Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏR ŞƏKİDƏ

08-09.11.2002

Azərbaycan ikinci dəfə və əbədi olaraq müstəqillik qazandıqdan sonra ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin başçısı Heydər Əliyevin rəhbərliyi ilə respublikada aparılan hüquqi, demokratik dövlət quruculuğu, həyata keçirilən genişmiqyaslı islahatlar bütün sahələrdə öz bəhrəsini verməkdədir. Bu, xalqımızın, dövlət müstəqilliyimizin gələcəyi olan gənc nəslə diqqət və qayğıda da özünü göstərir. Təsadüfi deyil ki, hələ 1994-cü ildə, Azərbaycan çox böyük çətinliklərlə üzləşdiyi bir vaxtda respublikamızda gənclərin problemləri, dövlətin gənclər siyasətinin həyata keçirilməsi ilə məşğul olmaq üçün xüsusi nazirlik yaradılmışdır.

Ölkəmizdə bərqərar olmuş ictiami-siyasi sabitlik, iqtisadiyyatda əldə edilən uğurlar bədən tərbiyəsi və idmanın da inkişafına ciddi diqqət yetirməyə imkan vermişdir. ARDNŞ-ın birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Azərbaycan idmanının, həqiqətən, intibah dövrü başlandı. İndi Azərbaycanın adı dünyanın idman dövlətləri sırasında çəkilir. Ölkəmizdə Avropa və dünya çempionatları, beynəlxalq turnirlər keçirilir. Bütün bunlar, ilk növbədə, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müstəsna xidmətlərinin nəticəsidir.

Son illərdə ölkəmizdə ən yüksək tələblərə cavab verən müasir idman komplekslərinin tikintisi geniş vüsət almışdır. İndiyədək MOK-un vəsaiti hesabına Bakıda, Maştağa qəsəbəsində, Naxçıvanda, Gəncədə olimpiya idman kompleksləri istifadəyə verilmişdir.

Noyabrın 9-da isə qədim Şəki şəhərində tikintisi başa çatdırılmış yaraşıqlı, beynəlxalq standartlara cavab verən böyük Olimpiya idman kompleksinin təntənəli açılışı olmuşdur.

Olimpiya idman kompleksinə aparan küçəyə, bayramsayağı bəzədilmiş Olimpiya meydadına Şəki şəhərinin və rayonunun on minlərlə sakini, qonşu rayonların nümayəndələri toplaşmışdı. Onların əllərində respublikamızın dövlət bayraqları, Prezident Heydər Əliyevin portretləri, “Şəkililər Azərbaycanın bu gününü və sabahını Heydər Əliyev siyasətində görürlər”, “Heydər- Xalq, Xalq-Heydər”, “Şəkililər Heydər Əliyevin siyasətini bəyənir və dəstəkləyirlər” sözləri,dövlətimizin başçısının “Bizim, sizin – hamımızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gənclərini tərbiyə etmək, yetişdirməkdir” kəlamı yazılmış transparantlar var idi.

Olimpiya meydanına toplaşanlar Azərbaycan Prezidenti Heydər Əliyevi, sürəkli, hərarətli alqışlarla, “Heydər baba!” nidaları ilə qarşıladılar.

Mərasim iştirakçıları MOK-un prezidenti, Milli Məclisin deputatı İlham Əliyevi də səmimiyyətlə salamladılar.

Azərbaycan Prezidenti Heydər Əliyevin gəlişi şərəfinə qurban kəsildi.

Şəki Olimpiya idman kompleksinin açılışı mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi

-Əziz şəkililər!

Bacılar və qardaşlar!

Dostlar!

Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. Sizə, bütün şəkililərə öz hörmət və ehtiramımı bildirirəm, xoş arzularımı çatdırıram. Hamınıza cansağlığı, səadət və gələcək həyatınızda uğurlar arzulayıram.

Şəki Azərbaycanın ən qədim şəhərlərindən, yəni insan məskənlərindən biridir. Şəkinin çox zəngin tarixi var. Şükür olsun ki, Şəkidən çox tarixçi alimlər də çıxıbdır. Onlar Şəkinin tarixini, əsrlər boyu Şəkinin yaşantısını yazıblar, xalqa bildiriblər. Bunların hamısı məlumdur. Bu barədə bu gün danışmağa ehtiyac yoxdur. Ancaq onu demək istəyirəm ki, Şəki Azərbaycanın gözəl guşələrindən biridir. Ona gözəllik verən, birincisi, onun təbiətidir. Mən burada durmuşam, bu dağlara baxıram. Onlara baxdıqca adamın ürəyi açılır, adam ilhama gəlir, adam təbiəti, dünyanı görür. Amma təkcə bunlar deyil, Şəkinin təbiətində o qədər gözəlliklər var ki, hər birini ayrı-ayrılıqda təsvir ediblər və təsvir etməyə də ehtiyac var.

Şəkidə yaşayan insanlar əsrlər boyu buranı qurub yaradıblar. Ona görə də Şəkidə tarixi-memarlıq abidələri, bizim milli mədəniyyətimizi əks etdirən gözəl abidələr yaranıb, bu günə qədər gəlib çatıbdır. Beləliklə, Şəkini bir muzeyə çeviriblər. Bunların hamısı insanları Şəkiyə cəlb edir. Dünyanın çox yerlərindən Azərbaycana gələn adamlar Şəkini oxuduqları kitablardan, aldıqları məlumatlardan yaxşı tanıdıqlarına görə, mütləq Şəkini ziyarət etmək istəyiblər.

Şəki öz xüsusiyyətlərinə görə fərqlənir, burada həmişə sənətkar adamlar, zəhmətkeş insanlar olub, onlar öz gözəl sənət nümunələri ilə Şəkini təkcə Azərbaycanda yox, bu bölgədə yox, bütün Şərq aləmində məşhurlaşdırıblar. Eyni zamanda, Şəkinin tarixində faciəli hadisələr də olubdur. Şəkiyə hücumlar olub, Şəki hökmdarları özlərini, xalqı qorumaq üçün döyüşlərə giriblər. Bəzən uduzublar, bəzən udublar, qalib gəliblər. Ancaq yaşayıblar və Şəki, yenə də deyirəm, Azərbaycanın çox gözəl bir guşəsi, parlaq bir hissəsi kimi, bu günə gəlib çatıbdır.

Şəki böyük insanlar - siyasi xadimlər, elm, mədəniyyət xadimləri yetirmişdir. Azərbaycan xalqının fəxri olan Mirzə Fətəli Axundov kimi insan öz həyat yolunu məhz Şəkidən başlamışdır. O, burada doğulmuş, burada böyümüş, Azərbaycan xalqının mədəniyyətinə, elminə, xüsusən, fəlsəfə elminə böyük töhfələr vermişdir. Azərbaycanda dünyəvi teatrın yaranmasında onun əsərlərinin, şəxsən onun özünün böyük xidmətləri olmuşdur.

Azərbaycanın görkəmli siyasi xadimi Fətəli xan Xoyski vaxtilə, çar Rusiyası zamanı Dumanın üzvü olmuşdur. 1918-ci ildə Azərbaycan ilk dəfə müstəqilliyini əldə edərkən, Xalq Cümhuriyyətini yaradanlar hökumətə başçılıq etməyi məhz Fətəli xan Xoyskiyə etibar etmişlər. O, uzun müddət hökumətə başçılıq edib və sonra isə erməni terrorçuları tərəfindən qətlə yetirilmişdir. Burada digər siyasi xadimlər də yetişmişdir.

Dediyim kimi, Şəki bizim Azərbaycan mədəniyyətinin, musiqisinin, memarlığının inkişafında çox böyük rol oynayıbdır. Amma bunu da təmin edən insanlar olmuşlar. Bu insanlar həm tariximizdə, həm də mədəniyyətimizdə var: Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman, burada bizimlə bərabər, bir yerdə olan böyük şairimiz Bəxtiyar Bahabzadə və bir çox başqaları. Şəki böyük alimlər də yetiribdir. Onlardan biri, böyük tarixçi, professor Yaqub Mahmudov, - o, indi buradadır, - bu yaxınlarda həyatdan gedən Yaşar Qarayev, bir çox başqa alimlər Şəkinin yetirmələridir.

Əgər bizim musiqi mədəniyyətimizi götürsəniz, orada ən yüksək səviyyədə tanınan, sayılan və musiqi mədəniyyətimizə gözəl töhfələr verən insanların da bəziləri Şəkidə doğulmuş, buradan pərvazlanmışlar.

Böyük bəstəkarımız Cövdət Hacıyev, Azərbaycanda ilk qadın bəstəkarlardan olan Şəfiqə Axundova. Sabit Rəhmanın oğlu Emin Sabitoğlu bizim çox gözəl, müasir bəstəkarlarımızdan biri idi. Digər bəstəkarlarımız da var.

YERDƏN SƏSLƏR: Xəyyam Mirzəzadə...

HEYDƏR ƏLİYEV: Xəyyam Mirzəzadə də burada anadan olub?

YERDƏN SƏSLƏR: Anası şəkilidir.

