Şriftin ölçüsü :

Saytın rəngi :

09.09.2012

09.09.2012-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Qax rayonuna səfərini başa çatdıraraq Şəki şəhərinə gəlmişdir.

Dövlətimizin başçısı Şəki şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Prezidentinə son dövrlərdə ulu öndərin abidəsinin ətrafında, ümumiyyətlə Şəkidə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verdi.

XXX

Sentyabrın 9-da Prezident İlham Əliyev Şəkidə Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı mərkəzin layihəsini əks etdirən stendlərə baxdı.

Prezident İlham Əliyev inşa ediləcək Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı və Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni binanın maketi ilə tanış oldu.

Dövlətimizin başçısına Şəki şəhərinin baş planı təqdim olundu. Prezident İlham Əliyevə tikintisi davam etdirilən binalar və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında da məlumat verildi.

Azərbaycan Prezidenti Heydər Əliyev Mərkəzinin təməlini qoydu.

Məlumat verildi ki, mərkəzin tikintisi ulu öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədini daşıyır. Burada dahi rəhbərin irsinin öyrənilməsinə və təbliğinə geniş yer ayrılacaqdır. Mərkəzin ümumi sahəsi 5 min 629 kvadratmetr olacaqdır.

Üç mərtəbədən ibarət olacaq Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən muzeyin, 230 nəfərlik akt zalının, kitabxananın, sərgi zalının, toplantı və tədris otaqlarının, linqafon kabinetinin, həmçinin digər təyinatlı bölmələrin yaradılması nəzərdə tutulur.

Orijinal memarlıq üslubunda inşa olunacaq Heydər Əliyev Mərkəzi 1969-cu ildən başlayaraq Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanın keçdiyi inkişaf yolunu tam mənası ilə sərgiləyəcəkdir. Bu mərkəz Heydər Əliyev irsinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün, bilik və bacarığının artırılmasına hərtərəfli imkan yaradacaqdır.

Dövlətimizin başçısı tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Şəkidə Mirzə Fətəli Axundzadə adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur.

Dövlətimizin başçısı Azərbaycan milli dramaturgiyasının banisi, böyük mütəfəkkir M.F.Axundzadənin parkda ucaldılmış abidəsinin önünə gül dəstəsi qoydu.

Məlumat verildi ki, parkda yenidənqurma işlərinə ötən il başlanılmışdır. Şəki Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına aparılmış yenidənqurma işlərindən sonra ərazi tamamilə simasını dəyişmişdir. Burada şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Ümumi sahəsi 7 hektar olan parkın 35 min kvadratmetr ərazisində yaşıllıq işləri görülmüş, müxtəlif dekorativ ağaclar və gül kolları əkilmişdir. Parkda uşaqların da istirahətlərini maraqlı keçirmələri üçün lazımi şərait yaradılmışdır. Burada iki fəvvarə, süni şəlalə və göl yaradılmışdır.

Prezident İlham Əliyev parkda görülmüş işlərdən razılığını bildirdi.

XXX

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Şəkidə dördulduzlu “Shaki Palace” otelinin açılışında iştirak etmişdir.

Otelin kollektivi və inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Azərbaycan Prezidenti otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, ümumi sahəsi 8 min kvadratmetr olan “Shaki Palace” otelinin tikintisinə 2007-ci ilin mayında başlanmışdır. Otelin binası iki hissədən - aşağı və yuxarı korpuslardan ibarətdir. Müasir havalandırma sistemi ilə təchiz edilmiş otel kompleksinin eyni vaxtda 100 nəfərə xidmət göstərməsi nəzərdə tutulmuşdur. Oteldə 40-dək işçi çalışacaqdır.

İki mərtəbədən ibarət birinci korpusda 7 otaq qədim sənətkarlıq növü ilə məşğul olan sənətkarlar üçün emalatxanalarının yaradılması və istehsal olunmuş məhsulların satışı üçün xidmət obyektləri kimi nəzərdə tutulmuşdur. Burada ailə üçün nəzərdə tutulan 11 xüsusi nömrə, eyni zamanda, fitnes mərkəz də fəaliyyət göstərir. Korpusun üst hissəsinin meydançasında qış mövsümü üçün restoran və qarşısında yay mövsümü üçün 100 yerlik açıq terras vardır. Burada, həmçinin konfrans-sərgi zalı və çay evi də yaradılmışdır. Üç mərtəbədən ibarət əsas korpusda isə ümumilikdə 34 nömrə fəaliyyət göstərəcəkdir ki, bunlardan ikisi üçotaqlı və dördotaqlı olmaqla VİP, ikisi ikiotaqlı, qalanları isə standart nömrələrdir. Oteldə 40 və 50 yerlik restoranlar fəaliyyət göstərəcəkdir.

Beləliklə, “Shaki Palace” oteli Şəkinin turizm potensialının göstəricisi olmaqla yanaşı, bu bölgənin imkanlarını bir daha nümayiş etdirir.

