ÖLKƏ BAŞÇISI ŞƏKİDƏ
04.11.2015
04.11.2015
Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərini başa çatdıraraq Şəkiyə gəlib.
Dövlətimizin başçısı Şəki şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Prezidentinə məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb.
XXX
Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr əvəzi Saleh Məmmədov dövlətimizin başçısına Şəki-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Şəki-Qax avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və respublikanın ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Uzunluğu 35 kilometr olan yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri isə Qax rayonunun ərazisinə düşür. Bu avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda istifadə olunan 77 kilometrlik məsafənin 42 kilometr qısalmasına imkan verir. Yolun əsas üstünlüyü isə onun 39 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini əhatə etməsidir. 2011-ci ildən icrasına başlanan layihə iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə yolun uzunluğu 35 kilometr olan Şəki-Qax hissəsi, ikinci mərhələdə isə uzunluğu 28 kilometr olan Qax-Zaqatala hissəsi yenidən qurulub. Üçüncü texniki dərəcəli, ikizolaqlı yolun eni 12 metrdir.
Diqqətə çatdırıldı ki, yenidənqurma işləri zamanı yol üzərində 20 körpü, uzunluğu 1074 metr olan suötürücü borular, 12 avtobus dayanacağı tikilib, 176 yol nişanı quraşdırılıb. Bu yolun istismara verilməsi Bakıdan və digər bölgələrdən Zaqatala, Balakən rayonlarına, həmçinin qonşu Gürcüstana və əks istiqamətdə nəqliyyat vasitələrinin Qax şəhərinə daxil olmadan hərəkətinə imkan yaradacaq, Qax şəhərinin ekoloji təmizliyinə müsbət təsir göstərəcək.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev inşaatçılarla xatirə şəkli çəkdirdi.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Şəkiyə səfəri çərçivəsində 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak edib.
Dövlətimizin başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Burada yaradılan şəraitlə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, Qoxmuq kənd tam orta məktəbinin binası 1967-ci ildə inşa edilmişdi. O vaxtdan təmir olunmayan bina tədris üçün yararsız vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə aparılan islahatlar Qoxmuq kənd tam orta məktəbinin həyatında da mühüm rol oynadı. 2013-cü ilin oktyabrında Şəki Şəhər İcra Hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlandı. Yüksək keyfiyyətlə tikilən binada təlim-tədris üçün bütün zəruri şərait yaradılıb. Sahəsi 5277 kvadratmetr olan bina üçmərtəbəlidir.
Bildirildi ki, 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı yaradılıb, müasir standartlara cavab verən və əyani vasitələrlə təchiz olunan fənn laboratoriyaları qurulub. İnformatika kabineti kompyuter avadanlığı ilə təchiz edilib. Hərbi kabinetdə şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Məktəbin kitabxanası dərs vəsaitləri ilə təmin olunub və şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Binanın 240 yerlik akt zalında isə müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan var. Məktəbin binasının ətrafında geniş yaşıllıq zolağı salınıb, həyətyanı sahədə idman meydançası yaradılıb və idman qurğuları quraşdırılıb.
Hazırda Şəki rayonunda 97 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir və həmin məktəblərdə 24 minə yaxın şagird təhsil alır.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində iştirak edib.
Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edildi ki, ümumi sahəsi 19,8 min kvadratmetr olan beşmərtəbəli kompleksin inşasına 2012-ci ilin noyabrında başlanıb və bu ilin oktyabrında başa çatdırılıb. Tikinti işləri ən müasir standartlara uyğun aparılıb. “Əlillərin hüquqlarının qorunması haqqında” Konvensiyanın tələblərinə müvafiq olaraq binada onlar üçün bütün zəruri şərait yaradılıb. Əlillərin binaya daxil olması üçün xüsusi qurğu quraşdırılıb.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev kompleksdə yaradılan şəraitlə tanış oldu.
Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində tikilən binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb.
Bildirildi ki, Şəki Məhkəmə Kompleksi Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində inşa olunmuş ikinci məhkəmə kompleksidir. Kompleksdə Şəki Apelyasiya Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi və Şəki Rayon Məhkəməsi yerləşir. Burada 250 nəfər, o cümlədən 42 hakim, 170-dən çox məhkəmə aparatı əməkdaşı və 35 ədliyyə işçisi çalışacaq. Digər yeni məhkəmə binalarında olduğu kimi, müasir informasiya-kommunikasiya qurğularının quraşdırıldığı bu bina da inzibati və ictimai zonalara bölünür və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar, dövlət ittihamçıları və vəkillər üçün nəzərdə tutulub. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.
Binada gözdən əlil vətəndaşların sərbəst hərəkəti üçün hər mərtəbənin döşəməsinə xüsusi örtük salınıb. İctimai zonada bütün otaqların adlarını əks etdirən lövhələrdə gözdən əlil insanlar üçün də xüsusi yazılar var. Buradakı müasir elektron məlumat daşıyıcıları vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradır.
Prezident İlham Əliyev məhkəmə zallarında yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, kompleksin əsas binasında 16 məhkəmə iclas zalı – cinayət işlərinin baxıldığı 7 və mülki işlərin baxıldığı 9 zal fəaliyyət göstərir. Kompleksdə Azərbaycan Prezidentinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncamına əsasən bütün zəruri tədbirlər görülüb. Məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan “Femida” sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb. Təqsirləndirilən şəxslər zalda beynəlxalq standartlara uyğun xüsusi ayrılan şüşə otaqda saxlanılırlar. Burada onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğu da var. Məhkəmə zalında əcnəbi şəxslərin iştirakı ilə işlərə baxılan zaman tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer düzəldilib. Zalların qarşısında vəkillər, dövlət ittihamçıları, şahidlər və icra məmurları üçün otaqlar ayrılıb. Burada, həmçinin konfrans zalları, o cümlədən Şəki Apelyasiya Məhkəməsi Rəyasət Heyətinin zalı, böyük akt zalı var. İnzibati zonada da hakimlər və məhkəmə aparatı işçiləri üçün lazımi şərait yaradılıb.
