədən, nə mərmidən qorxurdu. İndi düşünürəm ki, ürəyi Vətən sevgisi ilə dolu olan, tapdaq altında qalan torpağı xilas edən əsgər niyə də qorxmalıdır?! Müqəddəs amal uğrunda atılan addıma ulularımız xeyir-dua verib.
Ətrafın şəhid xəbərini eşidəndə dünya gözümdə qaraldı. Lakin dilimdən ilk çıxan kəlmə «Vətən sağ olsun» sözləri oldu. Çünki oğullar bir-birini əvəz edə bilər. Vətənin əvəzi yoxdur, o, təkdir, müqəddəsdir, əzizdir. Həm də ona görə ki, şəhid qanı hopub onun varlığına" – deyir.
Bu gün təkcə ailəsi, dostları deyil, bütün Azərbaycan şəhid Ətrafla fəxr edir. Ətraf və onun kimi şəhidlərin qanı bahasına doğma Qarabağ azad olundu. Ətrafın arzusu reallaşdı. Müzəffər Ordumuz, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında doğma Qarabağı işğaldan azad etdi. Ətrafın ailəsi kimi minlərlə ailə, öz evlərinə qayıda bilmək imkanının sevincini yaşadı.
Leytenant Ətraf Qənimətov həlak olduğu gündən xeyli sonra – oktyabr ayının 30-da Şəki şəhərinin "Dovşan düzü" qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

TAPDIQ Dövlətxan oğlu Qurbanəliyev

Baş gizir Tapdıq Dövlətxan oğlu Qurbanəliyev 1978-ci il dekabr ayının 21-də Şəki rayonunun Ay-dınbulaq kəndində anadan olub. 1985-ci ildə Şəki rayonunun Aydınbulaq kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedərək orda zabit heyətinin təkmilləşdirilmə kursu nəzdindəki gizir hazırlama kursuna daxil olub. 2000-ci ilin may ayında PDM komandiri hərbi ixtisasını başa vuran Dövlətxan elə o vaxtdan həyatını hərbi sahəyə bağlayıb. Xidməti zamanı ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə, nümunəvi hərbi intizama və vəzifə borcunu layiqincə yerinə yetirilməsində fərqləndiyinə görə bir çox fəxri fərman və medallarla təltif edilib. Xidməti dövründə 1-ci, 2-ci, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları təltif olunub.
27 sentyabr 2020-ci ildə başlayan Vətən mü-haribəsində ön cəbhədə vuruşub. Üç gün sonra – sentyabr ayının 30-da Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə, Tərtərin Çaylı kəndində döyüş tapşırığını yerinə yetirərkən tank əleyhinə minaya düşərək şəhidlik zirvəsinə yüksəlib.
Ailədə 1 bacı, 4 qardaş olublar. Atası Dövlətxan Qurbanəliyev 2017-cı ildə, anası Telli xanım 2013-cü ildə dünyasını dəyişib. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qalıb.
Həyat yoldaşı Natəvan Qurbanəliyeva onun haqqında keçmiş zamanda danışmağın çətin olduğunu söyləyir. «Tapdıq çox qayğıkeş və diqqətcil ailə başçısı olub. Övladlarımızın təhsili ilə daim maraqlanardı. Həmişə çalışardı ki, ailəsinin heç bir ehtiyacı olmasın. İşi ilə əlaqədar evdə çox olmasa da, onun diqqətini həmişə hiss etmişik. Boş vaxtlarını övladları ilə keçirməyi sevirdi. Tək bir cümlə ilə ifadə etsəm, Tapdıq ata kimi ata və çox gözəl ailə başçısı idi. Yüksək insani keyfiyyətlərə malik idi. Qəlb qırmağı xoşlamazdı. Oğlumuzun gələcəkdə hərbçi olmasını istəyirdi.
26 sentyabr 2020-ci ildə səhər saatlarında işə getdi və biz bilmirdik ki, onu sonuncu dəfə yola salırıq. O deyirdi ki, şəhid olsam üzülməyin, hər adama dövlət bayrağına bükülmək nəsib olmur. Arzum o bayrağa şəhid kimi bükülməkdir. Tapdıq arzusuna çatdı. Elə təsəllimiz də budur» – deyir.
Qardaşı Rövşən Qurbanəliyev xəyalən Tapdığın uşaqlıq illərinə qayıdır: «Tapdıq ailəmizin dördüncü övladı olub. Çox dəcəl və çılğın uşaq idi, eyni zamanda, düşüncəli və diqqətli idi. Məktəbdə əlaçı idi. Ona görə də, müəllimləri onu çox sevirdilər. Arzusu peşəkar hərbçi olmaq idi və arzusu həyata keçmişdi. İşinə bağlı adam idi. 22 il hərbçi kimi Vətənə xidmət etdi. Xidməti dövründə Müdafiə Nazirliyi tərəfindən 20 ədəd fəxri fərman, 7 ədəd müxtəlif adda medalla təltif edilmişdi» – söyləyir.
Baş gizir Tapdıq Qurbanəliyev şəhid olduğu tarixdən xeyli vaxt sonra – oktyabr ayının 16-da doğulub boya-başa çatdığı Aydınbulaq kəndinin «Şeyx Osman» qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə «Vətən uğrunda» və «İgidliyə görə» medalları ilə təltif edilib.

MURAD Mahir oğlu Mahmudov

Murad Mahir oğlu Mahmudov 1995-cı il aprel ayının 12-də Şəki rayonunun Çayqaraqoyunlu kən-dində anadan olub. 2002-ci ildə Şəki rayonu Çayqa-raqoyunlu kənd tam orta məktəbinin 1-ci sinfinə da-xil olub. 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2013-cü ilin iyul ayında hərbi xidmətə çağı-rılıb. 2015-cı ilin yanvar ayının 3-də ehtiyata buraxılıb. 2015-2019-cu illərdə Şəki rayonu Çayqaraqoyunlu kəndində yaşayıb və ata-anasına təsərrüfat işlərində köməklik edib. 2020-ci ilin yanvar ayından Azərbaycan Respublikası Milli Ordusunda müddətdən artıq hərbi xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində ön cəbhədə vuruşan Murad Mahmudovun döyüş yolu Tərtər rayonundan baş-layıb. Oktyabr ayının 9-da Suqovuşanda şəhidlik zirvəsinə yüksəlib.
Ailədə beş qardaş olublar. Ailəli idi. Özündən sonra Damla və Aysu adlı iki qız övladı yadigar qalıb.
Muradın belə vətənpərvər və yurdsevər olma-sında atası Mahir Mahmudovun və anası Sahibə xanımın təlim-tərbiyəsi əhəmiyyətli rol oynayıb. Mayıl, Münasib, Taleh, Ramal qardaşları da şəhid qardaşları Muradı fəxrlə anırlar.
Muradın həyat yoldaşı Əsmər Mahmudova: «Sonuncu dəfə sentyabrın 25-i evə gəldi. Səhər saat 4 olardı, sağollaşdı və getdi. O gedişin dönüşü isə müqəddəs bayrağa bükülmüş halda oldu. Hərbçi yoldaşı olmaq çətindir. Sevdiyinin qəlbində ikinci sevginin olmasını bilməkdir hərbçi yoldaşı olmaq. Ailəsi ilə birlikdə, Vətən sevgisi ilə yaşayır hərbçi. Doğmalarına, ailəsinə, övladlarına sevgisini hər zaman münasibəti ilə, Vətən sevgisinin nə qədər olduğunu isə öz canı ilə sübut etdi Murad. Bu gün ondan yadigar qalan, hər gün "atam hardadır, zəng elə danışaq" – deyən, mən ağlayanda "ağlama, atam görsə pis olar" – deyərək gəlib gözümün yaşını silən 4 yaşlı qızımız Damla artıq duyur sanki olanları. Kiçik qızımız yaşadığımız acını hiss etsə də, ümidi qırılmır. Oktyabrın 5-i idi, yaralanmışdı, xəstəxanadan zəng vurdu, məni və uşaqları görmək istədiyini, "atama de gətirsin sizi də" – dedi. Həmin gün mən utandım deməyə ki, "bizi də apar". Ancaq indi çox peşmanam. Onu görməyə getmədiyim üçün qınayıram özümü. Xəstəxanadan bacardığı qədər tez çıxmışdı. Yaralı halda yenidən döyüşlərə qatılmışdı. Ancaq bunu bizə bildirməmişdi. Narahat olmayaq deyə. Ən çətin döyüşlərin arasında belə zəng edəndə qısa da olsa "yaxşıyam" deyirdi. Oktyabrın 9-u kəndimizə Vətən Müharibəsinin ilk şəhidi gəldi. Həmin gündən başlayaraq telefonuna durmadan zəng vurdum. 100-dən çox zəng, ancaq cavab gəlmədi. Oktyabrın 10-u isə Muradın şəhid olması xəbəri gəldi. Dünyamızı qaraldan o xəbər. İndi isə bizim Muradın qarşısında ən böyük borcumuz xatirəsini uca tutmaq, övladlarını necə görmək istəyirdisə, necə xəyal etmişiksə, eləcə də böyütmək, boya-başa çatdırmaqdır. Vətəni üçün layiqli vətəndaşlar kimi. Nə Murad onları doyunca əzizləyə, oxşaya bildi, nə qızlarımız doyunca ata nəfəsi duydular. Ancaq Muradın ruhunun daim öv-ladlarının, doğmalarının və ailəsinin yanında olaca-ğına hər birimiz əminik. Atasız iki qız övladını böyüdüb boya-başa çatdırmağın çətinliyini başa düşürəm. Bununla belə, valideynlərimizin, doğma-larımızın dəstəyinə, himayəsinə arxalanıram. Həmi-şə dua edirəm ki, Murad bizi cismən tərk etsə də, ruhən tərk etməsin. Çətin vəziyyətlərdə, həlledici məqamlarda bizə yol göstərsin. Onun üçün hər gecə Muradın ruhuna hesabat verirəm. Rahat uyu, səndən yadigar qalanları ömrümün sonuna kimi qoruyacam, əziz xatirəni qəlbimdə yaşadacam, şəhidim!» – deyir.
Murad Mahmudov 2020-ci il oktyabr ayının 10-da Şəki rayonu Çayqaraqoyunlu kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

MƏRDAN Əhməd oğlu Mehdizadə

Baş miçman Mərdan Əhməd oğlu Mehdizadə 1979-cu il martın 25-də Şəki rayonundakı Göy-bulaq kəndində anadan olub. 1985-ci ildə Göybulaq kənd natamam orta məktəbinin 1-ci sinfinə daxil olub, 1991-ci ilə kimi həmin məktəbdə təhsil alıb. 1991-ci ildən təhsilini Şəki rayon Çələbixa qəsəbə tam orta məktəbdə davam etdirib və 1996-cı ildə həmin məktəbi bitirib.
1997-ci il iyul ayının 4-də Şəki rayonu Səfər-bərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidm-ətinin Şəki rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 1997-ci il iyul ayından 1997-ci ilin sentyabr ayına qədər «N» saylı hərbi hissədə xidmət edib. 1997-ci il sentyabr ayından 1999-cu ilin aprel ayına qədər «N» saylı hərbi hissədə dalğıc mütəxəssisi vəzifəsində, 1999-cu ilin aprel ayından 1999-cu ilin avqust ayına qədər Bakı Ali Dənizçilik məktəbində kursant, 1999-cu ilin avqust ayından 2000-ci ilin iyun ayına qədər “N” saylı hərbi hissədə Dəniz dalğıc gəmisinin dalğıc postunun rəisi vəzifəsində, 2000-ci ilin iyun ayından 2004-cü ilin yanvar ayına qədər “N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Dəstənin xüsusi təyinatlı qrupunun dalğıc-qrup komandirinin müavini vəzifəsində, 2004-cü ilin yanvar ayından 2010-cu ilin may ayına qədər yenə də həmin hərbi hissədə Qərargah və təchizat bölüyünün anbar rəisi vəzifəsində, 2010-cu ilin may ayından 2017-ci ilin mart ayına qədər “N” saylı hərbi hissədə Xüsusi təyinatlı dəstənin (sualtı müdafiə) xüsusi təyinatlı dalğıc kəşfiyyatçısı və-zifəsində, 2017-ci ilin mart ayında isə xüsusi təyi-natlı taborun (sualtı hücum) xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı qrupun dalğıc kəşfiyyatçısı vəzifəsində xidmət edib.
O, Azərbaycan Silahlı Qüvvələrinin 2003-cü ildə keçirilən armrestlinq yarışmalarında 90 kq-lıq çəki dərəcəsində Azərbaycan üzrə 2-ci yer tutub.
Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin baş miçmanı olan Mərdan Mehdizadə 2000-ci ilin yanvar ayından 2000-ci ilin mart ayına qədər Türkiyə Respublikasının İstanbul şəhərində kursda iştirak etmək məqsədi ilə ezamiyyətdə olub. Xidməti dövründə 1-ci, 2-ci, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvə-lərinin 95 illiyi (1918-2013)” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif edilib.
27 sentyabr 2020-ci ildə başlayan İkinci Qa-rabağ müharibəsində ön cəbhədə vuruşub. Füzuli-Cəbrayıl bölgələrində şərəfli döyüş yolu keçib. 12 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ailədə bir bacı, üç qardaş olublar. Ailəli idi. Həyat yoldaşı Leyla xanımla izdivaclarından Əkrəm adlı oğlan və Əfşan adında qız övladları vardır.
Şəhid atası Əhməd Mehdiyev və Solmaz ana indi şəhid oğullarının oxşar cizgilərini nəvələrində görüb təskinlik tapırlar, onlara atalarının necə igid olmasından danışırlar.
Hələ uşaqlıq illərindən Mərdan heç vaxt torpaqlarımızın işğal altında qalması ilə barışmır, hər zaman ürəyində düşmənə qarşı dərin nifrət bəsləyirdi. Elə bu vətənpərvərlik hissi də onu hərb sənətinə yönəltmişdi. Hərbi xidməti bitirdikdən sonra hərbi hissədə qalaraq qulluğu davam etdirmək qərarına gəlir. O, hərb sənətinin incəliklərini öyrənir və bir-birindən yüksək vəzifə-lərdə vətənə qulluq edirdi.
Şəhid qardaşı Mehdi: «Sentyabrın 27-də o da yoldaşları ilə cəbhəyə yollandı. Torpaqlarımızın azadlığı üçün canını qurban verdiyi ana qədər qəhrəmanlıqla döyüşdü. Düşmənin hərbi birləşmələrinə ağır zərbələrin vurulduğu döyüş əməliyyatlarında şücaətlə vuruşdu. Son anına qədər Vətəni, dövləti üçün əlindən gələni etdi.
Mərdan ailəmizin sonbeşiyi idi. Amma Vətən torpağı uğrunda şəhidliyi ilə hamımızdan böyük olduğunu sübuta yetirdi. Biz qardaşımızla qürur duyuruq. Vətən savaşında şəhid olmaq böyük şərəfdir» – deyir.
Mərdan Mehdizadə oktyabr ayının 13-də Şəki rayonu Göybulaq kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə «Qarabağ» ordeni, «Vətən uğrunda» və «Cəbrayılın azad olunmasına görə» medalları ilə təltif edilib.

PƏNAH İslam oğlu Məmmədov

Pənah İslam oğlu Məmmədov 26 avqust 2000-ci ildə Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub. 2006-ci ildə Orta Zəyzid kəndindəki 2 saylı tam orta məktəbdə birinci sinfə gedib, 2017-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün sənədlərini Şəki Dövlət Regional Kollecinə verib və həmin kollecin «Turist mehmanxana təsər-rüfatının təşkili və idarə edilməsi» ixtisasına qəbul olub.
2018-ci ildə Azərbaycan Respublikasının silahlı qüvvələrində əsgəri xidmətə gedib və 2020-ci ilin aprel ayında tərxis edilib.
İkinci Qarabağ müharibəsi başlayan zaman minlərlə Azərbaycan gənci kimi Pənah Məmmədov da Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin çağırışı əsasında 29 sentyabr 2020-ci ildə cəbhəyə yollanıb və Füzuli rayonunun işğaldan azad olunması üçün fədakarlıqla vuruşub. Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə noyabr ayının 8-də, Qələbəyə bir neçə saat qalmış şəhidlik zirvəsinə yüksəlib.
Ailədə bir bacı, bir qardaş olublar. Subay idi.
Atası İslam və anası Könül Məmmədovlar yeganə oğulları olan Pənahı Vətən üçün sözün həqiqi mənasında cəsarətli bir igid kimi böyütmüşdülər.
Valideynlərini çox sevən Pənahın anası nigaran qalmasın deyə, onlara döyüş meydanında deyil, Gəncədə olduğunu söyləməsi nəinki ananı rahatladırdı, əksinə oğluna yaxşı bələd olduğu üçün onun sözünə inanmağı gəlmirdi. Ürəyi düşmənə sonsuz nifrətlə döyünən, torpaqların düşmən tərəfindən işğalına dözə bilməyən oğul balasının indi döyüş meydanında olması lazım idi. Ana ürəyi, duyğuları onu aldatmamışdı. Pənah son dəfə ailəsi ilə noyabrın 5-də danışır. Sonuncu dəfə isə Şuşada döyüşmüş və noyabrın 8-də axşamçağı, Qələbəyə son saatlar qalanda qəhrəmancasına şəhid olmuşdur.
Bacısı Bahar qardaş itkisini hələ də qəbul edə bilmir: «Valideynlərim deyir ki, mənim adımı qardaşım qoyub. Birlikdə boy atıb, birlikdə ağlayıb, birlikdə gülürdük. Kimsənin məni incitməsinə imkan verməzdi. Hələ kiçik yaşlarımızdan mənə Vətənimizdən, Qarabağımızdan danışardı. Qarabağ uğrunda mübarizə aparıb torpaqlarımızı geri almaq onun ən böyük arzularından idi. Hərbi xidmətə gedəndə də böyük sevinc və qürurla getdi. Amma valideynlərimizi intizarda qoymağı da gözə ala bilmirdi. Hərbi xidməti layiqincə bitirib geri qayıtdı. Qayıtdıqdan sonra da Qarabağ torpaqlarını azad etmək arzusunda idi. Eşidəndə ki, İkinci Qarabağ müharibəsi başlayıb, tərəddüd etmədən müharibəyə getmək üçün qeydiyyata düşdü. 29 sentyabr səhər saat 05:00-da “Qarabağı almasaq, qayıt-mayacağam” – dedi və bizdən ayrılıb getdi. Getdik-dən sonra da bizi nigaran qoymur, bacardığı qədər əlaqə saxlayırdı. Bizə narahat olmamağımızı, zəfərlə qayıdacağını deyirdi.
Noyabrın 8-i idi. Artıq iki gün idi ki, əlaqə saxlamırdı. Biz nigaran olmağa başlamışdıq. Xoş bir xəbər ümidi ilə gözləyirdik. Amma… Heç demə, qardaşım ayın 8-i Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Qardaşım həqiqətən də dediyi kimi zəfərlə geri döndü. Lakin, bu dönüş fərqli idi. O, Vətən bayrağına bükülmüş halda qayıtdı! Şəhidlik zirvəsinə ucalmışdı qardaşım. Amma mənim üçün qardaşım hər zaman sağdır. Qəlbimdə, bütün Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaq! Mən və ailəm qardaşım Pənahla fəxr edirik» – deyir.
Pənah Məmmədov noyabr ayının 17-də, şəhid olduğu gündən 9 gün sonra Şəki rayonunun Orta Zəyzid kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

SALEH Mustafa oğlu Məmmədov

Baş çavuş Saleh Mustafa oğlu Məmmədov 1995-ci il fevral ayının 9-da Şəki rayonunun Abbas kəndində anadan olub. 2001-ci ildə Aşağı Layısqı kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 2012-ci ildə həmin məktəbdə tam orta təhsilini başa vurub. 2013-cü ilin aprelində hərbi xidmətə yola düşüb. Əsgərlik müddətində nümunəvi xidmətinə, fəallığına görə yoldaşlarından fərqlənib, dəfələrlə “Təşəkkürnamə”lərə layiq görülüb. Əsgəri xidmətini Milli Qvardiyanın Fəxri Qaravul taborunda yerinə yetirən Saleh Məmmədov xidməti dövründə keçirilən hərbi paradda iştirak edib və buna görə medalla təltif edilib.
2014-cü ilin oktyabrında hərbi xidməti başa vurub. 2015-ci ildə müddətdən artıq hərbi xidmətinə davam edərək, Vətənin keşiyində dayanmaq üçün dövlət sərhəd xidməti sıralarına daxil olub. DSX-nin sıralarında olarkən keçirilən növbəti hərbi paradın iştirakçısı olub, medalla təltif edilib. Dövlət Sərhəd Xidmətinin çevik hərəkət taborunda 3 il xidmət edib. 2019-cu ildən etibarən Müdafiə Nazirliyinin Sülhməramlı Qüvvələrində baş çavuş rütbəsində müddətdən artıq xidmətini davam etdirib. Xidməti dövründə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
2016-cı ildə, Aprel döyüşlərində iştirak edən Saleh Məmmədov ağır yara alıb. Xidmətdə fərqləndiyinə görə baş çavuş rütbəsi alan gənc hərbçi, Azərbaycanın Sülhməramlı Qoşunlarında xidməti zamanı isə 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qoşulub. Bir neçə rayon və yüksəkliklərin işğaldan azad olunmasında fəal iştirak edib.
Laçın uğrunda gedən döyüşlərdə yoldaşlarının “getmə, heyət gəlsin, birlikdə gedək” sözünə məhəl qoymadan, komandirinə məruzə edərək yola çıxıb. Oktyabr ayının 22-də Laçının Səfiyan kəndində qəhrəmancasına şəhid olub.
Ailədə bir bacı, iki qardaş olublar. Subay idi.
Qənirə ana şəhid oğlu haqqında danışarkən kədərini qürurunun arxasında gizlədir. Mənim oğlum qəhrəmandır, – deyir. – Saleh son dəfə məzuniyyətə gələndə yarımçıq qayıtdı. Məzuniyyətinin bitməsinə hələ bir həftə var idi. İndiki vaxtda mənə istirahət etmək yaraşmaz, ana, – deyib getdi. Cəbhədə də həm döyüşüb, həm də bir çox yaralı yoldaşlarını döyüş meydanından çıxararaq, analarının göz yaşlarını silib.
Saleh evin böyüyü idi. Bacısı Aygül və qardaşı Taleh üçün həmişə böyük olaraq da qalacaq. Nə qədər illər keçsə də.Şəhidin atası Mustafa Məmmədov da oğlu haqqında fəxrlə danışır. Deyir ki, onunla son dəfə telefonla danışanda “Allaha əmanət olun, hər şey yaxşı olacaq” – deyib. Doğrudan da hər şey yaxşı oldu, lakin Saleh onları, həmin günü – Zəfər gününü ruhu ilə hiss etdi.

