Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin hesabatı

2015-ci ildə Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair

H E S A B A T

        Tarixə dönən, xalqımızın yaddaşında uğurlarla qalan 2015-ci  ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm dəyişikliklər baş vermişdir. 2016-cı il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ölkəmizin 2015-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası , yanvarın 18-də isə   iqtisadi və sosial məsələlərin həlli ilə bağlı  müşavirə keçirilmişdir. Hər iki iclasda ölkəmizin sənaye potensialının gücləndirilməsi, sosial proqram və layihələrin icrası geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.  Keçən il ərzində ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, ilin sonunda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ümumi daxili məhsulun 1 faizdən cox, sənaye istehsalının 2,4 faiz, qeyri-neft sektorunun isə 8,4 faiz artdığını deyən cənab Prezidentimiz  2015- ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayənin qyulduğunu bildirmişdir. 
         2015- ilin ən mühüm hadisələrindən biri iyunun 12- dən 28- dək Bakıda 50 ölkənin iştirakı ilə keçirilən I Avropa Oyunları olmuşdur.   Oyunlar zamanı bütün dünya bir daha xalqımıza xas olan   yüksək təşkilatçılıq  səmimi qonaqpərvərlik və mədəni dəyərlərin şahidi oldu. Möhtəşəm idman bayramı təntənəli bağlanış mərasimi ilə sona çatdı. Bu idman bayramı xalqımızın tarixində gözəl bir  tədbir kimi yadda qaldı. Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva  I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə cənab Prezidentimizin Sərəncamı ilə  ölkəmizin ən yüksək mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edildi.  Nazirlər Kabinetinin 2015-cü ilin sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən cənab  Prezidentimiz demişdir :” 2015- ci ildə ölkəmizin həyatında tarixi hadisə baş vermişdir. İlk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Azərbaycan bu Oyunları ən yüksək səviyyədə keçirə bilmişdir. Bütün Avropaya və dünyaya müstəqil ölkəmizin imkanlarını, xalqımızın qonaqpərvərliyini , gözəl Bakı şəhərimizi göstərdik. Bu Oyunlar göstərdi ki, biz ən mötəbər beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə bilərik “ .   Bu böyük idman bayramı çərçivəsində   may ayının 25-də şəhərimizdə möhtəşəm Alov festivalı keçirilmiş , minlərlə şəhər sakini Oyunların məşəlini böyük izdihamla qarşılamışdır.
      Yanvarın 26-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir.  Konfransda  cənab Prezidentimiz regionların inkişafı ilə bağlı  mövcud vəziyyəti və görüləcək işləri bir daha dərindən təhlil etmiş və yeni vəzifələr müəyyənləşdirmişdir. Cənab Prezidentimiz  il ərzində görülən işlərə yekun vuraraq demişdir : “  2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşmişdir. Dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxa bilmir. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunda iştirak edərkən bir daha bunun şahidi oldum ki, hələlik dünya iqtisadiyyatı ağır vəziyyətdə qalacaq. Buna baxmayaraq, 2015-ci ildə Azərbaycanda bir çox məsələlər öz həllini tapmışdır. İlin əvvəlində nəzərdə tutduğumuz bütün vəzifələr icra edilmişdir.O qədər də asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alsaq , əlbəttə ki, bu , bizim böyük uğurumuzdur “ .  Konfransda çıxış edən cənab Prezidentimiz qeyd etdi ki, bu gün ölkəmizdə  yeni, ən müasir standartlara cavab verən sosial - iqtisadi infrastruktur yaradılmışdır. Azərbaycanın dünyada nüfuzu artmış, ölkəmiz regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Konfransda yaranmış vəziyyətdə çevik və sistemli tədbirlərin həyata keçirilməsi, iqtisadi və maliyyə tarazlığının təmin edilməsi, dinamik inkişaf tendensiyasının qorunub saxlanması üçün ölkənin bütün resurslarının səfərbər olunması vacib vəzifə kimi qarşıya qoyulmuş, devalvasiyadan sonra yaranmış mənfi təzahürlərin qısa zamanda aradan qaldırılması üçün   görüləcək işlər diqqətə çatdırılmışdır. Qeyd etmək istəyirəm ki, istər Nazirlər Kabinetinin iclasında, istərsə də yanvarın 18-də keçirilmiş müşavirədə cənab Prezidentimiz  yeni iqtisadi siyasət konsepsiyasının başlıca istiqamətlərini göstərmişdir. Bunlar qanunvericilik təşəbbüslərinin reallaşdırılması, dinamik iqtisadi inkişafın təmin edilməsi, bank-maliyyə sektorunun sağlamlaşdırılması, sosial təminat sahəsində tədbirlərin həyata keçirilməsi, dövlət orqanlarında struktur islahatların aparılması, korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ halların minimuma endirilməsi və süni bahalaşmaya qarşı mübarizə tədbirlərinin görülməsini nəzərdə tutur.
