ÖLKƏ BAŞÇISI ŞƏKİDƏ
17.11.2011
17.11.2011-ci il
Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, ərazidə yaşıllıq zolağı daha da genişləndirilmişdir.
XXX
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Dövlətimizin başçısı kompleksin yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, regionun ən böyük olimpiya idman komplekslərindən biri olan bu idman mərkəzi 2002-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin iştirakı ilə açılmışdı. O vaxtdan başlayaraq bu kompleksdə bir çox idman yarışları, təlim məşqləri və digər ictimai-sosial tədbirlər keçirilmişdir. Son dövrlərdə isə ərazisi bir qədər də genişləndirilmiş kompleks aparılan yenidənqurma işləri nəticəsində müasir standartlar səviyyəsinə çatdırılmışdır. Buradan aydın görünür ki, ölkəmizdə bütün idman qurumlarının bir yerdə fəaliyyət göstərməsi uğurlu nəticənin əldə olunmasının əsas səbəblərindən biridir. Bu sırada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın idmançılara olan diqqəti də nəzərdən qaçmır. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti bu sahədə ölkəmizin ciddi uğurlar qazanması ilə müşayiət olunur. Bir sözlə, Azərbaycan dünya idman aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olmuşdur və nailiyyətin təməlində ölkəmizdə idmana olan yüksək münasibət dayanır.
Azərbaycan Prezidenti voleybol zalına və hovuza baxdı, ikinci mərtəbədəki konfrans zalında yaradılmış şəraitlə tanış oldu.
Qeyd edildi ki, kompleksdə yenidənqurma işlərinə 2008-ci ildən başlanılmışdır. Sahəsi 8 min kvadratmetr olan kompleksdə 2,2 min kvadratmetrlik böyük idman zalı yaradılmışdır. Kiçik idman zalının sahəsi isə 1800 kvadratmetrdir. İdman zalları gələcəkdə burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir. İdman və sağlamlıq üçün bütün infrastrukturun yaradıldığı Olimpiya Kompleksində hər biri 800 kvadratmetr olmaqla hovuz və SPA mərkəzi, 240 kvadratmetr sahədə isə trenajor zalı yaradılmış və zəruri idman avadanlığı quraşdırılmışdır.
Yenidənqurma işləri nəticəsində kompleksin ərazisində 1400 kvadratmetr sahəni əhatə edən akvapark yaradılmışdır. Bütün əyləncə növlərinin olduğu bu kompleksdə restoran və boulinq zalı da fəaliyyət göstərəcəkdir. Konfrans zalının, internet klubun da yaradıldığı Şəki Olimpiya İdman Kompleksinin tərkibinə 1500 kvadratmetr sahəsi olan otel bölməsi də daxildir. Kompleksin ərazisində 8 min kvadratmetr sahəsi olan futbol meydançası da yaradılmışdır. Ərazidəki 27 kottecdə idmançıların istirahəti üçün bütün imkanlar vardır. Otel də daxil olmaqla bu kotteclər Şəkidə təşkil olunan yarışlarda iştirak etməyə gələn idmançıların qalması və istirahəti üçün nəzərdə tutulmuşdur. Kompleksdə uşaqların da idman növləri ilə məşğul olmaları üçün bütün şərait vardır. Burada balacalar üçün 380 kvadratmetrlik uşaq əyləncə binası da tikilmişdir. Kompleksdə yaradılan şərait bir daha təsdiqləyir ki, dünyada özünün sürətli iqtisadi inkişafı ilə fərqlənən Azərbaycan həm də nəhəng idman mərkəzinə çevrilməyi qarşıya məqsəd qoymuşdur. Bu məqsədə nail olmaq yolunda atılan addımlar isə öz bəhrəsini verir.
Dövlətimizin başçısı, həmçinin idmançıların, eləcə də xarici qonaqların qalması üçün burada yaradılan otaqlara, kotteclərə və uşaqlar üçün əyləncə və istirahət mərkəzinə baxdı.
Bildirildi ki, buradakı “Karvan” restoranında nümunəvi xidmət göstəriləcəkdir.
Prezident İlham Əliyev yenidənqurma işlərindən razılığını bildirdi.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Şəkiyə səfəri çərçivəsində mərkəzi xəstəxananın açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, 100 çarpayılıq xəstəxananın inşası müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdir. Xəstəxananın təməli 2008-ci ilin sentyabrında Azərbaycan Prezidentinin iştirakı ilə qoyulmuşdur.
Əsas bina altı korpusdan ibarətdir. Birinci və ikinci korpuslar üçmərtəbəli, üçüncü və dördüncü korpuslar ikimərtəbəli, digər iki korpus isə birmərtəbəlidir. Burada təcili tibbi yardım, reanimasiya, iki cərrahiyyə, onkoloji xəstəliklər, göz xəstəlikləri, diaqnostika, laboratoriya, dializ və poliklinika şöbələri fəaliyyət göstərir.
Təcili tibbi yardım şöbəsi ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, burada reanimasiya və kiçik əməliyyat bloku vardır.
Qeyd olundu ki, bu şəfa ocağında 300-dək tibbi heyət əhalinin sağlamlığının keşiyində duracaqdır. Şöbələrdə quraşdırılan avadanlıq tibb elminin ən son nailiyyətlərinə əsaslanır. Burada ultrasəslə müayinə, hemodializ, anesteziya avadanlığı, rentgenoqrafiya, kompyuter-tomoqrafiya, laboratoriya, süni nəfəs aparatları quraşdırılmışdır. Xəstəxanada, həmçinin müasir 4D ultrasəslə müayinə aparatı qoyulmuşdur. Buradakı avadanlıq dünyanın aparıcı ölkələrinin istehsalıdır.
Bildirildi ki, tibb ocağında cərrahiyyə blokları ən son tibbi avadanlıqla təmin edilmişdir. Bloklarda ilk dəfə olaraq Azərbaycan dilində xüsusi sensorlu monitorlar quraşdırılmışdır. Bu monitorlar vasitəsilə cərrahiyyə bloklarında işıqlandırma və havalandırma rejiminə vahid mərkəzdən nəzarət edilir. Bundan başqa, blokların divarları da xüsusi istilik sistemi ilə təchiz olunmuşdur ki, bu da dünyanın ən aparıcı ölkələrinin tibb ocaqlarında istifadə edilir. Xəstəxanada hər cür şəraitlə təchiz edilmiş konfrans zalı da fəaliyyət göstərir.
Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına inşa olunan xəstəxananın dörd hektarlıq həyətyanı sahəsində avtodayanacaqlar, su hovuzları, içməli və çirkab su anbarları, nasosxana, transformator yarımstansiyası, qazanxana tikilmişdir. Xəstəxananın həyətində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır.
Tibb ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Yeni xəstəxana binasının istifadəyə verilməsi münasibətilə tibb işçilərini və ictimaiyyətin nümayəndələrini təbrik edən Prezident İlham ƏLİYEV dedi:
-Sizi təbrik edirəm. Xatırlayıram ki, üç il bundan əvvəl bu gözəl xəstəxananın təməl daşını biz bərabər qoyduq. Üç il ərzində gözəl, müasir xəstəxana tikilibdir və bu gün biz bu xəstəxananın açılışında bərabər iştirak edirik. Bu, gözəl, əlamətdar hadisədir. İndi bu, deyə bilərəm ki, bölgənin bəlkə də ən böyük xəstəxanasıdır. Çox geniş, gözəl, yaraşıqlı binadır. Bütün müasir avadanlıq, bütün şərait vardır, palatalar da genişdir, həkimlər üçün də yaxşı şərait yaradılıbdır. Bu, çox sevindirici haldır, bu, gözəl hadisədir, onu göstərir ki, bütün qərarlarımız icra edilir. Qəbul edilmiş qərarlar vaxtında və keyfiyyətlə icra edilir və xüsusilə sosial sahədə belə gözəl obyektlərin yaradılması çox böyük və əlamətdar hadisədir.
Bütövlükdə Azərbaycanda indi bütün bölgələrdə yeni xəstəxanalar açılır. Demək olar ki, mən hər ay yeni xəstəxananın açılışında iştirak edirəm, bəzi hallarda ayda iki dəfə. Bu, onu göstərir ki, bu proses bu gün bölgədə geniş vüsət almışdır. Bütün bu zonada demək olar ki, müasir xəstəxanalar tikilmişdir, tibbi mərkəzlər yaradılmışdır. Şəkidə yaradılmış bu mərkəz əlbəttə ki, ən müasir mərkəzdir. Bakıda bu sahədə işlər görülür, yeni xəstəxanalar tikilir, təmir edilir. Ağdaşda, Ucarda, Xaçmazda buna bənzər gözəl xəstəxana tikilmiş və bu yaxınlarda istifadəyə verilmişdir. Mən təkcə son bir ayın hadisələrini yada salıram.
Bu xəstəxananın tikintisində işləri Səhiyyə Nazirliyimiz Dünya Bankı ilə birlikdə görmüşlər. Mən çox şadam ki, Dünya Bankı Azərbaycanın sosial sahəsinə də diqqət göstərir. Dünya Bankı ilə əməkdaşlığımız böyük tarixə malikdir. Azərbaycanda bir sıra infrastruktur layihələrinin icrası ilə bağlı birgə fəaliyyət göstərmişik. Bütövlükdə beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi və sosial sahələrdə gedən proseslərə çox müsbət qiymət verirlər.
Regionların inkişafı Proqramının icrası ilə bağlı əvvəlki dövrdə başladığımız işlər bu gün artıq reallaşır və özünü büruzə verir. Regionlarda bütövlükdə işlər yaxşı gedir. Mən bu bölgədə dəfələrlə olmuşam, o cümlədən Şəkidə də dəfələrlə olmuşam. Əminəm ki, bütün bu zona, Qobustan rayonundan tutmuş Balakənə qədər gözəl müasir turizm zonası kimi özünü göstərəcək. Bunu etmək üçün indi bütün infrastruktur layihələri icra edilir, yollar çəkilir. Şəki-Qax avtomobil yolu çəkilir. Yəqin ki, yaxın zamanlarda açılacaqdır. Bu, məsafəni daha da qısaldacaqdır. İnfrastruktur layihələri icra edilir, yeni binalar, qazlaşdırma, suvarma, içməli su layihəsi, o cümlədən Şəki şəhərinin içməli su problemlərinin həlli üçün layihə icra edilir. Onun birinci mərhələsi başa çatmışdır. Yaxın zamanlarda Şəkinin bütün su və kanalizasiya problemləri öz həllini tapmalıdır.
Qazlaşdırma ilə bağlı indi işlər daha da sürətlə gedir. Əlbəttə ki, biz bu bölgəni, xüsusilə Şəkini bölgənin mərkəzi, müasir və qədim turizm şəhəri kimi gərək daha da gözəlləşdirək. Bu məqsədlə müvafiq qərarlar verilmişdir. Əvvəlki dövrdə də sərəncamlar verilmişdir və vəsait ayrılmışdır. Bu yaxınlarda isə Şəkinin inkişafı ilə bağlı xüsusi Sərəncam verilmişdir. Bu Sərəncamın çox böyük mənası vardır. Təkcə ona görə yox ki, bu Sərəncam əsasında Şəkinin abadlaşmasına və tarixi binaların bərpasına beş milyon manat vəsait ayrılmışdır. Əvvəlki dövrdə də vəsait ayrılmışdır, bundan sonra da ayrılacaqdır. Bu Sərəncamın əsas mahiyyəti ondan ibarətdir ki, biz öz tarixi keçmişimizə, tarixi şəhərlərimizə daha da böyük diqqətlə yanaşmalıyıq. Bu, həm gələcəyə yönəlmiş bir addımdır, gələcək fəaliyyətimiz üçün bir istiqamətdir, eyni zamanda, keçmişimizə də olan münasibətdir.
Azərbaycanın hər bir şəhəri, hər bir kəndi bizim üçün əzizdir, doğmadır. Elə bir rayon yoxdur ki, mən orada olmayım. Dəfələrlə olmuşam və bundan sonra da olacağam. Hər bir rayon üzrə proqramlar var, vəsait ayrılır. Ancaq elə tarixi şəhərlər var ki, onların Azərbaycan tarixində, Azərbaycan xalqının formalaşmasında, Azərbaycanda dövlətçilik əsaslarının yaradılmasında xüsusi rolu vardır. Şəki o şəhərlərdəndir.
Deyə bilərəm ki, belə sərəncamların verilməsi Şəkidən başlamışdır. Ondan sonra Şamaxı şəhərinin, Quba şəhərinin inkişafı ilə bağlı oxşar sərəncamlar verilmişdir. Bundan sonra da Azərbaycanın tarixi şəhərlərinin abadlaşması və mədəni irsimizin qorunması üçün əlavə sərəncamlar veriləcək və digər şəhərlər də bu proqramla əhatə olunacaqdır.
Şəki indi yeni inkişaf mərhələsindədir. Bütün dövrlərdə bu şəhər Azərbaycan tarixində xüsusi yerə malik olub. İndi bölgələrin inkişafı ilə bağlı konkret proqramlar icra olunur və ətraf rayonlar da sürətlə inkişaf edir. Məni əvvəlki dövrdə narahat edən məsələlərdən biri də o idi ki, Şəki inkişafda bir qədər ləngiyir, ətraf rayonlar daha sürətlə inkişaf edirdi, abadlıq-quruculuq işləri daha sürətlə gedirdi. Bu məqsədlə bir neçə ciddi addım atılmışdır. İlk növbədə rayon rəhbərliyinin gücləndirilməsi üçün tədbirlər görülmüşdür. Rayon ictimaiyyəti ilə və deputatlarla birgə məsələlər müzakirə edilmişdir. Şəkinin inkişafı ilə bağlı əsas istiqamətlər müəyyən edilmişdir. Rayonun yeni rəhbərliyinə ciddi tapşırıq verilmişdir ki, həm infrastruktur layihələrinin icrası, həm xüsusilə Şəkinin tarixi simasının bərpası ilə bağlı konkret tədbirlər görülsün. Qısa müddət ərzində böyük layihələrin master-planı hazırlanmışdır və mənə təqdim edilmişdir. İndi o planın icrası başlanmışdır.