Baş çavuş Saleh Məmmədov oktyabr ayının 24-də Abbas kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə III dərəcəli "Vətənə xidmət uğrunda" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

ELMƏDDİN Mikayıl oğlu Məmmədov

Elməddin Mikayıl oğlu Məmmədov 1995-ci il iyul ayının 30-da Şəki rayonunun Şəki kəndində anadan olub. 2001-ci ildə Şəki rayonu Turan qəsəbə tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2013-cü ilin iyul ayında hərbi xidmətə çağırılıb. 2015-cı ilin yanvar ayında ehtiyata buraxılıb. Hərbi xidmətini Azərbaycan Respublikası Milli Or-dusunda yerinə yetirib. Dəfələrlə hərbi hissə ko-mandanlığı tərəfindən “Təşəkkürnamə” alıb. 2013-2019-cu illərdə Şəki rayonu Çayqaraqoyunlu kəndində yaşayıb və ata-anasına təsərrüfat işlərində köməklik edib. 2020-ci ilin yanvar ayından Azərbaycan Respublikası Milli Ordusunda müddət-dən artıq hərbi xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı o da digər hərbçilər kimi döyüşə atılıb. Tərtər-Ağdərə bölgələ-rində şərəfli döyüş yolu keçib. Oktyabr ayının 8-də Tərtər-Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.
Ailədə iki qardaş olublar. Ailəli idi. Özündən sonra bir qız övladı yadigar qalıb.
Elməddin sevib-seçdiyi Gülsüm xanımla ailə quranda heç birinin ağlına da gəlməzdi ki, bu ailə həyatı cəmisi iki il sürəcək. Bu ilin aprel ayında dünyaya gələn ilk və yeganə qızı Hilalə gənc ataya dünyalarca sevinc bəxş etdi. Amma övlad sevincini vur-tut 5 ay yaşaya bilib. Başlayan Vətən müharibəsi onu doğmalarından, ailəsindən, körpə qızından ayrılmasına səbəb oldu. Atası Mikayıl Məmmədov, kiçik qardaşı Fəzail indi Elməddinlə yalnız xəyallarında görüşə bilirlər. Ailənin kişi üçlüyünün pozulmuş sırası ilə barışa bilməsələr də, şəhid Elməddinin vətən sevgisi ilə fəxr edirlər.
Şəhidin anası Qaratel Məmmədova isə kədərqarışıq bir qürurla söyləyir: “Analar öz övladları ilə fəxr edirlər. Onun yaxşı işləri ilə öyünür, qürur hissi keçirirlər. Mən də öz övladım – torpağını, vətənini canından əziz tutan oğlum Elməddinlə fəxr etmişəm. O, millətini, xalqını, vətənini sevən bir övlad idi. Ürəyi həmişə Vətən eşqi ilə döyünürdü. Onun bir arzusu, bir amalı var idi; Torpaqlarımızı azad, müstəqil görmək. Oğlum hərbi xidmətini doğma Qarabağda başa vurub. Ən böyük arzusu o torpaqlarımızı erməni quldurların-dan azad etmək idi. Hərbi paltarı geyindiyi günü yaxşı xatırlayıram. Sevinə-sevinə gəldi ki, mən artıq arzuma çatmışam. Ən böyük arzularından biri hərbi xidmətdə olduğu Füzuli torpağını azad etmək idi. Ancaq fərqi yox idi, hara olur olsun, təki vətənimiz azad olsun.
Hər dəfə danışanda mənə təsəlli verirdi ki, ana, narahat olma, hər şey qaydasındadır. Tezliklə bu quldurları məhv edəcəyik. Mən şəhid olsam, ağlama. Çünki burdakı oğlanlardan artıq deyiləm».
Şəhid atası Mikayıl Məmmədovun dedikləri: "Oğlum oxuduğu məktəbdə müəllim və şagird kol-lektivinin hörmətini qazanmışdı. Mülayim təbiətli, sözünün dəyərini bilən, böyüklərə hörmət, kiçiklərə məhəbbət bəsləyən bir övlad idi. Ata- anasının, ailəsinin sevgisini qazanan və dəyər verməyi bacaran insan idi.
Vətənə bağlılığı, ilk öncə xidmət etdiyi Füzuli rayonunda yerləşən hərbi hissədən başlamışdı. Xidmət etdiyi müddətdə komandirlərinin rəğbətini qazanmışdı. Oğlum hərtərəfli qabiliyyətə malik idi. Bir neçə il bundan öncə Vaqif Mustafayevin çəkdiyi “Xoca” filmində şəhid rolunu canlandırmışdı. Çəkilişlərdən sonra evə qayıdanda anasına sevinə-sevinə: “Mən arzuma çatdım. Filmdə də olsa, o ali məqama ucala bildim. Kaş ki, bunu həyatda bacara biləydim” – demişdi. Uşaqlıqdan zəhmətsevər, ailənin daim arxasında durmağı bacaran və çətinliyə dözən bir övlad idi. Onu sevdirən əxlaq gözəlliyi, özünü aparmağı bacarması idi. Şux zarafatları, könül qırmayan sözləri və mülayim xasiyyəti ilə hər kəslə ünsiyyət qurmağı bacarırdı".
Elməddin Məmmədov noyabr ayının 2-də Şəki rayonunun Turan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

İBRAHİM Nakam oğlu Məmmədov

Gizir İbrahim Nakam oğlu Məmmədov 1985-ci il aprel ayının 3-də Şəkidə anadan olub. 1991-ci ildə Şəki şəhər 20 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 2002-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib.
2003-cü ilin aprel ayında Azərbaycan Respub-likası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə baş-layıb. O, Xızıda yerləşən «N» saylı xüsusi təyinatlı hərbi hissədə xidmət edib. 2004-cü ilin oktyabrında hərbi xidməti başa vursa da, hərbi sahəyə çox böyük marağı olduğu üçün geri qayıtmaq istəməyib. 2004-cü ildə 6 aylıq hərbi kurs keçib və 2005-ci ildən Xızıda yerləşən «N» saylı xüsusi təyi-natlı hərbi hissədə gizir kimi xidmətini davam etdirib. 2019-cu ilin iyun ayından xidmətini Bakıda yerləşən «N» saylı xüsusi təyinatlı hərbi hissədə davam etdirib. 2016-cı ildə Aprel döyüşlərinin fəal iştirakçısı olub. Xidməti dövründə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və “Azərbaycan Respublikası Silahlı Qüvvə-lərinin 95 illiyi (1918-2013)”  yubiley medalları ilə təltif olunub.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər silahdaşları kimi İbrahim də cəbhə bölgəsinə yollanıb və «N» saylı xüsusi təyinatlı hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Laçın istiqamətində gedən ağır döyüşlərin birində – 25 oktyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalıb.
Ailədə iki qardaş olublar. Özü isə ailəlidir, 10 yaşında bir oğlu və 8 yaşında bir qızı var.
İbrahim hələ uşaqlıqdan hərbçi olmaq arzu-sunda idi. Oğlu bu arzusuna çatanda Nakam kişi çox sevinmişdi. Hərbçi paltarının oğluna çox yaraşdığını görüb fərəhindən gözləri yaşarmışdı. Heç ağlına da gəlməzdi ki, ona qoyulan Nakam adının məna çaları taleyinə də sirayət edəcək və o, vaxtsız dünyasını dəyişmiş vəfalı ömür-gün yoldaşının yanına arzu etdiyi kimi oğul çiynində getməkdənsə, oğlu onun çiyninə yük olacaq.
İbrahim atası Nakam kişinin də dediyi kimi zəhmətkeş, ailəcanlı, cəsarətli, öz sözünü deməyi bacaran, vətənpərvər, hərtərəfli biliyə malik bir insan olub. O, övladlarını da məhz bu xarakterdə böyütməyə çalışırdı. Lakin işi ilə bağlı evdə az olduğundan uşaqların təlim-tərbiyə yükü həyat yoldaşı Aynur xanımın çiyninə düşürdü. “Biz Sumqayıtda yaşayırdıq və İbrahimin hərbi hissədən evə gəlişi uşaqlar üçün toy-bayram olurdu. Ən böyük arzusu uşaqlarını ali təhsilli görmək idi. Qızına dünyasını dəyişmiş anası Mətanət xanımın adını qoymuşdu. Bəlkə ona görə də, qızına qarşı olan istəyi daha çox idi. Ərköyün böyüdürdü onu. Arzuları çox idi… Lakin ən böyük arzusu Vətən torpağı uğrunda şəhid olmaq idi. Çünki şəhidliyin necə ali məqam olduğunu gözəl bilirdi. İbrahim ailəsini, uşaqlarını nə qədər çox sevsə də, Vətənini hər şeydən çox sevirdi. O, məsləkinə bağlı insan idi. Uşaqlar da atalarına layiq böyüyürlər. Oğlum Sumqayıt Təfəkkür liseyinin 5-ci sinfində oxuyur, əlaçıdır. Qızım Sumqayıt şəhər 36 saylı tam orta məktəbin 2-ci sinfində oxuyur. O da dərslərinə ciddi yanaşır» – deyir Aynur xanım.
İbrahim Məmmədov şəhidlik zirvəsinə ucalandan sonra şəxsi əşyalarını ailəsinə vermişdilər. Bu əşyaların içində iki ayı balası da var idi. İbrahim bu balaca oyuncaqları övladları üçün alıbmış. Öz əli ilə vermək qismət olmasa da, uşaqlar atalarının bu son hədiyyəsini əziz bir xatirə kimi qoruyub saxlayırlar. Ömürləri boyunca da saxlayacaqlar.
Nakam kişi isə kiçik oğlu Fuad və onun ailəsi ilə Şəkidə yaşayır. İbrahimin ailəsi, nəvələri ilə tez-tez telefon əlaqəsi yaradır, onlara necə qəhrəman bir kişinin övladları olduqlarından danışır.
Gizir İbrahim Məmmədov Şəkinin «Dovşan düzü» qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə «Vətən uğrunda», “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

ƏLİHÜSEYN Elşad oğlu Məmmədov

Əlihüseyn Elşad oğlu Məmmədov 1998-ci il yanvar ayının 24-də Bakıda anadan olub. 2004-ci ildə Şəki şəhər 18 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 2-ci sinifdən təhsilini Bakı Xarici Dillər təmayüllü gimnaziyada davam etdirib. 5-ci sinifdən yenidən Şəki şəhər 18 saylı tam orta məktəbə qayıdıb və 2015-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib.
O, 2016-cı ildə Azərbaycan Dövlət Neft Səna-yesi Universitetinə daxil olub və 2020-ci ildə həmin universiteti İstilik energetikası mühəndisliyi ixtisası ilə başa vurub. Zəhmətsevərliyi ilə diqqəti gəlb edən Əlihüseyn universitetdə təhsil aldığı müddətdə paralel olaraq «Araz» marketdə kassir və s. işlərdə çalışıb.
2020-ci il iyul ayının 7-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə başlayıb, Beyləqanda yerləşən «N» saylı hərbi hissədə xidmət edib. Xidməti dövründə əsgər, atıcı olub.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı “N” saylı hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzuli istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Ailədə bir bacı, iki qardaş olublar. Subay idi.
Dostlarının “Əli” deyə müraciət etdikləri Əli-hüseyn zəhmətkeş, vətənpərvər, savadlı, tərbiyəli, əxlaqlı bir gənc olmaqla yanaşı, valideynlərinə xüsusi diqqət və qayğısı ilə də çoxlarından seçilirdi.
Əlihüseynin atası Elşad müəllim də, anası Arzu xanım da ali təhsilli mütəxəssisdirlər. Şəkidə doğulsalar da, iş ilə bağlı uzun müddətdir ki, ailəlikcə Bakıda yaşayırlar.
Arzu ana oğlunun vətənpərvər bir ruhda böyüməsindən danışır.  Deyir ki, babasının adını daşıyan Əlihüseyn o qədər tərbiyəli və məsuliyyətli idi ki, bütün müəllimlər onu başqa sagirdlərə nümunə göstərirdilər. Bir səhər dərsə gecikmişdi. İcazə alıb sinfə girib. Heç dərsə gecikən olmadığı üçün, müəllim icazə verib. Deyib ki, heyif, sıra xəttində himni oxumağa çatmadım. Aynur müəllim onun xətrinə himni sinifdə yenidən oxudub uşaqlara. Dövlət atributlarının xüsusi önəmi var idi Əlihüseyn üçün.
Vətənin atributlarını sevən Əlihüseyn Vətənin özünü ondan da çox sevdi. Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı.
Məzarı Şəkinin «Qışlaq» qəbiristanlığındadır.
Əlihüseyn Məmmədov ölümündən sonra Res-publika Prezidentinin sərəncamı ilə döyüşdə göstər-diyi şücaətə görə «Vətən uğrunda» və «Füzulinin  azad olunmasına görə» medalları ilə təltif edilib.

