Fəaliyyətə dair illik hesabatlar
2014-cü ilin hesabatı
2014-cü ildə Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair
H E S A B A T
Tarixə dönən, xalqımızın yaddaşında uğurlarla qalan 2014-cü ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm dəyişikliklər baş vermişdir. 2015-cü il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ölkəmizin 2014-cü ildə sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda ölkəmizin sənaye potensialının gücləndirilməsi, sosial proqram və layihələrin icrası geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Keçən il ərzində ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, ilin sonunda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq iqtisadiyyatımızın 3 faiz, qeyri-neft sektorunun isə 7 faiz artdığını deyən cənab Prezidentimiz 2014-cü ildə infilyasiyanın 1,4 faiz olduğunu, əhalinin pul gəlirlərinin 4,8 faiz artdığını qeyd etmişdir. 2014-cü ildə ölkədə 30-dan çox sənaye müəssisinin yaradıldığını, xeyli yeni iş yerlərinin açıldığını deyən cənab Prezident bir neçə nəhəng layihənin də icra olunduğunu, Azərbaycanın yer səthini müşahidə edən ikinci peykinin orbitə buraxıldığını bildirmişdir. Düşünülmüş iqtisadiyyatın verdiyi imkanlardan yararlanaraq sosial sahənin inkişafına diqqətin artırıldığını deyən dövlət başçısı 2014-cü ildə 60-dan çox tibb mərkəzinin, 50-dən artıq məktəbin tikilib istifadəyə verildiyini, ölkə əhalisinin 116 min nəfər artdığını, “ASAN Xidmət”in uğurla fəaliyyət göstərdiyini, yarandığı gündən bu quruma 3 milyon 500 min müraciətin daxil olduğunu vurğulamışdır.
Ötən il Azərbaycanın beynəlxalq əlaqələrinin də uğurlu olduğunu deyən dövlət başçısı ölkəmizin regional məsələlərin həllində də mühüm amil olduğunu diqqətə çatdırmışdır. Azərbaycanın beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyini bildirən cənab Prezidentimiz ölkəmizin müsbət imicini korlamaq, beynəlxalq miqyasda Azərbaycana qarayaxma cəhdlərinin əbəs olduğunu diqqətə çatdırmış və heç kimin ölkəmizlə ultimatum dilində danışa bilməyəcəyini xüsusi vurğulamışdır.
Cənab Prezidentimiz 2015- ci ildə hər bir dövlət qurumunda idarəetmə prinsiplərinin təkmilləşdirilməsinin , israfçılıq hallarının qarşısının alınmasının vacibliyini vurğulamış, ölkə üçün zəruri olan, iqtisadi və sosial əhəmiyyətli layihələrin icrasının davam etdiriləcəyini bildirmiş , hər bir rayonda sənaye mərkəzlərinin yaradılması ilə bağlı tapşırıqların icrasını tələb etmişdir. Bütün sosial proqram və layihələrin həyata keçirilməsində heç bir problemin olmadığını vurğulayan cənab Prezidentimiz demişdir: “. Keçən il dünyada və bölgədə müxtəlif proseslər gedirdi. Gərginlik, demək olar ki, böyük dərəcədə artmışdır. Ancaq Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi təmin edilmişdir, iqtisadi və sosial proqramlar icra olunmuşdur. Azərbaycan xalqı 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşamışdır. Bu, bir daha onu göstərir ki, bizim tutduğumuz yol düzgün yoldur “.
Yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir. Cənab Prezidentimiz bir il ərzində görülən işlərə yekun vuraraq demişdir : “ Dünyada siyasi böhran davam edir, maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlamışdır. Azərbaycanda isə keçən il ərzində bütün işlər müsbət istiqamətdə getmişdir. Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilmişdir. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır “ .
2015-ci ildə rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salaq.
2014-cü ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 274 milyon 227 min manatlıq məhsul buraxılmışdır . Adambaşına faktiki qiymətlərlə 1515 manatlıq məhsul istehsal olunmuşdur. 2014-cü ildə pərakəndə əmtəə dövriyyəsi 266 milyon 176 min manat olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 8 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 64 milyon 5 min manat olmuşdur ki, bu da 2013 – cü illə müqayisədə 5 faiz çoxdur. Rayonda 2014-cü ildə 2090 yeni iş yeri açılmışdır ki, bunun da 4,4 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 7,7 faizi mövcud müəssisə və təşkilatların, 87, 9 faizi isə fiziki şəxslərin payına düşür. Umumiyyətlə 01 oktyabr 2003- cü il tarixdən 01 yanvar 2015-ci il tarixədək rayonda 14287 yeni iş yeri açılmışdır ki, bunun da 96,6 faizi daimi iş yerləridir. Daimi iş yerlərindən 18,6 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 23,4 faizi mövcud müəssisə və təşkilatların, 58 faizi fiziki şəxslərin payına düşür. Rayon üzrə orta aylıq əmək haqqı 253 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 6 faiz çoxdur. Hazırda rayonda 18 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 12-si kiçik müəssisədir. 2014-cü il ərzində rayonun sənaye sahəsində 21262 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da 2013- cü illə müqayisədə 885 min manat çoxdur.
2014-cü ildə rayonumuzda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 38 milyon 965 min manat olmuşdur. İstifadə edilmiş investisiyanın 84,6 faizi dövlət mülkiyyətinin , 15,4 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 28 milyon 780 min manatı və ya 87,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir .
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkəmizin başçısı Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Cənab Prezidentimiz demişdir : “ Bu il də sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi təmin ediləcəkdir. Bu təşəbbüsün cox gözəl nəticələri vardır. Biz bunu əyani şəkildə görürük. Bölgələrdə açılan yeni müəssisələr və iş yerləri bunu göstərir” .
Bildiyiniz kimi, 2014-cü il “ Sənaye ili “ elan edilmişdir və ötən ildə ölkəmizdə sənayeləşmə ilə bağlı düşünülmüş siyasət aparılmışdır. Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezidentimiz hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini xüsusi olaraq vurğulamış və bu göstərişin icra edilməsini tələb etmişdir . Rayonda inkişaf etdirilməsi nəzərdə tutulan sahələrdən biri ipəkçılık sənayesidir. Bu məqsədlə hazırlanılmış tədbirlər planının başlıca məqsədlərindən biri ötən əsrin 70-ci illərində respublikada müvəffəqiyyətlə inkişaf edən və 14 min nəfərdən çox adamın istehsal etdiyi 1,5-2 min ton yaş barama göstəricilərinə çatmaq , müasir avadanlıq və texnologiyaların köməyi ilə daha çox istehsala nail olmaqdır.
10 il ərzində həyata keçirilməsi nəzərdə tutulan ipəkçiliyin inkişafına dəstək proqramı çərçivəsində bu sahənin inkişafına 50 milyon manatdan çox sərmayə qoyuluşu planlaşdırılır. Nəticədə rayonumuzda 2 min daimi, 8 min mövsümü iş yeri yaradılacaq. Hesab edirəm ki,layihənin həyata keçirilməsi nəticəsində nəinki, Şəkidə ,ümumilikdə, respublikamızda ipəkçilik sənayesinin inkişafında yeni mərhələ başlayacaq. 2014-cü ildə Şəkidə hind toyuğu əti və hind toyuğu məhsullarının istehsalı istiqamətində də önəmli bir layihənin həyata keçirilməsinə başlanmışdır.Layihənin həyata keçirilməsi nəticəsində Şəki rayonunda 500-ə qədər daimi iş yerləri açılacaq və rayonun infrastrukturu və tikinti sahəsinə milyonlarla sərmayə qoyuluşu cəlb olunacaqdır.
2014 cü ildə Şəkidə ən müasir texnologiyalar əsasında yeni yaradılan “Sünbül” çörək zavodunda ilkin məhsul istehsalına başlanmışdır. Tikintisinə 2013-cü ilin martında başlanan bu müəssisədə Çex Respublikası, Almaniya və İtaliyadan gətirilmiş ən müasir çörəkbişirmə avadanlığı quraşdırılmışdır. Gündəlik layihə gücü 30 ton olan zavodda hələlik gün ərzində istehsal gücü 14 ton olan birinci xətt istismara verilmişdir. İlkin mərhələdə zavodda iki çeşiddə - sosial, yəni zavod çörəyi və lavaş istehsal olunur. 2015-ci ilin əvvəlində quraşdırılacaq ikinci xəttin gündəlik istehsal gücü isə 16 ton olacaqdır. Yeni xətt istismara verildikdən sonra zavodda çovdar çörəyi və digər çeşiddə çörək məmulatlarının istehsalına da başlanılacaqdır.
2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə 47 sahibkara 791 min manat güzəştli kredit verilmişdir.
Hörmətli yığıncaq iştirakçıları! . “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən cənab Prezidentimiz demişdir: “ 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu, 565 dollardır. Orta aylıq pensiya 24 dollar idi, hazırda 221 dollardır. Azərbaycanda sosial infrastruktur layihələri son on bir ildə uğurla icra edilmişdir. 2900 məktəb binası, 560 tibb ocağı tikilmiş və ya təmir edilmişdir. Təkcə regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi yaradılmışdır. Bax, bu, sosial sahəyə, sosial infrastruktura qoyulan vəsaitin və ayrılan diqqətin təzahürüdür. Bu illər ərzində sosial cəhətdən ən ağır vəziyyətdə olan soydaşlarımıza - məcburi köçkünlərə də biz daim qayğı ilə yanaşmışıq. Son on bir il ərzində 84 qəsəbə yaradılmışdır. Hazırda, 210 min köçkün yeni, gözəl evlərə, mənzillərə köçürülmüşdür. Bu məqsədlər üçün 2 milyard manat, yəni, 2,6 milyard dollar vəsait ayrılmışdır “ .
2014-cü ildə rayonumuzda 2022 ailəyə Ünvanlı Dövlət Sosial Yardımı təyin olunmuşdur. Hal-hazırda 2022 ailəyə 271 min 348 manat məbləğində Ünvanlı Dövlət Sosial Yardımı təyin edilərək ödənilir. Ünvanlı Dövlət Sosial Yardımı təyin olunan ailələr arasında 499 ailə ilk dəfədir ki, bu yardımı alır. Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən Ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği 29 manat 65 qəpik , hər ailəyə düşən orta aylıq məbləği isə 134 manat 20 qəpik təşkil etmişdir. 2014-cü il ərzində Ünvanlı Dövlət Sosial Yardımı almış ailələrin orta sayı 2322 ailə və bir ailəyə düşən yardımın məbləği 137 manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artım deməkdir.
Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi 2014-cü ildə 26093 nəfər əmək pensiyaçısına xidmət göstərmişdir. Həmin pensiyaçılardan 16487 nəfəri yaşa, 7961 nəfəri əlilliyə, 1645 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Əgər 2003-cü ildə pensiyaların orta aylıq məbləği 27 manat 19 qəpik idisə, 2015-cü il yanvarın 1-i tarixinə bu rəqəm 158 manat olmuşdur. Bu ötən dövr ərzində pensiyaların orta aylıq məbləğində 5,8 dəfə artım deməkdir.
Şəki Rayon Məşğulluq Mərkəzinə 2013-cü ildə 427 nəfər işaxtaran müraciət etmişdir. Müddət ərzində 213 nəfər işə düzəlmişdir. İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən 13 kvota yerinə 11 nəfər işə götürülmüşdür. 27 may 2014-cü il tarixdə keçirilən “Əmək Yarmarkası” na 22 müəssisə və təşkilatdan 248 boş iş yeri çıxarılmışdır. Yarmarkada 50 nəfərə göndəriş verilmiş, onlardan 48 nəfəri işlə təmin olunmuşdur.
Ötən illərdə olduğu kimi, 2014-cü ildə də məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda cənab Prezidentimiz dövlət tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğıdan danışaraq bildirmişdir ki , yerlərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə mineral gübrələr və kənd təsərrüfatı texnikaları verilir. Konfransda cənab Prezidentimiz subsidiyaların verilməsində şəffaflığın qorunub saxlanması , iri fermer təsərrüfatlarının yaradılması ,əkin sahələrinin genişləndirilməsi , kənd təsərrüfatı məhsullarının ixracının artırılması məsələlərinə toxunaraq demişdir : “ Fermerlər bildiyiniz kimi, torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Kənd təsərrüfatının inkişafında ən qabaqcıl təcrübə tətbiq edilməlidir. