Şriftin ölçüsü :

Saytın rəngi :

14.08.2013

14.08.2013

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Oğuza səfərini başa çatdıraraq Şəkiyə gəlmişdir.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, son dövrlərdə bu ərazidə abadlıq işləri aparılmış, yaşıllıq zolağı daha da genişləndirilmişdir.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı bu avtomobil yolunun bərpadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidentinə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, 8 min nəfər əhalinin yaşadığı 8 məntəqəni – Aşağı Küngüt, Çapağan, Çolaxlı, Fazıl, İbrahimkənd, Cəfərabad, Əliyar və Aydınbulaq kəndlərini birləşdirən bu yolun yenidən qurulmasına böyük ehtiyac var idi.

Ümumi uzunluğu 30 kilometr, hərəkət hissəsinin eni 6 metr olan avtomobil yolunun yenidən qurulmasına 2012-ci ilin dekabrında başlanmışdır. Prezident İlham Əliyevin ölkəmizin avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlar əsasında inşa olunan bu yolun mühüm əhəmiyyəti vardır. Çünki bu yol həm də bır sıra rayonlararası magistral avtomobil yollarına birləşir.

Diqqətə çatdırıldı ki, layihənin ümumi smeta dəyəri 8 milyon 200 min manatdır. Yol boyunca körpü, bir sıra keçid, su keçidləri və 8 avtomobil dayanacağı tikilmişdir. Yüksək standartlara uyğun inşa olunmuş bu yolun yenidən qurulması yük və sərnişin avtomobillərinin hərəkətindəki bütün maneələri aradan qaldırmış, kənd sakinlərinin rahat gediş-gəlişini təmin etmişdir.

Dövlətimizin başçısı yeni yolda avtomobili idarə etdi.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

Son illərdə milli mədəniyyətimizin inkişafı dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında indi ölkəmizin bütün tarixi abidələri, sənət ocaqları əsaslı şəkildə yenidən qurulur. Buna uyğun olaraq Şəki Dövlət Dram Teatrının binası da əsaslı təmir edilir.

Əvvəlcə dövlətimizin başçısı teatrın həyətində Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Yenidən Şəkidə olmağımdan çox şadam. Artıq hər il Şəkiyə gəlirəm, burada gedən işlərlə tanış oluram. Görürəm ki, Şəkidə işlər yaxşı gedir. Bu gün buraya gəlməzdən əvvəl kənd yolunun açılışını qeyd etdik. Bu da çox gözəl hadisədir. Kəndlərə gedən bütün yollar indi abad olmalıdır. Bu məqsədlə həm dövlət büdcəsindən, Prezidentin ehtiyat fondundan mütəmadi qaydada vəsait ayrılır. Bütün bölgələrdə, o cümlədən Şəki rayonunda kənd yollarının tikintisi gedir. Həm şəhər gözəlləşir, abadlaşır, həm də kəndlərdə işlər gedir. Bir sözlə, son illərdə Şəkinin dinamik inkişafı çox sevindirici haldır.

Əvvəlki səfərlərimdə sizinlə bərabər müxtəlif açılışlarda iştirak etmişik. Artıq bu dəfə Dram Teatrının təmiri ilə tanış olacağıq. Keçən dəfə Şəkidə olarkən bu teatra baxış proqramda yox idi. Sonra yoldaşlar məsləhət gördülər.

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub MAHMUDOV: Cənab Prezident, hamımız təşəkkür edirik. Proqramdan çıxdınız, gəldiniz M.F.Axundzadənin vətəninə layiq təzə bir teatr açdınız. Sizə eşq olsun. Hamımız minnətdarıq.

Prezident İlham ƏLİYEV: Sağ olun! Yəni, əslində proqram şərti xarakter daşıyır. Əslində görüləsi işlər görülməlidir. Şəkinin mədəni həyatının daha da dolğun şəkildə təmin edilməsi üçün əlbəttə ki, teatra yeni həyat verilməli idi. Tanış olduğum mənzərə çox acınacaqlı idi. Hətta mən soruşdum ki, artistlər burada tamaşaları necə səhnəyə qoyurlar? Amma hazırda gördüyüm bu gözəl işlər məni sevindirir. İçəridə də gedən işlərlə tanış olacağam və gələn ayın sonuna qədər teatr istifadəyə veriləcəkdir.