RAMİN Aydın oğlu Məmmədov

Ramin Aydın oğlu Məmmədov 1997-ci il no-yabr ayının 14-də Şəki rayonunun Babaratma kən-dində dünyaya gəlib. 2003-cü ildə Şəki rayonu Babaratma kənd ümumi orta məktəbin 1-ci sinfinə gedib. 2012-ci ildə 9-cu sinfi bitirib və təhsilini Şorsu kənd tam orta məktəbində davam etdirib. 2014-cü ildə Şorsu kənd tam orta məktəbini bitirib. 2016-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ilin iyul ayında hərbi xidmətini başa vurub.
2020-ci ilin sentyabr ayında qismən səfərbər-liklə əlaqədar yenidən hərbi xidmətə çağırılıb. Go-ranboy-Ağdərə istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Oktyabr ayının 15-də həmin döyüşlərin birində qəhrəmancasına şəhid olub.
Ailədə üç qardaş olublar: Ramin, Elmin və Əli. Subay idi.
Ramin evin böyüyü idi. Atası Aydın Məmmə-dovun, anası Samirə xanımın gözünün ilk ovu idi. Bu böyüklüyü Ramin həm də öz aglı, dünyagörüşü, təmkini, bir də qayğıkeşliyi ilə qazanmışdı. Ailədə hər kəs onunla hesablaşır, fikrinə hörmətlə yanaşırdı. Ramin oxuduğu məktəbdə də fəallığı, nümunəvi davranışı ilə seçilirdi. O, hər yerdə öz böyüklüyünü qoruyurdu.
Oğlu ilə fəxr edən şəhid atası Aydın Məmmə-dov Raminin qısa və şərəfli ömür yolundan söz açır: "Bir ata kimi oğlum Ramindən həmişə razı qalmışam. O, hər zaman bütün ailə üzvlərinə köməklik edərdi. Heç bir sözümdən çıxmazdı. Tam orta təhsil aldıqdan sonra, oxuyaraq sürücülük ixtisası almışdı. Hərbi xidməti müvəffəqiyyətlə başa vurmuşdu. Onun haqqında mənə heç bir xoşagəlməz söz deyilməyib. Əksinə, həmişə haqqında xoş sözlər eşitmişəm.
Ramin orta məktəbdə oxuduğu illərdə də özünü tərbiyəli şagird kimi aparmış, sinif yoldaşlarının, müəllim kollektivinin böyük hörmətini qazanmışdı. Təhsilinə daima diqqət yetirirdi. Məktəbdaxili idman yarışlarında fəal iştirak edir, zəif oxuyan sinif yoldaşlarına köməklik göstərirdi. Hərbi xidmətini başa vurduqdan sonra valideynlərinə təsərrüfat işlərində yaxından kömək edirdi. Ramin təşəbbüskarlığı ilə xüsusən diqqət çəkirdi. O, kəndin ən hörmətli gənclərindən idi. Kənd sakinləri ilə mehriban davranır, təsərrüfat işlərində bacardığı qədər hər kəsə kömək edirdi. Tikinti şirkətində fəhlə işləyən Ramini kənd camaatı çox sevir, hörmət göstərirdi. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar isə onun şöhrətini daha da artırdı. Ramin təkcə öz ailəsinin deyil, həm də xalqın, Vətənin oğlu olduğunu torpaq ugrunda canını fəda edib şəhidlik zirvəsinə ucalmaqla sübuta yetirdi.
Ramin Məmmədov oktyabr ayının 18-də Şəki rayonunun Babaratma kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

RÖVŞƏN Müşfiq oğlu Məmmədov

Əslən Şəki rayonunun Böyük Dəhnə kəndin-dən olan Rövşən Müşfiq oğlu Məmmədov 1995-ci il oktyabr ayının 29-da Mingəçevir şəhərində anadan olub. 1999-2007-ci illərdə ailəsi ilə Rusiya Fede-rasiyasının Volqoqrad şəhərində yaşayıb. 2002-ci ildə Volqoqrad şəhəri 37 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib. Ailə 2007-ci ildə yenidən Azər-baycana qayıdıb və Rövşən Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəbin 6-cı sinfindən  təhsilini davam etdirib. 2013-cü ildə həmin məktəbi bitirib və Azərbaycan   Dövlət  Neft  Akademiyasının  Geofizika fakültəsinə qəbul olub. 2017-ci ildə Akademiyanı bitirib. 2017-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. 2018-2020-ci illərdə Sumqayıt şəhərində “Sumqayıt texnologiyalar data mərkəzində" quraşdırıcı və-zifəsində işləyib. 29 sentyabr 2020-ci ildə qismən səfərbərliklə əlaqədar cəbhəyə gedib. Tərtər-Ağdərə bölgələrində şərəfli döyüş yolu keçib. Bir neçə yük-səkliyin alınmasında fəal iştirak edib. Oktyabr ayının 13-də Ağdərə istiqamətində gedən ağır döyüşlərin birində, rayon mərkəzinə 7 km. qalmış ərazidə qəhrəmancasına şəhid olub.
Ailədə iki qardaş olublar. Subay idi.
Müşfiq və Mənzərə Məmmədovlar: "Rövşən evin kiçiyi idi. Amma hər zaman özünü kişi kimi, ağayana aparardı. Çox mehriban uşaq idi. Can kəlməsi dilindən düşməzdi. Heç kəsə əziyyət verməz, öz işini özü görməyə çalışardı. Ata-anasına çox bağlı idi. Kimsənin xətrinə dəyməzdi. Xüsusən də bizim. Qardaşı İlkinlə əsl dost idilər. Sözləri-söhbətləri bir olardı. Hər ikisi ali təhsilli idi. Sumqayıtda işləyirdilər. Biz də işlə əlaqədar orada yaşayırdıq. Cəbhəyə də sentyabr ayının 29-da birlikdə getdilər. İlkinin döyüş yolu Ağcakənddən başladı, Rövşən isə Tərtər istiqamətindən döyüşə başladı. Hər ikisinin yaxşı, qürurverici xəbərləri gəlirdi.
Rövşənin komandiri başsağlığına gələn zaman deyirdi ki, Rövşən çox cəsur döyüşçü olub. Hər hansı yüksəkliyin işğaldan azad edilməsi üçün hücuma keçərkən hər dəfə könüllü olaraq irəli çıxar və döyüşə birinci atılardı. Qorxu-hürkü bilməzdi. Məhz bu oğulların sayəsində qələbə qazanıb işğal altında olan torpaqlarımızı azad etdik. Komandir tərəfindən bu sözləri eşitmək çox qürurvericidir. Biz övladımızla fəxr edirik və qürur duyuruq ki, əldə edilmiş qələbədə onların da payı var” – deyirlər.
Oktyabr ayının 24-də Şəki rayonunun Böyük Dəhnə kəndində – şəhidlər üçün ayrılmış hissədə dəfn edilib. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

XƏYAL Ağabəy oğlu Məmmədov

Mayor Xəyal Ağabəy oğlu Məmmədov 1986-cı il noyabr ayının 18-də Şəki şəhərində anadan olub. 1993-2001-ci illərdə Şəki şəhər 5 saylı tam orta məktəbdə təhsil alıb. Eyni zamanda, məktəb yaşlarında Şəki şəhər Uşaq Gənclər İdman Məktəbinin futbol komandasının heyətində müxtəlif turnirlərdə Şəkinin idman şərəfini qoruyub. 2001-ci ildə Şəki şəhər 5 saylı tam orta məktəbin 8-ci sinfini bitirərək Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub. 2004-cü ildə C.Naxçıvanski adına hərbi məktəbdəki təhsilini başa vuraraq, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub və 2008-ci ildə Ali Hərbi Məktəbi bitirib. Ali Hərbi Məktəbdə oxuduğu müddətdə Türkiyə və Albani-yada hərbi kurslarda iştirak edib. 2008-2009-cu il-lərdə Təlim Tədris Mərkəzində zabitlik kursunda olub.
Xəyal Məmmədov hərbi xidmətə Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissədə bölük komandiri kimi başlayıb. Öz istəyi ilə xidmətini Füzuli rayonunda davam etdirib. Xidməti dövründə ona həvalə olunmuş müxtəlif vəzifələri uğurla yerinə yetirərək mayor rütbəsinədək yüksəlib. Xidmətdə olduğu müddətdə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, həmçinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları, “Qüsur-suz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.
27 sentyabr 2020-ci ildə başlayan 2-ci Vətən Müharibəsində aparılan hərbi əməliyyatların fəal iştirakçısı olan gənc mayor Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan rayonlarının azad edilməsində qəhrəmancasına döyüşüb, neçə-neçə yaralı hərbçilərimizi döyüş meydanından çıxarıb. O, Qubadlı rayonuna daxil olan ilk hərbçilərimizdəndir. Xəyal Məmmədov oktyabr ayı-nın 20-də ağır gedən döyüşlərdə Qubadlı şəhərinə 4 km qalmış düşmən tərəfindən snayperlə vurulub və canından çox sevdiyi Vətən torpağı uğrunda şəhidlik zirvəsinə yüksəlib.
Ailədə 3 qardaş olublar. Xəyal Məmmədov özü də ailəli idi. Röyalə xanımla qurduğu ocaqda Aylin və Selin adlı 4 və 5 yaşlarında iki qız övladı böyüyür.
Şəhid atası Ağabəy kişi də, şəhid anası İlfat xanım da bir vaxtlar 3 oğul valideyni olmaqla qü-rurlanırdılarsa, bu gün o qürur hissi şəhid Xəyalın şərəfli ömür yoluna ünvanlanıb. İndi üçlüyün pozulması ilə kədərlənən Vüsal və Taleh qardaşlarının da təsəllisi Xəyalın öz amalları uğrunda şəhid olmasıdır.
“Xəyal orta məktəbdə oxuduğu müddətdə əlaçı şagird kimi müəllimlərin sevimlisi idi. O, bütün fənləri eyni səviyyədə oxuyardı. Hərbçi olmağı arzulayırdı. “Ona görə hərbçi olmaq istəyirəm ki, doğma torpaqlarımızı düşməndən azad etmək lazımdır. Lazım gələrsə Vətənimizi qoruyacağam, Qarabağın azad edilməsi uğrunda vuruşacağam” – deyirdi. Mən Xəyalın gələcəkdə yaxşı hərbçi olacağına inanırdım. O, canını vətən torpaqları uğrunda fəda etməklə əsl hərbçi oldu-ğunu sübuta yetirdi” – deyir şəhid atası Ağabəy ki-şi.
Müəllimlərinin və dostlarının da dediyi kimi, Xəyal Məmmədov uşaqkən belə böyük ürəkli, sevgi dolu və sözün əsl mənasında mərhəmətli, hamının qayğısına qalan idi. Heç bir yoldaşının xətrinə dəy-məzdi. Yaşı kiçik, özü isə böyük olan Xəyal zara-fatlarında belə ədəb-ərkan gözləyərdi. Həmişə birinci olmağı sevərdi. Qorxmazlığı ilə tay-tuşlarından xüsusilə seçilərdi.
Şəkli məktəbin şərəf lövhəsindən düşməzdi. Dərslərində olduğu qədər idmanda da bacarıqlı idi. Xəyalın insanlarla ünsiyyət qurmaqda o qədər sirli bir cazibəsi var idi ki, buna təəccüblənməmək mümkün deyildi. Oxuduğu hərbi liseydə və daha sonra Ali Hərbi Məktəbdə ilk gündən qrup yoldaşlarının sevimlisinə çevrilməsi bunun bariz nümunəsidir.
Hərbi biliklərə tez bir zamanda yiyələnməsi, nümunəvi davranışı və nizam-intizamı ilə digərlərin-dən seçilən Xəyal dəfələrlə hərbi təlimlərdə iştirak etmək üçün adı siyahının ən başında yazılan hərbçi kimi özünü doğrultmuşdu. Düzdü, bu barədə heç danışmazdı, amma bütün dostları bilirdi ki, o, Albaniyada, Türkiyədə keçirilən hərbi təlimlərə öz bacarığı sayəsində qatılmışdı. Qrup yoldaşlarının içərisində ilk bölük komandiri olan da Xəyal Məmmədov idi. Gənc mayor tabeçiliyində olan əsgərlərin daima qayğısına qalırdı. Axırıncı dəfə Şəkidə olanda məzuniyyətdə idi. Vəzifəsini dəyişib tabor komandiri təyin etmişdilər.
Sentyabrın 27-də müharibə başlayanda hələ məzuniyyəti bitməmişdi. Lakin o, müharibə başlayan günün sabahı vəzifəsinin icrasına başlamaq üçün Füzuliyə getmək qərarına gəlmişdi. Dostları bir-iki gün də qalması üçün onu nə qədər dilə tutsalar da o, bunu eşitmək belə istəmədi. Hətta buna görə dostlarını məzəmmət elədi: – Məni bu günlər üçün yetişdiriblər, bu gün də getməsəm bəs nə vaxt gedəcəyəm? Mən əsgərimin üzünə necə baxa bilərəm? – dedi.
Şəhadətindən sonra onun bütün hərbçi dostları və əsgərləri deyirdilər ki, biz ən vətənpərvər qardaşımızı itirdik.
Mayor Xəyal Məmmədov hazırda Şəkinin "Çöl" qəbiristanlığında uyuyur. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