Konfrans zalı ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, müasir avadanlıqla təchiz edilən zalda hakimlərə və məhkəmə işçilərinə Ali Məhkəmənin Plenumuna, Məhkəmə-Hüquq Şurasının, həmçinin Ədliyyə Nazirliyinin iclaslarına, müşavirə və toplantılarına birbaşa qoşulmaq imkanı yaradılıb. Kompleksin böyük iclas zalında isə həm beynəlxalq, həm də ölkə səviyyəsində tədbirlər keçirmək mümkündür. Yeməkxana və kitabxana da ən yüksək səviyyədə hazırlanıb. Binanın alt qatında təqsirləndirilən şəxslərin müvəqqəti saxlanması üçün kameralar, onların vəkillərlə görüş otağı və konvoy maşını üçün yeraltı dayanacaq fəaliyyət göstərir. Binada, həmçinin arxiv otaqları, tibb və poçt məntəqələri, ana və uşaq otağı, maddi sübutlar otağı, hakimlər və işçilərin avtomobilləri üçün yeraltı qaraj, eləcə də vətəndaşlar üçün avtodayanacaqlar var.
Bir sözlə, burada yaradılan şərait göstərir ki, son illərdə ölkədə bütün sahələrə olduğu kimi, ədalət mühakiməsinin səmərəsinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, məhkəmə sisteminin daha da müasirləşdirilərək beynəlxalq standartlara tam uyğunlaşdırılması işləri uğurla aparılır.
Diqqətə çatdırıldı ki, Şəki Məhkəmə Kompleksinin yerləşdiyi ərazidəki rayon məhkəməsinin köhnə inzibati binası yenidən qurulub. İkimərtəbəli binada Şəki rayonu üzrə icra şöbəsinin, Şəki rayon qeydiyyat şöbəsinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsinin fəaliyyəti üçün hər cür şərait var. Burada yaradılan yüksək şərait, həmçinin təntənəli nikah mərasimlərinin keçirilməsinə imkan verəcək.
Prezident İlham Əliyev kompleksdə məhkəmə və ədliyyə orqanlarının əməkdaşları ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə nitq söylədi.
Prezident İlham Əliyevin
nitqi
- Bu gün biz Şəki Məhkəmə Kompleksinin açılışını qeyd edirik. Bu münasibətlə sizi təbrik edirəm. Çox gözəl binadır. Həm memarlıq, həm funksionallıq baxımından ən yüksək standartlara cavab verir. Bütün lazımi şərait yaradılıb, müasir avadanlıqlarla təchiz edilib. Bir sözlə, bu Məhkəmə Kompleksi ən yüksək standartlara cavab verir.
Son illər ərzində Azərbaycanda məhkəmə binalarının tikintisi uğurla davam etdirilir. Biz bu yaxınlarda Bakıda Sabunçu Məhkəmə Kompleksinin açılışını qeyd etmişik. Verilən məlumata görə, on rayonda yeni məhkəmə binaları inşa edilir. Beləliklə, məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi işində çox ciddi addımlar atılır. Bu binalar həm dövlət vəsaiti hesabına, eyni zamanda, Dünya Bankının köməyi ilə tikilir. Bu da bizim beynəlxalq maliyyə qurumları ilə uğurlu əməkdaşlığımızın nəticəsidir.
Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artıq on ildir ki, Şura fəaliyyət göstərir. Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır.
Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Hüquqi dövlət quruculuğu prosesinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 1990-cı illərin əvvəllərində çox ciddi addımlar atılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. O vaxt belə bir strateji istiqamət müəyyən edilmişdir ki, Azərbaycanda hüquqi dövlət qurulmalıdır, qanunun aliliyi təmin edilməlidir və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır.
Hesab edirəm ki, son illər ərzində bu istiqamətdə böyük nailiyyətlər əldə edilib. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir. Əlbəttə ki, məhkəmələrin şəffaflığı, məhkəmələrin işi burada xüsusi rol oynayır. Verilən məlumata görə, son vaxtlar məhkəmə qərarları ilə bağlı daxil olan şikayətlərin sayı azalır. Bu, onu göstərir ki, qərarların böyük əksəriyyəti ədalətli qərarlardır. Çünki biz daim ictimai rəyi öyrənirik. Həm Prezident Administrasiyasına, həm də digər dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır və hər bir şikayət əsasında araşdırma aparılır. Deməyə əsas var ki, son vaxtlar bu sahədə müsbətə doğru dəyişikliklər göz qabağındadır.
Hesab edirəm ki, görüləcək tədbirlər və gələcəkdə aparılacaq islahatlar nəticəsində biz məhkəmə sistemində şəffaflığı maksimum dərəcədə artıra bilərik. Son vaxtlar bu sahədə qəbul edilmiş qərarlar mühüm rol oynayır. Xüsusilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması, - bu binada artıq bu sistem tətbiq olunur, - həm şəffaflığı təmin edəcək, həm bürokratik əngəlləri aşacaq. Bir sözlə, məhkəmə sistemini daha da müasir və daha da böyük inama malik olan sistemə çevirəcəkdir.
Hazırda bütün yeni tikilmiş məhkəmə komplekslərində “Elektron məhkəmə” informasiya sistemi quraşdırılır və bu da çox ciddi islahatdır. Çünki məhkəmələrin qərarları ədalətli olmalıdır. Ümumiyyətlə, həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür.
Qərəzli yanaşma olmamalıdır. Korrupsiya hallarına qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bir sözlə, məhkəmə-hüquq sistemi maksimum dərəcədə şəffaf olmalıdır. Bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda tətbiq edilməsinin çox böyük mənası var. Çünki inkişaf etmiş ölkələrdə bir çox hallarda biz məhkəmələrin şəffaflığını görürük. Əlbəttə ki, hər bir ölkədə əsassız qərarlar da qəbul edilə bilər. Ancaq bütövlükdə götürdükdə inkişaf etmiş ölkələrdə, Avropa ölkələrində məhkəmə sistemi şəffafdır, ədalətlidir. Bu da demokratik inkişaf üçün çox önəmli bir şərtdir.