HEYDƏR ƏLİYEV: Anası buralıdırsa, demək özü də buralıdır. Çoxdur... İndi sizin qarşınızda imtahan vermirəm ki, hamısının adını bir-bir çəkim. Amma görürsünüz, hamısı mənim beynimdədir. Tək bunlar deyil, adlarını çəkdiklərim Şəkinin tanınmış nümayəndələridir, bizim hamımızın sevdiyi insanlardır. Ancaq şəkililər öz zəhmətkeşliyi ilə də çox işlər görüblər. Deyirəm, Şəki muzeydir. O memarlıq abidələrini yaradanlar böyük zəhmət, böyük zəka sərf edərək onları ərsəyə gətiriblər. Bütün bunların hamısı Şəkinin Azərbaycanda görkəmli bir yer tutmasını təmin edibdir. Şəkililər bununla fəxr edə bilərlər.

Şəkililərdən bir yaxşı kinorejissor da var, Rasim Ocaqov. O, çox yaxşı, çox dəyərli filimlər yaradıbdır. Amma onun son filmi var – “Həm ticarət, həm ziyarət”, bu film yadınızdadırmı? Bir şəkilinin İstanbula səfər macərasından söhbət gedir. Filmin sonunda əsərin qəhrəmanı kor-peşman Şəkiyə qayıtmalı olur. “Ha indi Şəkiyə qayıdası olduq?”... Bu sözlər də məşhur bir kəlamdır. Belədir, yoxsa yox? Bu da şəkililərin xüsusiyyətini əks etdirən çox gözəl bir kəlamdır. Bunlara görə də Şəki Azərbaycanda sevilir. Mən də həm bir vətəndaş, həm bir insan kimi hələ gənc vaxtlarımdan Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini öyrənərkən Şəkini sevmişəm. Ancaq keçmişdə Azərbaycanın rəhbərliyində olduğum zaman və indi də Şəki mənim qəlbimdə xüsusi yer tutub və tutur, Şəkiyə, şəkililərə xüsusi məhəbbətimi həmişə saxlamışam, indi də saxlayıram. Görünür, mənim bu hisslərim irsi olaraq oğluma da keçibdir. Milli Olimpiya Komitəsi indiyə qədər beşinci kompleksdir ki, yaradır. Mən hələ bunu görməmişəm, buradan baxıram, amma dünən gecə gələndə gördüm ki, bu kompleksin ətrafı başqa cürdür. O biri komplekslərin hamısının açılışında mən iştirak etmişəm, görmüşəm, hələ beləsi olmayıbdır. Güman edirəm ki, bu da İlham Əliyevin Şəkiyə olan xüsusi münasibətinin ifadəsidir. Bütün bunlar Şəkiyə gələndə məndə böyük ruh yüksəkliyi, xoş əhval-ruhiyyə yaratdı. Dünən axşam gəldim, burada yatdım, özü də Bakıdakından yaxşı yatdım. Səhər durub dedim ki, bura nə yaxşıdır, elə gəlib burada qalım. Güman edirəm ki, bu, həm iqlimlə bağlıdır, həm də yəqin ki, xüsusi hissiyyatlar var.

 

İndi buraya nə qədər adam toplaşıbdır. Mən bunu təsəvvür edə bilməzdim. Gördüyünüz o evlərin birində də mən qalıram. Mən oradan çıxdım, avtomobillə gəlirdim. Ancaq oradan bura qədər yol hər iki tərəfdən adamlarla doludur, hamı bu mərasimə yığışıbdır. Təbiidir ki, mən avtomobili saxladım, - bilmirəm, oradan buraya məsafə nə qədərdir, 500 metr olar? Onların hamısını salamlaya-salamlaya gəlmişəm. Onlar oradadırlar, siz də buradasınız. Meydana bu qədər insan toplaşıbdır. Bu, Şəkidə olan ictimai-siyasi əhval-ruhiyyəni, vəziyyəti əks etdirir. Əgər bu olmasaydı, bu qədər adam buraya toplaşmazdı. Bu da mənim üçün, Azərbaycan Prezidenti üçün, Azərbaycan dövlətinin başçısı üçün ən əsas şərtlərdən biridir. Çünki bizim çalışdığımız odur ki, xalqımız həm yaxşı yaşasın, həm də xoş əhval-ruhiyyədə olsun. Bunların, bizim arzularımızın kökü, əsası var. Çünki biz indi müstəqil dövlətimizdə azad, sərbəst yaşayırıq. Çətinliklərimiz var, problemlərimiz var. Ancaq bunların hamısından üstün odur ki, biz artıq 11 ildir müstəqilik, azadıq.

Keçən ayın 18-də biz Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunmasının 11-ci ildönümünü təntənə ilə bayram etdik. 11 ildə çox ağır, çətin bir yol keçdik. Birincisi, dövlət müstəqilliyini bərpa edərkən Azərbaycan ağır bir vəziyyətdə idi: Ermənistan silahlı qüvvələrinin təcavüzü, Azərbaycan torpaqlarının bir qisminin işğal olunması, verdiyimiz şəhidlər, tökülmüş qanlar, yerindən-yurdundan zorla çıxarılmış, çadırlarda yaşayan insanlar. Digər tərəfdən də, Azərbaycanın daxilində çəkişmələr, vuruşmalar, ayrı-ayrı siyasi qüvvələrin silahlı dəstələr vasitəsilə hakimiyyət uğrunda mübarizəsi... Bunların hamısı Azərbaycan xalqını, təbii ki, çox ağır vəziyyətə gətirib çıxarmışdı. Həm böyük insan tələfatı vardı, həm də insanların həyat tərzi tamamilə pozulmuşdu, həyat prinsipi pozulmuşdu.

Belə bir dövrdə Azərbaycan dövlət müstəqilliyini əldə etdi. Bütün başqa müttəfiq respublikalardan fərqli olaraq, Azərbaycan dövlət müstəqilliyini əldə edəndə ən ağır, ən çətin vəziyyətdə idi. Ancaq təəssüflər olsun ki, bu, belə bir ağır vəziyyət, Ermənistanla müharibə də davam edirdi. Daxildəki vuruşmalar, çəkişmələr, hakimiyyət mübarizəsi davam edirdi. Bunların hamısı 1993-cü ildə Azərbaycanı vətəndaş müharibəsinə gətirib çıxardı. Azərbaycan dağılmaq təhlükəsi qarşısında idi. 1991-ci ildən 1993-cü ilə qədər belə bir ağır dövrdə yaşadıq.

1993-cü ildən sonra isə Azərbaycanda ictimai-siyasi vəziyyəti normallaşdırmaq, Azərbaycanı bu böhrandan çıxarmaq bizim vəzifəmiz oldu. Vətəndaş müharibəsinin qarşısını almaq, Azərbaycanın parçalanmasının qarşısını almaq bizim vəzifəmiz oldu. Çox ağır, çətin vəzifə idi. Bu vəzifəni sizin, xalqın iradəsi ilə 1993-cü ilin iyun ayında mən öz üzərimə götürdüm. Bu vəzifəni üzərimə götürərkən mən öz məsuliyyətimi bilirdim. Mənim qarşımda bir yol vardı. Mən bu vəzifəni üzərimə götürüb nə isə etməliydim, bu işə qarışmasaydım, qorxurdum ki, Azərbaycan artıq dağılacaqdı. Mən nə üçün bu məsuliyyəti öz üzərimə götürdüm? Ona görə ki, mən sizə, Azərbaycan xalqına arxalanırdım, inanırdım. O inamla da bu məsuliyyəti öz üzərimə götürdüm.

Biz bu ağır, çətin yolu bir yerdə keçdik. 1994-cü ildə dövlət çevrilişi elan etmək istədilər. 1995-ci ildə yenidən çevriliş etmək istədilər, terrorlar oldu, nə bilim, müxtəlif şeylər oldu, hamısının qarşısını aldıq. 1995-ci ildən etibarən biz sabitliyi təmin etdik. 1996-cı ildən artıq Azərbaycanın iqtisadiyyatı inkişaf edir, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür, respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət qurulubdur. Azərbaycan xalqı rahat yaşayır və müstəqilliyini qoruyub saxlayır, bundan sonra da qoruyub saxlayacaqdır. Azərbaycanın müstəqilliyinin rəmzi bizim bu üçrəngli bayrağımızdır.

Mən bayaqdan baxıram, orada deyəsən, bir gənc qızdır, bayrağı əlində tutubdur. Bayaqdan ona fikir verirəm. Sizin hamınız fikir verin. Bayrağı bir əlində tutub, külək bayrağı o tərəfə, bu tərəfə vurur, amma əlində düz saxlayıbdır.

Qızım, sənin üzünü görürəm, gözəl qızsan. Mən səni öpürəm, bağrıma basıram. Sən ki, Azərbaycanın müstəqilliyinin rəmzi olan o bayrağı o qədər sevirsən, onu əlində o cür saxlayırsan, buna görə sənə mən hörmət, ehtiramımı, sevgimi bildirirəm. Bu, xalqımızın müstəqilliyidir.

BƏXTİYAR VAHABZADƏ: Bu, şer mövzusudur.

HEYDƏR ƏLİYEV: Hə... Gördün, bax ona. Sən onu hələ görəcəksən. Mərasim başlayandan mən ona baxıram. Bəzən deyirəm, bəlkə başqa adamın əlidir. Deyirəm, bəlkə süni əldir. Görürəm, yox, özü də qızdır. Heyranam, heyranam. Bu bayraq Azərbaycan dövlətinin göylərində daim dalğalanacaq və heç vaxt enməyəcəkdir!