KAZIM Sahib oğlu Məmmədsalahov

Kazım Sahib oğlu Məmmədsalahov 1989-cu il may ayının 7-də Şəki rayonunun Qoxmuq kəndində anadan olub. Orta təhsilini Qoxmuq kənd orta məktəbində alıb. 2005-2006-cı illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis edildikdən sonra fərdi təsərrüfatla məşğul olub. Vətənpərvər bir gənc olan Kazım 2012-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində kurs keçdikdən sonra müddətdən artıq xidmətə başlayıb. 2015-ci ildən 2020-ci ilə qədər fərdi əməklə məşğul olub. 2020-ci ilin aprel ayından təkrar MAXE kimi ordu sıralarında xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı digər hərbçi dostları kimi ön cəbhədə döyüşüb. Suqovuşan-Tərtər bölgəsində şərəfli döyüş yolu keçib. 2020-ci il oktyabr ayının 15-də şəhidlik zirvəsinə yüksəlib.
Ailədə bir bacı və üç qardaş olublar. Evli idi, Aylin adında bir qızı var.
Bu gun Kazımın atası Sahib kişi, anası Nərminə xanım, qardaşları Nazim və Şirxan onun yoxluğundan nə qədər kədərlənsələr də, belə bir qəhrəmanın ailə üzvü olduqları üçün qürur hissi keçirirlər.
Şəhid bacısı Hüsniyyə xanım: "Hələ kiçik yaşlarından qardaşımın vətənə sevgisi böyük olub. O, çox zəhmətkeş idi. Vətənə olan sevgi hissi onu hərbçi olmağa sövq etmişdi. Ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad olması idi. Şükürlər olsun ki, qardaşımın arzusu həyata keçdi. Əminəm ki, bu sevinci onun ruhu yaşayıb" – deyir.
Kazımın bütün doğmaları onun haqqında ifti-xarla danışır: «Kazım bizim üçün qürur mənbəyi ol-muşdur. Həyat yoldaşı və körpə qızı üçün çox meh-riban və qayğıkeş bir ailə başçısı idi. Çətin həyat şəraiti keçirməsinə baxmayaraq, həmişə başqalarına kömək göstərirdi. Arzuları böyük idi. İki qız övladı var idi. Kiçik qızının ürək qüsuru nəticəsində vəfatından sonra böyük qızı Aylinin uşaq həkimi olmasını arzulayırdı. Səbirsizliklə qızının ilk dəfə dərsə gedəcəyi günü gözləyirdi. Qızına məktəb paltarları və çanta alanda Kazımın sevincinin həddi-hüdudu yox idi. Ancaq taleyin hökmü ağır oldu. Arzuladığı anı görmək qisməti olmadı. Vaxt keçəcək, bu gün hazırlıq sinfinə gedən Aylin şəhid atasının arzularını yerinə yetirəcək, xalqımız üçün dəyərli vətəndaş olacaqdır" – deyirlər.
Şəhidin həyat yoldaşı Lalə Məmmədsalahova: "Kazım haqqında danışmaq mənim üçün çətin, lakin şərəflidir. Şəhidlik zirvəsinə yüksəlmək hər döyüşçüyə nəsib olmur. Kazım vətənini sonsuz məhəbbətlə sevən, öz vətəninə möhkəm tellərlə bağlanan bir hərbçi idi. Elə bu Vətən sevgisi onu yenidən 5 il əvvəl işlədiyi “N” saylı hərbi hissəyə gətirmişdi. Tez-tez hərbi təlimlərdə iştirak edirdi. Ancaq heç vaxt işinin ağırlığından şikayətlənməzdi. Mingəçevir şəhərində mənzil kirayə etmişdik. Biz 5 yaşlı qızımız Aylin ilə xoşbəxt yaşayırdıq. Hərbi hissə xeyli uzaqda yerləşirdi. Kəskin karantin şərtləri də evə gedib-gəlməyə çətinlik törədirdi. Bütün bunlara baxmayaraq vaxtı olan kimi bizə baş çəkərdi. Kazım əsl ailə başçısı idi. Mən və qızım həmişə onun diqqət və qayğısını öz üzərimizdə hiss etmişik. Həmişə işdən sonra evə gələndə oturub bi-zimlə söhbətləşərdi. Son zamanlar vətənpərvərlik haqqında danışar, şəhidlik zirvəsinin ən ali məqam olduğunu deyərdi. Şəhid olacağı təqdirdə qızımızın gələcəyi barədə tövsiyələr verərdi. Sanki şəhid olacağını əvvəlcədən bilirdi.
Hər dəfə evdən çıxanda «Qızım sənə əmanət» - deyərdi. Sonuncu dəfə sentyabrın 25-də evdən çıxanda bizimlə elə vidalaşdı ki, sanki sonuncu görüşü olduğunu bilirdi.
Sentyabrın 27-də müharibənin başladığını eşidəndə çox narahat oldum. Elə həmin gün Kazım bizimlə telefon əlaqəsi saxladı və bu, onun son zəngi oldu. Günlərlə onun zəngini gözlədim. Oktyabrın 16-da isə ölüm xəbərini eşitdim. Elə həmin gün mənfur düşmənin snayper gülləsinə tuş gəlmişdi. Həmin gün mən də məktəbimizin müəllimləri ilə şəhidlərin xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına getmişdim. Burada adamların şəhid ailələrinə və onların övladlarına necə hörmət bəslədiyinin şahidi oldum. Bilməzdim ki, mən də şəhid ailələrinin sırasına qoşulacam.
Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Qazilərimizə şəfa diləyirəm" – deyir.
Kazım Məmmədsalahov Şəkinin Qoxmuq kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

RÜFƏT Ülfət oğlu Musayev

Rüfət Ülfət oğlu Musayev 2001-ci il oktyabrın 8-də Şəki rayonunun Suçma kəndində anadan olub. Atasının işi ilə əlaqədar olaraq ailə bir müddət Sumqayıt şəhərində yaşamalı olub və Rüfət Sumqa-yıt şəhər Corat qəsəbə orta məktəbinin I sinfinə ge-dib. Sonralar ailə yenidən kəndə qayıdıb. Rüfət 3-cü sinifdən təhsilini Suçma kənd tam orta məktəbində davam etdirib. Hələ kiçik yaşlarından ağıllı, tərbiyə-li, nümunəvi şagird kimi hamının diqqətini cəlb edib. 2019-cu ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda cəbhə xəttindən xeyli uzaqda yerləşən hərbi hissənin tərkibində döyüş xəttinə yollanıb, torpaqlarımızın düşməndən azad olunması uğrunda rəşadətlə vuruşub. Tərtərin Tapqaraqoyunlu, Talış kəndlərində şərəfli döyüş yolu keçib. Oktyabr ayının 3-də Suqovuşanın alınması zamanı böyük şücaət göstərib. Oktyabr ayının 12-də Suqovuşan ərazisində şəhidlik zirvəsinə yüksəlib.
Ailədə bir bacı, bir qardaş olublar. Subay idi.
Ülfət və Fərqanə Musayevlərin ailəsində iki övlad böyüdü. Hər ikisi ağıllı, əməksevər və va-lideynlərini çox sevirdilər. Rüfət, atası ürək-damar xəstəliyindən əziyyət çəkdiyi üçün ona qarşı daha həssas idi.
Rüfətin müəllimi olmuş Elcan Bəxtiyarlı bu gün öz şagirdini fəxrlə anır: «Şagirdlərə hərbi andı əzbərləməyi tapşırmışdım, amma məni qane edən yalnız Rüfət oldu. O, uşaqlıqdan sanki əsl hərbçi idi».
«Rüfət çox mehriban şagird idi, məsuliyyətli idi. Zəhmətə qatlaşan, hər şeyi öz zəhməti ilə qazanan övladıydı. Tarixi mövzularda olan bədii filmləri, futbolu çox sevirdi» – deyə Rüfətin tarix müəllimi Məcnun Eminov fikrini tamamlayır.
Rüfətin bacısı Afət Musayeva: «Evimizin sonbeşiyi, tək oğlan övladı idi. Təlim-tərbiyəsi, davranışı, səmimiliyi ilə qohum-qonşunun, sinif yoldaşlarının, dostlarının çox sevdiyi biri, müəllimlərinin sevimlisi olmağı bacarmışdı qardaşım» – deyir.
Bacılar qardaşa güvənər, onunla fəxr edərlər. Afət qardaşı haqqında, onun arzuları barədə aramla, sanki sözləri seçirmiş kimi danışır. Yəqin ona görədir ki, bu xatirələr heç vaxt köhnəlməyəcək. Qardaşı şəhid olmuş bacının duyğularının tərcümanına çevriləcəkdir.
Rüfət Ülfət oğlu Musayev oktyabrın 18-də Şəki rayonu Suçma kənd qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə «Vətən uğrunda» və «Suqovuşanın azad olunmasına görə» medalları ilə təltif edilib.

 

RƏŞADƏT Vüqar oğlu Musayev

Rəşadət Vüqar oğlu Musayev 2002-ci il iyun ayının 20-də Şəki rayonunun Baş Göynük kəndində dünyaya gəlib. 2008-ci ildə Baş Göynük 1 saylı tam orta məktəbə qədəm qoyub, 2020-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Həmin il sentyabr ayının 27-də başlayan 2-ci Qarabağ müha-ribəsi Rəşadətin vətən torpağının işğaldan azad edilməsində iştirak etmək arzusunu gerçəkləşdirib. O, Qubadlı, Füzuli, Zəngilan, Cəbrayıl uğrunda gedən döyüşlərin fəal iştirakçısı olub. Və bu döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlib.
Ailədə bir bacı, iki qardaş olublar. Subay idi.
Rəşadət hərbi xidmətdə olarkən həmişə ko-mandirləri onun cəsurluğundan danışardılar. Anası Samirə xanımla telefon əlaqəsi saxlayanda döyüşün ən qaynar nöqtələrində olsa da: – Narahat olmayın, yaxşıyam, irəliləyirik. Qarabağ bizimdir, az qalıb, – deyərdi. 
Şəhid atası FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin ehtiyatda olan kapitanı Vüqar Musayev: "Rəşadət ortancıl övladımdır. Bacısı Münəvvər ailə həyatı qurub. Kiçik qardaşı Musa isə hələ 6-cı sinifdə oxuyur. Rəşadət hər ikisi üçün nümunə idi. O, kiçik yaşlarında çılğın, dəcəl olsa da, çox sözəbaxan, ürəyiyumşaq uşaq idi. Oyuncaq tapança, avtomatla oynamağı xoşlayırdı. Əlində oyuncaq silahları ilə şəkilləri də var. Yaşıdlarından çevikliyi ilə seçilirdi. Marağı idman və hərbi dərslərə idi. O, bayraqla şəkil çəkdirməyi çox xoşlayırdı. Hərbi xidmətə getməyinə az vaxt qalsa da, tələsirdi ki, birinci çağırışla getsin. Həmişə deyirdi ki, Qarabağı biz azad edəcəyik. Axır ki, o, öz arzusuna çatdı. Elə təsəllim də budur" – deyir.
Şəhid anası Samirə xanım isə oğlu haqqında daha qürurlü danışır: "Rəşadət hələ balaca yaşlarından böyük ağaclara çıxmağı sevərdi. O, həm dəcəl, həm də sözəbaxan uşaq idi. Ev işlərində mənə kömək edərdi. Mən harasa gedəsi olsam, balaca qardaşını arxayınlıqla ona tapşırıb çıxardım. Çox etibarlı və məsuliyyətli idi. Böyüdükcə sözlərinə, hərəkət və davranışına daha çox diqqət yetirərdi. Onun adı Rəşadət idi, 18 yaşında adı kimi əməli də rəşadətli oldu".
2020-ci il oktyabr ayının 24-də Füzuli istiqa-mətində gedən ağır döyüşdə şəhid olan Rəşadət Musayev bir gün sonra – oktyabr ayının 25-də Baş Göynük kəndinin “Qəssablı” qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