Biz ilk növbədə rayon sakinlərini narahat edən bütün problemləri qısa müddət ərzində həll etməliyik. 2013-cü ilin sonuna qədər qazlaşdırma, elektrik enerjisi, içməli su, kanalizasiya, yollar - bütün bu məsələlər öz həllini yüksək səviyyədə tapacaq. İçməli su layihəsi əhalinin artımı nəzərə alınmaqla 2035-ci ilə qədər hesablanıb. Ona görə bu məsələ ilə bağlı heç bir problem olmayacaqdır.
Tarixi binaların bərpası və qorunması üçün vəsait ayrılmışdır. Bu da Şəki üçün çox vacib istiqamətdir. Çünki burada kifayət qədər tarixi abidələr vardır. Şəkini müasir beynəlxalq turizm mərkəzinə çevirmək üçün konkret tapşırıqlar verilmişdir. Onsuz da turistlər həm ölkə daxilindən, həm xaricdən gəlirlər və gələcəklər bu tarixi, bu gözəlliyi görmək üçün. Ancaq biz daha da yaxşı şərait yaratmalıyıq. Müasir otellər, turizm kompleksləri, əyləncə yerləri, istirahət parkları, bütün bunlar da yaradılmalıdır. Bu gün vaxtı ilə tikilmiş və indi yenidən qurulmuş Olimpiya İdman Kompleksinin açılışını qeyd etmişik. Bu da bir növ turizm mərkəzidir.
Bu gün yeni mehmanxananın açılışı da nəzərdə tutulur. Qədim Karvansara bərpa edilir. Yeni planlar vardır. Yəni, mən istəyirəm və əminəm ki, siz də bu təşəbbüsləri ürəkdən dəstəkləyirsiniz, Şəki daha da gözəl olsun, daha da cazibədar olsun, daha da gənc olsun. Amma öz tarixi simasını saxlamaqla. Bu işlərdə əlbəttə ki, ictimaiyyətin də çox böyük rolu var və olmalıdır. Bütün bu məsələlər ictimaiyyətlə razılaşdırılmalıdır. Yerli icra orqanlarına göstəriş verilmişdir ki, bu məsələdə geniş ictimai müzakirələr aparılsın. Çünki biz istəyirik ki, görüləcək işlər həm zövqlə, həm keyfiyyətlə, həm də ki, tarixi həqiqətləri nəzər almaq şərti ilə icra edilsin.
Bu gün Şəkinin gələcək inkişafı ilə bağlı konkret proqramlarımız vardır. Bu proqramlar əvvəlki dövrdə də olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində böyük işlər görülmüşdür. Növbəti mərhələ daha da ciddi, təsirli olmalıdır. Nəticələr də daha da gözəl olmalıdır.
Mən bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Bütün həkimləri təbrik edirəm. Həkimlər üçün gözəl şərait yaradılmışdır. O şərait ki, dünyanın inkişaf etmiş ölkələrinin aparıcı paytaxtlarında da bu şərait, bəlkə də bundan bir qədər aşağı səviyyədə var. Amma bu şərait elədir ki, biz indi bu sahədə Azərbaycan standartlarını tətbiq edirik. Həm memarlıq, həm şərait, həm avadanlıq. Bircə qalır ki, biz tibbi xidməti də dünya standartları səviyyəsinə qaldıraq. Mən əminəm ki, biz bu günü də görəcəyik. Əminəm ki, həkimlər burada yaxşı işləyəcəklər, xəstələrə yaxşı xidmət göstərəcəklər. Sizi bir daha təbrik edirəm.
XXX
Şəki ictimaiyyətinin və xəstəxananın kollektivi adından çıxış edən həkim İmran ƏLİYEV dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:
-Möhtərəm cənab Prezident, icazə verin rayonumuzun sakinləri adından sizi salamlayım və qədim Şəki torpağına “Xoş gəlmisiniz!” deyim. Mən rayonumuzun ictimaiyyəti adından bir daha təşəkkürümü bildirmək istəyirəm ki, təməlini iki il bundan əvvəl özünüzün iştirakınız ilə qoyduğunuz bu möhtəşəm xəstəxana kompleksinin açılışını da məhz bu gün Siz özünüz edirsiniz və bunun qapılarını bizim üçün açdınız. Bu gözəl gün, eyni zamanda, bizim Milli Dirçəliş Günümüzə təsadüf edir.
Cənab Prezident, bizim mərkəzi xəstəxana köhnə, darısqal, uyğunlaşdırılmış bir binada yerləşirdi. Orada xəstələrin müalicəsi, müayinəsi üçün, demək olar ki, şəraitimiz çox zəif idi. Bu gün bu gözəl binanı, gözəl şəraiti olan binanı Siz bizə hədiyyə etmisiniz. Bura ən müasir avadanlıqla təchiz olunmuş bir xəstəxanadır. Eyni zamanda, bu xəstəxana xarici ölkələrdə hazırlıq kurslarını keçmiş tibb işçiləri ilə təmin edilmişdir. Burada səkkiz hemodializ korpusu vardır. Yaxın zamanlara qədər xəstələrimiz və onların yaxınları hemodializ əməliyyatı üçün ya Bakıya gedirdilər və yaxud da ki, yaxın rayonlarda Sizin tapşırığınıza əsasən tikilmiş gözəl müalicə diaqnostika mərkəzlərinə getməli olurdular. Artıq xəstələrimiz üçün burada bütün şərait vardır.
Cənab Prezident, Siz həmişə deyirsiniz ki, insanların həyatı, onların sağlamlığı bizim üçün hər şeydən qiymətlidir, hər şeydən əzizdir. Bu Sizin apardığınız siyasətdə özünü bir daha büruzə verir. Son zamanlarda Sizin fövqəladə dərəcədə məşğul olmağınıza, işlərinizin həddən çox olmasına baxmayaraq, qısa bir müddət ərzində əvvəl Ağdaşda mərkəzi rayon xəstəxanası, sonra Bakıda Respublika Klinik Uşaq Xəstəxanası, bu gün isə bizim xəstəxananın açılışını edirsiniz. Bu gözəl binanı bizə hədiyyə etmisiniz. Bu dövlət başçısının insanların sağlamlığına, vətəndaşlarımıza diqqət və qayğısının, sonsuz məhəbbətinin ifadəsidir.
Siz insanların sağlamlığını şərtləndirən digər sahələrin də inkişafına xüsusi diqqət yetirirsiniz. Yəni ekoloji şəraitin yaxşılaşdırılması, eyni zamanda, ölkənin hər yerində içməli su təminatını yaxşılaşdırmaq üçün layihələr icra olunur. İdmanın, təhsilin inkişafı üçün mühüm işlər görürsünüz. Bu işlərdə əlbəttə ki, Sizin ən yaxın köməkçiniz, Sizinlə çiyin-çiyinə çalışan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətləri vardır. Biz ona da təşəkkürümüzü bildiririk.
Şəki çiçəklənən, inkişaf edən Azərbaycanın bir parçasıdır. Şəki füsunkar təbiəti və tarixi abidələri, eləcə də nikbin, qonaqpərvər insanları ilə həmişə buraya gələn qonaqları heyran edir. Son illərdə Şəkidə Olimpiya İdman Kompleksi, səhiyyə-sağlamlıq ocaqları, təhsil, mədəniyyət müəssisələri açılmış, yeni su-kanalizasiya sisteminin layihəsinin birinci hissəsinin icrası artıq başa çatdırılmışdır. Eyni zamanda, bizim magistral Şəki-Qax yolunda böyük tikinti işləri aparılmışdır. Bunun üçün biz Sizə bir daha təşəkkürümüzü bildiririk.
Cənab Prezident, Şəkinin tarixi-mədəni irsinin bərpası, mühafizəsi, eləcə də şəhərimizin milli memarlıq ənənələrinə uyğun olaraq inkişaf etdirilməsi sahəsində Sizin bu yaxınlarda imzaladığınız Sərəncamın çox böyük tarixi əhəmiyyəti vardır. Bunun üçün mən də əhalimizin, bütün insanlarımızın, eləcə də tibb işçilərinin hamısının Sizə böyük təşəkkürünü, minnətdarlığını çatdırıram.
Tarixi şəhərlərimizin, o cümlədən Şəkinin daha yüksək səviyyədə inkişaf etdirilməsi üçün qəbul etdiyiniz qərar bu diyara, onun keçmişinə, gələcəyinə diqqətin, qayğının ən yüksək, ən parlaq nümunəsidir.
Möhtərəm cənab Prezident, biz Sizə və Mehriban xanıma uzun ömür, cansağlığı arzu edirik. Azərbaycanın çiçəklənməsi naminə yorulmaz fəaliyyətinizdə Sizə daha yeni uğurlar, daha yeni zirvələr arzu edirik. Allah sizi qorusun!
XXX
Prezident İlham ƏLİYEV: İnsanların sağlamlığı bizim üçün prioritet məsələdir. Siz qeyd etdiniz və bu, doğrudan da həqiqətdir ki, biz gərək bütün amilləri nəzərə alaq. Təkcə gözəl xəstəxananın tikilməsi ilə işimiz bitmir. Ekologiya - Allaha şükür ki, burada ekoloji vəziyyət çox yaxşıdır, təmiz hava, indi su layihəsi icra ediləcəkdir. Həkimlər hamıdan yaxşı bilir ki, insanın sağlamlığı üçün içməli su, təmiz qida birinci yerdədir. Yəni, bu məsələlərə də nəzarət gücləndirilir. Tibbi xidmət, profilaktika, diaqnostika – mən demək olar hər bir yeni xəstəxananın açılışında xüsusilə qeyd edirəm, təkrar edirəm, bəlkə də bunu yüz dəfə də təkrar etmək lazımdır ki, hər bir vətəndaş ildə bir dəfə müayinədən keçməlidir. İndi belə şərait hər bir yerdə vardır. Siz qeyd etdiniz, dializ aparatları, indi soruşdum, nazir mənə deyir ki, dializə ehtiyacı olan 34 xəstə vardır. İndi siz deyirsiniz əvvəllər gedirdilər başqa yerlərə, o yerlərə ki, biz bu yaxınlarda tikdirmişik. Əvvəlki dövrdə ümumiyyətlə belə xəstələr əfsuslar olsun ki, həyatdan gedirdilər, yaşamırdılar. Bakıda bəlkə də cəmi bir, ya iki dializ aparatı var idi ki, orada növbə çatmırdı. İndi biz, bütün bölgələrdə, ilk növbədə, diaqnostika mərkəzlərində dializ mərkəzləri yaratdıq və bunun coğrafiyasını elə qurduq ki, gəlib-getmək üçün məsafə məqbul olsun. Hər bir rayonda yeni xəstəxanalar tikilərkən dializ məsələləri nəzərə alınır və indi 28 dializ mərkəzi vardır. Mən buraya gələrkən fikirləşirəm ki, 2008-ci ildə təməli qoyulanda deyirdim bura böyük xəstəxana olacaq, ətraf rayonlardan da gələcəklər. İndi ətraf rayonlarda da yeni xəstəxanalar açılır. Balakəndə böyük xəstəxana, Zaqatalada, Qəbələdə böyük diaqnostika-müalicə mərkəzləri, Oğuzda rayon xəstəxanası tikilmişdir, Qaxda rayon xəstəxanası təmir edilmişdir. İndi Şəkidə xəstəxana açılır. Yəqin ki, bu imkandan daha çox Şəki sakinləri istifadə edəcəklər. Belə də olmalıdır.
Biz bütün işləri planlı şəkildə həyata keçiririk. Birinci mərhələdə hər bir bölgədə müasir tibb mərkəzi yaradılmalı idi. Sonrakı mərhələdə hər bir rayon mərkəzində və ondan sonrakı mərhələdə, indi nazir də eşidir, həm iri xəstəxanalar, həm ambulatoriyalar, kəndlərdə tibb məntəqələri – bütün bunları etməliyik. Eyni zamanda, bu da birbaşa bu məsələyə aiddir - kənd yollarının tikintisi. Çünki kənd yolu yaxşı olsa, onda bəlkə o kənddə heç tibb məntəqəsinə ehtiyac da qalmayacaqdır, rahat gələ bilərlər rayon mərkəzinə. Ona görə kənd yollarının tikintisi ilə bağlı bu il çox ciddi proqram icra edilməyə başlanmışdır. Növbəti illərdə daha da çox vəsait ayrılacaq, o cümlədən Şəki rayonunun kənd yollarına vəsait ayrılacaqdır. Biz elə etməliyik ki, Azərbaycanda hər bir sahədə ən yüksək standartlar olsun. Buna nail olacağıq. Bir daha Sizi təbrik edirəm.
XXX
Sonda xatirə şəkli çəkdirildi.
XXX
Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Şəkiyə səfəri çərçivəsində “Green Hill İnn” mehmanxanasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı mehmanxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, beşmərtəbəli turizm kompleksinin ümumi ərazisi 1,2 hektardır. Kompleksə daxil olan otel və kotteclərin ümumi sahəsi isə 5 min kvadratmetrdən çoxdur. Ərazidə mehmanxana binası ilə yanaşı, yardımçı tikililər, böyük və kiçik hovuz yaradılmışdır. Mehmanxananın həyəti abadlaşdırılmış, geniş yenidənqurma işləri aparılmış, yaşıllıq zolağı salınmışdır.
Prezident İlham Əliyev mehmanxananın ərazisində görülməsi nəzərdə tutulan işləri əks etdirən stendə baxdı, ən yuxarı mərtəbədən şəhərin mənzərəsini seyr etdi. Şəkidə həyata keçirilən geniş quruculuq-abadlıq işləri barədə dövlətimizin başçısına məlumat verildi.
Bildirildi ki, mehmanxananın 4 mərtəbəsi apartament nömrələrdir. Burada 4 birotaqlı, 12 ikiotaqlı, 8 üçotaqlı, 3 dördotaqlı nömrələr qonaqlara təklif olunur. Mehmanxana binasının beşinci mərtəbəsində isə 18 otaq yaradılmışdır. Nömrələrin hamısı ən son informasiya-kommunikasiya avadanlığı, o cümlədən internetlə təmin olunmuşdur. Binada sürətli liftlər quraşdırılmışdır.
Qeyd edildi ki, müasir havalandırma sistemləri ilə təchiz edilən mehmanxana kompleksinin ərazisində, həmçinin kottec tipli istirahət və əyləncə otağı, SPA, fitnes, yeməkxana və asudə vaxtın səmərəli keçirilməsi üçün otaqlar vardır. Mehmanxana kompleksində 200 nəfər işlə təmin edilmişdir.
“Green Hill İnn” mehmanxanası Şəkinin turizm potensialının göstəricisi olmaqla bu bölgənin imkanlarını da nümayiş etdirir. Burada yaradılan şərait təsdiqləyir ki, müasir dövrdə turizmin əsas məqsədi ölkə iqtisadiyyatının kompleks inkişafını təmin etməkdir. Son illər Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi, bu sahədə xırda və orta sahibkarlıq üçün möhkəm bazanın yaradılması regionların infrastruktur cəhətdən inkişafını da təmin edir.
Dövlətimizin başçısı mehmanxananın açılışı münasibətilə təbriklərini çatdırdı.
XXX
Noyabrın 17-də Prezident İlham Əliyev Şəki şəhərində “Aşağı Karvansaray” kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olmuşdur.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinə məlumat verdi ki, qədim abidələrlə zəngin bölgələrimizdən olan Şəkidəki XIX əsrə aid “Aşağı Karvansaray” Yaxın Şərqdə ən böyük karvansaradır. Kompleksdə əsaslı təmir və bərpa işlərinin aparılması dövlətimizin tarixi keçmişimizin qorunmasına olan həssas münasibətindən qaynaqlanır. Şəkinin özünəməxsus memarlıq üslubunu əks etdirən və 8 min kvadratmetr ərazini əhatə edən bu tarixi binada 200-dən çox otaq vardır.
Dövlətimizin başçısı kompleksin əvvəlki vəziyyətini, təmir-bərpa işlərinin gedişini və istifadədən sonrakı vəziyyətini əks etdirən stendə baxdı.
Diqqətə çatdırıldı ki, xüsusi layihə əsasında aparılan bərpa işlərinə 2010-cu ilin yanvarında başlanılmışdır. Təmir-bərpa işlərinin bu ilin dekabrında başa çatdırılması nəzərdə tutulur. Hazırda işlərin birinci mərhələsi həyata keçirilir.
Kompleksdə görülən işlər barədə məlumat verilərkən bildirildi ki, indiyədək uzunluğu 5,2, eni isə 4,3 metr olan 30 tağbənd qurulmuş, 5 min 197 kvadratmetrlik dam örtüyünün konstruksiyası yenidən quraşdırılaraq kirəmitlə örtülmüşdür. Bundan başqa, kompleksdə 5,2 min kvadratmetr damüstü sahə torpaqdan təmizlənmiş və yenidən qurulmuşdur. Burada 3 min 146 kvadratmetr fasad, 16 min 428 kvadratmetr interyer və tağbəndlər köhnə suvaqdan təmizlənmişdir. Kompleksin şimal-qərb fasadları qarşısında 175 metr məsafədə 2,5 metr hündürlüyündə istinad divarları hörülmüşdür. Ərazidə 5 min 280 kvadratmetr sahəyə kərpic döşənmiş, 3 min 82 kvadratmetr sahəyə yeni tirlər qoyulmaqla taxta döşəmə vurulmuşdur. Eyvanlar bərpa olunmuş, 8 tay darvaza, 170 pəncərə, 128 qapı yenilənmişdir. Bundan başqa, kompleksdə 32 eyvan tağı bərpa edilmişdir. Burada ümumilikdə, zirzəmi də daxil olmaqla 253 otaq vardır.
Diqqətə çatdırıldı ki, “Aşağı Karvansaray” kompleksində aparılan tikinti-bərpa işlərinin ikinci mərhələsində 60-80 nəfərlik mehmanxananın tikilməsi nəzərdə tutulur. Kompleksdə ilk dəfədir ki, bu cür əsaslı təmir-bərpa işləri həyata keçirilir.
Prezident İlham Əliyev tikinti və bərpa işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsinə, eləcə də karvansaranın gələcəkdə istifadəsinə dair tapşırıq və tövsiyələrini verdi.