   Qeyd etmək istəyirəm ki, 2015- ci ilin noyabr  ayı  şəhərimiz üçün olduqca əlamətdar hadisələrlə zəngin olmuşdur. Noyabr ayının 4-də cənab Prezidentimiz İlham Əliyev Şəkiyə səfər etmişdir. Dövlətimizin başçısı Şəkidə umummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş , Şəki Məhkəmə Kompleksinin, 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının , Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş 160 yerlik körpələr evi – uşaq bağçasının ,  Şəki- Qax –Zaqatala avtomobil yolunun Şəki- Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etmiş, “ Marxal “ müalicə -istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Dövlətimizin başçısı Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışında məhkəmə və ədliyyə orqanlarının əməkdaşları ilə görüşündə demişdir ” Şəki qədim Azərbaycan diyarıdır. Şəkinin çox zəngin tarixi, mədəniyyəti vardır. Şəki nəinki Azərbaycanda, dünya miqyasında gözəlliyi ilə seçilən şəhərlərdəndir. Bir çox şəhərlər memarlıq, yaxud da şəhərsalma baxımından bir-birinə oxşayır. Şəki elə şəhərdir ki, heç bir şəhərə oxşamır. Buranın gözəl təbiəti gözəl memarlığı və şəhərsalma prinsipləri ilə tamamlanır. Şəkinin çox zəngin tarixi, mədəniyyəti vardır. Şəki bizim böyük sərvətimizdir.  ”      
      2015-ci il noyabrın 5- də cənab Prezidentimiz Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə  Sərəncam imzalamışdır. Qeyd etmək istəyirəm ki, cənab Prezidentimiz    Şəkiyə  7 dəfə səfər etmiş , bu səfərlər zamanı 18 obyektin açılışında və  təməlqoyma mərasimlərində iştirak etmiş,  qısa     müddətdə Şəkinin sosial – iqtisadi inkişafı ilə bağlı 11 Sərəncam imzalamışdır.                  Hörmətli yığıncaq iştirakçıları!
      2015-ci ildə rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salaq.
2015-ci ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 321 milyon 120 min manatlıq məhsul buraxılmışdır. 2015-ci ildə faktiki qiymətlərlə məhsul buraxılışı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 120 faiz təşkil edir. Buraxılmış məhsulun 7 faizi dövlət, 93 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 1758 manatlıq məhsul istehsal olunmuşdur. 2015-ci ildə pərakəndə əmtəə dövriyyəsi 298 milyon 167  min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 106,3 faiz təşkil edir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 73 milyon 336 min manat olmuşdur ki, bu da 2014 – cü illə müqayisədə  109 faiz təşkil edir.      Rayonda 2015-ci ildə 1569  yeni iş yeri açılmışdır ki, bunun da 1167 –si daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 7,6 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 27,6 faizi mövcud müəssisə və təşkilatların, 64, 8 faizi isə fiziki şəxslərin payına düşür. Umumiyyətlə  01 oktyabr 2003- cü il tarixdən 01 yanvar 2016-cı il tarixədək rayonda 15856 yeni iş yeri açılmışdır ki, bunun da 94,4 faizi daimi iş yerləridir. Daimi iş yerlərindən 18 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 21,8 faizi mövcud müəssisə və təşkilatların, 60,2 faizi fiziki şəxslərin payına düşür. Rayon üzrə orta aylıq əmək haqqı 256 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1,2 faiz çoxdur. Hazırda rayonda 17 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 10-u kiçik müəssisədir.
2015-ci ildə rayonumuzda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 45 milyon 648 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 137,9 faiz təşkil edir. İstifadə edilmiş investisiyanın  91 faizi dövlət mülkiyyətinin ,  9 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 31 milyon 421 min manatı və ya 92  faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 102, 8 faiz təşkil edir.
       Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkəmizin başçısı Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir.  Cənab Prezidentimiz demişdir : “ Sahibkarlara güzəştli kreditlərin verilməsi təmin edilməlidir. Keçən il güzəştli şərtlərlə təxminən 250 milyon manat məbləğində kreditlər verilmişdir. Bunun böyük əksəriyyəti aqrar sektora , regionlara verilmişdir. Bu il bu siyasət davam etdirilməlidir . Əlbəttə , indi bizim maliyyə imkanlarımız əvvəlki illərdəki kimi deyil , ancaq biz bu sahəyə mütləq vəsait təşkil etməliyik ” .
   Son illərdə ölkəmizdə sənayeləşmə ilə bağlı düşünülmüş siyasət aparılır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən cənab Prezidentimiz  hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini bir daha xüsusi olaraq vurğulamış və bu prosesin ləng getdiyini bildirmişdir. Məlumat üçün bildirim ki, hələ əvvəlki illərdə mövcud sənaye zonalarının inkişaf etdirilməsi ilə bağlı konkret layihələr işlənib hazırlanmış və aidiyyyatı strukturlara göndərilmişdir. Rayonumuzda inkişaf  etdirilməsi vacib olan  sahələrdən biri ipəkçılık sənayesidir. Tarixən bu şəhərdə ipəkçiliyin zəngin təcrübəsi formalaşmışdır.  Bu məqsədlə hazırlanılmış tədbirlər planının başlıca məqsədlərindən biri də ötən əsrin 70-ci illərində respublikada müvəffəqiyyətlə inkişaf edən və 14 min nəfərdən çox adamın istehsal etdiyi 1,5-2 min ton yaş barama göstəricilərinə çatmaq , müasir avadanlıq və texnologiyaların köməyi ilə daha çox istehsala nail olmaq idi.
    10 il ərzində həyata keçirilməsi nəzərdə tutulan ipəkçiliyin inkişafına  dəstək proqramı çərçivəsində   rayonumuzda 2 min daimi, 8 min mövsümü iş yerinin yaradılması nəzərdə tutulurdu.  Və yaxud, hələ  2014-cü ildə Şəkidə hind toyuğu əti və hind toyuğu məhsullarının istehsalı istiqamətində də önəmli bir layihənin həyata keçirilməsinə başlanmışdır.Layihənin həyata keçirilməsi nəticəsində Şəki rayonunda 500-ə qədər daimi iş yerləri açılması  gözlənilirdi.  Hər iki layihə ilə bağlı bir çox işlər görülmış , sahibkar tərəfindən yerin seçilməsi , mütəxəssislərin hazırlanması , qabaqcıl təcrübənin öyrənilməsi üçün 300 min avro məbləğində vəsait xərclənmişdir. Cox təəssüf ki, hələlik bu layihələri maliyyə çatmamazlığı ucbatından reallaşdırmaq mümkün olmamışdır. 
           Şəkidə ən müasir texnologiyalar əsasında yeni yaradılan “Sünbül” çörək zavodunda  məhsul istehsalına başlanmışdır. Müəssisədə Çex Respublikası, Almaniya və İtaliyadan gətirilmiş ən müasir çörəkbişirmə avadanlığı quraşdırılmışdır. Gündəlik layihə gücü 30 ton olan zavodda hələlik gün ərzində istehsal gücü 24 ton  iki çeşiddə -  zavod çörəyi ,lavaş və şirniyyat məhsulları istehsal olunur.  Rayonumuzda mövcud sənaye zonalarının inkişaf etdirilməsi və yeni sənaye sahələrinin yaradılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə yerli sahibkarlara güzəştli şərtlərlə kreditlərin ayrılması mühüm əhəmiyyətə malikdir.      
      “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən cənab Prezidentimiz demişdir: “ Sosial sahədə cox böyük işlər görülüb. Sosial infrastruktur yaradılıb. 12 il ərzində üç minə yaxın məktəb , 600 -ə yaxın xəstəxana tikilib , təmir edilib . Cəmi məktəblərimizin sayı təqribən 5 minə yaxındır, 3 mini 12 ildə tikilib . Maaşlar təxminən 5 dəfə, pensiyalar 7 dəfə artıb . “ . Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir. Belə ki , 2015-ci  ildə rayonumuzda 1784 ailənin 8243 ailə üzvünə hər ay 258 min 779 manat, il ərzində 3 milyon 687 min 979 manat məbləğində  Ünvanlı Dövlət Sosial Yardımı  hesablanmış və müvafiq qayda da ödənilmişdir . Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən Ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği  31 manat 39 qəpik , hər ailəyə düşən orta aylıq məbləği isə 146 manat   təşkil etmişdir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə hər ailə üzvünə düşən məbləğin  8,1 faiz artımı, hər ailəyə düşən məbləğin 10, 3 faiz artımı  deməkdir.
Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi 2015-ci ildə 25953 nəfər əmək pensiyaçısına xidmət göstərmişdir. Həmin pensiyaçılardan 16269 nəfəri yaşa, 8052 nəfəri əlilliyə, 1632 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Əgər 2003-cü ildə pensiyaların orta aylıq məbləği 27 manat 19 qəpik idisə, 2016-cı il yanvarın 1-i tarixinə bu rəqəm 158 manat  olmuşdur. Bu ötən dövr ərzində pensiyaların orta aylıq məbləğində 5,8 dəfə artım deməkdir.
          Şəki Rayon Məşğulluq Mərkəzinin qeydiyyatında 3304 nəfər işaxtaran və işsiz vətəndaş var. 2015- ci ildə mərkəz tərəfindən 191 nəfər işlə təmin olunmuşdur.
Ötən illərdə olduğu kimi, 2015-ci ildə də məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir.
        “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda  cənab Prezidentimiz kənd təsərrüfatı sahəsində prioritet istiqamətləri qeyd etmiş və bu sahədə qarşıda duran başlıca vəzifənin ölkənin əsas ərzaq məhsulları ilə təminatı məsələsi olduğunu diqqətə çatdırmışdı. Konfransda cənab Prezidentimiz xüsusilə vurğuladı ki,indiyədək görülən işlərin miqyası onu deməyə əsas verir ki, qarşıdan gələn bir neçə ildə kənd təsərrüfatı məhsulları ilə daxili tələbatın ödənilməsi məsələsi həll olunacaq, digər tərəfdən isə Azərbaycanın ixrac potensialı daha da güclənəcəkdir. Konfransda cənab Prezidentimiz  ərzaq təhlükəsizliyinin təmin edilməsinin ölkə üçün prioritet məsələ olduğunu vurğulayaraq  demişdir : “  Keçən il Azərbaycanda “ Kənd təsərrüfatı “ ili idi . Kənd təsərrüfatı 6,6 faiz artmışdır . Bu , çox yaxşı göstəricidir. Məhsuldarlıq artmışdır , xüsusilə taxılçılıqda . İri fermer təsərrüfatlarının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm . Biz iri fermer təsərrüfatlarının yaradılmasını bu il də davam etdirməliyik . Bizim üçün kənd təsərrüfatı o sahədir ki , qeyri –neft ixracımızı , ərzaq təhlükəsizliyini , insanları işlə təmin edəcək. Ona görə , keçən il “ Kənd təsərrrüfatı “ ili olmuşdur. Ancaq hesab edin ki, bu il də “ Kənd təsərrüfatı ili “ dir . Hər il “ Kənd təsərrüfatı ili “ olmalıdır “. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2015-ci ilin məhsulu üçün 61968 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir. Yetişən məhsulu tez və itkisiz yığmaq üçün bütün zəruri tədbirlər görülmüş, taxıl biçininin tez və itkisiz başa çatdırılması üçün konkret tapşırıqlar verilmişdir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində rayonda taxıl biçini uğurla başa çatdırılmış  və yüksək məhsuldarlıq əldə edilmişdir. 2015-ci ildə 186 min ton taxıl istehsal olunmuş ,hər hektardan orta məhsuldarlıq 30 sentner təşkil etmişdir.  İstehsal olunan məhsul 2014-cü illə müqayisədə 110 min ton çoxdur. Hesab edirəm ki, bu cənab Prezidentimizin ölkədə ərzaq bolluğu yaradılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərin uğurlu nəticəsidir.
2016-cı ildə  taxılçılıqda yüksək məhsuldarlıq əldə etmək üçün payızlıq taxıl səpini kompaniyasının yüksək aqrotexniki qaydalara uyğun aparılması mühüm əhəmiyyət kəsb edir . 2015- ci ildə  67373 hektar sahədə taxıl səpini həyata keçirilmişdir ki, bu da ötən illə müqayisədə 5274 hektar çoxdur .  Müddət ərzində  kənd təsərrüfatı istehsalçılarının maarifləndirilməsi məqsədilə  Şəki Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə bir sıra regional   müşavirə və seminarlar keçirilmişdir.  Bu tədbirlərdə istehsalçılara yeni texnologiya və texnikalar , payızlıq taxıl səpini kompaniyasını optimal müddətdə başa çatdırmaq , payızlıq taxıl sahələrində fitosanitar tədbirlərin vaxtında və keyfiyyətlə aparılması   üçün ətraflı məlumat verilmişdir.
    Cənab Prezidentimizin kənd təsərrrüfatının inkişaf etdirilməsi istiqamətində  qarşıya qoyduğu əsas vəzifələrdən biri də iri fermer təsərrüfatlarının yaradılması və ixrac məsələsidir. Məhz cənab Prezidentimizin  tapşırıq və tövsiyəsinə uyğun olaraq rayonumuzun Orta Zəyzid bələdiyyəsinə məxsus ərazisində sahibkarlar tərəfindən icarəyə götürülmüş 78 hektar ərazidə müasir texnologiyalar əsasında yeni Aqropark salınmışdır.Burada yüksək keyfiyyətli meyvə bağı salınmış , eyni zamanda məhsulun saxlanması , qablaşdırılması və emal olunması üçün işlər görülür. Əldə olunan məhsulun daxili bazarda satışı ilə yanaşı , həm də xaricə ixrac olunması nəzərdə tutulur.Ən müasir tələblərə cavab verən və meyvə məhsulları istehsalı və emalı üzrə ixtisaslaşacaq Aqroparkda 100- dən cox iş yerinin açılması nəzərdə tutulur.
      Rayonumuzun kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Bu sahənin də dinamik inkişafının təmin edilməsi, heyvandarlıq məhsulları istehsalının həcminin artırılması daim diqqət mərkəzində saxlanılır.
Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışna köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi və s. qarşımızda duran həlli vacib məsələlərdəndir.
2015-cü ildə Şəkidə yenidənqurma , tikinti – quraşdırma işləri davam etdirilmiş ,ilin əvvəlində aparılacaq abadlıq , quruculuq işlərinin planı təsdiqlənmişdir Təsdiq edilmiş titul siyahısına əsasən 2015-ci ildə şəhərin 13 küçəsində abadlıq ,   əsaslı təmir işləri aparılmışdır.
      Dünya Bankının dəstəyi və Ədliyyə Nazirliyinin sifarişi ilə tikintisi həyata keçirilən “ Məhkəmə Kompleksi “,  Baş Göynük kəndində 640,   Göybulaq kəndində 180, Qoxmuq kəndində 840 ,  Qaratorpaq kəndində 132   şagird yerlik məktəb binaları istifadəyə verilmiş,    Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə qarışıq tipli uşaq internat məktəbində əsaslı təmir işləri davam etdirilmişdir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin inkişafına böyük qayğı göstərilir , yeni uşaq bağçaları tikilir , uşaqların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir.  Əhalinin daha sıx məskunlaşdığı ərazilərdə hər biri 100 yerlik 2 ,Heydər  Əliyev fondunun təşəbbüsü ilə 160 yerlik 1uşaq bağçası inşa edilmiş, 2 bağçada isə əsaslı təmir işləri aparılmışdır.
        Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sifarişi ilə Kiş kəndi ərazisində “ Marxal” istirahət Kompleksinin tikintisi davam etdirilir. Kompleksə 7 mərtəbəli mehmanxana ,SPA mərkəzi ,restoran və kotteclər daxildir. Tikintinin ümumi sahəsi 27min 839 kv metrdir. Hazırda kompleksin binalarında daxili tamamlama və 50 hektara yaxın ərazidə abadlıq işləri davam etdirilir.    “Monolit D” MMC tərəfindən isə müasir tələblərə cavab verən otel binasnda tikinti işləri başa çatmışdır. Tikintinin ümumi sahəsi 6800,0 m2 təşkil edir. Hazırda binanın fasad hissəsində bəzək işləri aparılmaqla, daxili tamamlama işləri yekunlaşmaq üzrədir.
      Məlum olduğu kimi 2015-ci il  sentyabr ayının 4-də Şəki şəhərinin cənub - şərq istiqamətində episentrdə 7 bal, ətraf ərazilərdə 6,5 bal gücündə  zəlzələ baş vermişdir. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı yanında yaşayış evləri, sosial obyektlər və inzibati binalara zəlzələ nəticəsində dəymiş ziyanın müəyyən edilməsi üçün  komissiya yaradılmışdır.    Komissiya tərəfindən Şəki rayonu ərazisində baxış keçirilmiş 1594 yaşayış evindən 144 evin sökülərək yenidən tikilməsi, 435 evdə  bərpa -gücləndirmə , 997 evdə təmir-bərpa işlərinin görülməsi müəyyənləşdirilmişdir. Həmçinin rayon ərazisində 31 məktəbin, 17 uşaq bağçasının. 8 tibb müəssisəsinin, 3 uşaq musiqi məktəbinin binalarına, 29 inzibati binaya zəlzələ nəticəsində ziyan dəydiyi müəyyənləşdirilmiş və rayonun ayrı-ayrı inzibati ərazi vahidlərinin nümayəndələri və yerli bələdiyyə sədrlərinin iştirakı ilə sənədləşdirilmişdir. Evləri qəzalı vəziyyətə düşmüş ailələrdən 46 ailəyə FHN tərəfindən çadırlar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin baş vermiş təbiət hadisəsinə operativ müdaxiləsi nəticəsində zəlzələnin vurduğu ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları ilə  vəsait ayrılmış, komissiyanın işinə cəlb edilmiş mütəxəssislər tərəfindən  vətəndaşlara məxsus fərdi yaşayış evlərinin sökülərək yenidən tikintisi, gücləndirmə və təmir-bərpa işlərinin aparılması məqsədilə, tikinti normalarına uyğun olan iqtisadi cəhətdən daha səmərəli layihələr işlənilərək aidiyyəti dövlət orqanlarına təqdim olunmuşdur.    Şəhər İcra Hakimiyyəti başçısının tapşırığı ilə dam örtüyü dağılmış yaşayış evlərinin sakinlərinə yağışdan qorunmaq üçün palatkalar paylanılmış və təcili olaraq həmin evlərin dam örtükləri daxili imkanlar hesabına bərpa olunmuşdur.
         Cari ildə “Azərsu” ASC-nin sifarişi, Almaniyanın KfW Bankı, İsveçrənin SECO yardım təşkilatının dəstəyi ilə Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin 4-cü mərhələsinə başlanılması nəzərdə tutulmuşdur. Bu mərhələdə  çirkab sularının təmizləyici stansiyasının tikintisi işləri aparılacaqdır.  Bu məqsədlə 10,2 ha torpaq sahəsi ayrılmışdır. 
    2015-ci ilin sonunadək rayon ərazisində yaşayış məntəqələrinin, əkin torpaqları və meşə zolaqlarının sel sularından mühafizəsi məqsədilə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sifarişi ilə mühafizə bəndlərinin təmir işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.
    Azərbaycan Respublikası Prezidentinin “Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 12 sentyabr tarixli Sərəncamından irəli gələn tələblərin yerinə yetirilməsi məqsədilə Şəkinin tarixi-memarlıq abidələrinin qorunub saxlanılması tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən cari ildə XVIII əsr abidəsi olan “Giləhli məscidi”nin minarəsində yaranmış qəza vəziyyətinin qarşısının alınması məqsədilə minarədə zəruri bərpa - gücləndirmə və yerləşdiyi ərazidə çay yatağında bərkitmə işlərinin aparılması nəzərdə tutulmuşdur.    Həmçinin cari ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən Şəki – Qax avtomobil yolunun 35 km hissəsində əsaslı təmir işləri davam etdiriləcəkdir.
    Şəhər İcra Hakimiyyəti tərəfindən Şəkinin görkəminin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir. Hazırda bir sıra ərazilərin abadlaşdırılması üçün layihələr hazırlanmışdır. Belə ki, şöbə tərəfindən şəhərin B.Vahabzadə küçəsində əsaslı şəkildə yenidənqurma işlərinin aparılması üçün şəhərin milli- memarlıq üslubu nəzərə alınmaqla memarlıq planlaşma işləri görülmüş, tikinti işlərinə başlanılmışdır.
        2015-ci ildə  kommunal xidmət sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülmüş, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanmışdır.  Şəki Elektrik Şəbəkəsinin xidməti ərazisində 35 KV- luq hava xəttində 80 ədəd istismar müddəti bitmiş dayaqlar yenisi ilə dəyişdirilmiş, 35 KV-luq Aşağı Göynük hava xəttində 8 km məsafədə istismar müddəti bitmiş naqil yeni AC -70 markalı naqillə əvəz olunmuşdur.  Şəbəkənin xidməti ərazisində ümumilikdə 59 km hava xəttində əsaslı və cari təmir işləri aparılmış, rayon ərazisində 407 ədəd yeni sayğac quraşdırılmış , 1241 ədəd sayğac dəyişdirilmişdir.Zaqatala Regional Qaz İstismar  İdarəsinin Şəki rayon xidməti tərəfindən 2015-ci il ərzində əhaliyə satılan qazın dəyəri 100,2 faiz , qeyri-əhali sektoruna satılan qazın dəyəri 116,7 faiz ödənilmişdir.Dövlət Proqramına əsasən rayonun Qoxmuq, Böyük Dəhnə, Baltalı, Sarıca, Suçma kəndlərində 686 mənzil qazlaşdırılmışdır.
            2015-ci ildə Şəkidə kənd əhalisinin içməli və suvarma suyu ilə təminatının  yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “ Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında “ 2014-cü il 25 dekabr tarixli 961 saylı Sərəncamından irəli gələn vəzifələrin icrası nəticəsində rayonumuzun 14 yaşayş məntəqəsində subartezian quyusu qazılmışdır. Ümumiyyətlə son beş ildə rayonumuzda 42 subartezian quyusu qazılmış, nəticədə suvarma işləri yaxşılaşdırılmış, dövlət suvarma şəbəkələrinin fəaliyyəti gücləndirilmişdir.   Rayonun Şəkikənd, Cəyirli və Qozlubulaq kəndlərinin əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Əliyar kəndininn ərazisində qurulmuş su nasos stansiyası istifadəyə verilmişdir. Stansiyanın istifadəyə verilməsi nəticəsində qeyd olunan kəndlərin 6 min nəfərə yaxın əhlisinin içməli su ilə təminatı yaxşılaşmışdır. Suçma kəndində isə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən “Su təchizatı sisteminin tikintisi” layihəsinin icrası nəticəsində bu kəndin su problemi öz həllini tapmışdır.
Hesabat dövründə Şəkinin təhsil işçiləri də gənc nəslin təlim-tərbiyəsi, onların kamil insan və hərtərəfli şəxsiyyət kimi yetişməsi işini şərəflə yerinə yetirmişdir. Sevindirici haldır ki, rayonumuzun şagirdləri bir çox Respublika səviyyəli müsabiqələrdə böyük uğur qazanmışdır. Buraxılış imtahanlarının yekunlarına görə keyfiyyət faizi 2014-cü illə müqayisədə  xeyli  yüksək olmuşdur. IX sinfi başa vuran 1961 nəfər şagirddən 245 nəfərin şəhadətnamə qiymətləri yalnız 5 olmuşdur.  Ali məktəbə qəbul üçün ərizə vermiş 1101 nəfərdən 615 nəfəri tələbə adını qazanmışdır. Bu il keçirilən qəbul imtahanlarında məzunlardan 145 nəfəri 500-dən, o cümlədən 61 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdir.
Şəki təhsilinin əldə etdiyi uğurlar dövlətimiz tərəfindən həmişə olduğu kimi, bu il də yüksək qiymətləndirilmişdir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə  şəhər 8 №-li tam orta məktəbin direktoru Ələsgərov Səttar “Tərəqqi” medalına, şəhər 10 №-li tam orta məktəbin riyaziyyat müəllimi Şərifova Nailə  isə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür. Ümumiyyətlə son 4 ildə rayonumuzun 12 nəfər müəllimi “ Əməkdar müəllim “, 6 nəfər müəlllim isə “ Tərəqqi “ medalına layiq görülmüşdür. 2011- 2015- cü illərdə Şəkinin 8 məktəbi “  Ən yaxşı umumtəhsil məktəbi” , 5 nəfər isə “  Ən yaxşı müəllim “ adını almışdır. Mən  təhsilimizin inkişafına xüsusi diqqət göstərən   cənab Prezidentimizə bütün şəkililər adından  minnətdarlıgımı bildirirəm.   
Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri də gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2015-ci ildə respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə  tur –aksiya keçirilmişdir .
          Tur-aksiya  zamanı Şəkiyə 10 şəhər və rayondan 500 nəfərə yaxın iştirakçı gəlmişdir.  Tur-aksiya çərçivəsində məktəblilər şəhərimizin tarixini dərindən öyrənmiş, son illər Şəkidə görülən işlərlə yaxından tanış olmuşdur. Respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisəyə çevrilən “Ölkəmizi tanıyaq” tur-aksiyası ölkə vətəndaşları tərəfindən də böyük razılıq hissi ilə qarşılanmışdır.
    Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən  tibb müəssisələri  tərəfindən 2015-ci ildə  əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür. Qeyd etmək istəyirəm ki , cənab Prezidentimizin tapşırıq və tövsiyəsinə uyğun olaraq respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Şəkidə də dispanserizasiya uğurla aparılmışdır . Bu məqsədlə Şəki Mərkəzi Rayon Xəstəxanasının konsultativ poliklinika şöbəsində əhalinin kütləvi dispanserizasiyasına ciddi hazırlıq işləri görülmüş, müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanmış, qrafik müəyyənləşdirilmişdir.  
   Aksiyanın mütəşəkkil keçirilməsini təmin etmək üçün şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi qərargah yaradılmış, cədvəl tərtib edilmişdir. Əhali arasında tibbi müayinənin məqsədi və əhəmiyyəti barədə müntəzəm olaraq maarifləndirmə, izahat işləri aparılmışdır. Bunun nəticəsidir ki, rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu aksiyada olduqca fəal iştirak etmişdir. Fevralın 1-dən başlanan və mayın 2-dək davam edən aksiya çərçivəsində  müayinədən keçən 110680 nəfər  sakinin 11914 nəfər ambulator , 474 nəfər stasionar müalicəyə cəlb edilmiş,  98 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir.
            2015-ci  ildə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Müddət ərzində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunmuşdur. May ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Tour d`Azerbaidjan-2015” veloturunun üçüncü mərhələsi keçirilmiş, xatirə günlərinə Gül bayramı ilə yekun vurulmuşdu.
2015- ci il aprelin 21 –də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı layihəsi çərçivəsində Şəkiyə həsr olunmuş tədbir keçirilmişdir.  Tədbir iştiakçıları  bölgənin mətbəxi, yerli xalq sənətkarlarının təkəlduz, şəbəkə, misgərlik, ipəkçilik, xalçaçılıq nümunələri, musiqi alətləri və digər əl işləri,  rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin məhsulları, turizm imkanları və s. əks etdirən sərgi və stendlərlə tanış olmuş, “Zirvə” xalq instrumental ansamblının müşayiəti ilə təqdim edilən konsert proqramına böyük maraqla tamaşa etmişlər.
       Ədəbi, ictimai və fəlsəfi fikir tariximizin müdrik simalarından olan qüdrətli söz ustası Bəxtiyar Vahabzadənin 90 illik yubileyi  doğulduğu Şəki şəhərində böyük təntənə ilə qeyd olunmuşdur. Peşəkar kulinar, şair-publisist Cabir Xəlifəzadənin (Hacı Cabir) anadan olmasının 80 illiyi , Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri, şair-publisist Vaqif Aslanın 65 illik yubileyi  təntənə ilə qeyd olunmuş, Şəkinin iri yaşayış məntəqələrindən biri olan Turan qəsəbəsinin yaranmasının 85 illiyi keçirilmişdir. Zəngin ənənələri olan Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı 2014-cü il ərzindəki uğurlu fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilən “Zirvə” mükafatına layiq görülmüş,  türk dramaturqu Haldun Tanerin “Və dəyirman dönərdi” tamaşasının premyerası olmuşdur. TÜRKSOY-un baş katibi Düsen Kaseinov, şəhər icra hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, həmçinin Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orxan İşık, Ankara Dövlət Teatrının sənətçisi Erdal Küçükkömürçü və digər qonaqlar tamaşanın premyerasında iştirak etmişlər. 2015-ci ildə Türkmənistanın Mari şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısında Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilmişdir.
        Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər  görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir.      Hər il Şəkidə keçirilən beynəlxalq festivalların  məqsədi də   xalqımızın qeyri – maddi irsinin qorunub saxlanması və təbliğ olunmasına, eyni zamanda, Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyyədə tanıdılmasına nail olmaqdır.
      İyulun 1-dən 5-dək Şəkidə “ İpək Yolu “ VI Beynəlxalq Musiqi Festivalı keçirilmişdir.   Beş gün davam edən bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, ölkəmizdə akkreditə oldunmuş diplomatik korpusun nümayəndələri, musiqisevərlər Yaponiya, Türkiyə , Polşa eləcə də Azərbaycanın  musiqi, rəqs və folklor kollektivlərinin  və  ilk dəfə olaraq  Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivlərinin ifasında  bir-birindən maraqlı  konsert proqramlarını izləmişlər.
  Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 20-də Şəki şəhərində II Beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilmişdi. Festivalda    Azərbaycanın 25 bölgəsinin, eləcə də Türkiyə, Yunanıstan, Rumıniya, Moldova, Rusiya, Qazaxıstan, Özbəkistan, Serbiya, Koreya Respublikası və digər ölkələrin kulinarları hazırladıqları şirniyyat məhsullarını  nümayiş etdirilmiş, sərgi təşkil olunmuşdu. 22-26 avqust tarixlərində isə Mədəniyyət və Turizm Nazirliyinin, Şəki şəhər İcra Hakimiyyətinin və "ALMUS Production" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda və Qafqazda ilk dəfə olaraq “Nağara 2015” Beynəlxalq zərb alətləri festivalı keçirilmişdir.  Festivalda Azərbaycanla yanaşı Türkiyə, İran və Özbəkistandan da məhşur ritm ifaçıları qatılmışdır.  Festivalda Azərbaycanı “Natiq-ritm” qrupu, Türkiyəni tanınmış “İstanbul Harem” qrupu, İranı “Lian” qrupu, Özbəkistanı isə məhşur Abbos Kosimovun ritm kollektivi təmsil etmişdir. Festival axşam saatlarında şəhərin mərkəzi meydanında nağaraçalanların yürüşü ilə başlamış, “ Yay Teatrı “ nda tədbirin təntənəli açılış mərasimi olmuşdur. İlk dəfə keçirilən zərb alətləri festivalının məqsədi qədim musiqi sənətimizi, eyni zamanda tariximizi qoruyub saxlamaq və təbliğ etmək  olmuşdur.
        Avqustun 29- 31-də isə Şəki şəhərində  IV Beynəlxalq Qafqaz motofestivalı keçirilmişdir.  “Baku HOG Azerbaijan”, “CAUCASUS MOTO FESTİ Harley Devidson”, Şəki Şəhər İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan və xarici ölkələrdən 200 nəfərə yaxın bayker iştirak etmişdi. Festivalın açılış günü təşkil olunan sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar  nümayiş olunmuş , möhtəşəm motoparad keçirilmişdi.  Motoparadda dünyanın bir çox ölkələrindən – ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran, Böyük Britaniya və s. ölkələrdən gələn baykerlər öz ölkəsinin bayraqları ilə marşrut boyu şəhərin küçələrində sakinlərin önündən keçmişdilər.    Motofestivalın proqramına uyğun olaraq   möhtəşəm sou-konsert proqramları təşkil olunmuşdur.
Şəkidə 41 qeyri-hökumət təşkilatı və təşəbbüs qrupu vardır ki, onların fəaliyyəti əsasən maarifçilik, sosial sahədə layihələrin həyata keçirilməsi, müxtəlif zümrələrdən olan vətəndaşların hüquqlarının müdafiəsi və problemlərinin həllinə yardım göstərilməsi ilə bağlıdır. Bu müzakirələr zamanı ictimaiyyəti ciddi düşündürən və daha çox aktuallıq kəsb edən problemlər önə çıxarılmışdır.
  Müddət ərzində şəhərimizdə bir sıra nazirlik, idarə və komitələrin xətti ilə sosial-iqtisadi, ictimai-siyasi və mədəni sahələrin inkişafına xidmət edən regional müşavirələr, seminarlar , o cümlədən  Yeni Azərbaycan Partiyası Şəki təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilmişdir.   2015 –ci ildə Şəki ilə qardaşlaşmış şəhərlər sırasına  Fransanın Kolmar şəhəri də əlavə olunmuşdur. Mayın 19- da Şəki şəhərində , noyabrın 19 –da isə Kolmarda tərəflər arasında “ Dostluq və Əməkdaşlıq Xartiyası “ imzalanmışdır. Bolqarıstanın Qabrovo şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü Şəki ilə qardaşlaşmış Qabrovo şəhərinin icra hakimiyyətinin dəstəyi ilə şəhərimizin mədəniyyətinin təbliğinə həsr olunmuş sərgi təşkil edilmişdi. Şəkinin 34 şəhər, kənd və qəsəbə icra nümayəndəliyində Şəki şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq 2014-cü ilin yekunlarına dair hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda icra nümayəndələrinin illik hesabatları dinlənilmiş, görülən işlər və mövcud problemlər müzakirə edilmişdir. əhali tərəfindən qaldırılan məsələlər Şəki Şəhər İcra Hakimiyyətinin tədbirlər planına daxil edilmiş, məsul şəxslər müəyyənləşdirilərək icrası nəzarətə götürülmüşdür. İcra nümayəndələri tərəfindən hesabat yığıncaqlarında qaldırılan bir sıra dövlət əhəmiyyətli məsələlərin həlli məqsədilə aidiyyəti idarə və təşkilatlara müraciətlər olunmuşdur.
2015-cü ildə   Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 241 cinayət hadisəsi qeydə alınmış,onlardan 212-nin açılması təmin olunaraq açılma faizi 96,4 faiz olmuşdur. Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 30 fakt aşkar edilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2015-ci ildə gənclərin həqiqi hərbi xidmətə çağırışı Şəkidə müvəffəqiyyətlə həyata keçirilmişdir. İl  ərzində 797 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.
“Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, qəsəbə və kəndlərdə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq ümumi qəbulu təşkil olunmuş, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasına, haqlı tələblərinin həll edilməsinə diqqət artırılmışdır. Belə ki ,2015-ci ildə Şəki şəhər icra hakimiyyəti başçısının sərancamı ilə  maddi yardım üçün müraciət edən vətəndaşların sosial vəziyyətinin ,yaşadıqları evlərinə təbii fəlakət nəticəsində və ya digər səbəblərdən dəymiş  zərərlərin ,ayrı-ayrı təkliflərin araşdırılması ilə bağlı komissiya yaradılmışdır . Məlumat üçün bildirim ki, son beş ildə komissiya tərəfindən 784  nəfər vətəndaşa müxtəlif məqsədlər üçün 273 min 592 manat məbləğində maddi yardım göstərilmişdir.
2015-ci ildə 420 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Müddət ərzində şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmiş qrafikə əsasən 44 səyyar qəbul keçirilmiş, qəbullarda 3000 nəfərdən artıq rayon sakini iştirak etmişdir. Keçirilmiş qəbullarda 272 nəfər vətəndaş dinlənilmiş, 274 müraciət səslənmişdir.  Səyyar qəbullar zamanı edilmiş müraciətlər əsasən yolların təmiri, kəndlərə təbii qazın verilməsi, köhnəlmiş elektrik dirəklərinin və xətlərin dəyişdirilməsi, sosial obyektlərin təmiri və yenilərinin açılması, su probleminin həlli, torpaq və digər məsələlərlə bağlı olmuşdur. Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə 3643 müraciət daxil olmuşdur. Müraciətlərin 2632-i vətəndaşlar tərəfindən, 1011-ı isə respublikanın yuxarı orqanlarından daxil olan müraciətlərdir. Daxil olan müraciətlərin 983 –ü müsbət həll olunmuş,  980-ı ilə bağlı müvafiq izahat verilmiş,  601-ədədi isə aidiyyəti orqanlara göndərilmiş , 980-ı ilə bağlı ətraflı izahat verilərək aidiyyəti üzrə müraciət olunması tövsiyə edilmiş, 75-i əsassız sayılmışdır.
Hörmətli yığıncaq iştirakçıları!
Nazirlər Kabinetinin 2015-ci ilin  yekunlarına həsr olunan geniş yığıncağında hörmətli Prezidentimiz demişdir: “   2016- cı ildə biz fəal işləməliyik . Dediyim bütün vəzifələr icra edilməlidir. Vəzifələrin icrası üçün mexanizmlər qısa bir zamanda işlənib mənə təqdim edilməlidir. Müvafiq qərarlar qəbul ediləcək ki, 2016-cı ili də biz uğurla başa vuraq”.

Keçidlər