Dövlətimizin başçısı otelin həyətindən Şəki şəhərinin ümumi mənzərəsini seyr etdi. Burada dövlətimizin başçısına şəhərin qədimliyini qorumaqla yanaşı, daha da müasirləşdirilməsi üçün görüləcək işlər barədə məlumat verildi.

Prezident İlham Əliyev oteldə yaradılmış şəraiti yüksək qiymətləndirdi.

Otelin kollektivi və inşaatçılar dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.

XXX

Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində sentyabrın 9-da taxıl anbarı və dəyirman kompleksinin açılışında iştirak etmişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verdi ki, regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Şəki rayonunun Göybulaq kəndində üç hektar ərazidə taxıl məhsullarının tədarükü, saxlanması və emalı kompleksi inşa edilmişdir. Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə yaradılan bu kompleksə taxıl anbarı və un dəyirmanı daxildir. Kompleksin ümumi layihə dəyəri 4,5 milyon manatdır. Bu layihənin icrasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 700 min manat güzəştli kredit verilmişdir.

Prezident İlham Əliyev dəyirmanın iş prosesindən bəhs edən filmə baxdı. Dövlətimizin başçısına “Karat Holdinq”in nəzdində fəaliyyət göstərən müəssisələrdə istehsal olunan məhsullar barədə də məlumat verildi. Bildirildi ki, burada əsasən düyü, un, makaron, qarabaşaq və digər məhsullar istehsal olunur.

Azərbaycan Prezidenti kompleksi işə saldı.

Dövlətimizin başçısının diqqətinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki-Zaqatala iqtisadi rayonunda verilmiş güzəştli kreditlər barədə də məlumat çatdırıldı. Bildirildi ki, indiyədək Fond tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə 1239 sahibkara 69,3 milyon manat, o cümlədən 950 kiçik həcmli layihəyə 6,9 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 7 min 800-ə yaxın yeni iş yeri yaradılmışdır. 2012-ci ilin ötən dövrü ərzində isə Şəki-Zaqatala iqtisadi rayonu üzrə 108 sahibkara 23,3 milyon manat, o cümlədən 101 kiçik həcmli layihəyə 1,3 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 390-dan çox yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. İndiyədək Fond tərəfindən Şəki rayonu üzrə 290-dək sahibkara 15,3 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 2 min 20-dən çox yeni iş yeri yaradılmışdır.

Diqqətə çatdırıldı ki, iqtisadi rayon üzrə aparılan təhlillər perspektiv inkişaf meyilli sahələri də müəyyən etmişdir. Bunlar müasir heyvandarlıq komplekslərinin, quşçuluq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin, iri taxılçılıq, çayçılıq və üzümçülük təsərrüfatlarının, çörək zavodlarının yaradılmasını nəzərdə tutur.

Bildirildi ki, layihənin icrasına 2010-cu ilin sonunda başlanılmış, 2012-ci ilin avqustunda başa çatdırılmışdır.

Məlumat verildi ki, taxıl anbarı xarici texnologiya əsasında qurulmuşdur. On dörd min tonluq taxıl anbarı hər birinin tutumu 3,5 min ton olmaqla 4 silodan ibarətdir. Müasir texnologiyaya əsaslanan taxıl anbarı Şəki və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərin istehsal etdiyi taxıl məhsullarının uzun müddətə itkisiz saxlanmasına imkan verir. Burada, eyni zamanda, taxılın qəbulu, təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Dəyirmanın gündəlik istehsal gücü 220 tondur. Burada yüksək keyfiyyətli un istehsal edilir və qablaşdırılır. Layihələrin icrası nəticəsində 170 nəfər yeni iş yeri ilə təmin olunmuşdur.

Dövlətimizin başçısı kompleksdə yaradılmış şəraitdən razılığını bildirdi.

XXX

Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəkiyə səfəri çərçivəsində bu rayonda 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbədə Şuşadan olan məcburi köçkün Vaqif Hüseynovun evində olmuşdur.

Ailə üzvləri dövlətimizin başçısını mehribanlıqla qarşıladılar, onlara yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıq etdilər.

Bu ailədən olan iki uşaq dövlətimizin başçısına Xalq Şairi Səməd Vurğunun “Azərbaycan” şeirini söylədilər.

Azərbaycan Prezidenti evdə yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, ailə üzvlərinin sayı altı nəfərdən ibarət olan Vaqif Hüseynovun evi dördotaqlıdır. Burada ailənin rahat yaşaması üçün hər cür şərait yaradılmışdır.

XXX

Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəkiyə səfəri çərçivəsində bu rayonda 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı qəsəbədə tikilən 360 şagird yerlik Ağdam 29 nömrəli məcburi köçkün tam orta məktəbinə gəldi.

Burada qəsəbə sakinləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev Ağdam mədəniyyət evinin kollektivinin çıxışını dinlədi.

Sonra dövlətimizin başçısı məcburi köçkünlərlə və Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Bu gözəl məktəbin və qəsəbənin açılışı münasibətilə sizi təbrik edirəm. 423 evdən ibarət gözəl qəsəbə demək olar ki, bir neçə ay ərzində tikilmişdir. İndi burada yaşayan vətəndaşlarımız əvvəllər fin tipli evlərdə yaşamışlar, böyük əziyyət çəkmişlər. Onların vəziyyətini, yaşayış şəraitini yaxşılaşdırmaq üçün biz gözəl qəsəbə saldıq. Bu, doğrudan da böyük işdir, böyük tarixi hadisədir. Bu, onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusilə ehtiyacı olan vətəndaşlara böyük qayğı ilə yanaşır.

Bildiyiniz kimi, bu il Azərbaycan Dövlət Neft Fondundan 300 milyon manat vəsait ayrılmışdır. Əvvəlki illərə nisbətən bu, daha da böyük məbləğdir. Gələn il çox güman, biz bu məbləği daha da artıracağıq ki, məcburi köçkünlərin problemlərini tezliklə həll edək.

Bu qəsəbə vaxtilə qəbul edilmiş “Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğun artırılması” Dövlət Proqramı əsasında tikilmişdir. Bu Proqramın icrası bizə imkan verdi ki, birinci mərhələdə bütövlükdə bütün çadır şəhərciklərini ləğv edək və onların yerində yeni qəsəbələr salaq. İndiki mərhələdə fin tipli evlərdə, məktəblərdə, hərbi hissələrin ərazilərində məskunlaşmış soydaşlarımızı da biz gözəl şəraitlə təmin edirik. Bu qəsəbənin tikilməsi bu il görülən işlərin sadəcə olaraq bir hissəsidir. Bu il bir neçə qəsəbə tikilib, tikilməkdədir. İlin sonuna qədər hələ bir neçə yerdə yeni qəsəbələr vətəndaşların sərəncamına veriləcəkdir. Gözəl məktəb, gözəl evlər, rahat şərait, infrastruktur, bütün kommunal məsələlər öz həllini tapıbdır. İşıq, su, qaz xətləri çəkilmişdir, yollar salınmışdır. Bir sözlə, bu qəsəbədə rahat yaşamaq mümkün olacaqdır. Azərbaycan dövləti öz sosial siyasətini bir daha bu qəsəbənin yaradılmasında göstərir.

Neft Fondunun fəaliyyətinə gəldikdə, demək olar ki, bütün məcburi köçkünlər üçün nəzərdə tutulmuş, tikilmiş və tikiləcək qəsəbələr Neft Fondunun hesabına inşa olunacaqdır. Bu ənənəni ulu öndər Heydər Əliyev qoymuşdur. Məhz onun göstərişi və Fərmanı ilə Neft Fondundan birinci ödəmələr məcburi köçkünlərin problemlərinin həlli üçün yönəldilmişdi. Biz də hər bir sahədə olduğu kimi, bu sahədə də ulu öndərin siyasətinə sadiqik. Bu siyasət davam etdirilir və Neft Fondu hazırda bu istiqamətdə çox böyük işlər görür. Bu qəsəbə və digər qəsəbələr, Neft Fondunun xətti ilə tikilmiş binalar bir daha, onu göstərir ki, neft Azərbaycan xalqına məxsusdur, bizim milli sərvətimizdir. Biz bu sərvətdən səmərəli şəkildə istifadə edərək həm ölkə iqtisadiyyatını gücləndiririk, infrastruktur layihələrini icra edirik, eyni zamanda, məcburi köçkünlərin problemlərini də həll edirik.

Mən əminəm ki, gələcək illərdə də yeni qəsəbələr tikiləcəkdir. Hazırda 120 min məcburi köçkün belə gözəl, buna bənzər evlərlə təmin edilibdir. Ancaq hələ o qədər də yararlı olmayan şəraitdə yaşayan köçkünlərimizin sayı kifayət qədər çoxdur. Biz onların problemlərinin həlli üçün çalışırıq, çalışacağıq və bayaq qeyd etdiyim kimi, yataqxanalardan, məktəblərdən, uşaq bağçalarından, hərbi hissələrin ərazilərindən məcburi köçkünlər yeni, gözəl evlərə, binalara köçürüləcəkdir.

Biz bu sosial yükü azaldırıq. Eyni zamanda, köçkünlərin məşğulluğu ilə bağlı olan problemləri həll edirik. Ancaq əsas problem torpaqlarımızın hələ də işğal altında qalmasıdır. Bunun səbəbini siz yaxşı bilirsiniz. Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçı siyasəti nəticəsində torpaqlarımız işğal altındadır. Ermənilərin dünyadakı havadarlarının onlara verdikləri dəstəyin nəticəsində bu məsələ hələ ki, öz həllini tapa bilmir. Baxmayaraq ki, məsələnin həlli üçün bütün imkanlar, bütün hüquqi baza vardır. Beynəlxalq təşkilatlar qərarlar, qətnamələr qəbul etmişlər. Dünyanın aparıcı ölkələrinin liderləri bəyanatlar vermişlər ki, indiki vəziyyət dözülməzdir və vəziyyət dəyişdirilməlidir, status-kvo dəyişdirilməlidir. Ancaq əfsuslar olsun ki, Ermənistan bu çağırışlara biganə qalır və beynəlxalq ictimaiyyət də onlara kifayət qədər güclü təzyiq və təsir göstərmir. Məsələnin həll olunmamasının səbəbi də məhz bundan ibarətdir.

Biz bundan sonra da ölkəmizi, beynəlxalq mövqelərimizi gücləndirəcəyik. Məsələnin həlli üçün hüquqi əsaslar kifayət qədər çoxdur və bu əsaslar Azərbaycanın mövqeyini müdafiə edir, dəstəkləyir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, digər beynəlxalq təşkilatlar qərarlar qəbul ediblər ki, bu qərarlar məsələnin həlli üçün yeganə yoldur.

Azərbaycanın ərazi bütövlüyü bütün ölkələr tərəfindən tanınır və bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Məsələnin həlli ilə bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və biz tutduğumuz yoldan dönməyəcəyik. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. İşğal edilmiş bütün torpaqlardan işğalçılar çıxarılmalıdır və çıxarılacaqdır, Azərbaycan vətəndaşları öz doğma torpağına qayıtmalıdırlar və qayıdacaqlar. Hazırda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından kənarda yerləşən bölgələrə və Dağlıq Qarabağa, Xankəndiyə, Şuşaya bizim soydaşlarımız qayıdacaqlar.

Mən buna əminəm, buna inanıram və mənim inamımı gücləndirən kifayət qədər çox amillər vardır: Beynəlxalq hüquq, Azərbaycanın iqtisadi qüdrəti, bizim hərbi potensialımız və siyasi müstəvidə Azərbaycanın artan çəkisi. Təkcə bir ilin tarixçəsinə nəzər salmaqla biz Azərbaycanın uğurlarını görə bilərik. Biz dünyanın ən mötəbər beynəlxalq təşkilatının - BMT Təhlükəsizlik Şurasınız üzvüyük. Bir neçə ay bundan əvvəl bu təşkilata sədrlik etmişik. Bu təşkilata 155 ölkənin dəstəyi ilə daxil olmuşuq.

Bu yaxınlarda 120 ölkə - Qoşulmama Hərəkatının üzvləri Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnaməni dəstəkləmişlər. 120 ölkə dünya birliyinin əksəriyyətidir. Biz bir çox hallarda beynəlxalq aləm anlayışını eşidirik və bəzi təşkilatlar, bəzi qurumlar beynəlxalq aləm dedikdə özlərini nəzərdə tuturlar. Beynəlxalq aləm 20, yaxud da ki, 30 ölkəni birləşdirən məsələ deyildir. Beynəlxalq aləm BMT-dir və BMT-də 155 ölkə bizi dəstəklədi. Beynəlxalq aləm Qoşulmama Hərəkatıdır. Orada 120 ölkə fəaliyyət göstərir. Onlar da bizi dəstəklədi. Yəni, beynəlxalq aləm bizim mövqeyimizi dəstəkləyir və əlbəttə ki, bu, bizə əlavə imkanlar verir, inamımızı artırır.

Ancaq bununla bərabər və xüsusi olaraq 20 ildir Minsk qrupu yaradılıb ki, bu məsələni həll etsin və məsələni həll edə bilmir, Ermənistana lazımi təzyiqi göstərə bilmir. Biz görürük ki, bu məsələ Azərbaycanın gücü hesabına öz həllini tapa bilər və tapmalıdır. Ona görə biz daha da güclü olmalıyıq. Biz ordumuzu daha da gücləndirməliyik və gücləndiririk. Hazırda Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında qüdrətli orduların sırasındadır. Biz iqtisadi potensialımızı gücləndirməklə ölkəmizi irəliyə aparırıq. Bu, bizə imkan verir ki, bütün məsələlərlə bağlı müstəqil siyasət aparaq. Biz xarici və daxili siyasətlə bağlı milli maraqlara söykənən qərarları qəbul edirik. Güclü Azərbaycan güclü regional amildir. Həm sabitləşdirici amildir, eyni zamanda, Azərbaycan ilə artıq regional məsələlərdə hesablaşmamaq mümkün deyildir. Azərbaycan ilə hesablaşmamaq cəhdləri heç bir nəticə verməmişdir və yaxın tarix bunu göstərir. Ona görə, nə qədər güclü olsaq Azərbaycan öz ərazi bütövlüyünü bir o qədər tez bərpa edəcəkdir.

Məsələnin həlli ilə bağlı bizim birmənalı mövqeyimiz vardır. Bu barədə mən dəfələrlə fikirlərimi bildirmişəm. İşğal edilmiş bütün torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır, ondan sonra bölgədə sülh, əməkdaşlıq yarana və təhlükə mənbəyi aradan götürülə bilər. Hələ ki, torpaqlarımız işğal altındadır, bizim bir nömrəli hədəfimiz Ermənistandır.

Biz bundan sonra da Ermənistanı bütün beynəlxalq və regional layihələrdən təcrid edəcəyik. Bu siyasət öz səmərəsini verir və Ermənistanın ağır iqtisadi vəziyyətinin səbəbkarı Azərbaycandır. Bu, birmənalıdır. Ermənistandan onların rəsmi statistikasının göstəricilərinə görə, ilin birinci yarısında 80 min adam köçmüşdür. İlin sonuna qədər bu, yəqin ki, ikiqat rəqəmə çatacaqdır. Azərbaycan əhalisi artır və 5-10 ildən sonra ümumiyyətlə, bu faizlər nisbəti birə on olacaqdır, bəlkə də ondan da az. Yəni, bu amillər onları düşündürməlidir. Onların ağır iqtisadi vəziyyəti, demoqrafik vəziyyət, bütün beynəlxalq məsələlərdən təcrid edilməsi onları narahat etməlidir.

Azərbaycan isə irəliyə gedir. Baxmayaraq ki, torpaqlarımız işğal altındadır, biz böyük uğurlara imza atırıq və bu uğurları artırırıq. Bir neçə gün bundan əvvəl mötəbər beynəlxalq iqtisadi qurum - Davos İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliyinə görə Azərbaycanı 46-cı yerə layiq görübdür, MDB məkanında birinci yerdə. Yəni, bizim işimiz haqq işidir. Biz ədalətin bərpasını istəyirik və buna nail olacağıq.

Bizim üçün, həm xarici siyasətimiz üçün, həm ümumiyyətlə, bizim gündəliyimizdə duran bir nömrəli məsələ torpaqlarımızın işğalçılardan azad edilməsidir. Gecə-gündüz çalışırıq və bu fəaliyyəti davam etdirəcəyik.

Siz, əziz soydaşlarımız, əziz dostlar, uzun illərdir ki, Şəki rayonunun ərazisində yaşayırsınız. Şəkililər sizə qucaq açıblar. Siz burada özünüzü evdəki kimi hiss edirsiniz. Ancaq, əlbəttə bilirəm ki, siz Qarabağ torpağına qayıdacağınız günləri gözləyirsiniz. Bu günlər də gələcəkdir. Amma Şəki şəhərində də sizin üçün bütün şərait yaradılıb. Şəkililər çox qonaqpərvər, mehriban insanlardır. Siz də bunu yaxşı hiss edirsiniz, görürsünüz.

Şəki şəhərinin və rayonunun inkişafı ilə bağlı çox böyük tədbirlər görülür. Mən dəfələrlə Şəkidə olmuşam, keçən il, bu il, ondan əvvəlki dövrdə. Böyük quruculuq, abadlıq işləri görülür. Bu gün Heydər Əliyev Mərkəzinin təməl daşını qoyduq. Şəkidə mədəniyyət, səhiyyə, təhsil sahəsində böyük işlər görülür, infrastruktur layihələri icra edilir. Şəki böyük mədəniyyət mərkəzidir, zəngin tarixə, mədəniyyətə malik olan bir diyardır. Şəkinin tarixi abidələri, mədəniyyət ocaqları lazımi səviyyədə qorunur, bərpa edilir. Çünki bu, bizim hamımızın milli sərvətimizdir.

Rayonun və şəhərin kommunal infrastrukturunun yeniləşdirilməsi məsələləri də öz həllini tapır. Bir sözlə, Şəki çox dinamik inkişaf edir. Şəkinin Azərbaycan dövlətinin tərkibində xüsusi yeri vardır. Yenə də deyirəm, mədəniyyət, incəsənət, elm ocağıdır. Gözəl təbiəti, gözəl insanları var və çox şadam ki, Şəkidə işlər yüksək sürətlə və keyfiyyətlə görülür. Mən keçən dəfə Şəkidə ötən ilin payızında olmuşam. Heç bir il keçməyib, amma gördüyüm dəyişikliklər məni çox sevindirir.

Şəkinin inkişafına dair mənim tərəfimdən bir neçə Sərəncam imzalanmışdır. Xüsusi əhəmiyyətə malik olan böyük Sərəncamda həm Şəkinin tarixi, həm də gələcək inkişaf haqqında məsələlər əksini tapıbdır. Bu yaxınlarda kənd yollarının tikintisinə dair əlavə Sərəncam imzalanmışdır. Böyük vəsait ayrılır, gələcəkdə də ayrılacaqdır ki, Şəki və bütün başqa şəhərlərimiz, kəndlərimiz abadlaşsın, gözəlləşsin. Bütövlükdə Azərbaycanın şimal-qərb zonası Azərbaycanın turizm mərkəzinə çevrilibdir. Mən çox istəyirəm ki, bu, nəinki Azərbaycanın, beynəlxalq turizm mərkəzinə çevrilsin. Bunu etmək üçün də konkret fikirlərimiz, planlarımız vardır.