XXX
Noyabrın 17-də Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Sabit Rəhman adına Dövlət Dram Teatrının binası ilə tanış olmuşdur.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verdi ki, 1973-cü ildə ipəkçilərin mədəniyyət sarayı kimi fəaliyyətə başlamış bu bina iki ildən sonra Sabit Rəhman adına Dövlət Dram Teatrının kollektivinin ixtiyarına verilmişdir. Teatr maraqlı çıxışları ilə təkcə Şəkinin deyil, ölkəmizin bütün sənətsevərlərinin rəğbətini qazanmışdır. Teatr binasının uzun müddət əsaslı təmir olunmaması kollektivin fəaliyyətinə təsirsiz ötüşməmişdir. Prezident İlham Əliyevin Sərəncam və göstərişləri əsasında indi ölkəmizin bütün tarixi abidələri, sənət ocaqları əsaslı şəkildə yenidən qurulur. Buna uyğun olaraq, Şəki Dövlət Dram Teatrının binasının da əsaslı təmiri planlaşdırılır.
Dövlətimizin başçısı təmir-bərpa işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
XXX
Noyabrın 17-də Prezident İlham Əliyev “Aqroinvestkom” MMC-nin Şəki şərab zavodunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq yaradılan zavodun ümumi sahəsi 7,8 hektardır. Tikintisinə 2008-ci ildə başlanılan zavod ildə 3 min ton üzüm emal etmək gücünə malikdir. Lakin gələcəkdə bu rəqəmin 10-15 min tona çatdırılması nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısının ölkəmizdə özəl sektorun, o cümlədən üzümçülüyün inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotolardan ibarət stendə baxdı.
Sonra dövlətimizin başçısı zavodu işə salan düyməni basdı.
Məlumat verildi ki, burada üzümün qəbulu, fermentləmə, texnoloji emal, markalı şərabların istehsalı və qablaşdırma sexləri yaradılmışdır. Üzümün qəbulu sexində ağ və qırmızı üzüm növləri üçün iki qəbuledici bunker, üzüməzən avadanlıq quraşdırılmışdır. Burada iki xətt ağ və qırmızı, bir xətt isə elit şərabların istehsalı üçün nəzərdə tutulmuşdur. Sexdə, həmçinin Azərbaycanda ilk dəfə üzümün tumlarını ayıran qurğu da quraşdırılmışdır. Digər sexlər də ən son avadanlıqla təchiz edilmişdir. İstehsal prosesi kompyuterləşdirilmiş sistemlə idarə edilir.
Qablaşdırma sexi ilə tanışlıq zamanı bildirildi ki, burada qurulmuş müasir avadanlıq saatda 3 min şüşə şərab doldurmağa imkan verir. Bu zavodda ilkin mərhələdə süfrə şərablarının istehsalı nəzərdə tutulmuşdur. Sexdə qablaşdırılan şərablar “Çinar” markasının texnologiyasına uyğun hazırlanır. İstehsalın sonrakı mərhələsində “Şəki”, “Çələbi”, “Karvansaray”, “Xan sarayı” adı ilə şərabların istehsalı planlaşdırılır. İstehsalın üçüncü mərhələsində, yəni 2012-ci ildən kəmşirin, portveyn və desert tipli şərabların istehsalına üstünlük veriləcəkdir. İstehsalın dördüncü mərhələsində isə konyak spirti və konyak istehsalı sexinin yaradılması planlaşdırılır. Şərab zavodunda istehsal üçün üzüm məhsulunun tədarükündə Şəki ilə yanaşı, əsasən Oğuz və Qəbələ rayonlarının potensialından da istifadə olunacaqdır. Kənar asılılıqdan yaxa qurtarmaq məqsədi ilə müəssisənin nəzdində 200 hektar üzüm bağı salınması nəzərdə tutulur. Üzüm bağlarının salınması zamanı yerli sortlara – “Mədrəsə”, “Bayanşirə” və “Şirvanşah”a üstünlük veriləcəkdir.
Dövlətimizin başçısı istehsalat korpusunda hazır məhsulun saxlanması anbarı ilə tanış oldu. Bildirildi ki, markalı şərabların istehsalı sexində Fransadan gətirilmiş palıd ağacından hazırlanan, hər biri 228 litrlik çəllək qoyulmuşdur. Bu, şərabın daha yüksək keyfiyyətlə saxlanmasına imkan verir.
Qeyd edildi ki, məhsulun rəqabətədavamlı olması məqsədi ilə zavodda quraşdırılan avadanlığın hamısı İtaliyanın bu sahədə ixtisaslaşmış şirkətinin istehsalıdır. Texnoloji avadanlığın daşınması, quraşdırılması və sınaqları da italiyalı mütəxəssislərin rəhbərliyi və iştirakı ilə aparılmışdır. Zavodun ərazisində ikimərtəbəli inzibati bina, istehsalat proseslərinə və hazır məhsullara texniki-kimyəvi və mikrobioloji nəzarət üçün laboratoriya, yeməkxana, konfrans zalı yaradılmışdır. Burada, həmçinin qonaq evi də inşa olunmuşdur. Zavodun həyəti də abadlaşdırılmış, yaşıllıq zolağı salınmışdır.
Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.