ÖLKƏ BAŞÇISI ŞƏKİDƏ
12-13.04.2006
12-13.04.2006
Azərbaycan Prezidenti İlham Əliyev aprel ayının 12-də Şəkiyə gəlmişdir. Dövlət başçısının rayona səfəri ertəsi gün Heydər Əliyev muzeyi ilə tanışlıqla başlanmışdır.
Dövlətimizin başçısı İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və qızı Leylanı burada böyük hörmətlə qarşıladılar. Prezident və ailə üzvləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydu, yeni salınmış parkı seyr etdilər.
Muzeylə tanışlıq zamanı direktor İradə Abdullazadə bildirdi ki, 2005-ci il dekabrın 8-də istifadəyə verilmiş və bu ilin fevralında rəsmi status almış muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən yeddi fotoguşə yaradılmışdır. Bunlar uşaqlıq və gənclik illərini (1923-1944), dövlət təhlükəsizliyi orqanlarında işlədiyi dövrü (1944-1969), Azərbaycana rəhbərliyinin birinci dövrünü (1969-1982), SSRİ-nin rəhbərlərindən biri olduğu dövrü (1982-1987), istefa verdikdən sonra Moskvada yaşadığı illəri (1987-1990), Naxçıvan dövrünü (1990-1993) və nəhayət, Azərbaycana rəhbərliyinin ikinci dövrünü (1993-2003) əhatə edir. Ayrıca bir guşədə ulu öndər haqqında yazılmış kitablar toplanmışdır.
Dövlətimizin başçısına məlumat verildi ki, muzeyə Şəki sənətkarı tərəfindən hazırlanmış “Ömür saatı” adlı hədiyyə təqdim olunmuşdur. Burada saat əqrəbləri yeddinin üzərində dayanmışdır ki, bu da ulu öndərin dünyasını dəyişdiyi anı göstərir. Şəki sənətkarının əl işində ümummilli liderin 29 min 436 gün həyatda yaşadığı əks olunmuşdur. Bu rəqəm Azərbaycanın xəritəsi üzərində şərq ornamenti ilə həkk edilmişdir.
Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı:
“Heydər Əliyev muzeyinin ekspozisiyası ulu öndərin həyat və fəaliyyəti haqqında dolğun məlumat verir.
Heydər Əliyev öz həyatını Azərbaycan xalqına həsr etmişdir. Azərbaycan Respublikasının inkişafında, müstəqilliyimizin möhkəmlənməsində Heydər Əliyevin müstəsna və əvəzolunmaz rolu vardır.
Bu gün ölkəmiz Heydər Əliyev yolu ilə uğurla inkişaf edir. O cümlədən Şəki şəhərinin inkişafında müsbət nailiyyətlər vardır.
Bütün şəkililərə cansağlığı, xoşbəxtlik, yeni uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Şəki, 13.04.2006-cı il”.
XXX
Heydər Əliyev muzeyi ilə tanışlıqdan sonra Şəki rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi.
Prezident İlham Əliyev görüşdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
-Əziz şəkililər!
Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Heydər Əliyev muzeyinin ekspozisiyası ilə tanış olarkən bir daha ulu öndərin həyat və fəaliyyətinə fikir verdik, nəzər saldıq. Heydər Əliyevin bütün həyatı, fəaliyyəti Azərbaycan xalqına xidmət etməkdən ibarət olmuşdur. Bu muzey, bu ekspozisiya Heydər Əliyevin həyatını, fəaliyyətini çox dolğun şəkildə əks etdirir. Ulu öndər bütün dövrlərdə öz doğma xalqına ləyaqətlə xidmət etmişdir. 1970-ci illərdə Azərbaycanın iqtisadi potensialının inkişafında onun çox böyük rolu olmuşdur. Azərbaycan müstəqil ölkə kimi yaşamağa başlayandan sonra isə məhz Heydər Əliyevin siyasəti, onun cəsarəti, müdrikliyi ölkəmizi böyük bəlalardan qurtardı.
Bu gün Azərbaycan ən sürətlə inkişaf edən, öz dövlət müstəqilliyini möhkəmləndirən bir ölkədir. Azərbaycanda çox ciddi siyasi və iqtisadi islahatlar aparılır, abadlıq, quruculuq işləri gedir. Bütün bu işlərin təməli məhz 1990-cı illərin ortalarında qoyulmuşdur. Biz hamımız o illəri yaxşı xatırlayırıq. Ölkəmiz üçün, Azərbaycanın müqəddəratı üçün çox təhlükəli olan anlar yaşanırdı. Bu gün isə Azərbaycan sabitlik məkanıdır, inkişaf yolundadır. Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial problemlər uğurla həll olunur. O cümlədən bu bölgədə - Şəkidə və ətraf bölgələrdə. Biz hamımız yaxşı xatırlayırıq ki, 2002-ci ildə Şəki Olimpiya İdman Kompleksinin açılışında ulu öndər Heydər Əliyevin nitqi bir daha onu göstərir ki, Azərbaycanın ən böyük sərvəti müstəqilliyidir. Azərbaycan müstəqil ölkə kimi yaşayır, dünya birliyinin üzvüdür və bu müstəqillik günü-gündən, ildən-ilə möhkəmlənir.
Müstəqilliyimizi əbədi, dönməz etmək üçün, əlbəttə ki, iqtisadi potensial, möhkəm iqtisadi baza lazımdır. Bu da yaradılır. Bölgələrin sosial-iqtisadi inkişafı, bütövlükdə Azərbaycanda proseslər müsbət istiqamətdə gedir. Son illər ərzində regionların sosial-iqtisadi inkişafı proqramının icrası istiqamətində yüz minlərlə yeni iş yeri açılmış, yeni müəssisələr, fabriklər, sosial obyektlər tikilib istifadəyə verilmişdir. Bir sözlə, Azərbaycan hərtərəfli inkişaf edir.
Hər il yeni müəssisələr açılır. Eyni zamanda məktəblər, xəstəxanalar tikilir, yollar salınır və bu proses daha da sürətlə gedəcəkdir. Çünki bizim iqtisadi potensialımız, büdcəmiz getdikcə artacaqdır. Belə olan halda, istənilən məsələ öz həllini tapa bilər.
Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycan zəngin dövlətə çevrilsin. Azərbaycanda hər bir insan yaxşı yaşasın, rifah içində, təhlükəsizlik şəraitində yaşasın və ölkəmiz dünya birliyində daha da möhkəm mövqelərə malik olsun. Bu gün də biz onu görürük. Azərbaycanın dünyadakı rolu artır. Azərbaycan artıq bölgədə lider dövlətə çevrilibdir və bunu hamı etiraf edir. Azərbaycan ən mötəbər beynəlxalq təşkilatlarda çox fəal iştirak edir və biz öz siyasətimizi maraqlarımıza uyğun şəkildə aparırıq.
Müstəqilliyimizin əsas əlaməti ondadır ki, ölkə öz siyasətini müstəqil şəkildə apara bilsin. Ancaq Azərbaycan xalqının maraqlarını nəzərə almaq şərti ilə. Bu, Heydər Əliyevin siyasətidir və indi bu siyasət Azərbaycanda davam etdirilir.
Mənim bölgələrə səfərlərimin əsas məqsədi budur ki, bölgələrdə inkişaf daha sürətlə getsin. Dünən və bu gün görüşlərdə vəziyyətlə tanış oluram. Mövcud problemləri araşdırırıq, lazımi tədbirlər haqqında birlikdə müvafiq qərarlar qəbul edirik. Bu gün sahibkarlarla görüşüm olacaqdır. Bilirsiniz ki, Azərbaycan büdcəsində sahibkarlığın inkişafı üçün xüsusi məbləğ ayrılıbdır. İldən-ilə bu vəsait artır. Bu gün bölgənin sahibkarlarına yeni kreditlər veriləcəkdir. Onlar bundan səmərəli istifadə edib həm öz bizneslərini inkişaf etdirməli, eyni zamanda, yeni iş yerlərinin açılmasında da fəal iştirak etməlidirlər.
Azərbaycanda işsizlik və yoxsulluq hələ ki, əsas problemlərdən biridir. Çünki Sovet İttifaqı dağılandan sonra ölkəmizin iqtisadiyyatı tamamilə iflic vəziyyətinə düşmüşdü. Ondan sonra, müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlərin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatı tamamilə dağılmışdı. Bu gün isə Azərbaycan öz iqtisadi potensialını bərpa edib və yalnız 2005-ci ildə biz bu baxımdan 1990-cı ilin səviyyəsinə gəlib çıxmışıq. Görün nə qədər vaxt, əziyyət tələb olunurdu ki, Azərbaycan iqtisadi potensial baxımından 1990-cı il səviyyəsinə çata bilib. Bundan sonrakı illər inkişaf illəri olacaqdır. Azərbaycan sürətlə inkişaf edəcək və bizim hamımızın vəzifəsi və borcudur ki, doğma vətənimizi möhkəmləndirək.
Bilirsiniz ki, iqtisadi inkişafın əsas amili enerji daşıyıcılarıdır. Azərbaycan zəngin neft ölkəsidir. Heydər Əliyevin neft strategiyası artıq uğurla icra edilir. Neft kəmərinin tikintisi başa çatdırılır. Ancaq bununla yanaşı, elektrik stansiyalarının gücünün az olması müəyyən problemlər yaradırdı və onlar bu gün də var. Ona görə bu yaxınlarda qərar qəbul edilmişdir ki, Şəkidə müasir elektrik stansiyası tikilsin. Onun tikintisi artıq başlanıb və bu il istismara veriləcəkdir.
Belə olan halda, Şəkinin və ətraf bölgələrin elektrik enerjisinə olan tələbatı tam şəkildə ödənilməlidir və ödəniləcəkdir. Bu məsələ həm iqtisadi, həm də sosial xarakter daşıyır. Çünki iqtisadi inkişaf üçün, iqtisadiyyatımızı hərtərəfli inkişaf etdirmək üçün mütləq və mütləq enerji mənbəyi olmalıdır. Biz bunu yaradırıq. Eyni zamanda, insanlar da istədikləri vaxt elektrik enerjisindən istifadə edə bilməlidirlər. Bu, gündəlik həyatın əlaməti olmalıdır. Düzdür, bu istiqamətdə görülən işlər nəticəsində son vaxtlar vəziyyət yaxşılaşıb, amma bizi tam qane etmir. Ona görə elektrik stansiyasının məhz Şəkidə tikintisi həm Şəki üçün, həm də bütün bölgə üçün çox böyük hadisə olacaqdır.
İşsizliyin aradan qaldırılması istiqamətində görülən işlər nəticə verir. 350 min iş yerinin açılması özlüyündə böyük göstəricidir. Yoxsulluğun səviyyəsi aşağı düşüb, maaşlar, pensiyalar artıb və artacaqdır. Abadlıq-quruculuq işləri gedir, yollar salınır. Elektrik stansiyaları tikilir. Bizim zəngin tarixi-mədəni irsimiz qorunub saxlanılır. Biz bu məsələyə də çox böyük diqqət göstərməliyik. Mən çox şadam ki, Şəki xanlarının sarayı artıq bərpa olunubdur. Bu, böyük hadisədir. Bu bölgədə - Şəkidə və ətraf rayonlarda Azərbaycan mədəniyyətinin çox dəyərli abidələri vardır. Biz bu abidələri saxlamalıyıq, qorumalıyıq, bərpa etməliyik. Azərbaycanın ərazisində müxtəlif, dünya üçün dəyərli çoxlu tarixi abidələr var. Onların hamısı qorunub saxlanılır. Bizim iqtisadi imkanlarımız artdıqca bu məqsədlərə daha da çox vəsait ayrılmalıdır.
Bilirsiniz ki, son zamanlar Ermənistanın bəzi dairələri, erməni lobbisi və onun təsiri altında olan bəzi riyakar siyasətçilər məsələ qaldırıblar ki, guya Naxçıvanda erməni qəbirlərinin daşları dağıdılıbdır. Tamamilə yalan, böhtan məlumatdır. Ermənistanın, ermənilərin növbəti uydurmasıdır. Azərbaycanda bütün tarixi abidələr qorunub saxlanılır. Azərbaycanda dözümlülük var, tolerantlıq var. Bütün millətlərin nümayəndələri, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır.