Mən sizi bir daha ürəkdən salamlayıram, sizə xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, burada sizin həyatınız rahat keçsin, yaxşı keçsin, uşaqlar yaxşı oxusunlar və gözəl gənc nəsil yetişsin.

XXX 

Təhsil işçisi Aysel MUSTAFAYEVA dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:

-Möhtərəm cənab Prezident, inşa etdirdiyiniz bu yaraşıqlı məktəbin gələcək müəllimi kimi Sizi salamlayır və “Xoş gəlmisiniz!” deyirik. Öz dəyərli vaxtınızı ayırıb biz məcburi köçkünlərlə bu gün görüş keçirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hələ ulu öndər Heydər Əliyevin dövründə məcburi köçkün və qaçqınlara göstərilən diqqət və qayğı, onların ehtiyac və tələbatlarının qarşılanması son doqquz ildə Sizin rəhbərliyiniz altında uğurla davam etdirilir. Sərəncamınızla salınmış bu gözəl qəsəbəmiz və müasir standartlara cavab verən məktəbimiz Sizin biz köçkünlərə olan diqqət və qayğınızın bariz nümunəsidir.

Ötən ilin 24 dekabr gününü məcburi köçkünlərlə birlikdə qeyd etməyiniz bizi hədsiz dərəcədə sevindirdi. Biz bunu Sizin məcburi köçkünlərə - yerini, yurdunu itirmiş insanlara necə qayğı ilə yanaşmağınızın bir nümunəsi kimi qiymətləndiririk. 

XXX 

Məktəbin direktoru Mais SƏLİMOV çıxış edərək dedi:

-Siz Sərəncamlarınızla qədim Şəkinin simasını yenidən özünə qaytarırsınız. Bu saat Şəkidə çox böyük, sürətli işlər, tikinti işləri gedir.

Şəkidə görülən bütün bu tikinti işlərində onun tarixiliyi qorunub saxlanılır. Qoyulan hər bir daşda, ucaldılan hər bir abidədə, istifadəyə verilən bütün tikintilərdə tariximizin izi görünür.

Mən istəyərdim deyim ki, Sizin rəhbərliyiniz sayəsində Şəki yenidən özünə qayıdır. Şəki yenidən regionun sosial-iqtisadi və mədəni mərkəzi olmağa başlayır. Buna görə də biz Şəki ictimaiyyəti adınan Sizə və çox hörmətli Mehriban xanıma öz minnətdarlığımızı çatdırırıq.

Cənab Prezident, mən qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanın bütün vətəndaşları özlərini arxayın, güvənli hiss edirlər. Bu arxayınlığın, güvənliyin əsasında xalqımızın Sizə olan etibarı, inamı dayanır. Bu saat bütün ailələrdə Sizin adınız həmişə böyük səmimiyyətlə, mehribanlıqla, məhəbbətlə çəkilir. Bu məhəbbəti, bu sevgini Siz öz böyük şəxsiyyətinizlə, öz titanik fəaliyyətinizlə qazanmısınız.

Mən arzu edirəm ki, xalqımızın bu sevgisi həmişə Sizinlə olsun, xalqımızın xeyir-duası həmişə üzərinizdə olsun.

Cənab Prezident, biz həmişə Sizinləyik, həmişə Sizin yanınızdayıq və bütün fəaliyyətimizdə Sizi dəstəkləyirik.

Bir daha sağ olun. Qədim Şəkiyə, doğma Şəkimizə xoş gəlmisiniz.

XXX

Prezident İlham ƏLİYEV: Biz Şəkinin gələcək inkişafı ilə bağlı Yaqub müəllimlə, digər deputatlarla birgə fikir mübadiləsi aparırıq. Doğrudan da Şəkinin çox füsunkar, özünəməxsus gözəlliyi vardır. Gözəl, qədim şəhərdir. Heç bir başqa şəhərə bənzəmir. Ona görə burada bütün quruculuq, abadlıq işləri bax bu ənənəvi üslubda aparılmalıdır. İndi təmir edilən binalar, onların fasadlarını, dam örtüklərini, döşəmələrini, hasarları, nə varsa hamısını görürəm ki, qədim Şəki üslubundadır.

Yaqub MAHMUDOV: Qədim arxitektura görkəminə qayıdır.

Prezident İlham ƏLİYEV: Bəli. Keçən dəfə burada olarkən Aşağı Karvansarada gedən tikinti işləri ilə tanış oldum. Yəqin ki, yaxın aylarda təhvil veriləcəkdir. Orada çox gözəl mehmanxana olacaqdır və turistlər üçün bütün şərait vardır. Bu gün də mənim proqramımda yeni mehmanxananın açılışı vardır. Ona görə Şəki turizm mərkəzidir. Mən qeyd etdim, Şəki nəinki Azərbaycanın, bölgənin və dünyanın turizm mərkəzinə çevrilməlidir.

Yaqub MAHMUDOV: Cənab Prezident, Siz Azərbaycanın tarixi şəhərlərinin dirçəldilməsinə Şəkidən başladınız. Ona görə biz hamımız Sizə minnətdarıq. Çünki Şəkidən başlamaqla Siz Azərbaycanın tarixini, mədəniyyətini dirçəldirsiniz. Tarixi şəhərlər dirçələndə tarixi mədəniyyətimiz dirçəlir. Bütün bu işlərə görə xalqımız Sizə minnətdardır.

Mən istəyirəm ki, bu camaatın içində Ramilin adını çəkim. Mən Azərbaycan Prezidentinə bayaq dedim, bir daha sizin qarşınızda demək istəyirəm. Prezidentimiz dünyanın böyük dövlət xadimidir. Mən bunları yazılarımda da demişəm. Amma Prezidentimiz bu gün Azərbaycan xalqının Milli Qəhrəmanıdır, Xalq Qəhrəmanıdır. Mən bildiyim üçün bunu sizə deyirəm. Mübariz İbrahimovla əlaqədar cənab Prezidentin nələr çəkdiyini bilirəm. Aylarla çalışdı, igid əsgərimizin cəsədini düşməndən aldı. Azərbaycan Prezidentinə “İlin adamı” adını verirdilər. Dedi, “İlin adamı” mən yox, Mübariz olmalıdır. Prezident bir daha sübut etdi ki, Azərbaycan xalqı üçün kimdir.

Prezident Ramil Səfərov məsələsində bir daha düşmənlərimizə də, xalqa da sözünü dedi. Şəxsən mənim ürəyim dağa döndü. Dünyanın heç bir dövlət başçısı bu cəsarəti etməzdi. Mən şəxsən Azərbaycan xalqının adından Sizi bağrıma basıram. Kim nə deyir desin, biz Sizin arxanızdayıq. Həm dövlətimizin rəhbəri kimi, həm də Azərbaycanın Xalq Qəhrəmanı kimi. Xalq Sizinlədir.

Prezident İlham ƏLİYEV: Azərbaycan dövləti güclü dövlətdir və biz öz gücümüzü göstəririk. Biz doğrudan da böyük uğurlara imza atırıq. Olimpiya Oyunları, baxın, idmançılarımız 10 dəfə Azərbaycanın milli bayrağını göylərə qaldırdılar, iki dəfə himnimiz səsləndi. Paralimpiya Oyunlarında artıq medalların sayı 12-yə çatdı. “Eurovision”u biz keçirdik, ən yüksək səviyyədə. BMT Təhlükəsizlik Şurasına seçildik, böyük, gərgin mübarizə şəraitində, 16 turdan sonra. Yəni, BMT-nin tarixində bəlkə nadir hallarda belə bir hadisəyə rast gəlmək olar ki, 16 turdan sonra. Bu, nəyi göstərir? Yəni, bizə qarşı olan müqavimət həddindən artıq çox idi. Amma biz bildiyimizi etdik və seçildik. May ayında Azərbaycan dünya siyasətinin mərkəzində idi. Bir ay ərzində biz Təhlükəsizlik Şurasına sədrlik etdik.

Mübariz İbrahimovun və Fərid Əhmədovun cəsədlərini Vətənə qaytarmaq çox böyük və ağır məsələ idi. Çünki biz onları ermənilərin əlindən çıxarıb gətirdik və ləyaqətlə son mənzilə yola saldıq, Milli Qəhrəman adı verildi.

Ramil Səfərovun Vətənə qaytarılması üçün, - indi Yaqub müəllim dedi, - bu barədə əvvəllər ümumiyyətlə, mən hesab etmirdim ki, biz nə isə deməli idik. Çünki əsas məsələ onu Vətənə qaytarmaq idi. NATO-nun baş katibi bir neçə gün bundan əvvəl Bakıda idi və mətbuat konfransında mən məsələnin hüquqi tərəfinə toxundum. Bunu siz bilirsiniz. Azərbaycan dövləti götürdüyü beynəlxalq öhdəliklərə sadiqdir. Biz Ramil Səfərovu Avropa Konvensiyası əsasında Azərbaycana gətirdik və o, Azərbaycan Konstitusiyası əsasında əfv edildi. Mən orada bir sözü də dedim: Əsas məsələ ondadır ki, Azərbaycan öz zabitini Vətənə qaytardı.

Baxın, bundan sonra bizə qarşı nə qədər təzyiqlər və ittihamlar başladı. Ermənilər, dünyanın erməni lobbisi hay-küy qaldırdılar. Mən bir neçə ay bundan əvvəl təsadüfən deməmişdim ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Bunlar indi Azərbaycana qarşı nə qədər çirkin kampaniya aparırlar. Onların himayəsində olan rüşvətxor, riyakar, satılmış senatorlar, bəzi beynəlxalq qurumların rəhbərləri, bəzi siyasətçilər indi Azərbaycana əsassız ittihamlar irəli sürürlər. Axı bu ittihamların əsası yoxdur. Hər şey qanun çərçivəsində, Avropanın qəbul etdiyi konvensiyalar çərçivəsində edilib. Amma görün, Avropa Şurasının baş katibi nə deyib? Bu adam ki, bunun vəzifəsi humanizmi təcəssüm etdirməkdir, bunun vəzifəsi insan hüquqlarının qorunmasıdır. Avropa Şurası dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdür. Mən bunu yaxşı bilirəm. Çünki üç il Avropa Şurasındakı nümayəndə heyətinə başçılıq etmişəm. Təkidlə təzyiq edirdilər ki, biz cinayətkarları azadlığa buraxaq. Mən xatırlayıram, onların arasında bir cinayətkar var idi ki, Avropa Şurasının təkidi ilə azadlığa buraxıldı. Ondan bir neçə ay sonra yenə cinayət törətdi, bütöv bir ailəni qətlə yetirdi. Deməli, ata, ana və kiçikyaşlı qız uşağını qətlə yetirdi. Həmin bu Avropa Şurası ki, bunun azadlığa çıxmasını tələb edirdi, indi də məni ittiham edir ki, Ramil Səfərovu niyə əfv etmişəm.

Həmin o adamın vətənindən olan Breyviq 80-ə yaxın adamı qətlə yetirdi, 21 il iş verdilər. Hər bir ölənə elə bil ki, 3 ay cəza düşür. Elə şey olarmı? Ona görə niyə səsini çıxarmır? Yaxud da bir ermənipərəst senator var Menendez. Qatı antiazərbaycan, islamafob, ermənipərəst bir adamdır. Onun son əməli ondan ibarətdir ki, Amerikanın Azərbaycandakı əvvəlki səfirinin vaxtının uzadılmasına yol vermədi, onun namizədliyinin qarşısını aldı. İki səbəbə görə. Birinci səbəb, Amerika səfiri qondarma “erməni soyqırımı”nı tanımır. O, heç tanımamalıdır. Çünki Amerika dövləti bunu tanımır. İkinci səbəb ondan ibarət idi ki, bu səfirin xanımı türk mənşəlidir. Axı bu, rasizmdir, bu, islamofobiyadır. Yenə də deyirəm, biz bunları bilməliyik. Amma onu demək istəyirəm ki, bunların heç biri mənim iradəmə, fikirlərimə, hərəkətlərimə təsir edə bilməz və heç vaxt təsir etməyəcəkdir.

Yaqub MAHMUDOV: Getsinlər ASALA-nı ittiham etsinlər, beynəlxalq terror təşkilatını. Ermənistan terrorçu dövlətdir. Serj Sarkisyan Xocalı soyqırımının iştirakçısıdır və əli qana batıbdır. Özü də etiraf edibdir. Bəs bunları niyə qaldırmırlar?! Ona görə də, cənab Prezident, Sizə eşq olsun, Sizi xalq sevir və bu yolla da getmək lazımdır. 

XXX

Daha sonra dövlətimizin başçısı 29 nömrəli tam orta məktəbində yaradılmış şəraitlə tanış oldu.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ki, yüksək şəraiti ilə seçilən, müasir təlim-tədris avadanlığı ilə diqqəti cəlb edən bu məktəbdə müəllim və şagird kollektivi üçün hər cür şərait yaradılmışdır. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan zəngin təbii sərvətlərdən səmərəli istifadə yolu ilə insan kapitalının daha da inkişaf etdirilməsini prioritet istiqamət seçmişdir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin vacib prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, bir çox məktəb üçün yeni korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür.

Diqqətə çatdırıldı ki, qəsəbədə 50 yerlik uşaq bağçası da inşa olunmuşdur. Bağçada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınmışdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina, ambulatoriya və poçt binaları da inşa edilmişdir. Bu qəsəbə Şəki rayonunun Kiş bələdiyyəsinin ərazisində Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunmuşdur. Yeni qəsəbəyə Şəki rayonundakı fin tipli qəsəbədə məskunlaşan 372 ailə və ya 1551 nəfər, o cümlədən məktəb binasında yerləşən 51 ailə və ya 209 nəfər, ümumilikdə 423 ailə və ya 1760 nəfər köçürüləcəkdir. Məcburi köçkün ailələrindən 149-u Ağdamdan, 168-i Laçından, 53-ü Kəlbəcərdən, 44-ü Şuşadan, 9-u isə Xocalıdandır. Qəsəbənin ərazisi 84 hektardır və buradakı evlərdən 17-si birotaqlı, 211-i ikiotaqlı, 175-i üçotaqlı, 20-si isə dördotaqlıdır. Yeni qəsəbə Dövlət Neft Fondundan ayrılan 33 milyon 227 min manat vəsait hesabına Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən tikilmişdir.

Azərbaycan Prezidenti məktəbin idman zalında şagirdlərin nümunəvi çıxışlarına baxdı, onlarla xatirə şəkli çəkdirdi.

Məktəbin ikinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən stendlər yaradılmışdır.

Dövlətimizin başçısı məktəbin eyvanından ətrafı seyr etdi.

Prezident İlham Əliyev qəsəbədə yaradılmış şəraiti yüksək qiymətləndirdi.

 

Keçidlər