ELÇİN Nadir oğlu Nadirov

Baş çavuş Elçin Nadir oğlu Nadirov 1987-ci il dekabr ayının 5-də Şəki şəhərində dünyaya gəlib. 1999-cu ildə Şəki şəhər M.F.Axundov adına 2 saylı orta məktəbin 1-ci sinfinə gedib. İbtidai sinfi bitir-dikdən sonra 5 və 7 saylı orta məktəblərdə təhsilini davam etdirib. VII sinifdən Şəki şəhər fizika-riya-ziyyat və humanitar təmayüllü liseydə oxuyub və 2005-ci ildə orta təhsilini bitirib. Elə həmin il Şəki Texnologiya Texnikumunun mühasibat uçotu fakültəsinin qiyabi şöbəsinə qəbul olub. 2006-cı ilin yanvar ayında həqiqi hərbi xidmətə başlayıb. Əsgəri xidmətini bitirib Şəkiyə dönən Elçin hərbi sahəyə olan marağından texnikum təhsilini yarımçıq qoyub və yenidən Daxili Qoşunlarda müddətdən artıq hərbi xidmətə başlayıb. Bərdə, Şəki, Qəbələ, Zaqatala Daxili Qoşunlarında xidmət edib. Xidməti müddətində layiqli əməyinə görə də-fələrlə komandanlığın “Fəxri fərman”ına, “Təşək-kürnamə”lərinə layiq görülüb. Silahlı Qüvvələrin 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilib.
13 il müddətdən artıq hərbi xidmətdə olan Baş çavuş Elçin Nadirov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Zaqatala Daxili Qoşunlarının "Qartal" xüsusi təyinatlı dəstəsinin tərkibində döyüşlərə qatılıb. İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabr ayının 15-də Füzuli istiqamətində gedən döyüşlər zamanı döyüşçü dostunu xilas edərkən qəhrəmancasına şəhid olub.
Ailədə bir bacı, bir qardaş olublar. Həyat yol-daşı Svetlana xanımla izdivacından 8 yaşlı qızı Arzu və 5 yaşlı oğlu Zaur yadigar qalıb.
Şəhid bacısı Ülkər göz yaşını qəlbinə axıdır: "Sənsiz nəfəs ala bilmirəm, qardaş!" – deyib gözünü yollara dikir. Allahdan möcüzə gözləyir ki, bir vaxtlar bu yolların yaraşığı olan qardaşı yenidən üzü ona sarı gəlsin.
Şəki Dövlət Regional Kollecinin müəllimi Rəmziyyə xanım isə oğlu ilə qürur duyduğunu söyləyir.
Müəllimi Afət xanım deyir: "Mən Elçinə rus dili fənnini tədris etmişəm. O, dəcəl uşaq idi. Amma bununla bərabər, sinif yoldaşları ilə səmimi, mehriban rəftar edərdi. İllər ötdükcə onda bəzi müsbət cəhətləri də hiss etməyə başladım. Onun iradəli, möhkəm xarakterli olduğunu anladım. Bu xarakter onun gələcəkdə hərbçi olacağından xəbər verirdi. Yüksək vətənpərvərlik ruhuna malik olan bu gənc II Qarabağ savaşında da özünü doğrultdu. Döyüşlərdə böyük qəhrəmanlıq göstərən Elçin yoldaşlarına nümunə oldu. 15 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanmasına baxmayaraq 3 əsgər yoldaşını xilas etmiş, ancaq özü şəhid olmuşdur. Bu gün şəhidlik zirvəsinə ucalan hərbçimiz gələcək nəsillər üçün də örnək olacaq. Elçin kimi bütün şəhidlərimiz xa-tirəmizdə əbədi olaraq yaşayacaqdır".
Elçin haqqında: "44 günlük müharibə bizə torpaqlarımızın işğaldan azad olunması sevincini yaşatdığı kimi, igid oğullarımızın acı itkisinin kədərini də yaşatdı. Bu qələbəni yüzlərlə vətənpərvər gənclərimizin canı, qanı bahasına qazandıq. Tanımadığımız gənclər bir gündə doğmalarımıza çevrildilər, tanıdıqlarımızın igidlikləri ilə öyündük, qürurlandıq. Belə qürur duyduğumuz gənclərdən biri də şagirdim Elçindir. Elçin Vətəninə, xalqına bağlı, ağıllı, savadlı bir şa-gird idi. Sinfimin ən yaxşı oxuyanlarından biri idi. Ona görə də, həkim olacağını düşünürdüm. Amma olmadı, görünür hərbi sahə onu daha çox cəlb etmişdi. Elçinin dostunu xilas edərkən şəhid olduğunu eşidəndə çox da təəccüblənmədim, çünki o, dost yolunda, el yolunda gözünü qırpmadan ölümə gedən oğul idi. Elçin bütün insanlığa örnək olacaq həyat yaşadı və əbədiyyətə qovuşmuş ömür qazandı. Gələcək nəsillərə onun haqqında fəxrlə danışa biləcəyimiz bir ömür. Onun müqəddəs ruhu qarşısında baş əyirəm" – deyir Elçinin orta məktəb müəlimi Güldanə Rəhimova.
Elçin Nadirov oktyabr ayının 17-də Şəkinin "Dovşan düzü" qəbiristanlığındakı Şəhidlər xiyaba-nında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

TOĞRUL Həsənbala oğlu Nağıyev

Toğrul Həsənbala oğlu Nağıyev 2000-ci il iyun ayının 8-də Şəkidə anadan olub. 2005-ci ildə Şəki şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. Eyni zamanda, həmin il paralel olaraq Şəki şəhər 2 saylı Uşaq Musiqi məktəbini qarmon üzrə başa vurub və Şəki Musiqi Kollecinə qəbul olub. 2018-ci ildə kolleci qarmon müəllimi ixtisası üzrə bitirib.
2018-ci il iyul ayının 11-də Azərbaycan Res-publikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə başlayıb və Füzulidə yerləşən “N” saylı hərbi hissədə xidmət edib. 2020-ci ilin yanvarında ordudan tərxis olunub.
2020-ci ilin iyul ayında orduya könüllü yazılıb. 2020-ci il sentyabr ayının 30-da könüllü olaraq cəbhə bölgəsinə gedib və “N” saylı hərbi hissənin tərkibində Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Xidməti dövründə əsgər, atıcı olan Toğrul Tərtər istiqamətində gedən ağır döyüşlərdə 14 oktyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalıb.
Subay idi. Ailənin tək övladı idi. Atası Hə-sənbala kişi dünyasını dəyişdiyindən ana-bala birgə yaşayırdılar.
Əntiqə ana oğlu haqqında danışanda kövrəlir. Deyir ki, Toğrul bir möcüzə idi, hamının qəlbinə girdi və birdən də quş kimi uçub getdi. Əntiqə ana Toğrulun son sözlərini unutmur. – Şəhid olsam, özünü tox tut. Səni görən hər kəs «Qəhrəman Toğrulun anası gəlir» – deyəcək. Bununla yalnız fəxr etmək olar, ana, – demişdi Toğrul.
İndi ananın ən sevimli məşğuliyyəti Toğrulun idmanda və musiqidə qazandığı medalları, ser-tifikatları, diplom və tərifnamələri təkrar-təkrar gözdən keçirmək, şəkillərə baxıb xəyalında Toğrullu günlərinə qayıtmaqdır.
“Toğrul məktəbə çox erkən getsə də, yoldaş-larından nəinki geri qalmaz, hətta onlardan daha yaxşı oxumağa çalışar, tərbiyəsi, danışığı, davranışı, ədəbi ilə hamıdan seçilərdi. Məktəbin vətənpərvərlik mövzusunda olan tədbirlərində xüsusi fəallıq göstərər, digər ictimai tədbirlərdə rəqs edər, qarmon çalardı. Simasında daima şirin bir təbəssüm olardı Toğrulun. Bu təbəssüm onun yaraşıqlı simasına nur çiləyərdi. Bəlkə də ömrünün ən qaynar çağında – 20 yaşında şəhid olub ən ali məqama yüksələcəyinin nişanəsi imiş bu əbədi təbəssüm?!
Çox fəal uşaq idi Toğrul. Kiçik bir rəqs məktəbi açmışdı. Vətən sevgisi elə güclü oldu ki, tənha anasını, dostlarını, işini buraxıb könüllü olaraq cəbhəyə getdi. Həm də dəfələrlə Səfərbərlik və Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsindən geri qaytarılmasına baxmayaraq getdi. Ölümün üstünə getdi. Bir insan Vətənini ancaq bu qədər sevə bilər.
Toğrul döyüş yoldaşlarının arasında da çe-vikliyi, mərdliyi, igidliyi ilə seçilirdi. Əfsuslar olun ki, tez bir zamanda erməni vəhşilərinin xain gülləsi onun arzularını yarımçıq qoydu.
Belə bir qəhrəmana dərs demək böyük fəxrdir. Bu hissin tərifi yoxdur” – deyir, onun müəllimləri.
“Toğrul” sözü türk mifalogiyasında Zümrüdü-anka – Simurq quşu mənasını verir. Ölümsüzlüyə və yenidən dirilişə işarədir. Hər gün ölər və yenidən doğular. Toğrul da belədir. Hər gün yenidən doğulur sevdiklərinin, millətinin qəlbində.
Toğrul Nağıyev Şəkinin “Sona” qəbiristan-lığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

ELNUR Fərhad oğlu Nurullayev

Elnur Fərhad oğlu Nurullayev 2000-ci il oktyabr ayının 8-də Şəki rayonunun Kiş kəndində anadan olub. 2006-cı ildə Kiş kənd A.M.Məmmə-dov adına orta məktəbin birinci sinfinə gedib. Oxu-duğu müddətdə davranışı ilə məktəb kollektivinin sevimlisinə çevrilib. Elnur məktəbin əlamətdar tədbirlərində, o cümlədən də hərbi idman oyunlarında fəal iştirak edib. 2017-ci ildə tam orta məktəbi bitirib. 2018-ci ilin 8 oktyabrında Sə-fərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xid-mətinin Şəki rayon şöbəsindən hərbi xidmətə çağı-rılıb. Gədəbəy rayonunda ön xətdə hərbi xidmət keçib. Xidmət etdiyi müddət ərzində komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazanıb. 2020-ci il aprel ayının 20-də hərbi xidmətini başa vurub.
27 sentyabr 2020-ci ildə erməni silahlı qüvvə-lərinin təxribatına cavab olaraq əks hücum əməliyyatı başladı. “Dəmir yumruq” adlandırılan bu əməliyyat minlərlə Azərbaycan oğlunu Ali Baş Komandanın ətrafında birləşdirdi. Bu igidlərdən biri də Elnur oldu. O, Vətənin dar günündə illərlə qəlbində düşmənə bəslədiyi intiqam hissi ilə ana torpağın müdafiəsinə qalxdı. Füzuli, Zəngilan, Qubadlı, Laçın istiqamətində gedən ağır döyüşlərdə iştirak etdi.
Elnur ara-sıra ailəsi ilə telefon əlaqəsi saxlayıb yaxşı olduğunu, müzəffər ordumuzun düşmənə qan uddurduğunu və hər şeyin yolunda getdiyini söyləyib. Son zəngi oktyabr ayının 15-də olub. Həmin gündən sonra Elnurla əlaqə kəsilib. Uzun müddət itkin kimi axtarılan Elnurun mübarək nəşi 25 dekabr 2020-ci ildə ailəsinə təhvil verilib.
Ailədə iki qardaş olublar. Subay idi.
Fərhad və Sevinc Nurullayevlər oğulları Elnur və İsanı vətənpərvər, yurdsevər ruhda tərbiyə etmişdilər. Bu gün Elnurun yoxluğu ürəklərini nə qədər göynətsə də, bir o qədər də fəxr edirlər.
Şəhid atası Fərhad kişi deyir ki, Elnur bizim fəxrimizdir. Biz Elnurla və onun kimi igidlərlə nə qədər fəxr etsək, yenə azdır. Bütün cəhətləri ilə onu tanıyanların sevimlisi idi Elnur. O, sakit təbiətli, tərbiyəli, ürəyitəmiz, qayğıkeş idi. Hər an çətinliyə düşən yoldaşına kömək əli uzadar, yıxılanı qaldırar, ağlayana ürək-dirək verərdi.
Elnurun sinif rəhbəri, Azərbaycan dili və ədə-biyyat müəllimi Kəmalə Yunisova: «Elnurun hələ orta məktəb illərindən Vətənə olan sevgisi sonsuz idi. Mən Elnurun sinif rəhbəri olduğum üçün bunu hamıdan çox hiss edirdim. Sinifdə 20 Yanvar, Xocalı faciəsinə həsr olunmuş sinif təşkilat saatlarında, məktəb tədbirlərində, dərslərdə mənfur düşmənlərimizin torpaqlarımızı işğal etməsindən, Azərbaycan xalqının başına gətirdikləri fəlakətlərdən söhbət açarkən Elnur çox qəzəblənir-di. O, təbiətcə sakit olsa da, danışmağı çox sevməsə də, həmişə deyirdi ki, düşmən bizə etdiklərinə görə bir gün cavab verməli olacaqdır. Elnur bu gün düşmənin cavabını verən igidlərimizin sırasında ol-maqla ən böyük arzusuna çatdı. Mənim şəhid balam, sən rahat uyu. Məkanın cənnət, ruhun şad olsun. Çünki canından çox sevdiyin, bütövlüyü uğrunda şəhid olduğun Azərbaycan haqq savaşında qələbə çaldı. Bu, siz şəhidlərin sayəsində baş verdi. Bu xalq, bu ölkə sizə çox şey borcludur. Elə borc ki, onu heç nə ilə qaytarmaq mümkün deyil» – deyir.
Elnur Nurullayev dekabr ayının 25-də doğul-duğu Kiş kəndində torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə "Vətən uğrunda" medalı ilə təltif edilib.