Dünən mən Qax rayonunda gürcü kilsəsinə baş çəkdim. Bilirsiniz ki, Azərbaycanda rus kilsəsi fəaliyyət göstərir. Yəhudi sinaqoqu fəaliyyət göstərir. Bu yaxınlarda katolik kilsəsinin tikintisi başlanır. Azərbaycan bu baxımdan dünya üçün nümunə ola bilər və olmalıdır. Çünki Azərbaycanda milli, dini dözümlülük, tolerantlıq çox yüksək səviyyədədir. Ancaq bizim düşmənlərimiz Azərbaycana qarşı informasiya müharibəsinə başlayıblar. Lakin bu, çox uğursuz cəhddir. Çünki dünya bilir, kim kimdir. Bizim işğal olunmuş torpaqlarımızda tarixi abidələrimiz dağıdılıbdır. Bizim məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıbdır, qəbiristanlıqlarımız dağıdılıbdır. Bilirsiniz ki, 1970-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın bütün bölgələrində, hər bir rayonda tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır. O cümlədən indi işğal altında olan rayonlarda. İşğal olunmuş rayonlardakı muzeylərdən biri də qalmayıbdır. Ən dəyərli eksponatlar oradan oğurlanıb Ermənistana aparılıb, qalan hər şey dağıdılıbdır. Orada bir dənə salamat bina yoxdur. Ermənistanda bir dənə azərbaycanlı qəbiristanlığı qalmayıbdır. İşğal olunmuş torpaqlarda bir dənə məscid qalmayıb, hamısını dağıdıblar. Nə üçün erməni təəssübkeşləri bu barədə bir şey demirlər?!
Bizim təkidimizlə ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlara gəlmişdi. Baxmayaraq ki, Ermənistan tərəfi buna etiraz edirdi, biz buna nail olduq. Ondan sonra xüsusi məruzə də hazırlanmışdır. Orada göstərilmişdir ki, işğal olunmuş torpaqlarda heç nə yoxdur, bütün binalar dağıdılıbdır. Belə dəhşətli hadisələr olan halda, Ermənistanın və onun təsiri altında olan ikiüzlü siyasətçilərin uydurma, təxribat xarakterli səyləri nəticəsində indi belə məsələ ortaya atılıbdır. Bu, yalandır, təxribatdır, böhtandır.
Azərbaycan öz milli maraqlarını qorumağa qadirdir. Biz dünya üçün açıq ölkəyik. Yenə deyirəm, Azərbaycan burada yaşayan bütün xalqlar üçün vətəndir. Ancaq eyni zamanda, biz öz milli maraqlarımızı hər şeydən üstün tutmalıyıq. Müstəqillik budur. Heydər Əliyevin Azərbaycana verdiyi töhfələrdən biri də budur ki, bu gün biz heç kimdən çəkinmədən, heç nədən qorxmadan öz sözümüzü açıq deyə bilirik. Çünki biz haqlıyıq. Haqq-ədalət bizim tərəfimizdədir. Azərbaycan istəyir ki, öz doğma torpaqlarının bütövlüyünü bərpa etsin. Bu, bizim suveren hüququmuzdur və bunu istənilən yolla edə bilərik. İstəyirik sülh yolu ilə edək, alınmasa, başqa variantlara da baxarıq. Azərbaycan istəyir ki, onun vətəndaşları öz doğma, dədə-baba torpaqlarına qayıtsınlar, yaşasınlar və yaxşı yaşasınlar. Bu, bizim təbii tələbimizdir.
Biz istəyirik ki, Azərbaycan inkişaf etsin, zəngin dövlətə çevrilsin. Azərbaycan vətəndaşları ən yaxşı şəraitdə yaşasınlar. Buna nail olacağıq. Çünki bizim bütün iqtisadi proqramlarımız məhz bu məqsədi daşıyır. Sosial proqramlarımız bu məqsədi daşıyır. Azərbaycan büdcəsinin ildən-ilə artması və bu il 4 milyard dollara çatması böyük göstəricidir. Amma biz bununla kifayətlənə bilmərik. Mən artıq hökumət qarşısında vəzifə qoymuşam ki, gələn il büdcəmiz kəskin şəkildə artmalıdır. Belə olan halda, həm iqtisadi layihələrə, həm sosial proqramlara ayrılan vəsait çoxalacaq, həm də, maaşlar və pensiyalar artırılacaqdır. Bütün bu məsələlərə yenidən baxılacaq və insanlarımızın həyat səviyyəsi günü-gündən yaxşılaşacaqdır.
