Şriftin ölçüsü :

Saytın rəngi :

14.10.2006

14.10.2006-cı il 

Oktyabrın 14-də Şəki rayonunda Şəki modul tipli elektrik stansiyasının təntənəli açılış mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Mərasimə toplaşan minlərlə rayon sakini, inşaatçılar dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladılar. Onların əllərində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin portretləri, Azərbaycanın dövlət bayraqları, ümummilli liderin müdrik kəlamları yazılmış şüarlar var idi.

Prezident İlham Əliyev əvvəlcə elektrik stansiyasının inzibati binasında Heydər Əliyev Muzeyi ilə yaxından tanış oldu. Muzeydə ulu öndərin həyat və fəaliyyətinə dair fotoşəkillər, kitablar, müxtəlif sənədlər, eləcə də onun energetika sahəsinə göstərdiyi diqqət və qayğını, energetiklərlə keçirdiyi görüşləri əks etdirən fotoşəkillər toplanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:

“Şəki modul tipli elektrik stansiyasının istifadəyə verilməsi münasibətilə bütün şəkililəri təbrik edirəm. Stansiya Şəkidə və ətraf rayonlarda elektrik enerjisi ilə təminatı yaxşılaşdıracaqdır, regionun sosial-iqtisadi inkişafında böyük rol oynayacaqdır.

Heydər Əliyev muzeyində nümayiş etdirilən fotoşəkillər ulu öndərin energetika sektorunun inkişafına göstərdiyi dəstək və diqqəti əks etdirir.

Bütün şəkililərə öz hörmət və məhəbbətimi bildirirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti,

Şəki, 14.10.2006-cı il”.

Sonra dövlətimizin başçısı stansiya ilə yaxından tanış oldu. Burada quraşdırılan müasir avadanlığa, bloklara baxdı.

Şəki modul tipli elektrik stansiyası Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması iə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq respublikamızda istismara verilən ikinci stansiyadır. İlk belə stansiya bu ilin fevralında Astara rayonunda istismara verilmişdir.

“Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev məlumat verdi ki, 87 meqavat gücündə olan bu stansiyanın tikintisinə 2005-ci ilin oktyabrında başlanılmışdır. Tikinti üzrə baş podratçı Finlandiyanın “Vartsila” şirkətidir. Tikinti-quraşdırma işlərini Azərbaycanın “Azenko” şirkəti həyata keçirmişdir.

Prezident İlham Əliyev stansiyada quraşdırılmış və hər birinin gücü 8,7 meqavat olan və Finlandiyada istehsal edilmiş 10 generatorun iş prosesi ilə maraqlandı. Stansiyada hər birinin uzunluğu 1,2 kilometr olan 4 ədəd 110 kilovoltluq elektrikötürmə xətti, 3,5 kilometr uzunluğunda 10 kilovoltluq kabel xətti, habelə 1,2 kilometrlik qaz xətti çəkilmişdir. Obyektin özünün ayrıca qazpaylayıcı stansiyası vardır.

Stansiyanın 12,5 hektar sahəni əhatə edən ərazisinin təxminən üç hektarında bağ salınmış və 3400 ağac əkilmişdir. İkimərtəbəli inzibati binada Heydər Əliyev Muzeyindən əlavə, xidməti otaqlar və fəhlə yeməkxanası da yerləşir. İdarəetmə binasında isə ayrı-ayrı xidmət sahələri ilə yanaşı, qonaq otaqları da vardır.

Azərbaycan Prezidenti İlham Əliyev kompyuterin düyməsini basaraq, modul tipli elektrik stansiyasını işə saldı.

Sonra təntənəli açılış mərasimi keçirildi.

Mərasimdə “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, Şəki Şəhəri İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov və Şəki şəhər sakini Sevil İsmayılova çıxış etdi.

Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

- Əziz şəkililər!

Əziz bacılar və qardaşlar!

Mən sizi bu əlamətdar bir gündə ürəkdən salamlayıram. Şəkidə istifadəyə verilmiş yeni elektrik stansiyasının açılışı münasibətilə təbrik edirəm.

Mənim ünvanıma deyilmiş bütün xoş sözlərə görə sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, sizi əmin etmək istəyirəm ki, gələcəkdə də mən əlimdən gələni edəcəyəm ki, doğma Azərbaycanımız inkişaf etsin, çiçəklənsin, ölkədə mövcud olan bütün problemlər öz həllini tapsın, insanlar daha da yaxşı yaşasınlar və Azərbaycan qüdrətli ölkəyə çevrilsin. Bunu etmək üçün bütün imkanlar var. Bax, bu gün elektrik stansiyasının fəaliyyətə başlaması bunun gözəl nümunəsidir. İl yarım bundan əvvəl, keçən ilin may ayında Azərbaycanda yeni modul tipli stansiyaların tikintisinə dair sərəncam imzalanmışdır. Qısa müddət ərzində iki stansiya artıq istifadəyə verilibdir. Bu onu göstərir ki, bizim qəbul etdiyimiz bütün qərarlar vaxtlı-vaxtında, çox qısa müddət ərzində həyata keçirilir. Çünki Azərbaycanın artan tələbatı, potensialı, əlbəttə ki, elektrik enerjisinə olan tələbatı da artırır. Çünki elektrik enerjisi həyat deməkdir. Elektrik enerjisi olmadan ölkədə heç bir layihə həyata keçirilə bilməz, heç bir müəssisə, heç bir fabrik, zavod fəaliyyətə başlaya bilməz. Bizim istəyimiz də ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, yeni iş yerləri, yeni müəssisələr, fabriklər açılsın. Baxın, son üç il ərzində Azərbaycanda 470 min yeni iş yeri açılmışdır. Yüzlərlə məktəb, xəstəxana tikilmişdir, yollar salınır. Bütün infrastruktur yeniləşir. Belə olan halda, Azərbaycanın artan tələbatını ödəmək üçün bizim energetika sistemimiz mütləq və mütləq, qısa müddət ərzində daha da möhkəmlənməlidir.

Son üç il ərzində Azərbaycanda 700 meqavat gücündə qurğular istifadəyə verilmişdir. Növbəti üç ildə isə, bizim planlarımıza görə, Azərbaycanda energetika sistemi əlavə 1700 meqavat, bütövlükdə beş il ərzində isə 2400 meqavat güc alacaqdır. Bu, Azərbaycanın mövcud potensialından 50 faiz çoxdur. Bütün dövrlər ərzində Azərbaycanda elektrik stansiyalarının gücü təxminən 4500-5000 meqavat olmuşdur. Üç il, beş il ərzində isə 2000-4000 meqavat güc yaradırıq. Bu, çox gözəl nəticə, çox gözəl tədbirlərdir və bizə imkan verəcək ki, ölkəmiz hərtərəfli inkişaf etsin. Bu fürsətdən də istifadə edib stansiyaların tikintisində iştirak etmiş bütün insanlara öz minnətdarlığımı bildirmək istəyirəm. Qısa müddət ərzində belə stansiyaları tikmək, özü də müasir səviyyədə tikmək, çox böyük peşəkarlıq, çox böyük qəhrəmanlıq tələb edir.

Biz energetiklərin peşə bayramı ərəfəsindəyik. Bu ayın 20-də energetiklər öz peşə bayramını qeyd edəcəklər. Bu münasibətlə də mən sizi təbrik edirəm və gələcək işlərinizdə uğurlar arzulayıram.

Gələcəkdə çox işlər olacaq, yeni, modul stansiyalar inşa ediləcəkdir. İndi Sumqayıtda böyük elektrik stansiyası tikilir, Bakıda tikiləcək, Mingəçevirdə, digər yerlərdə yenidənqurma işləri aparılır. Azərbaycanın çox güclü energetika potensialı olacaqdır. Bu, ilk növbədə, Azərbaycanın tələbatını ödəyəcək və ondan sonra Azərbaycan öz elektrik enerjisini ixrac da edə bilər. Bizim buna imkanlarımız var.

Azərbaycanın ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və uğurla icra edilən neft strategiyası öz bəhrələrini verməkdədir. Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq fəaliyyətdədir. Bizim çox böyük neft hasilatımız var və getdikcə artacaqdır. Bu il “Şahdəniz” yatağı işə düşür. Bu da çox böyük, nəhəng bir layihədir. Azərbaycanı təbii qazla təmin edəcəkdir. Çünki buna böyük ehtiyac var, biz təbii qazı hələ ki, xaricdən də alırıq. Rusiyadan 4 milyard 500 milyon kubmetr qaz alırıq və bu il onun alınmasına 500 milyon dollar pul ödənilibdir. Nəzərə alsaq ki, indi qazın qiyməti qalxır və hələ ki, Azərbaycanın xaricdən alınan qaza ehtiyacı var, əlbəttə, artan həcm və artan qiymət bizə təsir göstərəcəkdir. Ona görə “Şahdəniz” qaz yatağının istismara verilməsi Bakı-Ceyhan layihəsi kimi tarixi bir hadisədir.

Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir. Biz görürük ki, indi dünyada, Avropada enerji təhlükəsizliyi məsələləri ön plana çıxıbdır. Çünki hər bir ölkənin inkişafı üçün elektrik enerjisi olmalıdır. Bunun da mənbəyi, əsas mənbələri neft və qazdır. Azərbaycan bu baxımdan çox əhəmiyyətli bir vəziyyətdədir. Biz bunu yaradırıq və yaradacağıq. Əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, “Şahdəniz” qaz yatağı işə salınmasaydı, biz çox böyük çətinliklərlə üzləşə bilərdik.

Azərbaycanın indi apardığı müstəqil siyasət, ilk növbədə, bizim iqtisadi potensialımıza əsaslanır. Çünki biz iqtisadi cəhətdən inkişaf edirik, öz gücümüzü artırırıq. İndi iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Bizim maliyyə imkanlarımız da artır. Azərbaycan xəzinəsində indi 3 milyard dollar vəsait var. Bu, bizim ehtiyatlarımızdır. Azərbaycanın ildən-ilə artan büdcəsi bizə ölkənin qarşısında duran bütün vəzifələri həll etməyə imkan verir. Son üç il ərzində dövlət büdcəmiz 4 dəfə artıbdır və gələn ilin büdcəsi 6 milyard dollar olacaqdır. Nəzərə alaq ki, 2003-cü ildə 1 milyard 500 milyon dollar idi. Bu onu göstərir ki, ölkəmiz çox sürətlə inkişaf edir. İqtisadi artım sürətinə görə Azərbaycan dünyada birinci ölkədir. Bəlkə də dünya rekordudur ki, ölkədə iqtisadiyyat belə yüksək sürətlə - ildə 30-40 faiz artır. O cümlədən sənaye istehsalı. İnkişaf etmiş ölkələrdə bu artım 2-3 faizdir. Bizimlə təxminən bir səviyyədə olan ölkələrdə, keçid dövrünü yaşayan ölkələrdə maksimum 10 faizdir, Azərbaycanda isə 30 faizdir. Bütün bunlar, reallıqdır, gerçəklikdir və bizim düzgün siyasətimizi əks etdirir. İndi Azərbaycanda bütün sahələrdə inkişaf var.

Bu gün qeyd olundu ki, sabah mənim Prezident vəzifəsinə seçilməyimdən üç il keçir və üç il ərzində böyük işlər görülübdür. Mən bu barədə danışmaq istəməzdim. Amma hər şey göz qabağındadır.

İstər ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsində, ordu quruculuğunun təkmilləşməsində, ordu potensialının möhkəmlənməsində, istərsə də iqtisadi islahatlar sahəsində, sosial sahələrin problemlərinin həllində - bütün sahələrdə inkişaf ən yüksək sürətlə gedir. Azərbaycan dünyada mövqelərini möhkəmləndirir və bölgədə lider dövlətə çevrilibdir. Bütün böyük dövlətlərlə çox səmimi, bərabərlik, qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlərimiz var. Azərbaycan beynəlxalq təşkilatlarda çox dəyərli üzvdür. İqtisadi artım baxımından dünyada birinci yerdəyik.

Orduya ayrılan xərclər gələn il artıq 1 milyard dollara çatacaqdır və Azərbaycanda çox güclü ordu yaradılır.

Sosial məsələlərin həlli bizim gündəlik vəzifəmizdir. İldən-ilə maaşlar, pensiyalar artır və artırılacaqdır. Bu yaxınlarda təhsil, səhiyyə işçilərinin əmək haqları artırılıbdır. Gələn ildən minimum əmək haqqı qaldırılacaqdır, pensiyalar qaldırılır. Son iki il ərzində 600-dən çox məktəb tikilibdir. Azərbaycanın bütün bölgələrində yeni, müasir xəstəxanalar tikilir, magistral yollar, kənd yolları salınır, içməli su ilə təminat yaxşılaşacaqdır. Şəkinin problemləri də mütləq öz həllini tapacaqdır. Çünki bu barədə artıq işlər görülür. Bütün infrastruktur yeniləşir, qaz xətləri çəkilir, elektrik stansiyaları tikilir, ekologiya proqramı icra olunmağa başlayıbdır. Sahibkarlığa yardım güclənir və sahibkarlıqla məşğul olmaq istəyənlər üçün dövlət büdcəsindən 100 milyon dollar həcmində kredit nəzərdə tutulubdur. “Aqrolizinq” Səhmdar Cəmiyyəti yaradılıbdır və kəndlilərə texnika verilməsinə kömək göstərir. Buna da vəsait ayrılıbdır. İstənilən sahədə inkişaf var. Azərbaycanda elə bir sahə yoxdur ki, orada işlər görülməsin, artıq elə bir sahə yoxdur ki, orada düşünülmüş konsepsiya və proqram olmasın. Budur, bizim reallıqlarımız.

Azərbaycan öz qüdrətini artırır. Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşamalıdır. Bizim bütün problemlərimiz öz həllini tapmalıdır. İşsizlik tamamilə aradan qaldırılmalıdır, yoxsulluq aradan qaldırılmalıdır. Bir ilə yoxsulluq 20 faiz aşağı düşübdür. Mənə verilən ilkin məlumata görə, bu ilin yekunlarına əsasən yenə də aşağı düşəcəkdir. Azərbaycanda bir nəfər də yoxsul olmamalıdır, bir nəfər də işsiz olmamalıdır. Bu, indi Azərbaycanın tutduğu yoldur. Bu, düzgün yoldur. Azərbaycan xalqı bu yolu dəstəkləyir. Bizim gördüyümüz işlər, bir tərəfdən ölkənin möhkəmlənməsinə, qarşımızda duran qlobal məsələlərin həllinə yönəldilibdir. Digər tərəfdən, biz hər bir insanın problemlərinin həlli üçün çalışırıq. Çünki əgər hər bir insanın problemi həll edilərsə, ölkənin bütün problemləri həll olunar. Bizim siyasətimiz bundan ibarətdir. Biz bazar iqtisadiyyatına sadiqik və iqtisadiyyatımızı bu prinsiplər əsasında inkişaf etdiririk. Bununla bərabər, Azərbaycanda sosial siyasət də çox güclüdür. İnsanların gündəlik həyatı yaxşılaşmalıdır. Hər bir vətəndaş müsbət dəyişiklikləri öz gündəlik həyatında hiss etməlidir. Yalnız bu təqdirdə biz öz vəzifəmizi yerinə yetirilmiş hesab edə bilərik.

Şəki şəhərinin çox qədim tarixi var. Azərbaycanın çox gözəl, çox böyük tarixə malik olan şəhəridir. Ona görə Şəki şəhərinin inkişafına xüsusi diqqət göstərilir. Mən bu ilin aprelində burada olarkən görüşlərdə, ondan sonra sahibkarlarla görüşdə, vəziyyətlə tanış olarkən həmişə vurğulayırdım ki, biz Şəkinin inkişafına çox böyük diqqət göstərməliyik. Elektrik stansiyasının məhz Şəkidə tikilməsi də Şəkiyə olan özəl münasibətdən irəli gəlir. Biz Şəkinin inkişafına əlavə vəsait də ayırdıq və bu vəsaitlə böyük abadlıq işləri aparılır. Şəki şəhərinin və Şəki rayonunun inkişafına dəstək verən xüsusi sərəncam da imzalanmışdır. Baxmayaraq ki, 2004-cü ilin əvvəlində qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı dövlət proqramında Şəkinin inkişafı öz əksini çox geniş tapmışdır. Bununla bərabər, xüsusi bir sərəncam imzalandı və o, icra olunur. Şəkinin bütün problemləri həll edilməlidir. Şəkinin çox böyük potensialı, çox böyük imkanları var. Burada turizmin inkişafı üçün çox gözəl şərait var. Turizmi inkişaf etdirmək üçün gərək infrastruktur yaradılsın. Elektrik enerjisi olmayan yerdə heç bir turizm inkişaf edə bilməz, heç bir müəssisə fəaliyyət göstərə bilməz. Mən indi gedib yeni mehmanxananın açılışında iştirak edəcəyəm. Əgər yaxşı yol olmasa, işıq olmasa, su olmasa, istilik olmasa hansı mehmanxana tikilə bilər, oraya kim gələcəkdir? Bunu etmək üçün infrastruktur, bütün lazım olan şərtlər - yollar, elektrik enerjisi, qaz, su olmalıdır və biz bunu yaradırıq.

Mən şübhə etmirəm ki, Şəki şəhərinin gələcək abadlaşması da uğurla gedəcək, Şəki öz qədimliyini, tarixi simasını saxlamaq şərti ilə müasirləşəcək və həmişə olduğu kimi, şəkililər Azərbaycanın inkişafında öz böyük rolunu oynayacaqlar.

Üç il həm qısa bir tarixi müddətdir, eyni zamanda, böyük müddətdir. Üç ildə iş görmək olar. Bizim təcrübəmiz göstərdi ki, bu, çox qısa müddət olmasına baxmayaraq, çox işlər görülübdür və daha da çox işlər görüləcəkdir. Biz bilirik haraya gedirik, bilirik nə istəyirik və bilirik ki, Azərbaycanın inkişafı hansı istiqamətdə davam etməlidir. Azərbaycan 15 ildir müstəqil ölkə kimi yaşayır. Öz müstəqilliyini artıq bütün dünyaya sübut edibdir. Bu, bizim müstəqil siyasət aparmağımızdır. Bu müstəqil siyasət Azərbaycanı parlaq gələcəyə aparacaqdır.

Bütün bu işlərdə bu stansiyanın öz payı var. Belə stansiyalar çox olanda, bizim işlərimiz daha da rahat gedəcək və mən bunu arzulayıram.

Bu gözəl hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Mən çox şadam ki, yenidən Şəkidəyəm, sizinlə bərabər buradayam. Mənim üçün bu əlamətdar gündə istədim ki, insanlarla birlikdə olum və xüsusi olaraq bu stansiyanın açılışını oktyabrın 14-nə təyin etdim. Bir tərəfdən, ona görə ki, düz bir il bundan əvvəl oktyabrın 14-də bu stansiyanın təməli qoyulubdur. Digər tarix də bizə bəllidir. Mən istədim ki, bu gündə sizinlə bərabər olum. Sizi ürəkdən bir daha salamlayıram, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun. (Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

XXX

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də, elektrik stansiyasının açılışından sonra Şəki şəhərinə gələrək, burada “Şəki saray” hotelinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak etmişdir. Mərasimə toplaşan şəhər sakinləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Yerli iş adamı Cavanşir Feyziyevin maliyyə dəstəyi ilə “Tour-İnvest” şirkəti tərəfindən inşa edilən “Şəki sarayı”nın tikintisinə ötən ilin əvvəlində başlanmışdı. Milli memarlıq üslubunda və yüksək standartlara uyğun ucaldılan hotel binasının inşasında müasir arxitektura elementlərindən də geniş istifadə edilmişdir. Hotel Şəki şəhərinə xüsusi görkəm verməklə yanaşı, buraya gələn xarici turistlərə, iş adamlarına və beynəlxalq təşkilatların nümayəndələrinə yüksək səviyyədə xidmət göstərilməsinə imkan yaradacaqdır. Hoteldə fəaliyyət göstərəcək bələdçilər qrupu xarici qonaqları Şəkinin görməli yerləri, tarixi abidələri ilə tanış edəcək, bölgənin turizm imkanları barədə hərtərəfli məlumat verəcəkdir. Hotelin beşmərtəbəli binasının ümumi sahəsi 1200 kvadratmetr, nömrələrinin sahəsi isə 30-60 kvadratmetrdir. Burada “4 ulduz” sertifikatına uyğun, eyni vaxtda 65 nəfəri qəbul edə bilən 34 nömrə, o cümlədən 3 lüks nömrə var.

Prezident İlham Əliyev hotelin rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısı hotel ilə tanış oldu, ayrı-ayrı otaqları gəzdi. Bildirildi ki, birinci mərtəbədə avtomatlaşdırılmış qəbul şöbəsi, biznes mərkəzi, habelə 50 nəfərlik restoran və bar fəaliyyət göstərir. Geniş foyedə qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Biznes mərkəzində isə qonaqlar internet və peyk rabitəsi xidmətlərindən istifadə etməklə dünyanın istənilən guşəsi ilə əlaqə saxlaya biləcəklər. İkinci mərtəbədəki 60 nəfərlik konfrans-ziyafət salonunda beynəlxalq səviyyəli tədbirlər keçirmək mümkün olacaqdır.

Dövlətimizin başçısı binanın elektrik enerjisi, istilik təminatı, havalandırma sistemləri və s. ilə də maraqlandı. Məlumat verildi ki, kanal tipli havalandırma sistemi Yaponiyanın “Air kanal” firmasının texnologiyası əsasında qurulmuş, 12 nəfərlik lift “Mitsubişi” firmasının məhsuludur. Hoteli daimi elektrik enerjisi ilə təmin etmək üçün İngiltərənin “Perkins” firmasının istehsalı olan 500 kilovat gücündə transformator quraşdırılmışdır. Hoteldə 50 nəfərə yaxın daimi işçi çalışacaqdır.

Prezident İlham Əliyev binanın sonuncu mərtəbəsinə çıxaraq, qədim Şəkinin öz gözəlliyi ilə xoş təsir bağışlayan mənzərəsini seyr etdi, bu bölgədə turizmin inkişafına kömək edəcək belə obyektlərin yaranmasının əhəmiyyətini vurğuladı, ətraf ərazilərdə abadlıq-quruculuq işlərinin aparılması üçün tövsiyə və tapşırıqlarını verdi.

 

 

Keçidlər