Bax, mən Şəkini belə bir əhval-ruhiyyədə görəndə düşünürəm: Bəli, budur müstəqilliyimizin bizə verdiyi nemət, töhfə, bizə bəxş etdiyi xoşbəxtlik budur. Bu yolda vuruşmaq da, döyüşmək də, əziyyətlərə qatlaşmaq da lazım idi ki, bunu əldə edək. İndi vəzifəmiz bu müstəqilliyi qoruyub saxlamaqdır. Biz bunu saxlayacağıq, mən buna inanıram. Mən o sözləri şüar naminə demədim. Bayraq dalğalanacaq, müstəqil dövlətimiz yaşayacaqdır. Çünki biz Azərbaycanda elə bir cəmiyyət yaratmışıq ki, insanların əksəriyyətində dövlət müstəqillimizə o qədər inam, o qədər sevgi, məhəbbət yaratmışıq ki, indi heç kəs Azərbaycanın dövlət müstəqilliyini əldən verməyə razı olmaz. Kimsə bunu edərsə, biz onun qarşısını dərhal alacağıq. Ona arxayın ola bilərsiniz.

Yenə də deyirəm, indi respublikamız inkişaf edir. Biz inkişaf dövründəyik, problemlərimiz, çətinliklərimiz də var. Mən bu gün rayon rəhbərliyi ilə görüş keçirəcəyəm. Problemlərə, çətinliklərə baxacağıq. Ancaq nə edək, bu, keçid dövrüdür. Bu dövrdə çətinlik də, problem də, hər şey olacaqdır. Bunlarsız mümkün deyil, hər şey hamar gedə bilməz. Bir də ki, onun heç ləzzəti olmazdı. Bir şeyə nail olmaq üçün gərək çalışasan, vuruşasan, ondan sonra deyəsən ki, bəli, bunun nəticəsini gördüm və necə deyərlər, rahatlıq, iftixar hissi ilə ondan istifadə edəsən. Bax, belədir. Biz müstəqillimizin möhkəmlənməsi üçün çalışırıq və bundan sonra da çalışacağıq.

Onu bilməlisiniz ki, iqtisadiyyatımız inkişaf edir. Burada problem yoxdur və Müstəqil Dövlətlər Birliyi içərisində Azərbaycan iqtisadiyyatın inkişafına görə hamısından üstündür. Bizim böyük neft strategiyamız var, onu həyata keçiririk. Onun nəticəsində artıq Azərbaycanın gəlirləri çoxalır. Bu yaxınlarda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsinin həyata keçirilməsinə başladıq. O, üç ilə tikiləcəkdir. Azərbaycanda 3-4 ilə kimi neft hasilatı bir neçə dəfə artacaq və Bakı-Tbilisi-Ceyhan kəməri ilə Türkiyəyə, onun Ceyhan limanına gedəcəkdir. Bunların hamısı Azərbaycan xalqına yeni gəlirlər gətirəcəkdir. Yəni bir neçə ildən sonra Azərbaycan çox varlı, zəngin, güclü bir dövlətə çevriləcəkdir. Biz bunun üçün hər il çalışırıq və çalışmalıyıq. Əgər biz 1994-cü ildə neft strategiyasının həyata keçirilməsinə başlamasaydıq, ilk müqaviləni – “Əsrin müqaviləsi”ni, ondan sonra o biri müqavilələri imzalamasaydıq və bunları ardıcıl surətdə, əzmlə həyata keçirməsəydik, indi bizim bu nəticələrimiz də, bu iqtisadiyyatımız da, gəlirlərimiz də olmazdı.

İndi biz Milli Məclisdə gələn ilin büdcəsini müzakirə edirik. Yaxşı büdcə layihəsi hazırlamışıq. Onu deyə bilərəm ki, büdcənin yarıdan çoxu sosial məsələlərə ayrılıbdır. Bu, böyük nailiyyətdir.

 

 

2003-cü ildə büdcədən maliyyələşdirilən bütün təşkilatlarda işləyənlərin, o cümlədən müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin və başqa sahələrin işçilərinin maaşları ciddi surətdə artırılacaqdır. Bu, büdcədə nəzərdə tutulubdur. Siz bilin, 1996-cı ildən indiyə qədər Azərbaycanda ümumi əmək haqqı 3,4, pensiyalar 3,3 dəfə artıbdır. Başa düşürsünüzmü? Bu qədər artımdan sonra biz maaşları yenə artırırıq. Maaşları hər il artırırıq. Ona görə ki, bizim iqtisadiyyatımız inkişaf edir. Arxayın ola bilərsiniz, bu inkişaf davam edir və edəcəkdir. Olan çətinliklər aradan götürülür və götürüləcəkdir.

Məsələn, elektrik enerjisi çatışmazlığı var. Bu çatışmazlıq burada da var. Amma bilin, bu müstəqillik dövründə biz neçə elektrik stansiyası tikdik. Yenikənd Su Elektrik Stansiyasını tikdik, oradan təxminən 117 meqavat elektrik enerjisi alırıq. Ondan sonra Bakıda 90 meqavatlıq İstilik Elektrik Mərkəzini tikdik. İndi Bakıda “Şimal” Dövlət Rayon Elektrik Stansiyasını tikirik. 400 meqavatlıq bu stansiyanı dekabr ayında istifadəyə verəcəyik. Təsəvvür edin, bizimlə qonşu dövlətlərimiz var, - Gürcüstan, Ermənistan... Xüsusən Gürcüstan qaranlıqda batır. Amma bizim hələ keçmişdə, sovet vaxtında yaratdığımız, - iftixar hissi ilə deyirəm ki, mən o illərdə bunun üçün çox çalışmışam, - nə qədər böyük elektrik stansiyalarımız var. Onlar olmasaydı, biz indi elektrik enerjisini haradan alacaqdıq. Keçmişdə biz SSRİ-nin vahid elektrik şəbəkəsinə qoşulmuşduq. Elektrik enerjisini oradan alırdıq. Amma o illərdə biz elektrik stansiyaları tikdik. Özümüz üçün müstəqil elektrik enerjisi mənbəyi yaratdıq. O, bizə kömək edir. Ondan da əlavə, müstəqillik illərində görün neçə elektrik stansiyası tikmişik. Bunları yaradırıq və elektrik enerjisi ilə təminat getdikcə artacaqdır. Hamısı birdən olmur. Bizim fikrimiz var ki, “Şimal” elektrik stansiyası kimi 400 meqavatlıq daha bir stansiya da tikək. Onun yeri var və biz kredit alıb bunun tikintisinə başlaya biləcəyik. Yəni demək istəyirəm ki, bütün bu çətinliklər aradan götürülür və götürüləcəkdir. Buna arxayın ola bilərsiniz.

Mən bilirəm, Şəkidə işsizlik var, bunu da aradan götürmək lazımdır. Biz bazar iqtisadiyyatı yolu ilə gedirik. İndi biz yeni müəssisələr, dövlət müəssisələri yarada bilmərik. Buradakı ipək kombinatında vaxtilə 6-7 min nəfər işləyirdi. O vaxt da Azərbaycanın rəhbəri indi sizin qarşınızda duran Heydər Əliyev idi. Elədirmi? O vaxt mən orada yeni, böyük bir sex yaratdım ki, son məhsul alaq. Bunların hamısını etdik. Amma indi sovet sistemi, SSRİ dağılandan sonra başqa çox şeylər də dağıldı. İndi kombinatda bərpa işləri aparırıq. Oraya xeyli vəsait buraxmışıq. Həmin vəsaitin ayrılması nəticəsində xeyli adam orada işləyir. Biz onu daha da genişləndirəcəyik. Amma bizim yolumuz o deyildir. Bizim yolumuz sahibkarlığı inkişaf etdirməkdir.

Şəkililər keçmişdə həmişə ticarətlə yaxşı məşğul olublar. Yenə də deyirəm, sənətkar olublar, çox şeyi özləri istehsal ediblər, satıblar. Şəki Azərbaycanda həmişə ticarət mərkəzi kimi tanınıbdır. Burada Gürcüstanla, İranla ticarət aparıblar. Burada ticarətə meyl çoxdur. Yəni sahibkarlığa da meyl yüksəkdir.

İqtisadiyyat naziri buradadır. O, bu gün məlumat verəcəkdir. Mən sahibkarlığın inkişafı haqqında çox Fərmanlar vermişəm. Kiçik sahibkarlar üçün indi kreditlər ayrılır. Kredit götürüb iş qurmaq, müəssisə yaratmaq olar. Şəkililər gərək öz xüsusiyyətlərini büruzə versinlər. Yoxsa, keçmiş sovet dövründə olduğu kimi, gedib işlədin-isləmədin maaşını aldın, gəlib oturdun- indi belə şey olmaz. İndi gərək işləyəsən, çalışasan, zəhmət çəkib qazanasan, yaşayasan.

İndi sizinlə danışıram, yadıma düşür ki, sizin Kiş çayınız var. Bu çay Şəkini neçə dəfə dağıdıbdır. Tarixdə bu, neçə dəfə olubdur. Bir dəfə, XVII əsrdə Kiş çayına elə sel gəlib ki, bütün Şəkini dağıdıbdır. Ondan sonra camaat gedib yuxarıda özünə məskən salıbdır. Ondan sonra Nuxa yaranıbdır. Bir dəfə də Kiş çayı bizim vaxtımızda, müstəqilliyimiz illərində buraları basdı. Bir az qabağını aldıq. Sonra mən də məlumatlar vardı, bizim hörmətli Bəxtiyar Vahabzadə də mənə müraciət etdi ki, əgər belə getsə, Kiş çayı Şəki şəhərini dağıdacaqdır. Onda mən qəti tədbirlər gördüm və bilmirəm, deyəsən, 19 milyard manat vəsait ayırdıq. Orada möhkəm bəndlər tikildi, körpü salındı. Demək, Şəkini Kiş çayından qoruduq. Şəki bir də Nuxaya çevrilməyəcəkdir.

