ÖLKƏ BAŞÇISI ŞƏKİDƏ
19.09.2008
19.09.2008
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Şəki şəhərinə gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Şəki mərkəzi rayon xəstəxanasının 100 çarpayılıq yeni korpusunun təməlqoyma mərasimində iştirak etdi. İnşaatçılar, şəhər ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı yeni korpusun layihəsi ilə tanış oldu.
Məlumat verildi ki, Şəki şəhərinin girəcəyində, Olimpiya-İdman Kompleksinin yaxınlığında inşa ediləcək bina Dünya Bankının və Azərbaycan hökumətinin birgə layihəsi olan “Tibbi xidmətlər sahəsində islahatların aparılması” layihəsi çərçivəsində tikilir. Layihənin həyata keçirilməsi üçün Şəki, Qax, Ağdaş, İsmayıllı və Abşeron pilot rayonlar kimi seçilmişdir. Layihəni Dünya Bankı, Azərbaycan hökuməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, YUNİSEF və Dünya Səhiyyə Təşkilatı maliyyələşdirir.
Yeni korpusun birinci mərtəbəsində təcili tibbi yardım, poliklinika, diaqnostika şöbəsi, 8 çarpayılıq hemodializ, sterilizasiya şöbələri, laboratoriya, yeməkxana, exokardiologiya, kompyuter tomoqrafiyası, endoskopiya, rentgen şöbələri fəaliyyət göstərəcəkdir.
İkinci mərtəbədə isə 28 çarpayılıq cərrahiyyə şöbəsi, iki əməliyyat bloku ilə birlikdə 12 çarpayılıq anesteziologiya və reanimasiya şöbəsi, 55 çarpayılıq terapiya şöbəsi yerləşəcəkdir. Binanın 2011-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev gilizi təmələ qoydu və beton qarışığı tökdü. Sonra Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət etdi.
Şəki şəhər mərkəzi xəstəxanasının baş həkiminin müavini NAĞDALI BALAŞOV dövlətimizin başçısına müraciətlə dedi:
- Cənab Prezident, Sizin hər bir gəlişiniz Şəkiyə yeni həyat gətirir. Bu gün bizim qəlbimiz sevinclə, fərəhlə döyünür. 2006-cı ildə Siz Şəkidə modul tipli elektrik stansiyasının açılışı ilə bizə işıq verdiniz və biz o vaxt Sizi şəriksiz Prezidentimiz adlandırdıq. Bu gün isə yeni müalicə korpusunun təməlinin qoyulması ilə bizə insanlarımıza sağlamlıq bəxş edirsiniz.
Əziz Prezidentimiz, Sizin andiçmə mərasimində dediyiniz kəlam var idi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Bu, həyatda öz əksini tapmışdır. Siz bizə işıq, istilik vermisiniz, əmək haqlarımızı artırmısınız və balalarımızın təhsili üçün Şəkidə çoxlu məktəblər tikmisiniz. Buna görə Sizə öz minnətdarlığımızı bildiririk. Eyni zamanda Azərbaycanda 700 mindən çox iş yeri açılmışdır. Əvvəllər ölkəmizi tərk edib gedən soydaşlarımız artıq Azərbaycana qayıdır, onlar işlə təmin olunurlar. Hətta əcnəbi vətəndaşlar da iş dalınca Azərbaycana gəlirlər. Biz inanırıq ki, bundan sonra Azərbaycanda həm yoxsulluq, həm də işsizlik olmayacaqdır.
Möhtərəm Prezidentimiz, Sizin daxili və xarici siyasətiniz nəticəsində Azərbaycanda sülh bərqərar olmuşdur və ölkəmiz təhlükəli vəziyyətlərdən azad olmuşdur. Hesab edirik ki, Qarabağ məsələsi də öz həllini tapacaqdır. Möhtərəm Prezidentimiz, Siz xalqın içərisində olursunuz, xalq Sizi sevir, hər kəs Sizi öz ailəsinin üzvü kimi qəbul edir. Siz bizim üçün hər şey etmisiniz. Buna görə də Sizə minnətdaram.
Möhtərəm Prezidentimiz, Şəkidə də son illər quruculuq, abadlıq işləri getmişdir. Şəkinin incisi olan Şəki xanlarının sarayı bərpa olunmuşdur. Mədəniyyət ocaqları bərpa olunub xalqın istifadəsinə verilmişdir. Möhtərəm Prezidentimiz, Sizi sevməyən, vətəni də sevməz. Vətənə sevgi, xalqa sevgi Sizdən başlayır. Siz bizə o qədər yaxınsınız ki, biz unuduruq kimlə danışırıq. Hesab edirik ki, Siz də bizi beləcə, o doğmalıqla sevirsiniz. Şəki camaatı Sizi sevir, Sizinlə fəxr edir. Allah Sizi qorusun!
İLHAM ƏLİYEV: Çox şadam ki, bu gün yenidən Şəkidəyəm, sizinlə birlikdəyəm. Mən Şəkidə dəfələrlə olmuşam. Hər dəfə burada olarkən sizinlə bərabər gözəl obyeklərin açılışını, yaxud da ki, təməlinin qoyulmasını birlikdə qeyd edirik. Bu gün də istisna deyil, bu gün Şəkidə ən müasir, dünya standartlarına cavab verəcək yeni böyük xəstəxananın təməlini qoyduq. Buna böyük ehtiyac var. Çünki sosial məsələləri, o cümlədən səhiyyə sisteminin təkmilləşməsi ilə bağlı olan bütün məsələləri biz daha da sürətlə həll etməliyik. Azərbaycan vətəndaşları çox gözəl tibbi xidmət almalıdırlar. Təkcə Bakıda yox, bütün bölgələrdə. Bu gün bizim belə imkanlarımız var. Məhz Şəkidə belə gözəl xəstəxananın tikilməsi, əlbəttə ki, Şəkiyə, şəkililərə olan münasibətin təzahürüdür. Mən çox istəyirəm ki, xəstəxana tezliklə tikilsin və burada ən yüksək tibbi xidmət göstərilsin. Bütövlükdə rayonun və şəhərin inkişafı üçün biz hələ çox işlər görməliyik. Düzdür, siz qeyd etdiniz ki, keçən dəfə mən burada olarkən modul tipli stansiyanın açılışında iştirak edirdik. Bu gün stansiya həm Şəkini təmin edir, həm də ətraf rayonları, ümumiyyətlə, Azərbaycanın energetika sisteminin möhkəmlənməsi işində çox mühüm rol oynayır. Ondan əvvəlki səfərlərdə Olimpiya-İdman Kompleksi açılmışdır. Bilirəm ki, indi Şəkidə çox böyük quruculuq işləri aparılır. Şəhər gözəlləşir, öz gözəl tarixi simasını saxlamaqla müasirləşir, abadlaşır, yeni məktəblər tikilir, mədəniyyət ocaqları, küçələr abadlaşır. Yəni Şəki belə yaxşı inkişaf edir. Mən buna çox sevinirəm. Amma istəyirəm ki, bu inkişaf daha da sürətlə getsin və insanları narahat edən bütün məsələlər öz həllini tapsın.
Bu gün bizim iqtisadi imkanlarımız genişlənir. Azərbaycanda aparılan köklü iqtisadi islahatlar öz bəhrəsini verir və biz bunu statistik rəqəmlərdə və insanların gündəlik həyatında görürük. Maddi imkanlar, büdcə xərcləri artır, yoxsulluğun səviyyəsi aşağı düşür. Qeyd etdiniz, 700 mindən çox yeni iş yeri açılmışdır, onlardan 600 minə yaxını daimi iş yerləridir və bu proses davam edir. Bu gün deyə bilərəm ki, biz işsizlik kimi çox çətin və ağır sosial problemi, demək olar, əsasən həll etmişik. İndi sirr deyil ki, Azərbaycana işləmək üçün başqa ölkələrdən vətəndaşlar gəlirlər. Onların sayı getdikcə artır. Biz onları Bakıda gedən bütün tikintilərdə görürük. Təkcə Bakıda yox, artıq Azərbaycanın başqa şəhərlərində də xaricdən gələn fəhlələr çalışırlar. Bir tərəfdən, bu onu göstərir ki, Azərbaycan vətəndaşları artıq azmaaşlı işlərə o qədər də meyil göstərmirlər, daha da yüksək maaş almaq istəyirlər. Bu da çox gözəl və təbii bir haldır. Digər tərəfdən, onu göstərir ki, Azərbaycanda artıq işsizlik problemləri, demək olar ki, öz həllini tapıbdır. Biz buna regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası nəticəsində nail ola bilmişik.
Həm sosial məsələlərin həllinə, həm də iqtisadi, sənaye potensialının möhkəmlənməsinə.
Bu gün mən yeni sənaye obyektinin açılışında iştirak edəcəyəm. O cümlədən Şəki rayonunda belə müəssisələrin sayı çoxalır. Mən bu gün səhərdən bu bölgənin müxtəlif rayonlarında görüşlər keçirirəm. Balakən, Zaqatala, Qax - bütün rayonlarda çox ürəkaçan mənzərə var. Bütün rayonlarda inkişaf var, əhval-ruhiyyə çox yüksəkdir, çox yaxşıdır. Deyə bilərəm ki, insanlar gələcəyə nikbinlik hissləri ilə baxırlar. Çünki gündəlik həyatda bu dəyişiklikləri görürlər, şəhərlər abadlaşır. Şəkinin hər bir sakini, həm Azərbaycan dövlətinin vətənpərvər insanıdır, eyni zamanda, öz doğma şəhərinin də vətənpərvər sakinidir. Hər bir vətəndaş görəndə ki, onun doğma şəhərində vəziyyət yaxşılaşır, abadlaşır, yeni müəssisələr işə düşür, əlbəttə ki, buna sevinir. Azərbaycanın inkişafı bundan sonra bax, bu yolla davam edəcəkdir. Həm güclü iqtisadi potensial, iqtisadi islahatlarımızın dərinləşməsi və davamı, həm özəl sektora, sahibkarlara dəstək olmalıdır və olacaqdır, həm də sosial məsələlərin həlli. Maaşlar artır, bilirsiniz ki, pensiyalar ildə iki dəfə artırılır. Əlbəttə ki, bu, bizi hələ tam şəkildə qane edə bilməz. Minimum əmək haqqı 75 manatdır. Minimum pensiya 75 manatdır. Əlbəttə, bu o məbləğ deyil ki, insanın tələbatını tam şəkildə ödəsin. Ancaq əgər biz 2-3 il bundan əvvəlki vəziyyətə baxsaq görərik ki, bu, çox sürətli bir artımdır və dinamika da çox gözəldir. Dinamika onu göstərir ki, biz bu istiqamətdə gələcəkdə də lazımi tədbirləri görəcəyik.
Bu gün Azərbaycan iqtisadi islahatlar baxımından dünya miqyasında birinci ölkədir. Özü də bunu biz demirik. Bunu Dünya Bankı, Beynəlxalq Valyuta Fondu qeyd edir. Bilirsiniz, dünyada çoxsaylı təşkilatlar var, həm Azərbaycanda, həm də xaricdə qeyri-hökumət təşkilatları var. O təşkilatları sadəcə olaraq, onların təsisçiləri təşkil edir. Adı var ki, təşkilatdır və bu təşkilatlar vaxtaşırı ölkələrin, necə deyərlər, müxtəlif istiqamətlərdəki fəaliyyətini təhlil edir və qiymət verir. Bəzi hallarda bu qiymət subyektiv xarakter daşıyır. Ancaq bu bəyanatlar, bu qiymətləndirmə məsələləri xarici mətbuatda öz əksini tapır və istər-istəməz ölkə haqqında rəy formalaşır. Onu da bilirik ki, Azərbaycan haqqında bir çox hallarda formalaşan və qəsdən formalaşdırılan rəy həqiqəti əks etdirmir.
Amma Dünya Bankı dünyanın ən qabaqcıl, ən birinci beynəlxalq maliyyə qurumudur. Beynəlxalq Valyuta Fondu da həmçinin. Bax, bu təşkilatlar Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi qiymətləndirir. Yəni bundan yuxarı qiymət ola bilməz.
Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Dövlət Neft Fondunu mükafatla təltif etdi. Yəni bu, nəyi göstərir? Onu göstərir ki, Azərbaycanda şəffaflıq təmin olunur, iqtisadi islahatlar təmin olunur. Düzdür, Azərbaycan qədim neft ölkəsidir. Neft bizim təbii sərvətimizdir və Azərbaycan xalqına xidmət göstərir. Bəzi hallarda bəzi bədxahlar sübut etməyə çalışırlar ki, Azərbaycanın sürətli artımı təkcə neftlə bağlıdır. Bu, belə deyildir. Əlbəttə ki, neft amilinin ümumi iqtisadi inkişafda çəkisi böyükdür. Amma bizdən daha da çox neft-qaz hasil və ixrac edən ölkələr var. Daha da çox, böyük resurslara malik olan ölkələr var. Nə üçün o ölkələrdə iqtisadi artım bizdəki kimi deyil?! Yəni mən onu demək istəyirəm ki, bizim iqtisadiyyatın inkişafının səbəbi təkcə təbii resurslar deyil, bizim islahatlarımızdır, Azərbaycanda hökm sürən sabitlikdir, burada fəaliyyət göstərən yerli xarici şirkətlərin işləridir, investisiyalarıdır.
İlk dəfədir ki, daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu, nə deməkdir?! İlk növbədə, Azərbaycan dövlətinin imkanları artır və daxili investisiyaların əksər hissəsi dövlət investisiyalarıdır. Digər tərəfdən, Azərbaycan şirkətləri böyüyür. Nəyin hesabına böyüyür?! Daha çox dövlət tərəfindən verilən sifarişlər hesabına. Əgər bu sifarişlər olmasaydı, yerli şirkətlər bu qədər inkişaf etməzdi. Bizim 5 milyard dollar həcmində Dövlət İnvestisiya Proqramımız var. Yəqin ki, gələn il ondan da çox olacaqdır. Bax, bu vəsait bütün rayonların abadlaşmasına, yeni gözəl xəstəxanaların, müəssisələrin, yolların, aeroportların tikilməsinə yönəldilir. Bu gün mən Zaqatalada beynəlxalq aeroportun açılışında iştirak etdim, bu, çox gözəl hadisədir və bütün bölgəyə yeni imkanlar gətirəcəkdir.
Biz Bakı-Balakən avtomobil yolunun təmirinə və genişləndirilməsinə başlamışıq. Yəni belə hallar çoxdur. Bu gün biz Zaqatalada yeni Müalicə-Diaqnostika Mərkəzinin açılışını etdik. Şəkidə gözəl xəstəxananın, Qaxda yeni İdman kompleksinin təməlini qoyduq. Balakəndə böyük bir parkın və kanat yolunun açılışında olduq. Yəni həm iqtisadi, həm sənaye məsələləri, həm də sosial məsələlər həll olunur. Bizim bütün səylərimiz bir məqsədi güdür: Azərbaycan xalqı daha da yaxşı yaşasın, Azərbaycan dövləti daha möhkəmlənsin, bölgədə öz mövqelərini daha da gücləndirsin, Azərbaycanda sabitlik daha da möhkəm olsun, pozulmasın, sülh, təhlükəsizlik və əmin-amanlıq olsun və Azərbaycan xalqı rahat yaşasın. Biz adada yaşamırıq, biz bölgədə yaşayırıq və bölgədə gedən proseslər hamımıza bəllidir. Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, burada xalqla iqtidar arasında birlik var. Bu birlik bizim bütün uğurlarımızın təməlindədir. Sabitlik, inkişaf, quruculuq - bizim əsas iş prinsiplərimiz bunlardır.
Azərbaycan xalqının maraqlarına nə cavab verirsə, o da olacaqdır. Nə cavab vermirsə, o, heç vaxt olmayacaq, kim nə deyir desin. Mən Azərbaycan xalqının dəstəyinə arxalanıram. Əgər mən bunu hiss etməsəydim, həm xarici, həm də daxili siyasəti aparmaq mənim üçün daha da çətin olardı. Ona görə bütün bu uğurların səbəbkarı sizsiniz, Azərbaycan xalqıdır, Azərbaycan vətəndaşlarıdır. Mən də sizə xidmət edirəm.
SAKİNLƏR: Cənab Prezident, çox sağ olun, minnətdarıq. Allah köməyiniz olsun.
İLHAM ƏLİYEV: Bu beş ildə çalışmışam ki, yaxşı xidmət edim. Sizə uğurlar, cansağlığı arzulayıram. Xəstələnməyin, amma, işdir xəstəlik olsa, yaxın zamanlarda gözəl xidmət göstəriləcəkdir.
X X X
Şəkili ziyalılar Azərbaycan Prezidentinin xarici siyasətinin uğurlarından danışdılar.
Dövlətimizin başçısı İLHAM ƏLİYEV Azərbaycanın öz müstəqil siyasətini bundan sonra da davam etdirəcəyini bildirdi:
-Əlbəttə ki, müstəqil siyasət aparmaq Azərbaycan üçün, çox da böyük olmayan ölkə üçün o qədər də asan məsələ deyildir. Bir daha demək istəyirəm, əgər mən bu dəstəyi hiss etməsəydim, çətin olardı. Əlbəttə, Azərbaycanın bölgədəki və dünyadakı mövqeləri də möhkəmlənir, önəmi də artır və Azərbaycana diqqət də artır. Burada bəzi hallarda müxtəlif maraqlar da toqquşur. Mən qoymuram ki, toqquşsun, qoymuram və qoymayacağam. Mən həmişə demişəm ki, böyük ölkələr var, çox da böyük olmayan ölkələr də var, maraqlar ola bilər. Azərbaycanın da Azərbaycanın hüdudlarından kənarda maraqları var. Amma mən həmişə demişəm ki, Azərbaycan qarşıdurma məkanına çevrilməyəcəkdir. Biz əməkdaşlığa hazırıq. Əgər bizim maraqlarımıza uyğundursa, istənilən ölkə ilə, istənilən formada əməkdaşlıq edəcəyik. Uyğun deyilsə, biz bunu açıq deyirik. Həm qonşular, həm də böyük dövlətlər bunu bilir və bunu qəbul etməyə öyrəşiblər ki, Azərbaycanın öz mövqeyi var. Azərbaycan xalqının iradəsindən başqa heç bir qüvvə bu mövqeyə təsir edə bilməz.
Müstəqil siyasət aparan ölkə özünü müəyyən risklərdən sığortalayır. Çünki o, sadəcə olaraq, öz bildiyini, öz xalqının maraqlarını müdafiə edir. Müstəqil siyasət aparmaqda çətinlik çəkən ölkələr də bəzi hallarda bundan əziyyət çəkirlər. İndi dərinə getmək istəmirəm, hər kəs hər şeyi görür. Əminəm ki, bundan sonrakı illərdə Azərbaycanın dünyadakı mövqeləri ancaq möhkəmlənəcəkdir. Bunun üçün bütün şərait var, bütün imkanlar var. Həm qəbul edilmiş proqramlar, həm neft siyasətimiz, həm ölkədə yaranmış vəziyyət, həm də ümumiyyətlə, Azərbaycanın uğurlu inkişafı belə deməyə imkan verir.
YAQUB MAHMUDOV (AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı): Cənab Prezident, xalq sizinlədir. Siz səmimi, qətiyyətli, cəsarətli siyasətinizlə, heç kəsin arxasınca getmədən Heydər Əliyevin qurduğu Azərbaycanı göylərə qaldırdınız. Öz yolunuz var. O yol da Azərbaycan xalqını təmin edir. Biz həmişə Sizinləyik. Sizə eşq olsun, bilin ki, xalq Sizinlədir.
İLHAM ƏLİYEV: Sağ olun.
XXX
Prezident İlham Əliyev sentyabrın 19-da Şəki “Aqro-İndastri” MMC-nin rayonun Orta Zəyzid kəndində, keçmiş Kökəltmə birliyinin ərazisində tikilmiş müasir tipli süd emalı zavodunda olmuşdur.
Dövlətimizin başçısına müəssisənin əsas iqtisadi texniki göstəricisi barədə məlumat verildi. Bildirildi ki, müəssisənin tikintisinə Azərbaycan Beynəlxalq Bankı ilə Hollandiyanın “Roqobank”ı arasında imzalanmış kredit müqaviləsi əsasında 2006-cı ildə başlanmışdır. Müqavilənin ümumi dəyəri 7,28 milyon avrodur.
Şəki–Oğuz şosesinin kənarındakı 70 hektar ərazidə müasir tipli heyvandarlıq kompleksi, damazlıq və südçülük sahələri, pendir zavodu və mal-qara üçün yem istehsalı sexi yerləşir. Kompleksə Hollandiyadan yüksək məhsuldarlığı olan 660 cins inək gətirilmişdir. İndiyədək onlardan 472 bala alınmışdır.
Kompleksdə adi və mexanikləşdirilmiş tövlələr tikilmişdir. İcarəyə götürülmüş 400 hektara yaxın ərazidə yem üçün qarğıdalı, yonca və vələmir əkilir. Hər gün heyvanlara 10 tona yaxın yem verilir. Yem istehsalı üçün müasir tipli dəyirman da tikiləcəkdir.
Müəssisədə gün ərzində 15 min litr süd istehsal olunmaqla 1500 kiloqram Hollandiya pendiri hazırlanması nəzərdə tutulur. İndiyədək müəssisədə 140 iş yeri açılmışdır. İşçilərə pulsuz nahar yeməyi verilir. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması və ərazisinin genişləndirilməsi nəzərdə tutulur.
Süd sağımı sexindəki bütün avadanlıq Hollandiyadan gətirilmişdir. Sağılmış süd xüsusi borularla çənlərə vurulur, buradan isə pendir istehsalı sexinə ötürülür.
Prezident İlham Əliyev istehsal sahəsinin rəmzi işə salınmasını bildirən düyməni basdı. Sonra tövlələrə, süd sağımı və pendir istehsalı sexinə baxdı, quraşdırılmış müasir avadanlıqla tanış oldu.
Görülən işləri yüksək qiymətləndirən dövlətimizin başçısı bölgələrdə bu cür müəssisələrin yaradılmasının əhəmiyyətini vurğuladı.