Əlbəttə, hər bir ölkədə problemlər də, qüsurlar da, mənfi hallar da var. Bəzi hallarda biz Azərbaycanda, Avropada mövcud olan vəziyyətlə, qüsurlarla bağlı fikirlərimizi ifadə edirik. Yəni, biz də tənqidə açığıq və hər bir ölkə tənqidə açıq olmalıdır. Heç bir ölkə kamil deyil. Hər bir ölkədə qüsurlar, nöqsanlar var. Son vaxtlar Avropa qitəsində siyasi sahədə, beynəlxalq məsələlərin həllində çox ciddi səhvlər buraxılıbdır. Ancaq hesab edirəm ki, Avropa ölkələrində məhkəmə sistemi nümunə ola bilər. Burada biz bunu açıq deməliyik. Bu müsbət təcrübəni biz Azərbaycanda tətbiq etməliyik. Yəni, bu praktika göz qabağındadır. Burada heç bir şey icad etməyə ehtiyac yoxdur. Sadəcə olaraq işin icrası qəbul edilmiş qərarlarla uzlaşmalıdır. Qəbul edilmiş qərarlar, atılan addımlar düzgün istiqamətdə olmalıdır. Eyni zamanda, bunu qanunvericilik də, Prezident tərəfindən imzalanan sərəncamlar da tənzimləyir. Əsas odur ki, bu, həyatda öz əksini tapsın. Bu qərarların düzgün icrası Azərbaycanda məhkəmə sisteminin şəffaflığını artıracaq və xoşagəlməz hallara qarşı bizim siyasətimizi daha da təsirli edəcək.
Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Mən bu məsələlərlə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, müvafiq göstərişlər verilmişdir. Burada biz öz işimizi üç istiqamət üzrə davam etdirməliyik. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri görülür və görüləcək. Son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır. Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kimin immuniteti ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam etdiriləcək.
Çünki əfsuslar olsun ki, buna hələ ehtiyac var. Ancaq bununla bərabər, əlbəttə ki, sistem xarakterli, institusional islahatların aparılmasına böyük ehtiyac var. Biz korrupsiya, rüşvətxorluq üçün, əgər belə demək mümkündürsə, meydanı daraltmalıyıq. Azərbaycanda hazırda elə islahatlar aparılmalıdır və aparılır ki, bu meydan daha da daralsın və bu bəla, bu yara aradan götürülsün.
Hesab edirəm ki, son illər ərzində şəffaflıqla, institusional islahatlarla bağlı atılan addımlar korrupsiya, rüşvətxorluq üçün meydanı böyük dərəcədə daraldıb. Ancaq hələ ki, görüləsi işlər çoxdur və məhkəmə-hüquq sisteminin bu sahədəki fəaliyyəti çox önəmlidir. İlk növbədə, məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır. Buna yol verilməməlidir. Eyni zamanda, məhkəmə qərarları elə olmalıdır ki, bu böyük bəla ilə bizim mübarizəmiz daha da səmərəli olsun.
Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində böyük işlər görülüb, böyük nailiyyətlər var. Məhkəmə sistemində şəffaflıq və ədalətin tam bərqərar olması ümumi demokratik inkişafımıza müsbət təsir göstərir. Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan, din azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir məhdudiyyət yoxdur. Azərbaycanda yaşayan vətəndaşlar bunu gündəlik həyatda görürlər.
Azərbaycanda yüzlərlə mətbu orqan, azad internet mövcuddur. Əhalinin 75 faizi internet istifadəçisidir. Sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. O, başqa məsələdir ki, bəzi siyasi qrupların mitinqlərinə 200-300 adam yığışır. Ancaq fakt budur ki, heç bir məhdudiyyət yoxdur.
Son parlament seçkiləri bir daha onu göstərir ki, Azərbaycan demokratiya yolu ilə inamla, uğurla gedir. Son parlament seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edibdir. Yüzlərlə xarici müşahidəçi seçkilərə çox müsbət qiymət verib. MDB-nin, Avropa Şurası Parlament Assambleyasının müşahidəçi missiyaları seçkilərin demokratik, ədalətli, şəffaf keçirilməsi ilə bağlı öz rəsmi rəylərini açıqladılar. Digər beynəlxalq qurumların nümayəndələri də seçkiləri yüksək qiymətləndirdilər. Bu, dövlətimizin, xalqımızın növbəti böyük qələbəsidir və bir daha onu göstərir ki, Azərbaycanda demokratik inkişaf sürətlə gedir.
Bu gün Azərbaycan o ölkələrdəndir ki, burada gedən proseslər xalq tərəfindən müəyyən edilir. Xalq da öz sözünü seçkilər vasitəsilə ifadə edir. Xalq-iqtidar birliyi, gözəl ictimai iqlim və demokratik proseslər ölkəmizi gücləndirir. Məhz buna görə Azərbaycanda sabitlik maksimum dərəcədə təmin edilir, ölkəmizin inkişafı ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Çünki bizim apardığımız siyasət xalqın maraqlarını tam ehtiva edir. Bizim siyasətimiz xalqın maraqları üzərində qurulubdur. Təhlükəsizlik, daxili sabitlik, iqtisadi inkişaf, sosial ədalət, demokratiya, azadlıqlar, müstəqil xarici siyasət - bizim əsas prinsiplərimiz bunlardan ibarətdir və hər istiqamət üzrə biz çox uğurlu mənzərənin uğurlu nəticələrini görürük.
Bu gün Azərbaycan dünya miqyasında iqtisadi və sosial inkişafla bağlı seçilən ölkələrdəndir. Heç bir böhran bizim iqtisadi inkişafımıza ciddi təsir edə bilməz. Amma müəyyən dərəcədə təsir edə bilər. Bütövlükdə builki iqtisadi-sosial göstəricilərimiz göz qabağındadır. İqtisadiyyat artır, sosial layihələr, infrastruktur layihələri icra edilir, o cümlədən bu bölgədə. Bu gün Zaqatalada infrastruktur layihələrinin açılışını qeyd etmişik, Şəkidə, bütün bölgələrdə, bütün şəhər və rayonlarımızda tikinti-quruculuq işləri aparılır.