İndi bunu nə üçün deyirəm, nə üçün yada salıram? O şey ki, mümkündür, biz onu edirik. Baxmayaraq ki, o vəsaiti də biz haradansa kəsdik, buraya verdik. Çünki bunu etmək lazım idi. O şey ki, mümkün deyil, bu gün edə bilmirik, amma onu sabah edəcəyik. Sabah da etməsək, o biri gün edəcəyik. Bunu bilin. Sizin hamınız böyük nikbinliklə yaşamalısınız ki, gələcək bundan da yaxşı olacaqdır. Bax, bu komplekslər onu göstərir ki, gələcək yaxşı olacaqdır. Bu, gələcəyə yönəldilmiş bir kompleksdir.

Şəkidə böyük memarlıq abidələri, binalar, bütün dünyada məşhur olan Xan sarayı var. Amma indiyə qədər Şəkidə belə bir nəhəng kompleks tikilməyibdir. İndi bu, kimin üçün tikilibdir? Millət üçün, xalq üçün, gənclər üçün tikilibdir.

Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq. Bu gün dövləti, milləti idarə edirik, amma sabahı düşünməliyik. Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq. Fiziki çəhətdən sağlam, mənəvi, əqli, cəhətdən sağlam, düşüncəli gənclər hazırlamalıyıq. Bunlar da məhz bu cür kömplekslərdə yaranır. Bu, gəncləri narkotiklərdən, spirtli içkilərdən istifadə etməkdən çəkindirəcəkdir. Burada, Şəkidə hələ keçmişdə tiryəkçilər, tiryək çəkənlər də olubdur. Elədirmi? Şəki elə vaxtilə bir az bununla da məşhur idi ki, burada tiryək çəkərdilər. Bu, qədim vaxtlarda olubdur. Amma olan olubdur. Hər yerin bir xüsusiyyəti var. İndi biz gənclərimizi bunların hamısından qoruyuruq və qorumalıyıq. Çünki indi narkomaniya dünyada bir hal alıbdır. Təkcə narkomaniya deyil, başqa pis adətlər, yaxud spirtli içkilərdən istifadə etmək, başqa şeylər... Yenə də deyirəm, lazımdır ki, gənclər, fiziki çəhətdən sağlam olsunlar. Bu kompleksdə gənclər üçün bunu təmin etmək mümkün olacaqdır. Ona görə bunun həm böyük siyasi, həm də iqtisadi, həm sosial əhəmiyyəti var.

Şəhər İcra Hakimiyyətinin başçısı mənə danışdı ki, bu kompleksin tikintisində 400 nəfər insan, özü də ayda 500 min manatdan 4 milyon manatadək əmək haqqı almaqla burada işləyiblər. Deməli, burada iş yerləri olubdur. İndi bu kompleksin istismarı zamanı burada 120 nəfərdən çox adam işləyəcəkdir, onlar maaş alacaqlar. Görürsünüzmü, birdən-birə bu kompleks neçə məsələni həll edir. Ona görə də mən elə bilirəm ki, bu kompleksin Şəki üçün heç əvəzi yoxdur. Bunu cəmisi 10 ay, yaxuddaki bir il müddətində, qısa vaxtda bu cür keyfiyyətlə qurub yaratmaq, onu göstərir ki, Azərbaycan xalqı nələrə qadirdir. Bu kompleksin xüsusiyyəti odur ki, orada gözəl evlər düzəldiblər, buraya gələn idmançılar istirahət edə biləcəklər. Onların birində mən gecə istirahət etdim, çox yaxşıdır. Əgər mənim kimi adam orada yaxşı istirahət edə bilirsə, 18 yaşında gənc elə istirahət edəcək ki, heç əvəzi olmayacaqdır.

Bizim Milli Olimpiya Komitəsi son illərdə, doğrudan da, çox böyük işlər görür. Biz bu yaxınlarda Milli Olimpiya Komitəsinin 10 illik yubileyini qeyd etdik. Amma onun həqiqi fəaliyyəti son beş ildədir. İdmançılar İlham Əliyevi özlərinə başçı, prezident seçəndən sonra, o, elə böyük həvəslə, elə böyük ruh yüksəkliyi ilə, elə məhəbbətlə bu işdən yapışıbdır ki, onu bundan heç cür ayırmaq mümkün deyildir. Bu da təsadüfi deyildir.

Birincisi, cavan insan kimi o, gənçlərin tələbatını yaxşı bilir. İkincisi də, gənc siyasətçi kimi yaxşı bilir ki, ölkəmizin gələcəyi, respublikamızın gələcək həyatı gənclərdən asılıdır və onlardan ötrü də şərait yaratmaq lazımdır. Müstəqil dövlətimiz üçün bunun çox böyük əhəmiyyəti var.

Mən Milli Olimpiya Komitəsinə təşəkkür edirəm ki, belə işlər görür və ümidvaram ki, bu iş bundan sonra da davam edəcək, Azərbaycanın başqa bölgələrinə də yayılacaqdır.

Mən inanıram ki, birincisi, şəkililər bu kompleksdən səmərəli istifadə edəcəklər. İkincisi, bu kompleks öz gözəlliyi ilə, müasir şəraiti ilə gəncləri daha da tərbiyələndirəcəkdir. Onların mənəvi səviyyəsini artıracaqdır. Üçüncüsü də, dediyim kimi, bizim gələcəyimizə sağlam nəsil hazırlayacaqdır.

İdman cəmiyyət üçün ən vacib sahədir. İdmanla məşğul olan hər bir insan, hətta adi bədən tərbiyəsi ilə məşğul olan hər kəs tamam sağlam olur. Sağlam olmaq üçün həkimə müraciət etmək, dəva-dərman qəbul etmək, iynə vurdurmaq lazım deyildir. Sadəcə, hər gün idmanla məşğul olun. Mən bir dəfə demişəm, yenə deyirəm: mən gənc vaxtlarımdan idmanı sevmişəm, idmanla məşğul olmuşam, bu gün də məşğul oluram. Ona görə də, görürsünüz, sizin qabağınızda belə dayanmışam. Ona görə hamınızı idmanla məşğul olmağa dəvət edirəm. Özü də burada gənclərin öz yeri, orta nəslin, yaşlı nəslin də öz yeri var. O cümlədən Abid Şərifova da deyirəm ki, idmanla məşğul ol. Çünki onun çəkisi bir az artıqdır, onu azaltsın.

İdman eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir. Biz müstəqil dövlətik. İstəyirik ki, bizi hər yerdə tanısınlar, hər yerdə bilsinlər ki, Azərbaycan nəyə qadirdir və nədən ibarətdir. Bunu biz çox vasitələrlə edirik. Bu vasitələrdən biri bizim mədəniyyətimizdir. Məsələn, bizim musiqimiz, ədəbiyyatımız, teatrımız, yaxud mahnılarımız – dünyaya bizi ən çox tanıdan bunlardır. İdman da, bəli, indi dünyada çox geniş yer tutubdur. Müxtəlif yarışlar keçirilir. İlham Əliyev burada dedi, qısa müddətdə yarışlarda nə qədər uğurlar qazanılıbdır. Bunun xüsusiyyəti bir də ondan ibarətdir ki, hər bir idmançı əgər birinci, ikinci, hətta üçüncü yer tutursa, onun mənsub olduğu ölkənin milli bayrağı qaldırılır, birinci yer tutanın şərəfinə dövlət himni ifa olunur.

Sizə bir şeyi bildirmək istəyirəm. Xarici ölkələrdə təkcə Azərbaycanın yox, hər bir dövlətin o halda himni səslənir və bayrağı qaldırılır ki, oraya hansısa dövlətin başçısı rəsmi səfərə gəlmiş olsun. Məsələn, mən, Azərbaycan Prezidenti bir ölkəyə rəsmi səfərə gedəndə, bəli, Azərbaycanın bayrağı qaldığım iqamətgahın üzərində ucaldılır, rəsmi qəbul mərasimində Azərbaycanın himni səslənir və dövlət bayrağı qaldırılır. Başqa heç bir vaxt belə şey olmur.

Amma idman sahəsində beynəlxalq yarışda da birinci, ikinci, üçüncü yerləri tutan idmançıların mənsub olduqları ölkələrin bayraqları qaldırılır, birinci yeri tutan idmançının ölkəsinin həm də dövlət himni səsləndirilir. Görürsünüzmü, bunun nə qədər əhəmiyyəti var. Bu, məsələnin siyasi tərəfidir, millətimizi tanıtmaqla bağlı olan tərəfdir. Amma digər tərəfi haqqında da mən sizə danışdım.

Bizim gənclərimiz ona görə sağlam olmalıdırlar ki, ordumuz güclü olsun. Mən sizə deyə bilərəm ki, son illər Azərbaycanda aparılan işlər ölkəmizin ordusunu gücləndiribdir. Bizim ordumuz indi Azərbaycan torpaqlarını qorumağa və Azərbaycana qarşı hər bir hərbi təcavüzün qarşısını almağa qadirdir.