Şəki teatrının çox böyük ənənələri vardır. Azərbaycanda tanınır və eyni zamanda, xatırlayıram ki, 1980-ci illərdə Moskvada oxuyarkən mən Şəki teatrının tamaşasında da olmuşdum. O da özlüyündə bir göstərici idi. Çünki mərkəzi şəhər olmayan şəhərin teatrının Sovet İttifaqının paytaxtında – Moskvada tamaşaları təqdim edilməsi əlbəttə ki, teatrın potensialından xəbər verirdi. Yəni, ənənələr var, siz bu ənənələri qoruyursunuz.

Əlbəttə, teatrın binasının təmiri hesab edirəm ki, çox vacib məsələdir. Şəki teatrı üçün gözəl bina olmalıdır. Bu bina da indi, bundan sonra əlli il, bəlkə ondan da çox xidmət göstərəcəkdir. Bu teatrın təmiri, bərpası hesab edirəm ki, son illər Azərbaycanda bu sahədə görülən işlərin əlamətidir. Bildiyiniz kimi, Bakı şəhərində bütün teatrlar, bütün muzeylər əsaslı təmir edilibdir. Yeni muzeylər, teatrlar tikilib açılır, o cümlədən bölgələrdə. Yəni, Azərbaycanın mədəni həyatı bütün dövrlərdə çox zəngin idi və xalqımız üçün çox vacib idi. Bu gün də belədir, humanitar sahəyə, mədəniyyət sahəsinə çox böyük diqqət göstərilir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə görülən işlər beynəlxalq birlik tərəfindən də qiymətləndirilir. Azərbaycanda - Bakıda, başqa yerlərdə musiqi festivallarının, beynəlxalq muğam müsabiqəsinin, beynəlxalq mədəniyyətlərarası dialoq forumlarının keçirilməsi humanitar sahənin nə qədər vacib olduğunu göstərir. Əlbəttə, teatr sənətinin Azərbaycanda çox böyük tarixi vardır. Müsəlman aləmində ilk teatr, ilk opera məhz Azərbaycanda yaranmışdır. Bu, bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq və gələcək nəsillər üçün saxlamalıyıq. Çünki hər bir ölkənin inkişafı təkcə iqtisadi göstəricilərlə ölçülmür. Azərbaycanın mədəni həyatı kifayət qədər zəngindir.

Bizim, ümumiyyətlə, çox zəngin mədəniyyətimiz vardır. Şəkinin də Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyə bilərəm yəqin ki, bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Burada əlbəttə ki, təbiət və memarlıq, qədim və tarixi binalar, Şəkinin şəhərsalma qaydaları gözəl bir mənzərə, bir vəhdət yaradır. Təsadüfi deyil ki, Şəkinin mədəniyyəti ilə maraqlananların sayı getdikcə artır. Həm daxili turizm artır, həm xaricdən gələn qonaqların sayı. Burada artıq yeni gözəl mehmanxanalar yaranmaqdadır. Gözəl şərait yaradılır. Yəni, Şəkinin Azərbaycan tarixində öz layiqli yeri vardır. Əlbəttə ki, Xan sarayı Azərbaycan mədəniyyətinin dəyəridir və onun böyük sərvətidir.

Bu gün biz, eyni zamanda, “Şəki Xanlarının evi”nin təmirdən sonra istifadəyə verilməsini qeyd edəcəyik. Bu da çox əlamətdar hadisədir ki, Şəkinin tarixi və zəngin mədəniyyəti qorunsun, saxlanılsın, gələcək nəsillərə ötürülsün və Şəki dünya miqyasında tanınan bir şəhərə çevrilsin. Şəki buna layiqdir. Həm tarix, mədəniyyət, özünəməxsus həyat tərzi, mətbəx – bax, bütün bu amillər Şəkinin gözəl xüsusiyyətləridir. Siz şəkililər, əlbəttə, bunu məndən yaxşı bilirsiniz. Amma onu da bilirsiniz ki, Azərbaycanın demək olar ki, bütün yerlərində Şəkiyə çox böyük hörmət və maraq vardır. İstərdim ki, Azərbaycanın bütün vətəndaşları vaxt tapıb Şəkiyə səfər etsinlər. İndi şərait yaxşılaşır, yollar da çəkilir və nəqliyyat vasitələri müasirləşdirilir. Ona görə də gələcəkdə daxili və xarici turizm inkişaf edəcəkdir. Biz gərək Şəkidə gələcəkdə beynəlxalq tədbirlərin sayını da artıraq. Əlbəttə ki, görülən işlərin arasında teatrın öz yeri vardır.

