Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ilin hesabatı

2013-cü ildə Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair

H E S A B A T

         Tarixə dönən, xalqımızın yaddaşında uğurlarla qalan 2013-cü  ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm dəyişikliklər baş vermişdir. 2014-cü il yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ölkəmizin 2013-cü ildə sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda ölkəmizin sənaye potensialının gücləndirilməsi, sosial proqram və layihələrin icrası geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Dövlət başçısı 2013-cü ildə iqtisadiyyatın uğurla inkişaf etdiyini,   qeyri-neft sektorunun 9,8 faiz, əhalinin pul gəlirlərinin 8 faiz artdığını, inflyasiyanın 2,4 faiz təşkil etdiyini bildirmişdir. Bütün sosial proqram və layihələrin həyata keçirilməsində heç bir problemin olmadığını vurğulayan cənab Prezidentimiz demişdir: “ 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Bir sözlə, biz ölkəmizin uğurlu inkişafını təmin edə bildik. “.
       2013-cü ildə ölkəmizin ictimai- siyasi həyatında önəmli hadisə baş vermiş – prezident seçkiləri keçirilmişdir.   Prezident postu uğrunda 10 namizəd mübarizə aparmışdır. Min məntəqədə quraşdırılmış veb-kameralar səsvermənin gedişini onlayn izləməyə imkan vermişdir.
    Azərbaycan Respublikası Prezidentinin seçkiləri Şəkidə də demokratik və seçicilərin fəallığı şəraitində uğurla keçirilmişdir. Seçkilərin gedişini müxtəlif siyasi partiyaları  təmsil edən yerli, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu, MDB Parlamentlərarası Assambleyası və ABŞ səfirliyini təmsil edən xarici müşahidəçilər izləmişlər.   113 saylı Şəki şəhər seçki dairəsi üzrə  seçicilərin 82,73 faizi, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə  seçicilərin 85,9  faizi, 115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə  seçicilərin 82,5  faizi cənab Prezidentimiz İlham Əliyevə səs vermişdir.    Oktyabrın 19- da  Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının  protokolunun təsdiq olunması məsələsinə baxılmış və  plenum MSK-nın protokolunu təsdiq etmişdir. İlham Heydər oğlu Əliyev səslərin 84,54 faizini toplayaraq çox böyük səs fərqi ilə növbəti beş ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2014-cü il yanvarın 9-da  Nazirlər Kabinetinin iclasında çıxış edən cənab Prezidentimiz demişdir : “ 2013-cü ildə Azərbaycanda ölkəmizin ictimai- siyasi həyatında önəmli hadisə baş vermişdir – prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha öz səsini bizim siyasətimizə , real siyasətə vermişdir, boşboğazlığa , boş vədlərə yox, real siyasətə , real işlərə öz səsini vermişdir “.
     Qeyd etmək istəyirəm ki, 2013- cü ilin avqust  ayı  şəhərimiz üçün olduqca əlamətdar hadisələrlə zəngin olmuşdur. Avqust ayının 14-də cənab Prezidentimiz İlham Əliyev Şəkiyə səfər etmişdir. Dövlətimizin başçısı Şəkidə umummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş ,  Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun açılışında iştirak etmiş, əsaslı təmirdən sonra istifadəyə verilən XVIII əsrə aid tarix-memarlıq abidəsi - “Şəki xanlarının evi”  və Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Dövlətimizin başçısı Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir ” Şəkinin  Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyə bilərəm yəqin ki, bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Həm daxili turizm artır, həm xaricdən gələn qonaqların sayı.   Şəkinin tarixi o qədər zəngindir ki, bu tarixə nəyisə əlavə etməyə ehtiyac yoxdur. Yəni, bu tarix qorunmalıdır. Amma görürəm, şəhərin tarixi mərkəzində, bax, bu bərpa işləri çox böyük zövqlə və həssaslıqla aparılır ki, Şəkinin nadir şəhərsalma ansamblını qoruyaq. Biz də bunu bərabər edəcəyik.”