Ancaq onu bilmək lazımdır ki, hər bir müstəqil dövlətin gərək daim güclü ordusu olsun. Azərbaycanın da güclü ordusu var, amma bundan da güclü, bundan da yüksək səviyyədə olmalıdır. Ona görə Azərbaycanda gərək sağlam gənclər yetişsin. Azərbaycan ordusunda fiziki cəhətdən sağlam gənclər xidmət edəcəklər və onu gücləndirəcəklər. Mən dedim ki, bizim ordumuz qarşısında duran vəzifələri həll etməyə qadirdir.

İndi bizim problemlərimizdən ən çətini, ən ağırı Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasıdır. Bu münaqişə sizə məlumdur. Bunun Azərbaycana vurduğu zərbələr də, çəkdiyimiz zərərlər də sizə məlumdur. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyondan artıq insan yerindən-yurdundan didərgin düşüb, ağır, çətin vəziyyətdə, əksər hissəsi də çadırlarda yaşayır. Səkkiz ildir ki, atəşi dayandırmışıq, bu, özü yaxşı haldır. Səkkiz ildir bizim gənclər şəhid olmurlar. Bu, böyük nailiyyətdir. Ancaq eyni zamanda, biz atəşi dayandırmışıq ki, məsələni sülh yolu ilə həll edək. Həll etməyə çalışırıq. Dünyada, beynəlxalq təşkilatlarda olan bütün imkanlardan istifadə edirik. ATƏT-in Minks qrupu ilə daim əməkdaşlıq edirik. Böyük dövlətlərin başçıları ilə mən vaxtaşırı görüşlər keçirirəm. Bütün sahələrdə danışıqlar aparırıq. Münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Əminəm ki, həll edəcəyik. Buna zaman, vaxt lazımdır. Azərbaycan torpaqlarını heç vaxt əlindən verə bilməz. Biz işğal olunmuş torpaqlarımızı nəyin bahasına olur-olsun, mütləq qaytaracağıq. Azərbaycanın ərazi bütövlüyü bərpa oludnacaq və yerindən-yurdundan didərgin düşən soydaşlarımız öz yerlərinə qayıdacaqlar. Biz bunu edəcəyik. Mən buna inanıram, siz də inanın. Hamımız bir yerdə, əl-ələ verərək bunu etməliyik.

Əziz dostlar, bu gün, əgər sadə sözlə desəm, mənim kefim çox yaxşıdır. Bilirsiniz, Prezidentin işi çətindir, ağırdır. Bəzən olur əsəbiləşirəm, bəzən iş məni sıxır. Amma bu gün burada çox yaxşı əhval-ruhiyyədəyəm, sizdən ilham alıram. Bu insanları, sizi görürəm. Azərbaycanın nə qədər gözəl insanları var. Elə bütün nəsillər – gənclər, yaşlılar , qızlar, oğlanlar, qadınlar, kişilər gözəldir. Nə qədər gözəl millətimiz var. Vallah, bu millətə mənsub olmaq böyük bir xoşbəxtlikdir. Bu millətin dərdini çəkmək dərd deyil, xoşbəxtlikdir.

Məmnunam ki, xalq mənə etimad göstərir, millətin dərdini də çəkirəm, əziyyət də çəkirəm, çox çətin işlərim də var. Amma məni həmişə bir şey ruhlandırır ki, belə xalqımız var, millətimiz var, belə gözəl, Azərbaycan kimi ölkəmiz, Azərbaycan dilimiz, Azərbaycan ədəbiyyatımız, Azərbaycan mədəniyyətimiz var. Bax, bu hisslərlə də mən bu gün sizinlə burada görüşürəm. Bir daha sizin hamınızı salamlayıram. Sizi öpürəm, bağrıma basıram, sizin hamınıza çansağlığı diləyirəm. Arzu edirəm ki, bu gözəl kompleksdən hamı istifadə edib, özünü sağlamlaşdırsın. Sağ olun. Bugünkü bu münasibətinizə görə sizə təşəkkür edirəm. Bu, bayramdır, bayramınız mübarək olsun!

\Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi böyük maraqla dinlənildi və dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı\.

XXX

Olimpiya idman kompleksinin istifadəyə verilməsinə həsr olunmuş mərasimi Şəki şəhər icra hakimiyyətinin başçısı Əşrəf Məmmədov açdı.

- Çox hörmətli möhtərəm Prezidentim!

Milli liderimiz zati-aliləri cənab Heydər Əliyev!

İcazə verin, Sizi 200 minlik Şəki camaatı adından salamlayım və “Şəkimizə xoş gəlmisiniz!” deyim.

Azərbaycan gəncliyinin sevimlisi və ortaqsız lideri bu böyük Olimpiya İdman kompleksini, bu mədəni mərkəzi ucaldaraq şəkililərə, gəncliyə öz məhəbbətini əyani ifadə etmiş İlham Əliyev, icazə verin, sizə “Xoş gəlmisiniz!” deyim.

Xalqımızın milli mədəniyyətinin formalaşmasında, yaşadılmasında və yeni nəsillərə çatdırılmasında xüsusi payı olan Şəkimiz bu gün öz qismətinin ən mübarək anını yaşayır. Şəki tarixən mədəni, iqtisadi və siyasi həyatın ən fəal yaşantısı olan bir yer olmuşdur. Həmin dünyamızın o dövründən gələn tanınmış məşhur adamların, hər şeydən əvvəl, xadimlərin başlıca qayəsi öz xalqlarının, öz dövlətlərinin mənafeyi olmuşdur. Onların heç biri müstəqil Azərbaycanımızın, Azərbaycan dövlətinin təmsilçisi olmamışlar. Lakin Şəkinin bütün tarixində birinci dəfə olaraq buraya Azərbaycanın, müstəqil Azərbaycanın, müstəqil Azərbaycan millətinin ümummilli lideri, siyasi lideri, onun əbədi seçilmiş Prezidenti Heydər Əliyev gəlmişdir. Heydər Əliyev öz xalqının böyüklüyünü birinci növbədə özünə tanıdan, sonra isə onu bütün dünyaya tanıdan böyük liderdir.

Amma mən də deyirəm, möhtərəm Prezidentim, Siz Azərbaycan xalqını çox istəyirsiniz. Bu, hamıya məlumdur. Azərbaycan xalqı da Sizi çox istəyir. Amma mən bu gün çox səmimi olaraq söyləyirəm: Şəki camaatı Sizi hamıdan çox istəyir. Siz də Şəki camaatını hamıdan çox istəyirsiniz.

Şəkillilər və Heydər Əliyev bunu dəfələrlə sübut etmişlər. Mən bir misal çəkəcəyəm. 1992-ci ildə yaş senzini ortaya gətirərək, Konstitusiyada bir sədd çəkmişdilər və o səddin nəticəsində cənab Heydər Əliyevi seçkilərə buraxmaq istəməmişdilər. Şəkidə seçkilər keçirilərkən qutulardan nə az, nə çox - Heydər Əliyevin adı yazılmış 24 min bülleten çıxmışdı. Məhəbbətin bundan böyük ifadəsi olarmı?

Cəmiyyətdə ictimai-siyasi sabitliyin bərqərar olmasından, vətənin parçalanmasını, millətin parçalanmasını xilas etməkdən keçən Heydər Əliyev yolu artıq sosial güzəranımızın, iqtisadi güzəranımızın yaxşılaşmasından da keçir. Artıq nəinki Bakıda, mərkəzdə, əyalətlərdə, o cümlədən Şəkidə də iqtisadi dircəliş, sosial dircəliş göz önündədir. Bu böyük, bu möhtəşəm kompleks bunun əyani misalıdır.

Çox yaxın keçmişdə, 1993-cü ildə ölkəmizi idarə edənlərin diletant səviyyəsi daxildən olan satqınların fəallaşmasına şərait yaratdı. Onlar isə Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrlə birləşərək, ikinci dəfə əldə etdiyimiz müstəqilliyimizi itirmək təhlükəsi yaratdılar. Məhz bu vaxt Azərbaycan xalqı öz seçimini etdi. Azərbaycan xalqı yetirdiyi böyük oğlunu, Heydər Əliyevi hakimiyyət başına gətirdi.

HEYDƏR ƏLİYEV: Gəl, Heydər Əliyev haqqında sözləri qurtar. Çünki sən dedim ki, Heydər Əliyevi gətirdiniz, seçdiniz, Heydər Əliyev də buradadır. İndi başqa şeylər haqqında danış.

ƏŞRƏF MƏMMƏDOV: Son beş ildə, Milli Olimpiya Komitəsinə İlham Əliyevin başçılıq etdiyi dövrdə Azərbaycan idmanının, Azərbaycan gəncliyinin gələcəyinə göstərilən xidmət insanların yaddaşında tarixi hadisə səviyyəsinə yüksəlir. İndi burada açılışına toplaşdığımız misli görünməmiş Olimpiya kompleksi buna əyani misal ola bilər. Xalqımızın sevimlisi və gənclərin lideri İlham Əliyevin təşəbbüsü və gündəlik təşkilatçılığı ilə tikilən, bu gün açılışına toplaşdığımız Olimpiya idman kompleksi yüz illər ötsə də, şəkililərə həyati və tarixi xidmətini zaman-zaman göstərəcəkdir. Gəncliyin mənəvi və fiziki sağlamlığını təmin edəcək, onu yad ideologiyanın təsirindən qoruyacaq, bölgəmizdə turizmin inkişafına səbəb olacaqdır. Xalqımızın fikir dünyasının klassiki olan Bəxtiyar Vahabzadənin təbirincə desək, İlhamın başladığı bu iş Şəkidə bir canlanma yaratdı. Mən əminəm ki, bu canlanma gündən-günə artacaq və həyatımızın daha yeni-yeni sahələrinə nüfuz edəcəkdir.