Bununla bərabər, beynəlxalq nüfuzumuz artır, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi öz rolunu oynayır. Bizim siyasətimizə çox böyük maraqla və rəğbətlə yanaşırlar. İlk növbədə ona görə ki, biz müstəqil xarici siyasət aparırıq və bizim siyasətimizin təməlində, bir daha demək istəyirəm, Azərbaycan xalqının iradəsi dayanır. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Belə cəhdlər olub, var, düzdür azalır. Ancaq buna baxmayaraq, biz öz yolumuzla gedirik və nəticə də göz qabağındadır.
Bu gün dünyada gedən proseslər, qanlı toqquşmalar, müharibələr artıq dünya gündəmini zəbt edir. Yəni, bu, adi hala çevrilib. Ona görə Azərbaycanda sabitliyi, təhlükəsizliyi qorumaq, möhkəmləndirmək doğrudan da çox təqdirəlayiq bir haldır. Bu şəraitdə müstəqil siyasət yürütmək, iqtisadi-sosial inkişafa nail olmaq onu göstərir ki, düzgün siyasət aparılır, xalq da bunu görür, bəyənir və seçkilərdə öz sözünü deyir.
Ona görə Azərbaycanda aparılan işlər və gələcəkdə bizim planlarımızın reallaşması ölkəmizi daha da gücləndirəcəkdir. Mən gələcəkdə sosial və iqtisadi inkişafla bağlı heç bir ciddi problem görmürəm. Bizim maliyyə vəziyyətimiz, manatın məzənnəsi sabitdir, kifayət qədər valyuta ehtiyatlarımız var, bütün sosial layihələr - infrastruktur layihələri, tikinti-quruculuq işləri icra edilir.
Enerji sektorunda Azərbaycanın dünyadakı rolu getdikcə artmaqdadır və bu gün biz “Cənub” qaz dəhlizi kimi nəhəng layihəni - Avropanın bir nömrəli enerji layihəsini icra edirik və həm də liderlik göstəririk. Yəni, bütün bu işlər davam etdiriləcək. Bu işləri sürətləndirmək və daha da böyük nəticələr əldə etmək üçün cəmiyyətdə hələ ki, mövcud olan, bizi - iqtidarı və xalqı narahat edən problemlər aradan qaldırılmalıdır. Bunların içində korrupsiya, rüşvətxorluq birinci yerdədir. Çünki korrupsiya dövlətimizin dayaqlarını sarsıdır, inkişafı, azad rəqabəti əngəlləyir, müəyyən dərəcədə inamsızlıq yaradır. Ona görə məhkəmə işçilərinin burada çox böyük rolu vardır. Bir daha demək istəyirəm, ilk növbədə, məhkəmə sistemində korrupsiyaya, rüşvətxorluğa yol verilməməlidir.
İslahatlar arasında onu da qeyd etməliyəm ki, hakimlərin maddi təminatı da son illər ərzində böyük dərəcədə yaxşılaşıbdır. Nəyə görə? Ona görə ki, normal yaşasınlar. Yəni, dövlət tərəfindən təminat yüksək səviyyədədir, imkan daxilində daha da artırılacaqdır. Məhkəmə sistemi elə olmalıdır ki, korrupsiyaya, rüşvətxorluğa, ədalətsizliyə qarşı bizim mübarizəmiz daha da təsirli, səmərəli olsun və inkişafımıza mane olan bu əngəllər aradan götürülsün.
Buna nail olmaq üçün çox güclü siyasi iradə var - dövlət tərəfindən göstərilən iradə. Eyni zamanda, çox böyük ictimai dəstək var - xalq tərəfindən göstərilən dəstək. O ki qaldı dövlət məmurlarına - vəzifəli şəxslər öz vəzifə borcunu şərəflə yerinə yetirsinlər, nöqsanlara yol verməsinlər, insanları incitməsinlər, əsassız tələblər irəli sürməsinlər. Əfsuslar olsun, biz hələ ki, bu xoşagəlməz mənzərə ilə üzləşirik. Ancaq ədalətli istintaq və ədalətli məhkəmə qərarları, hesab edirəm ki, bu sahədə də ciddi irəliləyişə gətirib çıxaracaqdır.
Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir.
Heç bir cəmiyyət kamil deyil. Hər bir ölkədə pozuntular var. Misal üçün inkişaf etmiş ölkələrdə gizli həbsxanalar yaradılmışdır. Bu, neçə il bundan əvvəl böyük bir beynəlxalq qalmaqala çevrilmişdir. İnkişaf etmiş ölkələr, demokratiyanın beşiyi sayılan ölkələr bax, bu işlərlə məşğuldurlar. İnsanlar qanunsuz, məhkəmə qərarı olmadan illərlə həbsxanalarda saxlanılır. Bu, yaraşarmı inkişaf etmiş ölkələrə?! Əlbəttə, yaraşmaz. Bəzi hallarda inkişaf etmiş ölkələrdə insanlar siyasi fəaliyyətə görə həbs edilir, saxlanılır. Bəzi hallarda onları neçə il girov kimi saxlayırlar. Bəzi hallarda inkişaf etmiş ölkələrdə əsassız, ədalətsiz hökmlər çıxarılır. Bu, göz qabağındadır. Kimin pulu varsa, gedir güclü vəkil tutur və məsuliyyətdən boyun qaçırır.
Yəni, bu, hər bir ölkədə var. Amma mən istəyirəm ki, Azərbaycanda olmasın. Mən istəyirəm ki, Azərbaycanda hər şey ədalətli olsun. Əminəm ki, siz də bunu istəyirsiniz, Azərbaycan xalqı da bunu istəyir.
Ona görə də məhkəmə işçilərinin fəaliyyətindən çox şey asılıdır. Yenə də demək istəyirəm, son vaxtlar bu sahədə aparılan islahatlar və verilmiş qərarlar, onların icrası müsbət dinamikanı təmin edir. Ancaq hələ görüləsi işlər çoxdur. Əminəm ki, məhkəmə işçiləri öz vəzifə borclarını bundan sonra da şərəflə yerinə yetirəcəklər və cəmiyyətdə məhkəmələrin fəaliyyəti ilə bağlı heç bir narazılıq olmayacaq. Nə vaxt ki, məhkəmə qərarları ilə bağlı şikayətlər daxil olmayacaqsa, o vaxt biləcəyəm ki, biz artıq istədiyimizə nail ola bilmişik.
Mən sizi bu gözəl hadisə - Şəki Məhkəmə Kompleksinin açılışı münasibətilə bir daha təbrik edirəm, Sizə fəaliyyətinizdə uğurlar arzulayıram.
X X X
Ədliyyə naziri Fikrət MƏMMƏDOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
İlk növbədə, məhkəmə və ədliyyə orqanlarının inkişafına mühüm əhəmiyyət verərək Şəki Məhkəmə Kompleksinin açılışını şəxsən həyata keçirdiyinizə görə bütün ədliyyə işçiləri adından Sizə dərin minnətdarlığımızı bildirirəm.
Zati-aliləri, dövlət başçısı seçildiyiniz ilk gündən ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi hüquq siyasətini uğurla inkişaf etdirərək ədalət mühakiməsinə xüsusi diqqət yetirmisiniz, tapşırıqlarınız bu sahədə köklü islahatlara geniş vüsət vermişdir. Təşəbbüsünüzə əsasən qəbul edilmiş yeni qanunlarla məhkəmə hakimiyyətinin müstəqilliyi daha da möhkəmlənmiş, onun özünüidarə orqanı kimi yaradılmış Məhkəmə-Hüquq Şurası bu il fəaliyyətinin 10 illiyini qeyd etmişdir.
Qərarlarınıza əsasən bütün regionlarda 20-dək yeni məhkəmənin, o cümlədən apelyasiya, ağır cinayətlər, iqtisad və xüsusilə, dövlət orqanları ilə bağlı iddialara baxan inzibati məhkəmələrin təsis edilməsi vətəndaşların müraciət imkanlarının asanlaşmasına, insan haqlarının etibarlı müdafiəsinə və bölgələrdə hüquq institutlarının inkişafına təkan vermişdir. Hakim ştatlarını 2 dəfə artırmağınız ədalət mühakiməsinin səmərəsinə və keyfiyyətinə əsaslı təsir göstərmişdir.
“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncamınız isə məhkəmə fəaliyyətində inqilabi təkamülün əsasını qoymuşdur.
Sizə təqdim edilmiş və artıq sınaq rejimində istifadəsinə başlanılan bu sistemin tətbiqi nəticəsində insanlar məhkəməyə gəlmədən, elektron formada müraciət edəcək, məhkəmə prosesləri, qərarlar, onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron “şəxsi kabinetə” malik olacaqlar.
Müasir məhkəmə infrastrukturunun yaradılması üzrə tədbirlər xüsusi qeyd olunmalıdır. Təkcə Dünya Bankı ilə birgə layihə çərçivəsində 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilmiş, qısa müddətdə 11 məhkəmə üçün yeni, müasir binalar istifadəyə verilmiş, bir o qədər də məhkəmə üçün, o cümlədən dövlət büdcəsi hesabına yeni binalar inşa olunmaqdadır.
Bu binalarda vətəndaşların rahatlığı məqsədilə hər cür imkanların yaradılması bir çox problemləri, habelə korrupsiya üçün şəraiti aradan qaldırır. Yeri gəlmişkən, cənab Prezident, Azərbaycan hökuməti ilə birgə həyata keçirilən bu layihəni Bank dünyada ədliyyə sahəsində ən uğurlu layihə kimi qiymətləndirir.
Möhtərəm cənab Prezident, Azərbaycan ədliyyəsinin yüksək diqqətinizdə olduğu daim hiss edilir. Bu mənada təşəbbüsünüzlə ədliyyə fəaliyyətini tənzimləyən Qanunun, nazirliyin yeni əsasnaməsinin, ədliyyənin inkişafına dair ayrıca Fərman və Dövlət Proqramının qəbul edilməsini, regional şöbələrin, Ədliyyə Akademiyasının yaradılmasını, nəhayət, son 10 ildə nazirlik və məhkəmələr üçün ayrılan büdcə vəsaitinin 6 dəfəyədək artırılmasını xüsusi qeyd etmək istərdim.
Qanun yaradıcılığında fəal iştirak edən nazirlik tərəfindən son illər ictimai həyatın müxtəlif sahələrinə dair 3.500-dək layihə hazırlanmış, 23 min layihə ekspertizadan keçirilmiş, əhalinin sərbəst və kütləvi istifadə etdiyi qanunvericiliyin elektron bazası yaradılmışdır.
Sahibkarlığın inkişafına əngəllərin aradan qaldırılması ilə bağlı əhalidə böyük rəğbət doğuran qəti və prinsipial tədbirlərinizə uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən yoxlamaların reyestrinin yenidən, daha mükəmməl qurulması üzrə işlər görülür.
Ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işi də yenidən təşkil edilmiş, icra məmurlarının səlahiyyətləri genişləndirilməklə daha təsirli icra mexanizmləri yaradılmışdır. İcra işinin vəziyyətinə diqqətiniz və bu barədə mütəmadi məlumatlandırılmağınız müsbət nəticəsini verir, icra prosesi iştirakçılarının məsuliyyətini artırır.
Məhkəmə ekspertizasına diqqətiniz sayəsində nazirliyin Ekspertiza Mərkəzi ən müasir avadanlıqla təchiz edilmişdir. Elm və texnikanın son nailiyyətlərinin və yeni texnologiyaların tətbiqi nəticəsində hər il məhkəmə və istintaq orqanlarının 100 minədək sualı cavablandırılır. Ekspert rəylərinin bugünkü səviyyəsi onların beynəlxalq miqyasda tanınmasına səbəb olmuşdur. Həmçinin bölgələrdə, o cümlədən Naxçıvan, Gəncə, Şirvan və Şəkidə ekspertiza filiallarının yaradılması araşdırmaların operativliyini təmin etmişdir. Penitensiar sistemdə aparılan islahatlar nəticəsində məhkumların hüquqları genişləndirilmiş, onların saxlanma şəraiti, ərzaq və tibbi təminatı yaxşılaşdırılmış, xüsusilə bu sahədə ictimai nəzarət gücləndirilmişdir.
Beynəlxalq standartlara uyğun inşa edilmiş Bakı istintaq təcridxanasının açılışı zamanı tapşırıqlarınız penitensiar infrastrukturun müasirləşdirilməsinə xüsusi təkan vermiş, vətəndaşların rahatlığı üçün respublikanın müxtəlif regionlarında, o cümlədən Şəkidə müasir penitensiar müəssisələr inşa olunmuşdur.
Korrupsiyaya qarşı barışmaz mövqeyinizə, o cümlədən son dövrdə verdiyiniz göstərişlərə uyğun olaraq, ədliyyə və məhkəmə sistemində bu sosial bəla ilə qəti mübarizə aparılır, təsirli tədbirlər görülür. Şəffaf prosedurlar əsasında yeni notarius korpusunun formalaşdırılması, nazirlik tərəfindən 20-dən çox elektron xidmətlərin göstərilməsi vətəndaş məmnunluğu doğurur.
Xüsusilə qeyd etmək istərdim ki, Zati-alinizin təşəbbüsü ilə yaradılaraq əhalinin böyük rəğbətini qazanmış və ötən dövrdə 6 milyon insanın faydalandığı “ASAN xidmət” çərçivəsində 1 milyon yarım əməliyyat məhz ədliyyə orqanları tərəfindən həyata keçirilmişdir.
Dövlət gənclər siyasətinizə uyğun olaraq, son 10 ildə ədliyyə orqanlarına açıq müsabiqələrlə 2 mindən çox gənc qulluğa qəbul edilmişdir.
Həmçinin hakimlərin ən şəffaf və obyektiv üsullarla seçimi nəticəsində 300-dən çox hazırlıqlı hüquqşünas şərəfli hakim vəzifəsinə təyin edilmiş, bu sahədə Azərbaycan təcrübəsi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bütün Avropa dövlətlərinə nümunə kimi tövsiyə olunmuşdur. Artıq bir çox xarici həmkarlarımız bu təcrübə ilə yerində tanış olub yararlanırlar.
Çıxışımın sonunda, cənab Prezident, ədliyyə və məhkəmə sahəsində mütərəqqi islahatlara, habelə bu möhtəşəm məhkəmə kompleksinin açılışını həyata keçirdiyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.
Sizi əmin etmək istəyirəm ki, dövlətçilik amallarına daim sadiq olan ədliyyə və məhkəmə işçiləri fəaliyyətlərinin yüksək tələbləriniz səviyyəsində qurulması, mövcud nöqsanların aradan qaldırılması üçün bütün səy və bacarıqlarını səfərbər edəcək, ölkəmizin daha da qüdrətlənməsi naminə şərəfli işinizdə Sizə yardımçı olmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.
Diqqətinizə görə minnətdaram.
X X X
Ali Məhkəmənin sədri Ramiz RZAYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şəki şəhərində məhkəmə kompleksinin Sizin tərəfinizdən açılması dövlətimizin iqtisadi yüksəlişinə, vətəndaşların hüquq və azadlıqlarının təminatına xüsusi qayğısının təcəssümüdür.
Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və Sizin uğurla davam etdirdiyiniz siyasət nəticəsində son illər ədalət mühakiməsinin inkişafında mühüm dəyişikliklər baş vermiş, vətəndaşların məhkəmələrə müraciət imkanları asanlaşmışdır.
Məhkəmə sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar insan hüquqlarının müdafiəsini, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılmasını, məhkəmə hakimiyyətinin müstəqilliyinin və səmərəliliyinin artırılmasını təmin etmişdir.
Məhkəmə qərarlarının ədalətliliyi, ədalət mühakiməsinə çıxışın mümkünlüyü və məhkəmə fəaliyyətinin səmərəliliyi ictimaiyyətin məhkəmə hakimiyyətinə etimadını yaradan əsas amillərdir.
Cəmiyyətdə qanunun aliliyinin və demokratik dəyərlərin bərqərar olması, həmçinin ədalət mühakiməsinin təməl prinsipləri olan həmin tələblərə riayət edilməsindən də asılıdır.
Ölkəmizdə həyata keçirilən islahatlar və qanunvericiliyin əsaslı şəkildə dəyişdirilməsi nəticəsində məhkəmələrdə baxılan işlərin sayı xeyli artmışdır. Yeni məhkəmə sistemimizin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə mülki xarakterli işlərin sayı 12 dəfə artaraq 250 mini keçmişdir. Fikrimcə, bu, həm də insanların məhkəmə hakimiyyətinə olan inamının artması ilə bağlıdır.
İnsan hüquqlarının təminatı baxımından çox mühüm bir institut olan inzibati məhkəmələr 2011-ci ildə ölkəmizdə fəaliyyətə başlamışdır. Vətəndaşlarla dövlət orqanları arasındakı münasibətlərdə yeni mərhələ olan inzibati məhkəmələrdə baxılan işlərdə mübahisələrin 85 faizi vətəndaşların xeyrinə həll olunaraq onların hüquqları bərpa edilmişdir.
Ədalət mühakiməsinin səmərəliliyini təmin etmək məqsədilə Ali Məhkəmə tərəfindən mütəmadi olaraq məhkəmələrdə baxılan müxtəlif problemli məsələlər üzrə ümumiləşdirmələr aparılır, vahid məhkəmə təcrübəsi formalaşdırılır, qərarlar qəbul edilir və məhkəmələrə tövsiyələr verilir.
Son illər ərzində Ali Məhkəmənin Plenumu tərəfindən vətəndaşların azadlıq, mülkiyyət və sair hüquqlarının səmərəli təmin edilməsinə yönəlmiş 20-dək belə qərar qəbul olunmuşdur.
Ali Məhkəmədə hər həftə beynəlxalq məhkəmələrin təcrübəsinin öyrənilməsi ilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları müzakirə edilir, o cümlədən apelyasiya və birinci instansiya məhkəmələrində hakimlərin davamlı tədrisi təşkil olunur.
Son illər məhkəmələrdə işlərə baxılmasında da əhəmiyyətli keyfiyyət dəyişiklikləri baş vermişdir. Yuxarı məhkəmələr tərəfindən ləğv olunan qərarların sayı azalaraq ölkə üzrə təqribən 5 faiz təşkil edir. Bu göstərici məhkəmə qərarlarının 95 faizinin sabitliyinin və ümumən hüquqi müəyyənliyin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir.
Bundan başqa, məhkəmə fəaliyyətində şəffaflığın və aşkarlığın təmin edilməsi üçün məhkəmənin icraatındakı işlər barədə ətraflı məlumatlar və qərarların məhkəmələrin internet səhifələrində yerləşdirilməsi təmin olunur, bununla da istənilən şəxsin həmin məlumatları və qərarları əldə etmək imkanları asanlaşır.
Artıq 2009-cu ildən etibarən Ali Məhkəmədə, eləcə də bir sıra birinci və apelyasiya instansiyası məhkəmələrində müasir informasiya texnologiyalarına əsaslanan infrastruktur yaradılmışdır. Ali Məhkəmədə bütün məhkəmələrin istifadə edə biləcəkləri “Elektron kitabxana” layihəsi ilə bağlı işlər də yekunlaşmaq ərəfəsindədir.
Ədalət mühakiməsinin keyfiyyətinin artırılması davamlı proses kimi qarşımızda əsas məqsəd olaraq durur. Biz demokratiya və insan hüquqlarına dair standartların inkişafını nəzərə alaraq mütəmadi olaraq qanunvericiliyin müvafiq sahələrinin təkmilləşdirilməsinə yönəlmiş təkliflərlə çıxış edirik.
Məhkəmədə işlərin idarə olunması sahəsində səmərəli mexanizmlərin yaradılmasına yönəlmiş işlər də davam etdirilir.
Bununla bağlı olaraq, cənab Prezident, Sizin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncamınız bilavasitə məhkəmələrin fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi ilə elektron kargüzarlıq və elektron sənəd dövriyyəsinin təmin edilməsinə, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin səmərəliliyinin artırılmasına xidmət edir.
Möhtərəm cənab Prezident, məhkəmə fəaliyyətində müəyyən nöqsanlar da mövcuddur və biz onların aradan qaldırılması üçün çalışırıq. Məhkəmə fəaliyyətində korrupsiya hüquq pozuntularına şərait yaradan halların qarşısının alınması həmişə qarşımızda əsas məqsəd kimi durur. Bildirmək istəyirəm ki, biz öz fəaliyyətində belə pozuntulara yol vermiş hakimlər barədə Məhkəmə-Hüquq Şurası qarşısında məsələ qaldıraraq onları müvafiq intizam tənbehinə cəlb etmişik.
Möhtərəm Prezident, görəcəyimiz işlər çoxdur. Bu, məhkəmə hakimiyyətinə olan inam və etimadı daha da möhkəmləndirəcək. Əsas məqsədimiz qanunun aliliyinə nail olmaq, ədalət mühakiməsinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiəsi naminə həyata keçirilməsini bundan sonra da təmin etməkdir.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Görüşə yekun vuran Prezident İlham ƏLİYEV dedi:
- Bir daha qeyd etmək istəyirəm ki, bu kompleks doğrudan da göz oxşayır. Həm memarlıq, həm funksionallıq baxımından ən yüksək standartlara cavab verir. Onu da qeyd etməliyəm ki, Bakıdan sonra birinci belə böyük kompleks Şəki şəhərində yaradılıbdır.
İndi burada məruzədə deyildi ki, artıq bir çox komplekslərin tikintisi nəzərdə tutulur. Ancaq birinci böyük kompleks Şəki şəhərində istifadəyə verilib. Bu da təsadüfi deyil. Çünki Şəki qədim Azərbaycan diyarıdır. Şəkinin çox zəngin tarixi, mədəniyyəti vardır. Şəki nəinki Azərbaycanda, dünya miqyasında gözəlliyi ilə seçilən şəhərlərdəndir. Bir çox şəhərlər memarlıq, yaxud da şəhərsalma baxımından bir-birinə oxşayır. Şəki elə şəhərdir ki, heç bir şəhərə oxşamır. Buranın gözəl təbiəti gözəl memarlığı və şəhərsalma prinsipləri ilə tamamlanır. Şəkinin çox zəngin tarixi, mədəniyyəti vardır. Şəki bizim böyük sərvətimizdir. Ona görə təsadüfi deyil ki, birinci kompleks məhz Şəki şəhərində istifadəyə verilir. Bu kompleks şəhərə əlavə yaraşıq verəcəkdir.
Şəkiyə mənim səfərlərim müntəzəm olaraq həyata keçirilir. Bu, Prezident kimi Şəkiyə yeddinci səfərimdir. Ondan əvvəl də dəfələrlə Şəkidə olmuşam. Burada gedən işlərə daim diqqət göstərirəm. İstəyirəm ki, bütün infrastruktur, sosial-iqtisadi layihələr daha da sürətlə getsin. Həm də yol infrastrukturu. Bu gün Şəki-Qax avtomobil yolunun açılışını qeyd etdik. Siz yaxşı bilirsiniz ki, əvvəllər buradan Qaxa getmək üçün təxminən 80 kilometr yolu qət etmək lazim idi. Bu gün isə 35 kilometrlik yeni yol istifadəyə verildi. Tapşırıq verildi ki, yolun davamı da olmalıdır – Zaqatalaya, ondan sonra Balakənə qədər. Artıq Şəki-Bakı yolu da ən yüksək standartlara cavab verir.
İnfrastruktur layihələri icra edilir. Qazlaşdırma prosesi gedir, ilin sonuna qədər daha da sürətlə gedəcək. Ümumi qazlaşdırma ilin sonuna qədər təxminən 80-85 faizə çatmalıdır. Bir məsələ məni bir qədər narahat edir. O da içməli su layihəsinin hələ də həll olunmamasıdır. Bizdən asılı olmayan səbəblərə görə belə vəziyyət yaranıb.
Bildiyiniz kimi, içməli su, kanalizasiya layihələri bütün şəhər və rayonlarımızda icra edilir. Onların bir çoxu dövlət büdcəsi vəsaiti hesabına icra edilir və bu halda heç bir yubanmaya da yol verilmir. Ancaq bəzi layihələr beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilir və bizdən asılı olmayan səbəblərə görə bəzi hallarda yubanmalar da olur. Əfsuslar olsun, hələ ki, Şəkinin içməli su problemi öz həllini tapmayıb. Mənə verilən məlumata görə, bu layihənin başa çatması 2017-ci ildə gözlənilir. Hesab edirəm ki, biz gələn il bu layihəni icra etməliyik. Çünki Şəki kimi şəhərdə əhali 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilməlidir. Hazırda bu, belə deyil və Şəki sakinləri bundan əziyyət çəkirlər. Bu, dözülməz haldır. Artıq göstərişlər verildi ki, müvafiq qurumlar bu işi sürətlə icra etsinlər və tezliklə bu məsələ öz həllini tapsın.
Digər infrastruktur layihələri ilə bağlı Şəki şəhərində və ətraf kəndlərdə lazımi tədbirlər görüləcək. Kənd yolları, elektrik enerjisi ilə təchizat, qeyd etdiyim kimi, qazlaşdırma layihələri və əlbəttə ki, iş yerlərinin yaradılması. Şəkinin çox böyük kənd təsərrüfatı, sənaye potensialı var. Əlbəttə ki, turizm potensialı da çox böyükdür. Şəkiyə gələn turistlərin axını dayanmır. Çox istərdim ki, daha da çox qonaq gəlsin, görsün ki, Azərbaycanda belə gözəl şəhər var. Şəki şəhəri tarixi, mədəni abidədir.
Gələcəkdə də Şəki şəhərinin və rayonun inkişafı ilə bağlı lazımi göstərişlər veriləcək. Bir daha demək istəyirəm ki, ölkəmizin maliyyə vəziyyəti sabitdir, müsbətdir. Maddi problemlərimiz yoxdur. Əlbəttə, neftin qiymətinin iki dəfə aşağı düşməsi bizim bəzi planlarımıza maneçilik törədib. Ancaq əsas sosial və infrastruktur layihələri icra edilir. Bizim kifayət qədər böyük maddi maliyyə bazamız vardır. Heç bir maliyyə problemimiz yoxdur və əminəm ki, Azərbaycan iqtisadiyyatı 2016-cı ildə də inkişaf edəcək, bütün rayonlar, şəhərlər, o cümlədən Şəki şəhəri daha da gözəlləşəcək, abadlaşacaq.
Mən şəkililəri bir daha bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm, onlara yeni uğurlar arzulayıram. Sağ olun.
X X X
Sonra xatirə şəkli çəkdirildi.
X X X
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Şəki rayon qeydiyyat şöbəsinin inzibati binasında yaradılan şəraitlə tanış oldu.
X X X
Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.
Burada ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin gələcəyi olan uşaqlara göstərdikləri qayğıdan bəhs edən fotolardan ibarət guşələr yaradılıb.
Azərbaycan Prezidentinə məlumat verildi ki, rayonun tələbatı nəzərə alınaraq biri 160, digəri isə 100 yerlik olmaqla iki yeni məktəbəqədər təhsil müəssisəsi üçün binaların inşası yekunlaşdırılıb və istifadəyə hazırdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 160 yerlik körpələr evi-uşaq bağçasının inşasına ötən ilin dekabrında başlanıb və tikinti işləri yüksək səviyyədə başa çatdırılıb. Ümumi sahəsi 3490 kvadratmetr olan bina üçmərtəbəlidir. Burada 8 qrup fəaliyyət göstərəcək. Uşaqlar üçün 8 yataq otağı, yeməkxana, tibb otağı, oyun və musiqi zalı, metodiki kabinet və digər müxtəlif təyinatlı otaqlar yaradılıb. Körpələr evi-uşaq bağçasında 35 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Binanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, attraksionlar quraşdırılıb.
Diqqətə çatdırıldı ki, Şəkidə fəaliyyət göstərən 61 məktəbəqədər təhsil müəssisəsində 2760 uşaq təlim-tərbiyə prosesinə cəlb olunub.
Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Şəkidə “Marxal” müalicə-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub.
Prezident İlham Əliyevin 2012-ci ildə “Marxal” müalicə-istirahət kompleksinin yaradılması haqqında imzaladığı Sərəncamdan sonra başlayan inşaat işləri sürətlə davam etdirilir. Ərazisi 30 hektar olan kompleksdə 412 yerdən ibarət 178 otaqlı yeddimərtəbəli mehmanxana binası inşa olunur. Burada 126 birotaqlı, 52 ikiotaqlı nömrələr olacaq.
Dövlətimizin başçısı kompleksdə hazır nümunəvi otaqlara baxdı.
Diqqətə çatdırıldı ki, kompleksdə 250 nəfərlik restoran, lobbi bar, 6 ticarət mağazası, 2 kinoteatr zalı, konfrans, uşaqlar üçün əyləncə zalları qonaqların ixtiyarında olacaq. Ərazidə 600 nəfərlik restoran, 40 nəfərlik yay kafesi, həmçinin 164 yerlik 27 ikimərtəbəli kottec də olacaq.
Prezident İlham Əliyev hazır kotteclərdə yaradılan şəraitlə də tanış oldu. Kotteclərin hər biri müasir standartlar səviyyəsində inşa olunub. Bildirildi ki, burada yaradılacaq süni göl kompleksə xüsusi yaraşıq verəcək. Kompleksin ərazisində uşaqlar üçün su attraksionları və böyük hovuz qurulacaq. Kompleks istifadəyə veriləndən sonra burada müxtəlif əyləncə bölmələri də fəaliyyət göstərəcək. Məsələn, 6 boulinq xəttinin olduğu mərkəz, mini futbol, tennis və basketbol meydançaları, 500 nəfərlik amfiteatr, SPA mərkəzi, qapalı hovuz, sauna, fitnes zalı, müxtəlif müalicə prosedurlarının aparılacağı otaqlar kompleksin özəlliyini daha da artırır. Bu müalicə və istirahət kompleksinin inşasının gələn il başa çatdırılması nəzərdə tutulub. Kompleks istifadəyə veriləndən sonra burada 310 nəfər işlə təmin ediləcək.
Dövlətimizin başçısı inşaat işlərinin gedişi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.