Əvvəlki səfərlərimdə, digər açılışlarda bərabər iştirak etmişik. Keçən dəfə şəhər xəstəxanasının açılışını qeyd etmişik. Olimpiya Mərkəzi, digər obyektlər, tarixi obyektlər bərpa olunub. Bir daha demək istəyirəm ki, bu teatr da böyük ənənələrə malikdir. Əminəm ki, bu ənənələr burada bundan sonra da yaşayacaqdır. Bir daha sizi salamlayıram və təbrik edirəm.

XXX

Rayon ictimaiyyətinin minnətdarlığını çatdıran Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının direktoru Hikmət NƏBİLİ çıxış edərək dedi:

- Möhtərəm Prezidentimiz, icazə verin Şəki ictimaiyyətinin və Şəki Dövlət Dram Teatrının kollektivi adından Sizə Şəkisayağı deyim: “Xoş gəlmisouz, səfa gətirmisouz, qədəmləriniz mübarək olsun, uğurlu olsun!”

Son dövrlərdə Şəkidə gedən iqtisadi inkişaf, yenidənqurma danılmaz faktlardır. Yəni, Şəki son dövrlərdə çox sürətlə inkişaf edir. Əlbəttə ki, bunların hamısı Sizin sayənizdədir. Sizin diqqətinizin, qayğınızın sayəsində bu gün Şəki, sözün əsl mənasında, intibah dövrünü yaşayır.

Siz ötən dəfə teatra gələndə bir söz işlətdiniz ki, sizin tamaşanız mənim çox xoşuma gəlmişdir. Mən həmin sözdən qürurlanıb bir şeyi demək istəyirəm ki, çox sağ olun, bizim tamaşamızı heç vaxt yadınızdan çıxarmamısınız. Mən istəyirəm heç kəsin bilmədiyi, heç kəsin xəbəri olmadığı bir əhvalatı Sizə danışım. Rəhmətlik baş rejissorumuz Hüseynağa Atakişiyevi Moskva qastrolu zamanı telefona çağırırlar. O da gedib telefonun dəstəyini götürür. Səs gəlir: “Hüseynağa, xoş gəlmisiniz Moskvaya, səfa gətirmisiniz”. Hüseynağa müəllim deyirdi ki, yerimdə qurudum qaldım. Bu insanın bu qədər işi-gücü olan vaxtı haradan bildi ki, biz Moskvaya qastrola gəlmişik?! Dəstəkdən yenə səs eşidildi: “İşləriniz necə gedir, teatrda tamaşalarınızı qəbul edirlərmi?”. Deyirdi, cavab verdim ki, çox sağ olun Heydər Əliyeviç, hər şey öz qaydasındadır, hər şey normaldır. Ulu Öndər deyir: “Məndən uşaqlara salam söyləyin. Siz ürəkli, cəsarətli olun. Mən qəzetlərdə, “Veçernaya Moskva” qəzetində Sizin qastrol tamaşanız haqqında yazıları izləyirəm”.

Yəni, bu gün Şəkidə bu teatrın təmir olunması əlbəttə, bizim Ulu Öndərimizin, yəni dühamızın qoyub getdiyi izdir. Bu gün Siz onu çox gözəl davam etdirirsiniz. Buna görə də Sizə çoxlu-çoxlu, o qədər təşəkkür etmək istəyirəm ki, bilmirəm haradan başlayım. Siz var olasınız, sağ olasınız!

Şəki son vaxtlar festivallar, yubileylər şəhərinə çevrilibdir. Bu yaxınlarda “İpək yolu” musiqi festivalı keçirildi. Mirzə Fətəli Axundzadənin 200 illik, Şəkinin 2700 illik yubileyləri qeyd olundu. Xan sarayının 250 illik yubileyi keçirildi. Bunlar üçün də Sizə “çox sağ olun” deyirəm. Mən hələ o qədər sağ ol deyəcəyəm ki.

