Fərman və Sərəncamlar
Azərbaycan Respublikasının Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ölkənin bütün regionlarında uğurla həyata keçirilir.
Dövlət Proqramının icrası nəticəsində iqtisadiyyatın bütün sahələri və infrastruktur inkişaf edir, sosial problemlər həll olunur, əhalinin rifahı yüksəlir.
Bununla yanaşı, Şəki şəhərində, Balakən, Qax və Zaqatala rayonlarında öz həllini tapmamış bir sıra sosial-iqtisadi problemlər qalmaqdadır.
2006-cı il aprel ayının 13-də Azərbaycan Respublikası Prezidentinin Şəki şəhərində keçirdiyi müşavirədə ölkə iqtisadiyyatında əldə olunmuş nailiyyətlər, mövcud problemlər müzakirə edilmiş, rayonların inkişafının sürətləndirilməsinə dair təkliflər dinlənilmiş, əlavə tədbirlər müəyyənləşdirilmişdir.
Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən Tədbirlər Planının həyata keçirilməsi ilə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2006-cı il
№ 1489