ASİF Həsrət oğlu Rəhimov

Asif Həsrət oğlu Rəhimov 1993-cü il aprel ayı-nın 17-də Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub. 2000-ci ildə rayonun Çay-qaraqoyunlu kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. Həmin ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Sərhəd qoşunlarında yerinə yetirən Asif hərbi hissə komandanlığı tərəfindən “Təşəkkürnamə” alıb. 2013-cı ilin aprel ayında tərxis edilib. 2013-2019-cu illərdə Şəki rayonu Çayqaraqoyunlu kəndində yaşayıb və ata-anasına təsərrüfat işlərində köməklik edib. 2020-ci ilin yanvar ayından Azərbaycan Respublikası Milli Ordusunda müddətdən artıq hərbi xidmətə başla-yıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində döyüşlərə qatılıb. Tərtər-Ağdərə, Suqovuşan istiqamətində şərəfli döyüş yolu keçib. Noyabr ayının 3-də Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ailədə bir bacı, bir qardaş olublar. Ailəlidir. Kənan adlı 3 yaşlı oğlu və Yağmur adlı 1 yaşlı qızı var.
Valideynləri Həsrət və Könül Rəhimovlar söyləyir ki, Asif təhsilini başa vurduqdan sonra hərbi xidmətə getmişdi. Hərbidə olduğu müddətdə iki dəfə ünvanımıza komandirləri tərəfindən təşəkkür məktubları gəldi. O, xidmətdən sonra hərbidə işləmək arzusunda idi. Arzusuna çatdı. «N» saylı hərbi hissədə piyadaların döyüş maşınında atıcı kimi işlədi.
Asif hər dəfə evə zəng edəndə bildirirdi ki, er-məni işğalçıları bizim qarşımızda tab gətirə bilmir. Hətta döyüş maşınlarını qoyub qaçırlar – deyərək gülürdü. Onu da əlavə etməyi unutmurdu ki, tezliklə Şuşanı geri qaytarıb həmin yerdən sizə döyüş maşınımla birlikdə şəklimi göndərəcəm. Amma qəhrəmanımız bu arzusuna çata bilmədi. Düşmən gülləsinə tuş gəldi.
Asif haqqında müəllimləri də fəxrlə danışırlar: "Çayqaraqoyunlu kənd məktəbi igid oğulları ilə fəxr edir. Biz müəllimlər onlarla eyni eldə, obada yaşadığımız üçün qürur duyuruq. Asif Rəhimov və Murad Mahmudov kimi igid şagirdlərimiz olub. Hər ikisi dərs dediyimiz müddətdə tərbiyələri və çalışqanlıqları ilə seçiliblər. Belə igid oğullar böyütdükləri üçün analarının qarşısında baş əyirik" – deyirlər.
Asifin həyat yoldaşı Cəmilə xanım isə övlad-larının hələ də atalarının yolunu gözlədiklərini söyləyir. Bacısı Günel isə qardaşının ətrini qardaş balalarından aldığını deyir.
Şəhidimizin dəfn mərasimində iştirak edən döyüş yoldaşları Asif haqqında fəxrlə danışırdılar. Onlar deyirdilər ki, Asifin atdığı güllə heç vaxt boşa getmirdi.
Asif Rəhimov 9 noyabrda Çayqaraqoyunlu kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

RUSLAN Amiraslan oğlu Sadıqov

Baş çavuş Ruslan Amiraslan oğlu Sadıqov 1987-ci il dekabrın 31-də Şəki rayonu Təpəcənnət kəndində anadan olub. 1994-cü ildə Təpəcənnət kənd natamam orta məktəbin 1-ci sinfinə gedib. 1995-2004-cü illərdə Şəki rayonu Cəfərabad kənd tam orta məktəbində təhsilini davam etdirib. 2004-2005-ci illərdə Şəki şəhər 5 saylı tam orta məktəbdə oxuyub, 2005-ci ildə həmin məktəbdə orta təhsilini başa vurub.
2006-cı ildə hərbi xidmətə gedib və 2008-ci ildə hərbi xidmətini başa vuraraq tərxis olunub.
2008-ci ildə Zaqatala rayonunda yerləşən daxili qoşunların «N» saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmətə başlayıb. 2020-ci ilin yanvar ayında xidməti yerinin dəyişdirilməsi ilə əlaqədar digər «N» saylı hərbi hissədə xidmətini davam etdirib. Həmin dövrdə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif edilib. 2020-ci ilin sentyabr ayında başlayan Vətən müharibəsində bö-yük şücaət göstərib. Baş çavuş Ruslan Sadıqov 2020-ci ilin noyabr ayının əvvəllərində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ailədə bir bacı və bir qardaş olub. Ailəli idi. Sevib-seçdiyi Fidan xanımla izdivacından Nuray və Aylin adında 2 qızı, Ehsan adlı, hələ bir yaşı belə tamam olmamış 1 oğlu var.
Şəhid anası Qaragöz xanım və bacısı İlahə Ruslanı kədər qarışıq qürur hissi ilə anırlar.
Şəhidin atası Amiraslan Sadıqov oğlu haqqında danışarkən dedi: "Ruslan həmişə mənim başımı uca edib. Onunla fəxr etmişəm. Ruslan hərbi xidmətdə olduğu zaman yaxşı xidməti və nümunəvi davranışına görə dəfələrlə «N» saylı hərbi hissə komandiri tərəfindən tərifnamələrə layiq görülmüşdü. Kəndə gələndə həmişə gənclər arasında vətənpərvərlik söhbətləri aparardı. Ona görə də onun tez-tez gəlməsini arzulayırdılar. Ruslanın özü ilə yoldaşları da qonaq gələrdilər. Yoldaşları Ruslanın nümunəvi bir zabit olmasından danışardılar.
Ruslan vətənini çox sevdiyi üçün Vətən yolunda qəhrəmancasına şəhid oldu. Həmişə evdəkilərə: «Nə qədər torpaqlarımız yağı düşmənin ayaqları altındadır, bizə dinclik yoxdur. Əgər müharibə olsa, mən də bu savaşda iştirak edib yağı düşmənlərin tam təmizlənməsinə qədər döyüşəcəm» – deyərdi Ruslan. Elə bu istək onu şəhidlik zirvəsinə ucaltdı. Ruslan II Qarabağ müharibəsində Füzulinin, Suqovuşanın və Cəbrayıl rayonunun işğaldan azad olunmasında fəal iştirak edib. Onun ən böyük qəhrəmanlığı Şuşa döyüşlərində olub. Ruslan və yoldaşları Şuşanın girişində düşmənin qarşısını 9 nəfər döyüşçü yoldaşı ilə kəsib və qəhrə-mancasına şəhidlik zirvəsinə ucalıb. Namərd gülləsi həmin döyüşdə Ruslanın bütün arzularını ürəyində qoyub. Biz Ruslanın valideynləri olaraq, fəxr edirik ki, oğlumuz vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi. Ruslanın 2 azyaşlı qızı və bir oğlu var və yəqin ki, onlar atalarına layiq bir övlad kimi böyüyəcəklər”.
Kənd sakini Xanəndə Qurbanəliyeva da Ruslan haqqında danışmağı özünə borc bilir: Ruslanı körpə vaxtından tanıyıram. Çox ağıllı və tərbiyəli uşaq idi. Dərslərini yaxşı oxuyurdu. Həmişə ata və anasına kömək edər, anası işə getdikdə balaca bacısının qayğısına qalardı. Hamımızda ona qarşı böyük sevgi var idi. Oxuyub hərb sənətinin sirlərini öyrənən bu vətənpərvər həmkəndlimiz II Qarabağ Müharibəsi başlanan ilk gündən cəbhəyə yollandı. Döyüşdüyü son günə qədər onun haqqında cəbhədən xoş xəbərlər gəlirdi. Döyüş yoldaşlarının dediyinə görə o, həmişə özünü irəli verər, yoldaşlarına isə onun arxasınca getməyi tapşırarmış. Ən böyük arzusu düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsi idi. Bu igid qəhrəmanımız son nəfəsində belə “Azərbaycan” deyib”.
Ruslan noyabr ayının 10-da Şəki rayonunun Cəfərabad kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

BAKIXAN Alim oğlu Səlimli

Baş gizir Bakıxan Alim oğlu Səlimli 1993-cü il avqust ayının 31-də Şəki rayonunun Əlyar kəndində anadan olub. 2000-2009-cu illərdə Şəki rayonu Əlyar kənd ümumi orta məktəbində təhsil alıb. 2011-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən bəri Xüsusi Təyinatlı Qüvvələr-də baş gizir kimi qulluq edirdi. Aprel döyüşlərinin fəal iştirakçısı olub. 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb. Ağdam, Füzuli istiqa-mətlərdə vuruşub. Oktyabr ayının 24-də Füzuli uğ-runda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ailədə özündən başqa Əfqan və Elman adlı iki qardaşı, Alimə, Səlimə, Əsmayə adlı üç bacısı var. Subay idi.
“Olduqca tərbiyəli, vətənpərvər idi Bakıxan. Hələ uşaqlıqdan hər kəsin hörmətini qazanmışdı” – deyir şəhid anası Surahı xanım.
Şəhid atası Alim Səlimov da Bakıxandan fəxrlə danışır: “Hərbi sahəyə böyük sevgisi var idi. Məhz bu sevginin nəticəsində o, peşəkar hərbçi oldu. Bakıxan uşaqlıqdan vətənpərvər ruhda böyümüşdü. Xidmət etdiyi hərbi hissədən evə qayıdarkən biz onda yüksək əhval-ruhiyyə hiss edirdik. Aprel döyüşlərində Bakıxan xüsusilə fərqlənmiş, igidlik göstərmişdi. Düşmən mövqelərini dəqiq vurması və vaxtında dəqiq qərarlar verməsinə görə Bakıxan daima hərbçi yoldaşlarının diqqət mərkəzində olub. Bakıxanın dəqiq atəşləri düşmənlər arasında çaxnaşma yaratmışdı. Komandanlıqda Bakıxanın nümunəvi fəaliyyəti yüksək qiymətləndirilirdi. Komandirləri dəfələrlə Bakıxanı digər əsgər yoldaşlarına nümunə göstərirdilər. Bunu bizə onun hərbçi dostları söyləmişdilər.
Vətən müharibəsində də Bakıxan düşmənə qarşı çox gərgin mübarizə aparıb. Döyüşlərdə onunla birlikdə iştirak etmiş yoldaşları söyləyirlər ki, bir necə dəfə düşmən pusqusuna düşməyimizə baxmayaraq, oradan Bakıxanın cəsarəti və dəqiq atəşləri nəticəsində çıxa bilmişik. Zəngilan rayonunun azad olunması əməliyyatında Bakıxan xüsusi olaraq fəallıq göstərib. Döyüş əməliyyatları zamanı cəsurluğu, cəldliyi, vəziyyətə uyğun təcili və dəqiq qərar verməsi düşmənin məğlub olmasında böyük rol oynayıb.
Bakıxan çox mehriban və sakit uşaq olub. Yüksək intellektuallığı, dünyagörüşü, vətənpərpərliyi ilə müəllimlərinin də diqqətini cəlb etmişdi”.
Bakıxanın qəlbində düşmənə qarşı çox böyük nifrət hissi var idi. Onun üçün vətən, millət sözü hər şeydən əvvəl gəlirdi və bu ad uğrunda canını belə fəda etməyə hazır idi. Belə də etdi!
Gənc hərbçinin ən böyük arzusu Qarabağ tor-pağının işğaldan azad olunması idi. Şəhid atasının da dediyi kimi, onun bu arzusunu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu həyata keçirdi. Bu gün artıq işgal altında olan torpaqlarımız azad olunub. Buna görə də bütün şəhidlərimiz kimi Bakıxanın da ruhu şaddır. Əzizlərini də fərəhləndirən, Bakıxanın arzusunun həyata keçməsidir.
Gizir Bakıxan Səlimli oktyabr ayının 29-da Şəkinin Əlyar kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

ZƏFƏR Şəmsəddin oğlu Surxayzadə

Zəfər Şəmsəddin oğlu Surxayzadə 5 avqust 2001-ci ildə Şəki rayonunun Baltalı kəndində anadan olub. 15 sentyabr 2006-cı ildə Şəki rayonu Baltalı kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub, məktəbdə oxuduğu müddətdə fəallığı ilə seçilib. Məktəb və məktəbdənkənar tədbirlərdə fəal iştirak edib, digər şagirdlərə nümunə olub.
2012-ci ildə Azərbaycan Ağır Atletika Federasiyasının Şəki rayonu Baltalı kəndində fəaliyyət göstərən bölməsinə yazılıb. Qısa müddət ərzində ağır atletika fəndlərini mükəmməl öyrənib. 2014-cü ildə AAAF-ın Samux rayonunda keçirilən zona yarışında iştirak edib və 2-ci yerə layiq görülüb. 2014-cü ildə Bakı şəhərində keçirilən Respublika yarışında iştirak edib.
2018-ci ildə Baltalı kənd tam orta məktəbini bitirib. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Füzuli rayonunda yerinə yetirən Zəfər 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan gündən işğal edilmiş torpaqlarımızın azadlığı uğrunda müharibəyə qoşulub. Füzuli, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Şuşanın zəfər günü – 8 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Atası Şəmsəddin Surxayev oğlunun hərbi xidmətə yola düşməsini belə xatırlayır: «Oğlum Zəfər 2019-cu il oktyabrın 8-də həqiqi hərbi xidmətə yola düşdü. Xidməti dövründə Zəfərin xoş sədası gəlirdi və bu bizə qürür verirdi. Daha sonra 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edən Zəfər Füzulinin, Cəbrayılın, Suqovuşanın azad edilməsində ya-xından iştirak etdi. Qarabağın gözü Şuşanin azad edilməsində də mərdliklə vuruşdu. Çox təəssüf ki, Zəfər zəfər gününü görmədi. Lakin onun kimi qəhrəman oğulların sayəsində bizə bu günlərin sevincini yaşamaq nəsib oldu”.
Zəfərin qısa ömür yolu tarixlərlə zəngin olmasa da, kənddə onu yaxşı xatırlayırlar və adını hörmətlə anırlar. Bəyaz müəllim deyir ki, Zəfər sinfimin gözü, ağıllısı, mehriban şagirdi idi. Nə vaxt baxsam, həmişə üzü gülərdi, sözündə düz, əqidəli, qeyrətli, qayğıkeş şagird idi. İndi mənə Zəfər haqqında danışmaq çətindir. Onun gülümsər siması yenə də gözlərimin önündədir. Zəfər şəhidlik zirvəsinə ucaldı və Azərbaycanın qazandığı zəfərdə onun da xidməti var.
İndi Zəfərin anası Nərgiz, qardaşı Elgün, bacı-ları Səbinə və Dilarə onun yoxluğunun kədərinə, nisgilinə bürünsələr də, təsəlliləri şəhidlik zirvəsinə ucalan Zəfərdir.
Zəfər Surxayzadə noyabrın ayının 10-da – Qələbə Günündə Baltalı kənd qəbiristanlığında, digər şəhid qardaşlarımızın yanında torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi sücaətə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

ŞAHMAR Qinyaz oğlu Soltanlı

Şahmar Qinyaz oğlu Soltanlı 1996-cı il fevral ayının 20-də Şəki şəhərində dünyaya gəlib. Şəki şə-hər 5 saylı tam orta məktəbdə natamam orta təhsil alıb, eyni zamanda, paralel olaraq 2006-2011-ci illərdə Şəki şəhər 3 saylı Uşaq musiqi məktəbini tar üzrə bitirib. 2011-ci ildə Bakı Humanitar Kollecində təhsilini davam etdirib. Ailəsinə maddi dəstək olmaq üçün təhsil aldığı müddətdə müxtəlif fərdi işlərlə məşğul olub. 2018-ci ilin ok-tyabrında Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə başlayıb, əvvəlcə Goranboyda yerləşən “N” saylı hərbi hissədə, sonra isə Tərtərdə yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Xidməti dövründə o, qumbaraatan köməkçisi, atıcı olub. 2020-ci ilin mayında ordudan tərxis edilib.
Şahmar Vətən müharibəsi başlayandan sonra qismən səfərbərlik olunduğu üçün oktyabrın 5-də yenidən orduya çağırılıb. Cəbhə bölgəsinə yollanan Şahmar “N” saylı hərbi hissənin tərkibində Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Tərtər rayonunun Qafanlı kəndinə düşən qrad mər-misindən ağır qəlpə yarası alan Şahmarı xəstəxanada cəmi 2 gün saxlamaq mümkün olub. Yaralı halda yenidən cəbhəyə dönən və şərəfli döyüş yolu keçən Şahmar 17 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub.
Atası Qinyaz Bədirov zəhmətkeş bir insan olub və 55 yaşında dünyasını dəyişib. Anası Gülxar xanım da ruh adamıdır. Şəki şəhər 3 saylı Uşaq musiqi məktəbində pianino müəllimidir. Bəlkə də anasından keçmişdi musiqi istedadı Şahmara. O da musiqiçi idi. Tar sinfini bitirsə də, pianinoda da çalar, gözəl avazla oxuyardı.
Şahmargil ailədə iki uşaq idilər. Qardaşı Elgün ondan üç yaş kiçik olsa da, sözün əsl mənasında dost idilər. Sirləri, söhbətləri bir olardı. Saatlarla dostluqdan, sevgidən, xəyallarından danışar, fikirlərini bölüşər, sirlərini etibar edərdilər. Hər kəs qardaşları həmişə birlikdə görməyə adət etmişdi sanki. Şahmar təhsil almaq üçün Bakıya gedəndən sonra da kəsilmədi bu ülfət. Şəki şəhər 1 saylı Texniki Peşə məktəbində turizm agentliyi ixtisası üzrə təhsil alan Elgün tez-tez Bakıya gedir, günlərlə qardaşı ilə bir yerdə qalıb dərdləşirdi. Ta ki, tale onları həmişəlik ayırana kimi.
Şahmarın ibtidai sinif müəllimi Reyhanə xanım 4 illik ibtidai təhsil illərində balaca, qarabuğdayı Şahmarın sakit, qüsursuz davranışı ilə hər kəsdən seçildiyini söylədi. «Orta sırada 2-ci yer Şahmarın idi. Düz 4 il həmin partada əyləşən Şahmar heç vaxt başqa uşaqlar kimi yerindən şikayət etmədi. Hər yeni dərs ilində ilk dərs günü gəlib həmin partada əyləşərdi» – dedi. Bu bağlılıq bəlkə də balaca Şahmarın mühafizəkarlığından, təəssübkeşliyindən irəli gəlirdi.
«Dəyəri bilinməyən xatirələrimiz var. Birlikdə məktəbə gedər, futbol oynayar, deyib-gülərdik. Bəzən sözümüz düz gəlməz, hətta dava edərdik. Amma tez də barışardıq. “Pirojnamızı” belə yarı bölüb yeyərdik. Mərd, cəsarətli, mehriban idi. Hərdən tarını məktəbə gətirib bizim üçün ifa edərdi. O qədər xəyallarımız var idi ki…» – deyir yaxın dostu Nicat.
Şahmar döyüş zamanı qardaşı Elgün üçün bir vəsiyyət etmişdi: «Harada şəhid olsam, cənazəmə bükülən Azərbaycan bayrağını qələbədən sonra həmin yerdə ucaldarsan!» Bilirdi ki, 44 günlük müharibənin od-alovunda bərkimiş, vəfa, etibar mücəssəməsinə çevrilmiş silahdaşları onun bu ismarıcını mütləq Elgünə çatdıracaqlar. Belə də etdilər. İndi Elgün Şəkinin «Dovşan düzü» qəbiristanlığındakı Şəhidlər xiyabanında uyuyan qardaşının cənazəsinə bükülmüş üçrəngli Azərbaycan bayrağını müqəddəsliyindən başqa, həm də qardaşının əmanəti kimi qoruyub saxlayır. Qüdrətli dövlətimizin yenilməz ordumuz tərəfindən işğaldan azad olunmuş ərazilərə mülki əhalinin giri-şinə icazə veriləcəyi anı gözləyir. Gözləyir ki, qarda-şının qanı ilə suvarılmış o torpaqlara Şahmarın bü-ründüyü bayrağı sancsın. Qardaşının ruhuna qələbə müjdəsini təkrar hiss etdirmək üçün!
Şahmar Soltanlı Şəkinin «Dovşan düzü» qə-biristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə «Vətən uğrunda» medalı ilə təltif edilib.

ELMİR Pərviz oğlu Umudlu

Umudlu Elmir Pərviz oğlu 25 mart 2001-ci ildə Şəki rayonunun İnçə kəndində anadan olub. 2007-ci ildə İnçə-Zunud kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 1-ci sinfi bitirdikdən sonra yenidən valideynlərinin yaşadığı Bakı şəhərinə qayıdıb və VIII sinfə qədər orada təhsil alıb. Orta təhsilinin davamını yenidən Şəki rayonu İnçə-Zunud kənd tam orta məktəbində oxuyub. 2018-ci ildə İnçə-Zunud kənd tam orta məktəbini əla qiymətlərlə bitirib və həmin il də Sumqayıt Dövlət Uni-versitetinin nəzdində olan Sumqayıt Dövlət Texniki Kollecində Nəqliyyat daşınmaların təşkili fakül-təsinə qəbul olub.
2019-cu ilin aprel ayında Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb. Əsgəri xidmətini başa vurmağa 3 qalmış – 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb. Şərəfli bir döyüş yolu keçən Elmir, Cəbrayıl şəhərinin alınması uğrunda gedən döyüşlərdə xüsusi fərqlənib. Sonra Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub. Həmin döyüşlərdə yaralanmasına baxmayaraq, yenidən Xocavənd rayonunda gedən döyüşlərə qatılıb. 28 oktyabr 2020-ci ildə isə Xocavənd rayonunda gedən şiddətli döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.
Ailədə iki uşaq olublar. Subay idi.
Pərviz və Sənurə Umudovların ailəsində böyüyən Elmir və Elnar qardaşlarının hər biri Vətənə bağlılığı və ona böyük sevgisi ilə fərqlənirdilər. Şəhidin atası Pərviz oğlu ilə telefon danışıqlarını xatırlayaraq söyləyir ki, hər zaman səsində bir nikbinlik hiss edirdim, deyirdi ki, hər şey yaxşı olacaq. Özünüzə yaxşı baxın, bir də, dua edin.
Elmirin sinif müəllimi olmuş Reyhan Vəliyəd-dinovanın xatirələrindən: "Cəldliyi ilə hamıdan seçi-lirdi. Suallarıma hamıdan əvvəl cavab verirdi. Bir gün "Böyüyəndə kim olmaq istəyirsən" başlığı altında inşa yazmağı tapşırdım. Hərə bir cür yazdı. Kimi böyüyəndə həkim, kimi müəllim, kimi də polis olacağını yazırdı. Yenə də fərqlənən Elmir oldu. O yazmışdı ki, mən böyüyəndə hərbçi olacağam. Onun dünyaya baxışı da, arzuları da fərqli idi. Onda qeyri-adilik həmişə hiss olunurdu. Sinifdə 18 uşaq idilər və Elmir 17 uşaqdan fərqlənirdi. O, hamıdan bir addım öndə gedirdi. Daima tələsirdi, tez böyümək istəyirdi, bütün arzularına tez çatmaq istəyirdi, sanki bilirdi şəhid olacağını. İstəyirdi ki, bütün istəklərini o qısa ömürə yerləşdirsin".
Elmir o qısa ömrünün yarısını nənə-babası Böyükxanım və Nəriman müəllimlərin yanında yaşamışdı. O, kənd həyatını çox sevirdi. Bəlkə elə ona görə də hazırda sevdiyi torpağın qoynunda uyuyur.
Elmir Umudlu oktyabr ayının 31-də ata-baba yurdu olan Şəki rayonunun İnçə-Zunud kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Keçidlər