Tərəqqi, inkişaf göz qabağındadır. Bu inkişaf təkcə Şəkidə deyil, respublikamızın hər yerində gedir. Şəki gündən-günə gözəlləşir. Hətta bir müddət şəhərimizdə olmayan insanlar Şəkiyə dönəndə təəccüblənirlər: “Bu bina nə vaxt tikildi?” Yəni, indi Şəkidə inkişaf çox dinamik gedir. Mən yalnız bir şeyi deyə bilərəm ki, Siz 2011-ci ildə buraya gəlib baxandan sonra teatrımızın təmiri barədə Sərəncam verdiniz. İnana bilməzdik ki, belə az bir müddətdə bizim bu cür gözəl teatrımız olsun.

Prezident İlham ƏLİYEV: Belə də olmalıdır.

Hikmət NƏBİLİ: Buna görə də Sizə bir daha “sağ olun” deyirəm, bir daha təşəkkürümü bildirirəm.

Möhtərəm Prezidentimiz, əmin olun ki, bütün Azərbaycan xalqı və Şəki camaatı Sizə inanır, etibar edir. Ona görə də mən yalnız Sizə sağ olun, var olun deyirəm.

XXX

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Bildiyiniz kimi, Şəkinin inkişafı ilə bağlı bir müddət əvvəl xüsusi Sərəncam imzalanmışdır. O Sərəncamda Şəkinin tarixi əks olunur. Sərəncamın nə üçün verildiyi də artıq orada əks olunur. Əlbəttə, Azərbaycanın hər bir şəhəri, hər bir yaşayış məntəqəsi bizim üçün əzizdir, doğmadır. Ancaq Azərbaycanın tarixi mərkəzləri vardır. Azərbaycanda bir neçə böyük tarixi mərkəz vardır ki, biz onların tarixini həm bilməliyik, həm qorumalıyıq və inkişaf etdirməliyik. O cümlədən, onların arasında Şəkinin də xüsusi yeri vardır. Burada xanlıq olubdur. Burada xanlar olublar və gözəl binalar tikiblər. Belə tarixi mərkəzlərin inkişafı xüsusi diqqət tələb edir. Xüsusilə Şəkinin yenidən qurulması, müasirləşməsi, abadlaşması çox böyük ustalıqla və dəqiqliklə aparılmalıdır ki, şəhərin tarixi siması silinməsin. Yəni, pozulmasın, ona bir zərrə qədər zərər dəyməsin. Ona görə Şəkinin gələcək inkişaf planı ilə bağlı mənə vaxtaşırı məruzələr edilir. Mənim də tövsiyələrim, hesab edirəm ki, siz də razılaşarsınız, ondan ibarətdir ki, tarix qorunmalıdır. Şəkinin tarixi o qədər zəngindir ki, bu tarixə nəyisə əlavə etməyə ehtiyac yoxdur. Yəni, bu tarix qorunmalıdır. Əlbəttə, yeni binaların tikilməsi də lazımdır. Çünki hər bir şəhərdə olduğu kimi, burada da yeni binalar tikilməlidir. Qədimi üslubda tikilməlidir ki, bu, Şəkinin özünəməxsus simasına ziyan vurmasın. Ona görə burada gedən quruculuq işləri geniş ictimai müzakirələrə də səbəb olur. İctimaiyyət bu işlərdə iştirak edir. Xüsusilə ziyalılar, deputatlar iştirak etməlidirlər. Şəkinin gələcək inkişafı ilə bağlı konkret planlar vardır. Yeni böyük binaların, Heydər Əliyev Mərkəzinin, icra hakimiyyətinin binalarının inşasına başlanılıbdır, yeni yerlər müəyyən edilibdir. Bu yerlər bir qədər kənarda yerləşir. Elə də olmalıdır. Amma görürəm, şəhərin tarixi mərkəzində, bax, bu bərpa işləri çox böyük zövqlə və həssaslıqla aparılır ki, Şəkinin nadir şəhərsalma ansamblını qoruyaq. Biz də bunu bərabər edəcəyik.

Yaqub MAHMUDOV: Mən cənab Prezidentə Şəkidə hamımızın adından xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Xüsusilə ona görə ki, cənab Prezident Azərbaycanda tarixi şəhərlərin dirçəlməsi konsepsiyasına Şəkidən başlayıbdır. Şəkini bütövlükdə tarixi şəhər kimi dirçəltmək işini Azərbaycan Prezidenti, dünyanın böyük dövlət xadimi, bizim sevimli İlham Əliyevimiz başlayıbdır. Mən ona Sizin hamınızın adından dərin minnətdarlığımı bildirirəm. Hamımız minnətdarlığımızı bildiririk ki, doğrudan da, Şəki son zamanlara qədər bir dalana dirənmişdi. Bura elə bil ki, nəzərdən salınmışdı, cənab Prezident. Mən çox açıq demək istəyirəm. Siz o buzu tamam sındırdınız.