Ancaq bu, əlbəttə ki, hər birimizin fəaliyyətindən asılıdır. Əgər düzgün qəbul etdiyimiz qərar yerlərdə icra olunmursa, onun əhəmiyyəti itir. Ona görə mənim bölgələrə səfərlərimin məqsədi də bundan ibarətdir - biz qəbul olunmuş sosial-iqtisadi proqramlara yenidən nəzər salırıq, təhlil edirik və əlavə tədbirlər haqqında qərarlar qəbul edirik. Yəqin bu gün Şəkinin və digər rayonların gələcək inkişafına dair yeni təkliflər veriləcək və əlbəttə ki, bunlar nəzərə alınacaqdır.
Bir sözlə, ölkəmizin hərtərəfli inkişafı üçün bütün şərait var. Bizim iqtisadi potensialımız artır, siyasi iradə var. Xalqın siyasətimizə olan dəstəyi bizim gücümüzü daha da artırır. Azərbaycan xalqı çox istedadlı xalqdır. Biz bunu sübut eləmişik. 15 ildir ki, müstəqil ölkə kimi yaşayır, öz taleyimizi, problemlərimizi özümüz həll edirik. Heç bir yerdən bizə kömək gəlmir. Halbuki bəzi qonşu ölkələr yalnız və yalnız xaricdən gələn ianələr hesabına yaşayırlar.
Azərbaycan başını dik tutub, alnımız açıq, üzümüz ağdır, heç kimin köməyinə möhtac deyilik, öz gücümüzə arxalanırıq. Azərbaycan xalqının gücünə arxalanırıq. Ona görə bizim siyasətimizə, müstəqil siyasətimizə heç kim müdaxilə edə bilməz və etməyəcəkdir. Azərbaycan müstəqil dövlətdir. Müstəqil dövlət kimi yaşayacaqdır. Azərbaycan xalqı yaxşı yaşayacaqdır. Biz hamımız birləşib ölkəmizdə geniş quruculuq-abadlıq işlərini davam etdirməliyik və zəngin, qüdrətli Azərbaycanı yaratmalıyıq. Bu işdə sizə uğurlar arzulayıram. Sağ olun, var olun. Bir daha sizi salamlayıram. Bağrıma basıram, öpürəm. Sağ olun.
(Azərbaycan Prezidentinin nitqi böyük diqqət və maraqla dinlənildi və gurultulu alqışlarla qarşılandı).
XXX
Dövlətimizin başçısı görüşə toplaşanlarla səmimiyyətlə görüşüb hal-əhval tutdu, onların qayğıları ilə maraqlandı. Şəkililər Prezidentin siyasətini bəyəndiklərini, dəstəklədiklərini, ona həmişə arxa-dayaq olacaqlarını bildirdilər.
XXX
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra Şəki xanlarının sarayına gəlmişdir.
Milli geyimli oğlan və qız dövlətimizin başçısına və xanımına gül dəstələri təqdim etdilər. Şəkinin özfəaliyyət kollektivləri üzvlərinin ifasında milli rəqslər və xalq mahnıları maraqla qarşılandı.
Prezident İlham Əliyev sarayın xarici görünüşünü, 1530-cu ildə əkilmiş çinarı seyr etdi.
Şərq memarlığının nadir incilərindən olan saray Şəki xanlığının əsasını qoyan Hacı Çələbinin nəvəsi Hüseyn xanın dövründə - 1761-62-ci illərdə tikilmişdir. Şəkinin rəmzi sayılan və vaxtilə iri memarlıq kompleksinin tərkib hissəsi olan saray 1955-1965-ci illərdə memar H.Rzayevin layihəsi əsasında bərpa olunmuşdu. Lakin illər ötdükcə, abidənin yenidən bərpasına ehtiyac yaranmışdı.
Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış kredit sazişi əsasında 2002-ci ilin sentyabrında Şəki xanları sarayının əsaslı bərpa işlərinə başlanmışdır. Bunun üçün Dünya Bankı tərəfindən 3,2 milyon ABŞ dolları ayrılmışdı. Bərpa işlərini Almaniyanın “Denkmalrfleqe Mesklenburq” şirkəti yerli sənətkarlarla birlikdə birgə həyata keçirmişdir. Abidənin bünövrəsində möhkəmləndirmə və izolyasiya işləri görülmüş, dam örtüyü tamamilə sökülərək, yeni layihə ilə bəpa edilmiş, elektrik və su xətləri təzələnmiş, yeni inzibati bina tikilmişdir. Sarayın şəbəkəli pəncərələri, divar rəsmlərinin qopmuş yerləri tədqiq olunaraq, bərpa edilmiş, həyətdə abadlıq işləri görülmüşdür.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sarayın ayrı-ayrı otaqlarını gəzdilər. Dövlətimizin başçısı görülən işləri, milli ornamentlərin, Şərq üslubunun qorunub saxlanmasını yüksək qiymətləndirdi. Azərbaycanın milli mədəniyyət abidələrinin qorunmasına bundan sonra da dövlət tərəfindən qayğı göstəriləcəyini xüsusi vurğuladı.
XXX
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətində olmuşdur.
Prezidenti və xanımını müəssisənin həyətində gül-çiçəklə qarşıladılar.
Dövlətimizin başçısı əvvəlcə, baramaaçma sexinə gəldi. Əsaslı şəkildə yenidən qurulan sexdə 650 nəfərədək işçi çalışır, orta aylıq əmək haqqı 60-70 manatdır. Prezident burada istehsal prosesi ilə tanış oldu, işçilərlə səmimi söhbət etdi, qayğı və problemləri ilə maraqlandı və onlarla xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev müəssisənin həyətində texniki təmir-bərpa sahəsi ilə, burada nümayiş etdirilən kənd təsərrüfatı texnikası ilə tanış oldu.
Dövlətimizin başçısı 200 nəfərə yaxın işçinin çalışdığı toxuculuq sexində ipək parça istehsalı prosesini yaxından izlədi. Müəssisədə istehsal olunan ipək parça, kəlağayı, xalça və digər məhsulların nümayiş etdirildiyi çeşidlər otağına baxdı. İpək xalçaların toxunması prosesi də böyük maraq doğurdu. Burada Prezidentə ipək xalça hədiyyə olundu.
Hazırda səhmdar cəmiyyətdə 1600 nəfərə yaxın işçi çalışır. Respublikamızın baramaçılıq və pambıqçılıq rayonlarında isə 20 min nəfərə yaxın adam mövsümi işlərə cəlb edilir. “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətinin səhmləri üzrə investisiya müsabiqəsinin qalibi olan “Pərvanə” Məhdud Məsuliyyətli Cəmiyyəti bu iri sənaye müəssisəsinin fəaliyyətini genişləndirməklə respublikamızda baramaçılığın inkişafını təmin etmək məqsədi ilə yeni inkişaf proqramı həyata keçirir. Müəssisəyə ümumilikdə 36 milyon ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Gələcəkdə baramaaçma istehsalatının ikinövbəli iş rejiminə keçirilməsi nəzərdə tutulur ki, bu da əlavə olaraq, 600 nəfərin daimi işlə təmin edilməsinə şərait yaradacaqdır.
Prezidentə məlumat verildi ki, 2005-ci ildə müəssisədə 59,2 ton xam ipək, 437,1 min poqonmetr təbii, süni və pambıq parça, 15,2 ton burulmuş sap, 137,1 kvadratmetr təbii ipək parça, 135,9 min ədəd müxtəlif ölçülü kəlağayı və digər məhsullar istehsal olunmuşdur. Müəssisənin xammalla təchizatını yaxşılaşdırmaq məqsədi ilə baramaçılıq və pambıqçılıqla məşğul olan rayonlarda fermerlərlə işgüzar əlaqələr qurulmuşdur. Son iki ildə səhmdar cəmiyyəti rayonlarda 200 hektara yaxın torpaq sahəsi icarəyə götürərək, 3 milyon ədəd tut tingi əkmişdir.
Prezident İlham Əliyev müəssisənin indiki vəziyyətindən razılığını ifadə etdi, tövsiyə və tapşırıqlarını verdi. Bildirdi ki, bu müəssisənin məhsullarına həm daxili, həm də xarici bazarda tələbat böyükdür və ona görə də istehsalın genişləndirilməsi məqsədəuyğundur.
XXX
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Şəkidə modul tipli elektrik stansiyasında tikinti işlərinin gedişi ilə yaxından tanış olmuşdur.
Stansiya Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, Finlandiyanın “Vartsila” şirkətinin ölkəmizdə inşa etdiyi 5 modul tipli stansiyadan biridir. Tikintiyə ötən ilin oktyabrından başlanmışdır. 2006-cı ilin avqustunda stansiyanın istifadəyə verilməsi nəzərdə tutulur. Burada hər biri 88,7 meqavat gücündə 10 blok olacaqdır. Tikinti işləri cədvəl üzrə davam etdirilir. Smeta dəyəri 100 milyon ABŞ dolları olan stansiyanın işə salınması şimal-qərb bölgəsinin elektrik enerjisi ilə təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır.
Dövlətimizin başçısı tikinti meydançasını gəzdi, ölkənin elektrik enerjisinə tələbatının tam ödənilməsi üçün bundan sonra da ardıcıl tədbirlər görüləcəyini bildirdi.
XXX
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də rayonun ən böyük müəssisələrindən biri - Şəki kərpic zavodu ilə tanış olmuşdur.
Zavodun kollektivi dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladı.
Şəki-Balakən magistral yolunun kənarında, Daşüz kəndinin yaxınlığında yerləşən müəssisə 1993-cü ildən tikintisi yarımçıq qalmış kərpic zavodunun bazasında yaradılmışdır. Türkiyənin “York Produkcts İnc” şirkəti tərəfindən müəssisəyə 1 milyon 836 min ABŞ dolları həcmində kredit ayrılmışdır. Burada Türkiyənin “Maksann” firmasının istehsal etdiyi müasir avadanlıq quraşdırılmışdır. Ümumilikdə müəssisəyə 3,5 milyon ABŞ dolları xərclənmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun inşa edilən zavodda il ərzində beynəlxalq standartlara cavab verən 8 çeşiddə 20 milyonadək bişmiş kərpic, habelə digər tikinti materialları istehsal olunur. Gələcəkdə 10 çeşiddə kərpic buraxılacaqdır. Hazırda müəssisədə 100 nəfərə yaxın işçi çalışır. Tam gücü ilə fəaliyyət göstərdikdə işçilərin sayı 150 nəfərə çatdırılacaqdır.
Prezident İlham Əliyev istehsal olunan məhsulların keyfiyyəti ilə maraqlandı, müəssisənin işçiləri ilə xatirə şəkli çəkdirdi. Azərbaycanda yeni iş yerlərinin açılması istiqamətində mühüm işlər görüldüyünü xatırladan dövlətimizin başçısı əhalinin işlə təminatı baxımından bu zavodun da rolunu vurğuladı, gələcəkdə istehsalın genişləndirilməsinin zəruriliyini bildirdi.
XXX
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Şəki Olimpiya İdman Kompleksində Şəki-Zaqatala bölgəsinin sahibkarları ilə görüşmüşdür.
Görüşü iqtisadi inkişaf naziri Heydər Babayev açdı.
Prezident İlham Əliyev görüşdə giriş nitqi söylədi, sahibkarlıq subyektlərinə 907 min manat həcmində kreditlərin verilməsi haqqında sənədləri təqdim etdi.
Sahibkarlar adından Kifayət Niftəliyeva çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyev görüşə yekun vurdu.
XXX
Həmin gün dövlətimizin başçısı Heydər Əliyev adına 1 nömrəli Kiş kənd orta məktəbi və bu kənddəki qədim alban məbədi ilə tanış oldu.
XXX
Aprelin 13-də Şəki Şəhər İcra Hakimiyyətinin binasında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Şəki-Zaqatala bölgəsinin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirildi.
Müşavirəni Prezident İlham Əliyev açdı. Şəki şəhər, Zaqatala, Balakən və Qax rayon icra hakimiyyətlərinin başçıları çıxış etdilər. Azərbaycan Prezidenti İlham Əliyev müşavirəyə yekun vurdu.