         2013-cü il avqustun 20- də cənab Prezidentimiz Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 2 Sərəncam imzalamışdır. Qeyd etmək istəyirəm ki, cənab Prezidentimiz  2011- 2013 cü illərdə  Şəkiyə  4 dəfə səfər etmiş , bu səfərlər zamanı 13 obyektin açılışında və  təməlqoyma mərasimlərində iştirak etmişdir.  Qısa müddətdə Şəkinin sosial – iqtisadi inkişafı ilə bağlı 6 Sərəncam imzalanmışdır.
Hörmətli yığıncaq iştirakçıları!
Bu bir daha onu göstərir ki, cənab Prezidentimiz bütün tarixi şəhərlərə, o cümlədən, şəhərimizə böyük qayğı və diqqət göstərir. Mən bir daha bütün şəkililər adından hörmətli Prezidentimizə Şəkiyə və şəkililərə göstərdiyi diqqət və qayğıya görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
           2013-cü ildə rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salaq.
2013-cü ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 335 milyon 8 min manatlıq məhsul buraxılmışdır . Adambaşına faktiki qiymətlərlə 1867 manatlıq məhsul istehsal olunmuşdur. 2013-cü ildə pərakəndə əmtəə dövriyyəsi 246 milyon 459  min manat olmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 2 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 61 milyon 477 min manat olmuşdur ki, bu da 2012 – ci illə müqayisədə  7,5 faiz çoxdur. Rayonda 2013-cü  ildə 1656  yeni iş yeri açılmışdır ki, bunun da 26,1 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 8,5 faizi mövcud müəssisə və təşkilatların, 65, 4 faizi isə fiziki şəxslərin payına düşür. Umumiyyətlə  01 oktyabr 2013- cü il tarixdən 01 yanvar 2014-cü il tarixədək rayonda 11770 yeni iş yeri açılmışdır ki, bunun da 95,8 faizi daimi iş yerləridir. Daimi iş yerlərindən 18,5 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 26,9 faizi mövcud müəssisə və təşkilatların, 54,6 faizi fiziki şəxslərin payına düşür. Rayon üzrə orta aylıq əmək haqqı 238 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2,1 faiz çoxdur. Hazırda rayonda 23 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 15-i kiçik müəssisədir. 2013-cü il ərzində rayonun sənaye sahəsində 23844 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da 2012- ci illə müqayisədə 923 min manat çoxdur.
2013-cü ildə rayonumuzda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 93 milyon 432 min manat olmuşdur. Müqayisə üçün bildirim ki, bu rəqəm 2009- cu ildə cəmi 26 milyon 863 min manat idi. İstifadə edilmiş investisiyanın 55 milyon 714 min manatı və yaxud 59,6 faizi dövlət mülkiyyətinin , 37 milyon 718 min manatı və ya 40,4 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 63 milyon 444 min manatı və ya 67,9 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir .
Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkəmizin başçısı Nazirlər Kabinetinin 2013-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir.    Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində Şəkidə bir sıra konkret tədbirlər həyata keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  Şəki rayonunun Aşağı Laysqı kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” çərçivəsində  tədbir keçirmişdir.
Şəkidə və ətraf rayonlarda fəaliyyət göstərən 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə rayonların iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış, iştirakçılara Şəki rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, quşçuluq və kiçik cins heyvandarlıq təsərrüfatlarının nümunəvi investisiya layihələri və metodiki materialla təqdim olunmuşdur.
Hazırda Şəki rayonu üzrə 2000 sahibkarlıq subyekti fəaliyyət göstərir. 2013-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə 51 sahibkara 11 milyon 480 min manat güzəştli kredit verilmişdir.
2013-cü ildə rayonumuzda 2645 ailəyə Ünvanlı Dövlət Sosial Yardımı təyin olunmuşdur. Hal-hazırda 2477 ailəyə 303 min 388 manat məbləğində Ünvanlı Dövlət Sosial Yardımı təyin edilərək ödənilir. Ünvanlı Dövlət Sosial Yardımı təyin olunan ailələr arasında 583 ailə ilk dəfədir ki, bu yardımı alır. Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən Ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği  27 manat 53 qəpik , hər ailəyə düşən orta aylıq məbləği isə 122 manat 48 qəpik  təşkil etmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi 2013-cü ildə 25802 nəfər əmək pensiyaçısına xidmət göstərmişdir. Həmin pensiyaçılardan 16731 nəfəri yaşa, 7299 nəfəri əlilliyə, 1585 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Əgər 2003-cü ildə pensiyaların orta aylıq məbləği 27 manat 19 qəpik idisə, 2013-cü il yanvarın 1-i tarixinə bu rəqəm 156 manat 44 qəpik olmuşdur. Bu ötən dövr ərzində pensiyaların orta aylıq məbləğində 5,8 dəfə artım deməkdir.
          Şəki Rayon Məşğulluq Mərkəzinə 2013-cü ildə 432 nəfər işaxtaran müraciət etmişdir. Müddət ərzində 235 nəfər işə düzəlmişdir. İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən 12 kvota yerinə 11 nəfər işə götürülmüşdür. 23 may 2013-cü il tarixdə keçirilən “Əmək Yarmarkası” na 23 müəssisə və təşkilatdan 251 boş iş yeri çıxarılmışdır. Yarmarkada 57 nəfərə göndəriş verilmiş, onlardan 48 nəfəri  işlə təmin olunmuşdur
verilir ”.
      Ötən illərdə olduğu kimi, 2013-cü ildə  də  məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir.
      Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə     2013-cü ildə  80 min 606 hektar sahənin taxılı biçilmiş, 219 min 652 ton məhsul istehsal olunmuşdur. Hər hektardan orta hesabla 27,2 sentner məhsul götürülmüşdür. Tədarük edilmiş taxılın 162 min 16 tonu buğda, 57 min 636 tonu isə arpadır.
   2013- cü ilin payızında 2014- cü ilin məhsulu üçün 69152 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir ki, onun da 38841 hektarını buğda , 30311 hektarını isə arpa təşkil edir. Rayonda 6400 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilmişdir .      Əkin sahələrinin və yaşayış məntəqələrinin sel sularından mühafizə edilməsi məqsədilə rayon ərazisində mövcud olan sel təhlükəli dağ çaylarının hövzələrində 917 min kub metr həcmində təmizləmə işləri aparılmış, 850 kub metr daş – beton bəndi , 220 kub metr qabion bəndi   qurulmuşdur.
       Nazirlər Kabinetinin 2013-cü ilin  yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezidentimiz iri fermer təsərrüfatlarının yaradılmasının vacib olduğunu bir daha  diqqətə çatdırmış,  bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara verilən kreditlərin  2014- cü ildə daha da artırılacağını bildirmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda cənab Prezidentimiz kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə fermerlərə verilən subsidiyaların çatdırılmasında tam şəffaflığın təmin edilməsi üçün ciddi tapşırıqlar vermişdir. Konfransda çıxış edən cənab  Prezidentimiz qeyd etmişdir : “ Subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir. Bu mənim son xəbərdarlığımdır. Subsidiyanın verilməsində tam şəkildə nəzarət – uçot sistemı yaradılmalıdır. Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları ümumi məqsədə xidmət etməlidir” .
   2013-cü ildə ayrılmış yerli büdcə vəsaiti hesabına  şəhərin 14 küçəsinə asfalt  beton örtük çəkilmiş, 2 ictimai yaşayış binasının dam örtükləri yenilənmiş , 10 küçədə müasir işıqlandırma dirəkləri quraşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin “ Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında “ 2012-ci il 4 sentyabr tarixli Sərəncamına uyğun olaraq   Aşağı Küngüt – Aydınbulaq avtomobil yolunun tikintisi başa çatmış, cənab Prezidentimiz İlham Əliyev avqustun 14-də bu avtomobil yolunun açılışında iştirak etmişdir. Ümumi uzunluğu 30 kilometr, hərəkət hissəsinin eni 6 metr olan avtomobil yolunun yenidən qurulmasına 2012-ci ilin dekabrında başlanmışdır. Prezident İlham Əliyevin ölkəmizin avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlar əsasında inşa olunan bu yolun mühüm əhəmiyyəti vardır. Çünki bu yol həm də bır sıra rayonlararası magistral avtomobil yollarına birləşir. Səkkiz min əhalinin yaşadığı 8 məntəqəni əhatə edən yol yük və sərnişin avtomobillərinin rahat hərəkətini təmin edəcəkdir. Dünya standartları səviyyəsində tikilən yolun üzərində eni 8 metr, uzunluğu 10 metr olan körpü də inşa edilmişdir.
Cənab Prezidentimiz İlham Əliyevin 20 avqust 2013-cü il tarixli Sərəncamına əsasən 18 min nəfər əhalinin yaşadığı Aşağı Göynük – Baş Göynük – Baş Şabalıd avtomobil yolunun tikintisi işlərinə başlanmışdır.
       2013- cü ildə şəhərin yeni Baş Planına uyğun olaraq 9 ha ərazidə Heydər Əliyev adına parkın , Heydər Əliyev Mərkəzinin və Bayraq Meydanının , Şəki şəhər icra hakimiyyəti üçün yeni inzibati binanın tikintisinə başlanmışdır.
      113 saylı Şəki şəhər və 115 saylı Şəki kənd ikinci seçki dairələri dairə seçki komissiyalarının yeni inzibati binaları tikilib istifadəyə verilmişdir.  Hər birinin umumi sahəsi 190 kvadratmetr olan binalarda komissiya üzvlərinin normal fəaliyyət göstərmələri üçün lazımi şərait yaradılmış, otaqlar müasir texniki avadanlıq və inventarla təchiz olunmuşdur.
            2013- cü ildə Şəkidə 7 məktəbin tikintisi və yaxud əsaslı təmiri başa çatdırılmış, 5 məktəbin tikintisinə başlanmışdır.  Şəki şəhərindəki 28 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra   istifadəyə verilmişdir. Qeyd etmək istəyirəm ki, son bir ildə Şəki şəhərində və kəndlərdə dövlət vəsaiti hesabına 4 uşaq bağçası əsaslı təmir olunmuşdur. 2013-cü ildə bir bağça üçün yeni binanın tikintisinə, 3 bağçada isə əsaslı təmir işlərinə başlanmışdır.
         Mövcud olan kanalların , arxların və digər suötürücü qurğuların təmizlənməsi , əsaslı təmiri və yenilərinin tikintisi məqsədi ilə xeyli işlər görülmüş , 2013- cü ildə 4,5 km uzunluğunda yeni arxlar salınmış, 1536 kv metr ərazidə yaşıllaşdırma işləri aparılmışdır.
         Cari ildə şəhərin yeni yaşayış massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası tikilib istifadəyə verilmiş,  qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün 24 mənzilli yaşayış evinin tikintisi başa çatdırılmışdır. 
2013-cü ildə  kommunal xidmət sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülmüş, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanmışdır. Müddət ərzində şəhər və kəndlərdə istismar müddətini başa vurmuş elektrik verilişi xətlərinin çəkilməsi, transformatorların təzələnməsi və təmiri ilə bağlı xeyli iş görülmüşdür.   Bununla yanaşı Şəki Elektrik Şəbəkəsi əhalini elektrik enerjisi ilə təmin edən və istismar müddətini başa vurmuş əsas xətlər və dayaqların dəyişdirilməsini , transformator yarımstansiyalarına vaxtlı –vaxtında texniki baxışın keçirilməsini daim nəzarətdə saxlamalı ,  bu sahədə yarana biləcək  problemləri vaxtında aradan qaldırmalıdır.
2013-cü ildə  991 yeni mənzil təbii qazla təmin edilmiş , abonent sayı 20385-ə çatdırılmışdır. Ümuilikdə müddət ərzində Turan qəsəbəsi , Bideyiz və Baş Zəyzid kəndləri təbii qazla təchiz olunmuş , Cəyirli , Qayabaşı, Sarıca , Qozlubulaq , Çayqaraqoyunlu , Bolludərə , Qaratorpaq , və Şəkikənd kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilmişdir.  2014-cü ildə ən mühüm vəzifə maksimum daha çox yaşayış məntəqələrinin qazlaşdırılmasına nail olmaqdır.
Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. 2013-cü ildə Şəkinin umumtəhsil məktəblərini bitirmiş 1917 məzundan 1166 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş, onlardan 680 nəfəri tələbə adını qazanmışdır. Ail məktəbə daxil olanların 145 nəfəri 500-dən , 55 nəfəri isə 600 baldan yuxarı toplamışdır. Məzunlardan 11 nəfəri “Qızıl medal”a layiq görülmüşdür. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən “Şəki şəhərində peşə təlimi məktəbinin binasının təmiri” layihəsinin başa çatmışdır. Bu münasibətilə keçirilən   tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Suşuke Vatanabe, Təhsil naziri Mikayıl Cabbarov, şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
        1966-cı ildə yaradılmış və 1998-1999-cu tədris ilindən hazırkı binada fəaliyyət göstərən peşə məktəbində bu günədək əsaslı təmir işləri aparılmamışdır.  Müasir avadanlıqla təchiz edilən peşə məktəbində 2013 -2014 -cü tədris ilindən başlayaraq bir sıra ixtisaslar üzrə kadr hazırlığına başlanmışdır . Şəki rayonunun turizm potensialı nəzərə alınaraq bu təhsil müəssisəsində turizm və xidmət sahələri üzrə yeni ixtisasların tədris edilməsi üçün müvafiq şərait yaradılmışdır.
        Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən  tibb müəssisələri  tərəfindən 2013-cü ildə  əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür. Dünya Bankı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə həyata keçirdikləri “Səhiyyə sektorunda struktur islahatları” layihəsi çərçivəsində rayonun Aşağı Göynük kəndində sahə xəstəxanası, Baş Göynük kəndində isə həkim məntəqəsi inşa edilmişdir.
Yeni səhiyyə obyektləri ümumilikdə bu ərazidə yaşayan 40 minə yaxın sakinə xidmət göstərəcəkdir. Şəki Mərkəzi Rayon Xəstəxanasının nəzdindəki doğum evinin bazasında yaradılmış Regional Perinatal Mərkəzin açılış mərasimi olmuşdur .
Mərkəz Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “Ana və uşaqların sağlamlıqlarının qorunmasına dair tədbirlər Proqramı”na uyğun olaraq təşkil olunmuşdur. 1985-ci ildən fəaliyyət göstərən bu binada Səhiyyə Nazirliyinin sifarişi, Dünya Bankının maliyyə dəstəyi ilə 2011-ci ildə əsaslı təmir işlərinə başlanmışdır. Mərkəz 9 rayonun əhalisinə xidmət göstərəcəkdir.
Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir. 2013-cü il avqust ayının 14-də Şəkiyə səfəri çərçivəsində dövlətimizin başçısı  Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir:” Şəki Azərbaycanda və deyə bilərəm ki,  bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Burada əlbəttə  təbiət və memarlıq, qədim və tarixi binalar, Şəkinin şəhərsalma qaydaları gözəl bir mənzərə, bir vəhdət yaradır. Təsadüfi deyil ki, Şəkinin mədəniyyəti ilə maraqlananların sayı getdikcə artır. Həm daxili turizm artır, həm xaricdən gələn qonaqların sayı . Azərbaycanın demək olar ki, bütün yerlərində Şəkiyə çox böyük hörmət və maraq vardır. İstərdim ki, Azərbaycanın bütün vətəndaşları vaxt tapıb Şəkiyə səfər etsinlər. İndi şərait yaxşılaşır, yollar da çəkilir və nəqliyyat vasitələri müasirləşdirilir. Ona görə də gələcəkdə daxili və xarici turizm inkişaf edəcəkdir. Biz gərək Şəkidə gələcəkdə beynəlxalq tədbirlərin sayını da artıraq “ .
2013-cü ildə şəhərimizin qonağı olan Rumıniyanın keçmiş Prezidenti Emil Konstantinesku , Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi , Çin Xalq Respublikasının , Fransanın , İsrailin , Türkiyənin , Koreyanın , Rumıniyanın ,Rusiyanın , İordaniyanın , Tacikstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri,  Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun , İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları və başqaları da Şəkinin geniş turizm potensialına malik olduğunu bildirmiş və bu şəhərdən xoş təəssüratla ayrılmışlar.
Hər il oduğu kimi 2013-cü ilin dekabr ayında Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində “Prezident Kuboku” uğrunda “Çövkən” milli oyunları keçirilmişdir.
Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın turizm potensialının daha geniş təbliğ edilməsi məqsədilə bir sıra infoturlar təşkil olunmuş, Şəkinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımlar atılmışdır.
2013-cü  ildə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Şəhərimizin mədəniyyət və istirahət parklarında şəhər əhalisinin səmərəli istirahətinin təşkili üçün bir sıra tədbirlərin görülməsi işi davam etdirilmişdir. Müddət ərzində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunmuşdur.
Bildiyiniz kimi iyun ayının 28-dən iyulun 4-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi , Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  şəhərimizdə “ İpək Yolu “ IV Beynəlxalq  Musiqi  Festivalı keçirilmişdir.     
Festivalda Azərbaycan Bəstəkarlar İttifaqının , ölkəmizdə akkreditə olunmuş bir sıra dövlətlərin – o cümlədən, Fransa, İordaniya,  Qazaxıstan, Belarus ,  Latviya,  Rusiya, Hindistan ,Ukrayna, Polşa, Tacikstan, Çin və Türkiyənin  fövqəladə və səlahiyyətli səfirləri və səfirliklərin əməkdaşları, TÜRKSOY -un , Türkiyə Respublikasının Giresun və Konya   şəhər bələdiyyəsinin nümayəndələri,  respublikanın və xarici ölkələrin tanınmış musiqi ansambllarının və rəqs qruplarının kollektivləri, ziyalılar, musiqişünaslar, aparıcı kütləvi informasiya vasitələrinin və ictimaiyyətin  nümayəndələri – ümumilikdə 1000 nəfərdən çox  qonaq iştirak etmişdir.
     Bu böyük bayram tədbiri MDB ölkələri rəqs ansambllarının geniş konsert proqramı ilə başlamışdır. İyunun -29-da “ Aşağı Karvansaray” kompleksində festivalın rəsmi açılış mərasimi keçirilmiş , Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə” Yeddi gözəl “ baleti nümayiş olunmuşdur . Festivalda Azərbaycanla yanaşı 12 ölkənin tanınmış musiqi kollektivləri  çıxış  etmişdir. Bir həftə davam edən musiqi bayramı nəinki şəhərimizin , bütövlükdə ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Festival günlərində  Şəki bələdiyyəsi ilə Türkiyənin Giresun bələdiyyəsi arasında qardaş şəhər və əməkdaşlıq haqqında protokol yenilənmişdir.