Bu tikinti ilə bağlı İlham Əliyev iki dəfə Şəkiyə gəlmiş, ağsaqqallarımızla, gənclərimizlə, Şəkinin rəhbər işçiləri ilə çoxsaylı görüşlər keçirmiş və məsləhətləşmələr aparmışdır. Tikinti üçün şəhərin müxtəlif yerlərində yeddi yer təklif olunmuşdu. O, həmin yerlərin hamısını gəzdi, insanlarla görüşdü və ən düzgün qərar qəbul etdi. Bu, camaatımıza son dərəcə xoş təsir bağışladı. Biz ona şəhərimizdə tikintisi yarımçıq qalmış bir binanın yenidən qurlmasını da təklif etmişdik. O, həmin binaya baxdıqdan sonra dedi: “Əşrəf müəllim, bu bina Şəkimizə yaraşmır. Biz Şəkimizə yaraşan möhtəşəm bir olimpiya kompleksi yaradacağıq”.

Şəkidə olarkən, digər məsələlərlə də maraqlanan İlham Əliyevə söylədim ki, həmin gün iki gənc suda boğularaq faciəli surətdə həlak olmuşdur. O, səbəbini soruşduqda dedim ki, Şəkidə üzgüçülüyü öyrətməyi bacarmırıq. Dağ çayları olduğundan, bunu etmək mümkün deyildir.

İlham müəllim Bakıya qayıtdıqdan sonra buraya böyük bir qrup göndərdi və onlar layihəyə əlavə edərək, Şəkidə Bakıda da olmayan olimpiya təmayüllü üzgüçülük hovuzunun tikilməsini təmin etdi.

Budur, onun insanlığa məhəbbətinin əyani ifadəsi, budur insan taleyinə qayğısının nümunəsi. Bir sözlə, onun qəlbində insanlara məhəbbət yuva salmışdır. İlham Əliyevin səsinə səs verən şəkililər burada, Olimpiya kompleksinin qarşısında, bu kompleksi bir növ tamamlayan, Olimpiya meydanını yaratmışlar. Bir il ərzində minlərlə şəkili fəal, ardıcıl surətdə çalışaraq, bu kompleksin tikilməsinə öz xidmətlərini göstərmişdir.

Açıq danışsaq, sovet dönəmində nəinki Şəki rayonunda, heç Azərbaycanda belə bir sosial obyektin tikilməsi planlaşdırılmazdı. Əgər planlaşdırılsa belə, onu on ildən az bir müddətdə tikib istifadəyə vermək olmazdı. Lakin bu binanın bünövrəsi keçən il noyabrın 17-də qoyuldu, ondan sonra gərgin iş getdi və İlham Əliyevin gündəlik təşkilatçılığı sayəsində bu möhtəşəm kompleksi çox qısa müddətdə keyfiyyətlə tikib istifadəyə verə bildik.

Əziz camaatımız, mənə elə gəlir ki, bu tarixi, şərəfli anda bu kompleksi, necə deyərlər, məhəbbətin şəkililərə ifadəsi olaraq yaratmış insanı, gəncliyin sevimlisini, Azərbaycan gəncliyinin lideri İlham müəllimi dinləsək, hamımızın ürəyincə olar.

MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Əziz şəkililər!

Bu gün Azərbaycanın idman həyatında çox əlamətdar bir gündür. Bu gün Şəkidə yeni, müasir Olimpiya idman kompleksi açılır və idmançıların sərəncamına verilir. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.

Bu kompleks ən yüksək dünya standartlarına cavab verir. İki böyük salondan ibarətdir, eyni zamanda, üzgüçülüklə məşğul olmaq üçün hovuzu da var. İdmançıların istirahəti üçün burada kotteclər, yaşayış binaları da nəzərdə tutulubdur. Burada həm təlim-məşq toplanışları, həm də ən yüksək səviyyəli beynəlxalq yarışlar keçirmək mümkün olacaqdır. Biz artıq Azərbaycanın müxtəlif idman federasiyalarından xahiş etmişik ki, Azərbaycan cempionatlarını məhz bu kompleksdə keçirsinlər. Əşrəf müəllimin dediyi kimi, təxminən bir il bundan əvvəl Şəkidən Milli Olimpiya Komitəsinə müraciət gəldi ki, biz burada inşası yarımçıq qalmış bir idman qurğusunu bərpa edək. Biz mütəxəssisləri göndərdik və bütün məsələləri təhlil edəndən sonra belə bir qərara gəldik ki, o köhnə, demək olar ki, dağılmış vəziyyətdə olan idman qurğusunun əvəzinə, Şəkidə yeni, müasir, Şəkiyə yaraşan və eyni zamanda, ona əlavə yaraşıq verən bir idman kompleksi tikək. Qısa müddət ərzində biz bunu yaratdıq və bu gün kompleks açılır, idmançıların sərəncamına verilir.

Bu, Milli Olimpiya Komitəsinin beşinci tikdiyi idman kompleksidir. Bundan əvvəl Bakıda, Maştağa qəsəbəsində, Naxçıvanda, Gəncədə yeni idman kompleksləri açıldı və indi idmançılar onlardan çox səmərəli istifadə edirlər. Mən əminəm ki, burada da Şəki camaatı, idmançılar, uşaqlar, gənclər bu kompleksdən çox səmərəli istifadə edəcəklər. Çünki bu kompleksdə hər cür şərait var və burada gözəl vaxt keçirmək, istirahət etmək, idmanla məşğul olmaq mümkündür.

Biz istəyirik ki, Azərbaycanda idmanla məşğul olmaq kütləvi xarakter alsın. Cünki idman sağlamlıq deməkdir, sağlam həyat tərzi deməkdir və biz çalışırıq ki, hər bir insan, hər bir uşaq, hər bir gənc idmanla məşğul olsun, öz fiziki sağlamlığını möhkəmləndirsin. Beləliklə də Azərbaycanda idman kütləvi xarakter alsın. Bu proses də gedir və son illər ərzində idman bölmələrinə müşahidə olunan axın bunu bir daha sübut edir ki, idman artıq Azərbaycanın ictimai-siyasi həyatının çox güclü bir amilinə çevrilmişdir.

Biz bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Belə gözəl, yaraşıqlı idman komplekslərini Azərbaycanın digər bölgələrində də inşa edəcəyik. Hazırda Lənkəranda və Qubada da yeni idman kompleksləri inşa edilir. Bərdə şəhərində isə idman kompleksi hazırdır, orada son tamamlama işləri aparılır.

İdmanda yüksək nəticələr də hər bir ölkə üçün, hər bir dövlət üçün vacibdir. Çünki idmanda qazanılan nəticələr ölkənin ümumi inkişaf səviyyəsini, potensialını göstərir. Buna görə də Milli Olimpiya Komitəsinin fəaliyyətinin digər istiqaməti ondan ibarət idi ki, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda çıxışlarını təmin edək, məşqləri üçün gözəl şərait yaradaq və əlimizdən gələni edək ki, onlar yüksək nəticələr göstərsinlər. Bu, belə də oldu. Deyə bilərəm ki, son beş il ərzində Azərbaycan idmançıları olimpiya oyunlarında, dünya və Avropa cempionatlarında, müxtəlif beynəlxalq yarışlarda 800-dən çox medal, o cümlədən 300-dən çox qızıl medal qazanıblar. Bu, çox böyük nəticədir.

Təsadüfi deyil ki, bizim Milli Olimpiya Komitəsinin 10 illik yubileyinə həsr edilmiş təntənəli tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti demişdir ki, Azərbaycan artıq dünyanın aparıcı ölkələri sırasındadır. Eyni zamanda, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti beynəlxalq konfransda öz çıxışlarının birində demişdir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyəti digər milli olimpiya komitələrinin fəaliyyəti üçün örnək olmalıdır. Bu, çox böyük qiymətdir.

Bizim fəaliyyətimizə ən böyük, ən vacib qiyməti cənab Prezident yubiley tədbirində vermişdir. O, idmançıların və Milli Olimpiya Komitəsinin fəaliyyətini çox yüksək qiymətləndirdi. Bu, bizim hamımızı ruhlandırdı. Çünki biz istəyirik ki, idmançılarımız daim qələbə qazansınlar. Əgər dövlət tərəfindən, şəxsən cənab Prezident tərəfindən idmana qayğı və diqqət olmasaydı, əlbəttə ki, biz bu uğurları qazana bilməzdik.

Biz o uğurları qazanarkən, hər dəfə Azərbaycanın milli bayrağı beynəlxalq yarışlarda qaldırılanda, Azərbaycanın dövlət himni səslənəndə hər bir azərbaycanlı, hər bir vətənpərvər insan fəxr edir, qürur hissi keçirir ki, onun nümayəndəsi belə bir qələbə qazanıbdır, ölkəsinin bayrağı qaldırılır. Mən əminəm ki, idmançılarımız gələcəkdə də doğma xalqımıza qələbə sevincləri bəxş edəcəklər.

Əziz şəkililər, bu gözəl idman kompleksinin açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm, hamınıza cansağlığı, uğurlar arzulayıram.

Sağ olun.

ƏŞRƏF MƏMMƏDOV: Hörmətli İlham müəllim, dərin məzmunlu, səmimi çıxışınıza görə Şəki camaatı adından sizə təşəkkürümü bildirirəm.

Məlumdur ki, Azərbaycan xalqı öz sevincini həmişə odun ətrafında, odun üstündən adlayaraq bölüşmüşdür. İndi isə sizdən bu sevincli anımızı yaşamaq üçün Azərbaycanımızın Şəki torpağından, məhəbbət torpağından od götürməyinizi xahiş edirik.

X X X

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev rəmzi olimpiya məşəlini yandıraraq, gənc idmançılara verdi.

Mərasim iştirakçılarının alqış sədaları altında Olimpiya meydanındakı böyük məşəl alovlandırıldı.

X X X

Sonra gənc idmançı Mehman Şükürov çıxış etdi.

- Cənab Prezident, Sizi, Azərbaycanı azərbaycanlılara qaytaran milli lideri şəhərimizdə salamlamaqdan şərəf duyuram.

Azərbaycan gəncliyinin ortaqsız lideri, hamımızın sevimlisi cənab İlham Əliyevin şəkililərə diqqət və qayğısının ifadəsi kimi qəbul olunan Olimpiya idman kompleksinin istifadəyə verilməsi hədsiz sevincimizə səbəb olmuşdur. Azərbaycanın bir çox yerlərində, o cümlədən Şəkidə belə kompleksin istifadəyə verilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, Azərbaycan gəncliyinin fiziki və mənəvi kamilliyinin yüksəlməsi, onun yad ideologiyadan qorunması üçün önəmli rol oynayacaqdır. Şəkidə infrastrukturun daha arzuedilən şəkildə dəyişməsinə səbəb olacaqdır.

Biz gənclər Sizin və İlham Əliyevin yaratdığınız bu geniş imkanlardan istifadə edərək, Azərbaycanı dünyaya tanıtmaq üçün səy göstərcəyik. Azərbaycanın müstəqilliyinin sarsılmazlığı, dönməzliyi və əbədiliyi uğrunda Sizin başladığınız xəttə dəstək olacağıq. Siz buna əmin ola bilərsiniz, əziz Prezidentim!

Fiziki cəhətdən möhkəmlənərək, Azərbaycan Ordusunda Vətənə oğul borcumuzu ləyaqətlə verəcək, torpaqlarımızın bütövlüyü uğrunda hər an öz sözümüzü deməyə hazır əsgər kimi, Ali baş komandan Heydər Əliyevin əmrinə müntəzir olacağıq.

Əziz Prezident!

Şəki Azərbaycan mədəniyyətini sadəcə olaraq qorumur, onun zənginləşməsi üçün töhfələr verən bir məkan olaraq, Azərbaycan dövlətçiliyinin qorunması üçün həmişə öz sözünü demişdir və deyəcəkdir.

Əmin ola bilərsiniz ki, memarı olduğunuz müstəqil Azərbaycan dövlətini göz bəbəyimiz kimi qoruyacağıq. Müstəqilliyimizin əbədiliyinə yönələn siyasətinizi bəyənirik və sabaha nikbinliklə baxırıq.

Azərbaycanın xoş gələcəyi naminə yorulmaz fəaliyyətinizdə Sizə daha böyük uğurlar arzulayır, şəxsi həyatınızda gümrahlıq və uzun ömür diləyirik.

ZİYALILARIN NÜMAYƏNDƏSİ ZƏRİNƏ CAVADOVANIN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

- Əziz İlham müəllim!

Hörmətli qonaqlar!

Cənab prezidentimiz, bu gün mən Azərbaycan elminin, mədəniyyətinin, ictimai-fəlsəfi fikrinin formalaşmasında özünəməxsus yeri olan, Azərbaycanın ən qədim və gözəl şəhərlərindən birində - Şəkidə Sizi salamlamaqdan çox böyük qürur hissi keçirir və son dərəcə bəxtiyar olduğumu ifadə etmək istəyirəm.

Bu günlər Şəki özünün tarixi anlarını yaşayır. Cənab Prezidentmizin iştirakı ilə bu şəhərdə əzəmətli kompleksin açılış mərasiminə toplaşmış on minlərlə həmvətənimizin keçirdiyi sevinc hisslərini sözlə ifadə etmək çətindir. Bu insanları buraya toplayan hörmətli Prezidentimizə olan sonsuz sevgi və ehtiramdır.

Tarixdə şəxsiyyətin rolu inkaredilməzdir. Dövlətləri məhvə sürükləyənlər də, məhv olmaq təhlükəsindən xilas edənlər də dövlət başçıları olubdur. Öz xalqını məhv olmaq təhlükəsindən xilas edən dövlət başçıları tarixin inkişafında milləti irəliyə doğru aparır, onun dövlətini qurur və möhkəmləndirir, başqa sözlə desək, xalqın milli varlığını qoruyub saxlayır.

Bu və ya digər problemlərin həllinə müdrikliklə yanaşma tərzinə, analitik zəkaya, böyük istedada, elmi, qlobal və konseptual baxışlarına görə özündən əvvəlki və müasir dövrdə yaşayan dövlət başçılarından fərqlənən cənab Prezidentimiz məhz belə bir tarixi şəxsiyyətdir. Dövləti sevmək, onun ifadəsi olan dövlət başçısını sevmək deməkdir. Əgər biz bu gün qurduğumuz gənc, müstəqil dövlətimizə vətəndaşlarımızda sədaqət, məhəbbət hissləri tərbiyə etmək istəyiriksə, onda dövlət başçısına da hörmət və ehtiram hissləri formalaşdırmağı bacarmalıyıq. Xalqın öz taleyini etibar etdiyi, etimad göstərdiyi dövlət başçımız məhz belə hörmət və ehtirama layiqdir. Türkiyə dövlətçiliyi Atatürkçülükdə təcəssüm tapdığı kimi, Azərbaycan dövlətçiliyi də Heydər Əliyev şəxsiyyətinə ümumazərbaycan məhəbbətində öz ifadəsini tapmışdır. Bu gün hər bir azərbaycanlı özünü xoşbəxt saya bilər ki, onun ölkəsinə məhz cənab Heydər Əliyev başçılıq edir.

XX əsrin sonunda baş verən hadisələr göstərdi ki, şüar deyən çox oldu, lakin çətin məqamda, həlledici anlarda, millətin həyati məsələləri ortaya çıxanda Heydər Əliyevdən savayı, heç kəs özünü əsl xalq lideri kimi, millət müdafiəçisi kimi göstərə bilmədi. Xalqımız üçün böyük səadətdir ki, onun Prezidenti zamanın keşməkeşlərindən çıxmış, müdrik, aqil bir şəxsiyyətdir, fədakar və sədaqətli bir insandır. Elə bir Prezidentdir ki, o, öyrənə-öyrənə idarə etmir, idarə edə-edə öyrədir. Dövlətçilik təcrübəsi toplamır, əksinə, özünün zəngin bilik və bacarığını xalqın rifahı yolunda sərf edir.

Bu gün cənab Prezidentmizin rəhbərliyi altında ölkəmizdə aparılan gənclər və qadın siyasəti yalnız dünyanın inkişaf etmiş böyük dövlətləri ilə müqayisə oluna bilər. İftixarla demək olar ki, Azərbaycanın müstəqillik əldə etməsi ölkə vətəndaşlarının hamısının, o cümlədən qadınların demokratik dövlət quruculuğu prosesində fəal iştirakı üçün hüquqi baza yaratmışdır. İnamla deyə bilərik ki, məhz indiki iqtidarın dövründə qadınlarımız dövlətimizin etibarlı müdafiəsi və himayəsi ilə əhatə olunmuşdur.

Möhtərəm cənab Prezident!

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, millət vəkili İlham Əliyevin təşəbbüsü ilə bu şəhərdə tikilən Olimpiya idman kompleksi gənclərimizə, bütövlükdə xalqımıza böyük diqqət və qayğının nəticəsidir. Bu əməl zamanın, tarixin yaddaşında həmişəlik qalacaqdır. Bu kompleksin xidmətindən istifadə edən Şəkinin hər bir sakini cənab İlham Əliyevi həmişə minnətdarlıqla yada salaraq deyəcəkdir: “Bu kompleksi öz ölkəsini qurmaqdan şərəf hissi keçirən, vətəndaşlıq borcunun nə olduğunu bilən və onu vicdanla yerinə yetirən bir insan – cənab İlham Əliyev yaratmışdır”. Biz bu tikili ilə həm də gənclərimizə vətənpərvərliyi, xalqı, torpağı təmənnasız sevməyi, mənəvi-əxlaqi baxımdan saflığı, bəşəri meyarlara və milli mentalitetə uyğun dövlət xadimliyi liderliyini məhz İlham Əliyevdən götürməyi öyrədəcəyik.

Möhtərəm cənab Prezidentimiz!

Şəkidə, sözün əsl mənasında, böyük tikinti-quruculuq işləri gedir. Bu, Azərbaycanda Sizin rəhbərliyiniz altında aparılan böyük quruculuq işlərinin tərkib hissəsidir. Şəhərimizin bir sıra sosial-iqtisadi problemlərinin həll edilməsi üçün ardıcıl iş görülür. Şəki böyüyür və abadlaşır, əhalinin elektrik enerjisinə və qaza olan təlabatının ödənilməsi yaxşılaşır. Aparılan torpaq islahatı nəticəsində kəndli öz mülkiyyətinin əsl sahibinə çevrilmiş, bu isə kənd təsərrüfatı məhsulları istehsalının artımına səbəb olmuşdur. Şəki və şəkililər Sizin rəhbər qayğınızı daim hiss etmişlər. Bu gün fəxrlə demək olar ki, məhz Sizin göstərişiniz əsasında ayrılan vəsait hesabına “Şəki-İpək” Açıq Tipli Səhmdar Cəmiyyətində yüzlərlə işçi çalışır. Bu, şəhərdə işsizlik problemini, qismən də olsa, aradan qaldırmağa imkan vermişdir.

Həmişə torpağa sədaqəti, elə hörməti və məhəbbəti ilə fərqlənən dövlət başçımıza şəkililərin hörməti və sevgisi sonsuzdur. Məşhur filosof Platon demişdir ki, dövləti ruhən əsilzadə olan adamlar idarə etməlidir. Biz çox böyük iftixarla deyə bilərik ki, şəkililər 2003-cü ildə keçirilən Prezident seçkilərində ruhən və mənən əsilzadə olan bir şəxsə -cənab Heydər Əliyevə səs verəcəklər.

Cənab Prezidentimiz tarixi çıxışlarının birində demişdir: “Artıq bizim insanlarda inam yaranıbdır. İnam yaranıb ki, Azərbaycan bir müstəqil dövlət kimi yaşayır və yaşaya bilər. İnam yaranıb ki, Azərbaycan xalqı bundan sonra da, gələcəkdə də rahat və firavan yaşayacaqdır”.

Mən isə cənab Prezidentimiz, Sizə müraciətlə demək istəyirəm: Biz Sizə inanırıq. İnanırıq ki, yaranmış sabitlik daimi olacaqdır. İnanırıq ki, Azərbaycan bundan sonra da demokratiya, sivilizasiya və tərəqqi yolu ilə gedəcək, müqəddəs torpaqlarımız geri qaytarılacaqdır. Biz Azərbaycanın gələcəyinə inanır və bu gələcəyi yalnız Sizin adınızla bağlayırıq.

Möhtərəm cənab Prezident!

Hörmətli İlham müəllim!

Bu nəhəng tikili üçün sizə bütün şəhər əhalisi adından bir daha minnətdarlığımı bildirir, möhkəm cansağlığı, Azərbaycan xalqının xoşbəxt sabahı naminə böyük uğurlar arzulayıram.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə geniş nitq söylədi. (Dövlətimizin başçısının nitqi mətnin əvvəlindədir).

X X X

Mərasimin rəsmi hissəsi başa çatdı. Azərbaycan Prezidenti Heydər Əliyev və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Şəki Olimpiya idman kompleksinin açılışını bildirən qırmızı lenti kəsdilər.

Dövlətimizin başçısı idman kompleksinin salonlarına, üzgüçülük hovuzuna baxdı, idmançıların məşqlərinə tamaşa etdi. El pəhləvanı Gəray Löymanovun məharəti böyük maraq doğurdu. O, belə bir idman kompleksinin tikilib istifadəyə verilməsinə görə Prezident Heydər Əliyevə, MOK-un prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirdi. Prezidentimizin siyasəti sayəsində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll ediləcəyinə, belə şənliklərin qədim Azərbaycan torpağı olan Qarabağda da keçiriləcəyinə əmin olduğunu söylədi.

Prezident Heydər Əliyev kompleksdə açılmış geniş sərgi ilə də tanış oldu. “Heydər Əliyev Şəkidə -1974”, “Şəki Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə”, “Şəki müstəqillik illərində”, “Heydər Əliyev beynəlxalq aləmdə”, “Azərbaycanın gələcəyi gənclərdir”, “Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı” mövzularında, Olimpiya idman kompleksi tikintisinin gedişindən bəhs edən fotostendlər əhatəliliyi ilə diqqəti cəlb edirdi.

Şəkinin el sənətkarlarının əl işləri – Prezident Heydər Əliyevin, MOK-un rəhbəri İlham Əliyevin ipəkdən toxunmuş portretləri, şəbəkələr, təkəlduz sənəti nümunələri sərgiyə əsl yaraşıq verirdi. Şəki Əlillərə Qayğı İctimai Birliyinin sədri, rəssam Güləndam Alxasova və təkəlduz ustası Ülviyyə Məmmədova dövlətimizin başçısı Heydər Əliyevə və MOK-un prezidenti İlham Əliyevə hədiyyələr təqdim etdilər.

Sonra kompleksin açılışı münasibətilə böyük konsert oldu. Şəkinin özfəaliyyət kollektivləri maraqlı və rəngarəng proqramla çıxış etdilər, uşaqlar və gənclər idmanın müxtəlif növləri üzrə təmrinlər göstərdilər. Bədii hissə dövlətimizin başçısına həsr olunmuş mahnının ifası ilə başa çatdı.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdən sonra Şəkinin mərkəzində yerləşən “Teatr meydanı”na gəldi. Şəkililər dövlətimizin başçısını burada böyük mehribanlıqla qarşıladılar. Prezident Heydər Əliyev şəhər sakinləri ilə səmimi görüşdü, onların qaşısında çıxış etdi.

Sonra incəsənət ustalarının, özfəaliyyət kollektivlərinin konserti oldu. Prezidentə həsr olunmuş “El atası” mahnısı alqışlarla qarşılandı.

X X X

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev “Şəki-İpək” Açıq Tipli Səhmdar Cəmiyyətinə gəldi.

Şəkidə ipəkçiliyin, ipək sənayesinin zəngin tarixi var. Vaxtilə Sovet İttifaqında bu sahədə ən böyük müəssisə sayılan Şəki ipək kombinatı isə 1931-ci ildə yaradılmışdı.

Müəssisənin əməkçiləri dövlətimizin başçısını hərarətli alqışlarla, səmimiyyətlə qarşıladılar.

Prezident Heydər Əliyev ipəkçilərlə səmimi görüşdü. Səhmdar cəmiyyətinin sədri Elman Qarayev respublikamızın rəhbərinə məlumat verərək bildirdi ki, hazırda burada 700-ə yaxın işçi çalışır və gələcəkdə onların sayı 1500 nəfərə çatdırılacaqdır.

Dövlətimizin başçısı sexləri gəzdi, istehsal olunan məhsullara baxdı, istehsalın həcminin artırılması üçün lazımi tapşırıqlar verdi.

X X X

Prezident Heydər Əliyev oradan məşhur memarlıq abidəsi olan Şəki xanlarının sarayına yola düşdü. Yol boyu şəhər sakinləri respublikamızın rəhbərini hörmət və ehtiramla salamlayır, sevimli Prezidentə məhəbbətlərini ifadə edirdilər. Dövlətimizin başçısı tez-tez maşından düşərək, camaatla görüşür, hal-əhval tutur və ona göstərilən ehtirama görə təşəkkürünü bildirirdi.

Sarayın direktoru Nemət Hacıyev bu qədim abidə barədə məlumat verdi. O, bildirdi ki, saray 2002-ci ilin sentyabr ayından Dünya Bankının krediti əsasında bərpa olunur. 2004-cü ilin birinci yarısında başa çatacaq bərpa işlərini Almaniya şirkəti həyata keçirir.

Dövlətimizin başçısı bu şirkətin nümayəndəsi Hernan Gişnig ilə söhbət etdi. O, Prezident Heydər Əliyevə görülən işlər, gələcək planlar barədə məlumat verdi.

Respublikamızın rəhbəri sarayı gəzdi, bu gözəl abidənin bərpasını yüksək qiymətləndirdi.

Azərbaycan Prezidenti sarayın həyətindəki qocaman, 1530-cu ildə əkilmiş “Xan çinarı” seyr etdi.

X X X

Həmin gün axşam Azərbaycan Prezidenti Heydər Əliyevin sədrliyi ilə rayon icra hakimiyyətinin binasında geniş müşavirə keçirildi.

Müşavirəni Prezident Heydər Əliyev açdı, bu tədbirin rayonun sosial-iqtisadi problemlərini aradan qaldırmaq məqsədi ilə keçirildiyini bildirdi.

Sonra Şəki Şəhəri İcra Hakimiyyətinin başçısı Əşrəf Məmmədov məruzə etdi.

İqtisadi inkişaf naziri Fərhad Əliyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov çıxış edərək, başçılıq etdikləri sahələr üzrə görülən işlər barədə məlumat verdilər.

Kiş kənd orta məktəbinin direktoru Müzəkkir Qarayev şəkililərə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Azərbaycan Prezidenti Heydər Əliyev müşavirədə yekun nitqi söylədi. Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı.

Şəki Olimpiya idman kompleksinin açılışında və müşavirədə baş nazirin müavini Abid Şərifov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Yusif Hümbətov, Milli Məclisin deputatları Bəxtiyar Vahabzadə, Yaqub Mahmudov və digər rəsmi şəxslər iştirak edirdilər.

Keçidlər