Prezident İlham ƏLİYEV: Sizin məktubunuzun əsasında.

Yaqub MAHMUDOV: Var olun, çox sağ olun. Şəkiyə 4-5 dəfədir gəlirsiniz, neçə Sərəncam verilibdir. İndi Şəki bütövlükdə intibah dövrünü yaşayır. Mən bir tarixçi olaraq demək istəyirəm ki, gələcək Azərbaycan tarixində Azərbaycan tarixinin qurucu Prezident dövrü – qurucu İlham dövrü yazılacaqdır. O, İlham Əliyevlə bağlıdır. Çünki Azərbaycanın hər yerindəki inkişaf, quruculuq, abadlıq işləri İlham Əliyevin adı ilə bağlıdır. Xüsusilə tarixin dirçəldilməsi bizim Prezidentimizlə bağlıdır.

Prezidentimiz bu gözəl ab-havanı, tarixi, gözəlliyi, dağları, ahəngi çox dəqiq qeyd etdi. Prezidentimizə möhkəm cansağlığı arzu edirik. O, bu tarixi şəhərin dirçəldilməsinə qol qoydu. Tez-tez buraya gəldi, neçə-neçə sərəncam verdi. Arzu edək ki, Prezidentimiz bu şəhəri gələcəkdə UNESCO-nun siyahısına saldırsın.

Prezident İlham ƏLİYEV: Ola bilər.

Yaqub MAHMUDOV: Bizim Xan sarayı nadir abidədir. Cənab Prezident bunu hər yerdə deyir. Bir dənə də mismar işlənməmişdir. Bura dövlətçilik mərkəzidir. Şimal-qərbi Azərbaycanda Şəki olmasa, bu torpaqlar burada qalmazdı. Şəki buranı qoruyub saxlayıbdır. Ona görə də Prezidentimiz bir tarixçi Prezident kimi, bu tarixi şəhəri sevir, buraya bütün gücünü qoyur. Cənab Prezident, Şəkinin 2700 illiyini də keçirdik.

2004-cü ildən Prezident Tarix İnstitutunu mənə etibar edib. Dəqiq deyə bilərəm ki, bütün tariximiz Prezidentin sayəsində dirçəlir. Bütün yazılan əsərlərimiz Prezidentin tapşırığı, tövsiyəsi ilə yazılır. Azərbaycanın yeni tarixi işlənilir. Bu quruculuq, Azərbaycanın yeniləşmə, dirçəlmə tarixi Prezidentimizin adı ilə bağlıdır. Bura da artıq Sizin adınızla bağlıdır. Burada M.F.Axundzadəyə layiq bir teatr oldu. Şəhərdə çatışmayan iş bu idi. Bunu da Siz etdiniz. Azərbaycanda ən böyük körpünü Şin çayı üzərində Prezident İlham Əliyev saldırdı. Bir aşırımı 1350 metr, uzunluğu isə 7-8 kilometrlik körpü. Qaxdan buraya, bizim o kəndlərdən bir arayış üçün iki saata gəlirdilər. İndi isə on beş dəqiqəyə. Bu körpü kimi nəhəngini mən Amerikada Key West adalarına gedəndə görmüşəm. Onu Siz burada yaratdınız. Ona görə də var olun, sağ olun. Azərbaycan Sizin arxanızdadır. Mən çox yerdə oluram. Bu bölgə də, Şəki də həmişə Sizin yanınızdadır, Sizin arxanızdadır. Bu evlərin hər birində Sizin adınız hörmətlə çəkilir. Sizin arxanızdayıq, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Sağ olun Yaqub müəllim.

Yaqub MAHMUDOV: Sizə eşq olsun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun!

XXX

Sonra xatirə şəkli çəkdirildi.

XXX

Görülən işlərlə tanış olan Azərbaycan Prezidenti binanın təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolara da baxdı.