           Şübhəsiz ki, “İpək yolu” Beynəlxalq Musiqi Festivalı  xalqımızın zəngin mədəniyyətinin , şəhərimizin turizm potensialının  təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Qeyd etmək istəyirəm ki, bu il biz  beşinci dəfə bu festivalı keçirəcəyik. Bu festival artıq Şəki V “ İpək Yolu “ Beynəlxalq Musiqi Festivalı adlanır.   Festival çərçivəsində Şəkidə həm də “ İpək Bayramı “ nın keçirilməsi nəzərdə tutulmuşdur. 2014-cü ilin sentyabr ayında şəhərimizdə “ Gülüş bayramı “ nın da keçirilməsi nəzərdə tutulmuşdur. Oktyabrın 11-də Şəkidə Şəhər Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilmişdir. Bayram tədbirində Milli Məclisin deputatları, respublikamızın tanınmış elm və incəsənət xadimləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, habelə musiqi və rəqs kollektivləri iştirak etmişlər.
Artıq ikinci ildir ki, qeyd olunan bu tədbir Şəkinin tarixini, mədəniyyətini, folklorunu,  mətbəxini daha geniş təbliğ  etdirmək məqsədi daşıyır.
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika Dövlət mükafatları laureatı, Xalq Artisti Rasim Ocaqovun anadan olmasının 80 illik yubileyi , noyabrın- 23-də  onun vətəni Şəkidə böyük hörmət və məhəbbətlə qeyd olunmuşdur.
         Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  Şəki şəhərində “Ortaq türk tarixinin araşdırılması problemləri” mövzusunda I Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Konfransın işində Azərbaycan ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Dağıstan Respublikasından (Rusiya) gəlmiş tarixçi alimlər iştirak etmişlər.
    “Azərbaycan” qəzeti və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə  Şəki şəhərində “Milli Qurtuluş-20: regionların sosial-iqtisadi yüksəlişi” mövzusunda “dəyirmi masa” və Azərbaycan-NATO tərəfdaşlığına dair ictimai məlumatlandırma tədbiri  keçirilmişdir.
        Hazırda Şəkidə 43 qeyri-hökumət təşkilatı vardır ki, onların fəaliyyəti əsasən maarifçilik, sosial sahədə bir sıra layihələrin həyata keçirilməsi ilə bağlıdır. Müddət ərzində rayonumuzda  ictimai-siyasi təşkilatlar və dini qurumlarla, milli azlıqlar, etnik qruplar, aztəminatlı ailələr, qaçqın və məcburi köçkünlərlə, kütləvi informasiya vasitələri ilə səmərəli iş aparılmışdır.
Şəkinin 33 kənd və qəsəbə icra nümayəndəliyində Şəki şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq 2012-ci ilin yekunlarına dair hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda icra nümayəndələrinin illik hesabatları dinlənilmiş, görülən işlər və mövcud problemlər müzakirə edilmişdir.
Hesabat yığıncaqlarında əhali tərəfindən qaldırılan qəsəbə və kəndlərin təbii qazla təmin olunması, içməli suya ehtiyacın olması, qəsəbə və kəndarası yolların, körpülərin təmiri, məktəb tikintisi, təmiri, səhiyyə və mədəniyyət müəssisələrində təmir işlərinin aparılması, bənd tikintisi, bəzi yerlərdə elektrik dirəklərinin, naqillərin və transformator yarımstansiyalarının dəyişdirilməsi və s. barədə əhali tərəfindən qaldırılan məsələlər Şəki Şəhər İcra Hakimiyyətinin tədbirlər planına daxil edilmiş, məsul şəxslər müəyyənləşdirilərək icrası nəzarətə götürülmüşdür. İcra nümayəndələri tərəfindən hesabat yığıncaqlarında qaldırılan bir sıra dövlət əhəmiyyətli məsələlərin həlli məqsədilə aidiyyəti idarə və təşkilatlara müraciətlər olunmuşdur.
2013-cü ildə   Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 152 cinayət hadisəsi qeydə alınmış,onlardan 114-nün açılması təmin olunaraq açılma faizi 84,4 faiz olmuşdur. Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 12 fakt aşkar edilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2013-cü ildə gənclərin həqiqi hərbi xidmətə çağırışı Şəkidə müvəffəqiyyətlə həyata keçirilmişdir. İl  ərzində 1103 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.
“Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, qəsəbə və kəndlərdə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq ümumi qəbulu təşkil olunmuş, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasına, haqlı tələblərinin həll edilməsinə diqqət artırılmışdır. Belə ki ,2013-cü ildə Şəki şəhər icra hakimiyyəti başçısının sərancamı ilə  maddi yardım üçün müraciət edən vətəndaşların sosial vəziyyətinin ,yaşadıqları evlərinə təbii fəlakət nəticəsində və ya digər səbəblərdən dəymiş  zərərlərin ,ayrı-ayrı təkliflərin araşdırılması ilə bağlı komissiya yaradılmışdır . Müddət ərzində komissiya tərəfindən 184  nəfər vətəndaşa müxtəlif məqsədlər üçün 73 min manat məbləğində maddi yardım göstərilmişdir.2013-cü ildə 652 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Müddət ərzində şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmiş qrafikə əsasən 43 səyyar qəbul keçirilmiş, qəbullarda 5800 nəfər iştirak etmişdir. Keçirilmiş qəbullarda 345 nəfər vətəndaş dinlənilmiş, 396 müraciət səslənmişdir.  Səyyar qəbullar zamanı edilmiş müraciətlər əsasən yolların təmiri, kəndlərə təbii qazın verilməsi, köhnəlmiş elektrik dirəklərinin və xətlərin dəyişdirilməsi, sosial obyektlərin təmiri və yenilərinin açılması, su probleminin həlli, torpaq və digər məsələlərlə bağlı olmuşdur. Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə 3935 müraciət daxil olmuşdur. Müraciətlərin 2529-u vətəndaşlar tərəfindən, 1906-sı isə respublikanın yuxarı orqanlarından daxil olan müraciətlərdir. Daxil olan müraciətlərin 1016-sı müsbət həll olunmuş, 139-u qismən həll olunmuş,  1943-ü ilə bağlı müvafiq izahat verilmiş, 85-i əsassız sayılmış, 245-ı baxılmaq üçün tabeli qurumlara, 432-ədədi isə aidiyyəti orqanlara göndərilmiş , qalanları isə icrada olmuşdur .
Hörmətli yığıncaq iştirakçıları!
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” başa çatmışdır.         Nazirlər Kabinetinin 2013-cü ilin  yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezidentimiz demişdir: “ Bu il biz üçüncü Regional İnkişaf Proqramını qəbul edəcəyik.  Keçən il ikinci poqram icra edilmişdir. Artıq onun icrası başa çatmışdır.  Bu iki Proqramın icrası, onların qəbul edilməsi , deyə bilərəm ki,   bölgələrdə ciddi dönüşün yaranmasına səbəb olmuşdur. Biz bunu həm statistik göstəricilərdə , həm də həyatda aydın görürük . Bölgələr canlandı , abadlaşdı , müasir infrastruktur yaradıldı “ .
Şübhəsiz ki, qazanılan bütün uğurlar hörmətli Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. Nazirlər Kabinetinin 2013-cü ilin  yekunlarına həsr olunan geniş yığıncağında hörmətli Prezidentimiz demişdir: “  Əminəm ki , 2014- cü il də ölkəmiz , xalqımız üçün uğurlu olacaqdır”.
Hesab edirəm ki, rayonumuzda son illər ərzində bütün sahələrdə əldə edilən uğurlar bu il də davam etdiriləcək, yeni nailiyyətlərin qazanılması üçün qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcəkdir.

Keçidlər