Şriftin ölçüsü :

Saytın rəngi :

12.09.2012

12.09.2012

Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Şəki şəhərinə gəlmişlər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şəkinin Orta Zəyzid kəndi ərazisində naməlum türk əsgərinin məzarını ziyarət etdilər.

Dövlətimizin başçısı və qardaş ölkənin Baş naziri Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycandakı və Dağıstandakı hərəkət marşrutlarını, həmçinin respublikamızdakı türk şəhid məzarlıqlarının yerləşdiyi məkanları əks etdirən stendə baxdılar.

Bildirildi ki, bu abidə XX əsrin əvvəllərində xalqımızı erməni-bolşevik qəsbkarlarından xilas etmək məqsədi ilə Azərbaycana gəlmiş türk ordusunun şəhid əsgərlərinin şərəfinə ucaldılmışdır. Abidənin ətrafında geniş abadlıq işləri görülmüş, 2002-ci ildə məzarüstü abidə kompleksi yaradılmışdır.

Qeyd olundu ki, hazırda Azərbaycanda 7 türk şəhidliyi və 17 şəhid məzarı mövcuddur.

Prezident İlham Əliyev və xanımı, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı abidənin önünə gül dəstələri qoydular.

XXX

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan sentyabrın 12-də Şəki Xan sarayı ilə tanış olmuşlar.

Mehriban xanım Əliyevaya və Əminə xanım Ərdoğana gül dəstələri təqdim olundu.

Sarayla tanışlıq zamanı məlumat verildi ki, XVIII əsrə aid olan bu nadir tarixi-memarlıq abidəsi şəhərin yuxarı hissəsində, “Yuxarı baş” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, təqribən 1762-ci ildə tikilmişdir. İnşaat texnologiyasına görə Xan sarayının dünyada bənzəri yoxdur. Tikinti zamanı mismar və yapışqandan istifadə olunmamışdır. Hər kvadratmetr şəbəkə bir-birinə geydirilən 5 min hissədən ibarətdir. Saray 1300 metr uzunluğunda qala divarları ilə əhatə olunmuşdur. Üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan vardır. Sarayda xalq təsviri sənətinin bir çox növləri, xüsusilə XVIII-XIX əsrlərə aid maraqlı divar rəsmləri diqqəti cəlb edir. Bu rəsmlər əsasən həndəsi, nəbati, habelə süjetli və quşların təsviri həkk olunmuş naxışlardan ibarətdir. Sarayın ikinci mərtəbəsinin divarlarında təsvir olunan döyüş və ov səhnələri xüsusilə maraq doğurur. Şəki Xan sarayı indiyədək beş dəfə əsaslı bərpa edilmişdir.

Diqqətə çatdırıldı ki, bu il iyulun 4-də Şəki şəhərində Şərq memarlığının ən nadir incilərindən hesab edilən Xan sarayının 250 illik yubileyi böyük təntənə ilə qeyd olunmuşdur.

Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr etdilər.

Şəki Xan sarayının önündə xatirə şəkli çəkdirildi.

Baş nazir Rəcəb Tayyib Ərdoğana və xanımına Xan sarayının 250 illik yubileyi münasibətilə hazırlanmış gümüş sikkələr hədiyyə edildi.

Prezident İlham Əliyevə, xanımına və Baş nazir Rəcəb Tayyib Ərdoğana, xanımına sarayın 250 illik yubileyi münasibətilə nəfis tərtibatda nəşr edilmiş kitablar təqdim olundu.

Dövlətimizin başçısı, xanımı və Türkiyənin Baş naziri, xanımı kitabları imzalayaraq bir-birinə təqdim etdilər.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan Şəkinin qədim sənətkarlıq nümunələrinə baxdılar.

Burada qonaqlara üzərində maraqlı rəsmlər həkk olunmuş daş nümunələr hədiyyə olundu.

Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri Şəki sakinləri ilə görüşüb söhbət etdilər.

XXX

Sentyabrın 12-də Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan XIX əsrin tarixi-memarlıq abidəsi olan Şəki Cümə məscidinə baş çəkmişlər.

Türkiyənin Baş nazirinə xatirə hədiyyəsi verildi.

Prezident İlham Əliyevə və Baş nazir Rəcəb Tayyib Ərdoğana Qurani-Kərim hədiyyə olundu.

Türkiyənin Baş naziri isə Qurani-Kərimin türkcəyə tərcümə olunmuş variantını məscidə bağışladı.

Azərbaycan Prezidentinə və Türkiyə Baş nazirinə Cümə məscidi və burada fəaliyyət göstərən Şəki İslam Mədrəsəsi barədə məlumat verildi. Mədrəsədə həm yerli, həm də Türkiyədən dəvət olunmuş müəllimlər dərs deyirlər. Azərbaycanda yeganə hafiz məktəbi bu mədrəsədədir. Burada tələbələrə Quranla yanaşı, ərəb dili və kompyuter texnologiyaları da öyrədilir.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan mədrəsənin tələbələri ilə görüşüb söhbət etdilər, xatirə şəkli çəkdirdilər.

Sonra məscidlə tanışlıq oldu. Məlumat verildi ki, şəhərin mərkəzində yerləşən Cümə məscidinin həyətyanı sahəsi 700 kvadratmetrdir. Məscidin tikintisində yerli inşaat materiallarından - çaylaq daşı və bişmiş kərpicdən istifadə edilmişdir. Minarəsinin hündürlüyü 24 metr olan məscidin taxtadan düzəldilmiş on pilləli minbəri şəbəkə ilə işlənmişdir. İbadət zalının üç giriş qapısı və 44 pəncərəsi vardır. Hündürlüyü iki metr olan mehrab nəbati ornamentlərlə işlənmişdir. İkinci mərtəbədə isə qadınlar üçün ibadət zalı fəaliyyət göstərir.

Sonda xatirə şəkli çəkdirildi.

XXX

Sentyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şəkinin Kiş kəndindəki Alban məbədi ilə tanış olmuşlar.

Məlumat verildi ki, bu məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulmuşdur. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci ildə abidədə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılmış, 2003-cü ilin sentyabrında məbədin açılışı olmuşdur. Layihə məşhur norveçli alim və səyyah Tur Heyerdalın dəstəyi ilə həyata keçirilmişdir.

Bildirildi ki, Kiş kəndinin Maflar məhəlləsində yerləşən məbədin ərazisini əhatə edən divarların qalıqları bəzi yerlərdə indi də qalmaqdadır. Bu divar qalıqları məbədin özünün az qala Maflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir. Məbədin həyətində uzunluğu 2 metrə qədər, eni 1 metrdən çox olan yastı tava daş vardır. Bu tarixi abidənin qülləsi, ona bitişik divarlar yerli materialla – şırım daşla hörülmüş və kirəclə suvanmışdır.

Diqqətə çatdırıldı ki, 1981-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən aparılan arxeoloji qazıntı məbədin bünövrəsinin kasa şəklində olduğunu sübut etmişdir. Misir ehramları da məhz bu cür bünövrə üzərində qurulmuşdur.

Qeyd edildi ki, Kiş məbədi nəinki Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Hazırda məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan məbədin ilkin orta əsrlərə aid sərdabalarına baxdılar.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, xanımı məbədi gəzdikdən sonra Kiş kənd sakini İsmayıl İlyasovun həyətinə gəldilər.

Qonaqlar İlyasovlar ailəsinin üzvləri ilə söhbət etdilər.

Evin sakinləri Azərbaycan dövlətinin başçısının və Türkiyənin Baş nazirinin xanımları ilə birlikdə gəlişindən sonsuz sevinc hissi keçirdiklərini bildirdilər.

Daha sonra söhbət İlyas və Ənvər Süleymanov qardaşlarının qonşuluqdakı həyətində davam etdirildi.

Ev sakinləri qonaqlarla xatirə şəkil çəkdirdilər.

XXX

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan sentyabrın 12-də Şəkidə XVIII əsrdə Şərq memarlığı üslubunda tikilmiş Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanış olmuşlar.

Məlumat verildi ki, Şəki sənətkarlıq və ticarət şəhəri olduğundan XVIII-XIX əsrlərdə burada çoxlu sayda bazar və karvansaraylar tikilmişdi. Azərbaycana gələn tacir və səyyahların qaldıqları və əsasən ticarətlə məşğul olduqları bu karvansaraylar şəhər həyatında mühüm rol oynayırdı. Karvansaraylar həm də ticarət sazişlərinin bağlanılması üçün xüsusi yer hesab olunurdu. Əvvəllər Şəkidə beş karvansaray binası mövcud olmuşdur. Onlardan yalnız ikisi – Yuxarı və Aşağı karvansaraylar indiyədək qalmışdır.

Ümumi sahəsi altı min kvadratmetr, hündürlüyü 14 metr olan kompleks 300-dən artıq otaq və zirzəmidən ibarətdir. Yuxarı Karvansaray öz ölçüləri və həcminə görə Azərbaycan ərazisində mövcud olan ən böyük karvansaraylardan hesab edilir. Bu karvansaraya bir qayda olaraq Türkiyə, Rusiya və İrandan tacirlər gəlmiş, burada uzun müddət ticarətlə məşğul olmuşlar. Hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir. Karvansarayın əsas fasadı çaya baxır. Əsas girişin zəngin naxışlarla işləməli arxitekturası insanı valeh edir.

Sonra Yuxarı Karvansaray mehmanxana kompleksinin həyətində xatirə şəkli çəkdirildi. 

XXX

Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan birgə nahar etdilər. 

XXX

Sonra Azərbaycan Prezidenti, xanımı və Türkiyənin Baş naziri, xanımı Şəkidəki Aşağı Karvansaray məhəlləsini gəzdilər.

Qonaqlar məhəllədəki müxtəlif sənət növləri nümunələrinin cəmləndiyi mağazalara baxdılar.

Yerli sənətkarlar tərəfindən hazırlanan müxtəlif hədiyyəlik əşyalar qonaqlara təqdim olundu, xüsusilə Şəki ipəyindən hazırlanan geyim əşyaları daha çox maraqla qarşılandı.

Bildirildi ki, Şəki tarix boyu öz sənətkarları ilə məşhur olmuşdur. Bu gün də bu qədim el ənənələrinin yaşadılmasına böyük diqqət göstərilir, onlar nəsildən-nəslə ötürülür.

Qonaqlara Şəki şirniyyatları da təqdim edildi.

Sonra Türkiyənin Baş nazirinə və xanımına Aşağı Karvansarayın bərpadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostend göstərildi.

Məlumat verildi ki, Aşağı Karvansaray da Yaxın Şərqdə bu qəbildən ən böyük tikililərdən biridir. Hazırda kompleksdə əsaslı təmir və bərpa işləri görülür. Bu, dövlətimizin tarixi keçmişimizin qorunmasına olan həssas münasibətindən qaynaqlanır. Şəkinin özünəməxsus memarlıq üslubunu əks etdirən və 8 min kvadratmetr ərazini əhatə edən bu tarixi binada 200-dən çox otaq vardır. Burada tacirlərin mallarını saxlaması, alver etmələri, rahat yaşamaları üçün hər cür şərait olmuşdur. Aşağı Karvansaray özündə Şərq memarlıq üslubunu qoruyub saxlaya bilmişdir.

Diqqətə çatdırıldı ki, Aşağı Karvansaray funksional xüsusiyyətlərinə görə başqalarından seçilir. Böyüklüyü, rahatlığı, səfalı bir məkanda yerləşməsinə görə Cənubi Qafqazda tayı-bərabəri yoxdur. Tikintidə Şəki memarlığının əsasını təşkil edən bişmiş kərpicdən, çay daşından, kirəmitdən, və digər yerli materiallardan məharətlə istifadə olunması binaya xüsusi gözəllik verir. Burada tağbəndlərdən istifadə edilməsi bu gözəlliyi daha da artırır. Yolüstü karvansaraylardan fərqli olaraq burada istirahət otaqları ilə yanaşı, müxtəlif görüşlərin keçirilməsi, müqavilələrin bağlanması və sair üçün xüsusi otaqlar da inşa edilmişdir.

Bildirildi ki, Aşağı Karvansarayın dörd tərəfdən giriş qapısı vardır. Bu qapılar bağlandıqda karvansaray alınmaz qalaya çevrilir ki, bu da Şəki sənətkarlarının yüksək dünyagörüşünə və memarlıq bacarığına malik olduqlarını göstərir.

Karvansaray kompleksi ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

Şəki ilə tanışlıq zamanı ali qonaqlar sakinlərlə görüşdülər.

 

 

Keçidlər