Məlumat verildi ki, qədim Şəkinin də Аzərbаycаnda tеаtrın təşəkkül tаpmаsında və inkişafında özünəməxsus pаyı vаrdır. Şəkidə peşəkar tеаtr 130 və Sabit Rəhmаn аdınа Şəki Dövlət Drаm Tеаtrı 30 illik yаrаdıcılıq yоlu keçmişdir. 1973-cü ildə ipəkçilərin mədəniyyət sarayı kimi fəaliyyətə başlayan bina iki ildən sonra Sabit Rəhman adına Dövlət Dram Teatrının kollektivinin ixtiyarına verilmişdir. Teatr binasının uzun müddət əsaslı təmir olunmaması kollektivin fəaliyyətinə də təsirsiz ötüşməmişdi. Azərbaycan Prezidentinin Şəkinin inkişafı məqsədilə 2011-ci ilin sentyabrında imzaladığı Sərəncama uyğun olaraq yenidən qurulan teatr binası müasir standartlara cavab verən səviyyəyə çatdırılacaqdır. Üçmərtəbəli binanın əsaslı təmirinə 2012-ci ilin martında başlanılmışdır.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, əsaslı təmirdən sonra binanın tamaşa zalı 299 yerlik olacaqdır. Tamaşalarda istifadə ediləcək dekorasiyaların quraşdırılmasının sürətləndirilməsi məqsədilə səhnə fırlanan şəkildə düzəldiləcəkdir. Binanın sahəsi 4000 kvadratmetrdən 5000 kvadratmetrədək artırılmışdır. Təmirdən əvvəl teatr binasında 78 xidməti otaq var idisə, hazırda onların sayı 86-dır. Binada aktyorların məşqi üçün kiçik səhnə və qrim otaqları vardır. Dörd korpusdan ibarət Şəki Dövlət Dram Teatrının binasının həyətyanı sahəsində də geniş abadlıq işləri görülmüşdür.

Yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Şəkiyə səfəri çərçivəsində “Şəki Xanlarının evi”nin açılışında da iştirak etmişdir.

Son illərdə ölkədə mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva regionlara səfərləri zamanı mədəniyyət obyektləri ilə də yaxından tanış olurlar. Dövlətimizin başçısı lazım gəldikdə onların yenidən qurulması ilə bağlı tapşırıqlarını verir. Xatırladaq ki, 2006-cı il aprel ayının 13-də Prezident İlham Əliyevin Şəkiyə səfəri zamanı uzun illər ərzində əsaslı təmir edilməyən və yararsız vəziyyətə düşmüş “Şəki Xanlarının evi”nin təmir edilməsi barədə dövlətimizin başçısının tapşırığına əsasən XVIII əsrə aid bu tikili yenidən qurulmuşdur.

Dövlətimizin başçısı binanın, Heydər Əliyev və M.F.Axundzadə prospektlərinin bərpadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.

Bina ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, “Şəki Xanlarının evi”nin bərpası işlərinə 2012-ci ilin noyabrında başlanılmışdır. Altı otaqdan, dörd dəhlizdən və iki eyvandan ibarət bina çiy kərpicdən tikilmiş, pəncərələri şəbəkə üsulu ilə düzəldilmişdir. Ərazisi 700 kvadratmetr olan binanın yenidən qurulması Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında aparılmışdır. Otaqlardan biri xüsusi rəsmlərlə bəzədilib və qonaq otağı kimi nəzərdə tutulmuşdur.

Diqqətə çatdırıldı ki, XVIII əsrə aid tarixi abidə olan “Şəki Xanlarının evi” ilk dəfədir təmir edilir. Bərpa işləri həyata keçirilərkən binanın tarixi görkəmi saxlanılmışdır. İkimərtəbəli binanın əsas otağında milli ornamentlərə uyğun olaraq Azərbaycan tarixini əks etdirən şəkillər və tarixən bu ərazilərdə yaşayan xalqların nümayəndələrinin portretləri əks olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən “Şəki Xanlarının evi” abidə-muzey kimi fəaliyyət göstərəcəkdir. Sonra abidənin hər bir otağı öz təyinatına uyğun olaraq eksponatlarla təmin ediləcəkdir. Ümumilikdə, Şəkidə 84 dünya və yerli əhəmiyyətli memarlıq abidəsi vardır. “Şəki Xanlarının evi” isə Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibində fəaliyyət göstərir. Həmin qoruqda “Şəki Xanlarının evi” ilə yanaşı, qeydiyyatdan keçən 25 abidə vardır.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər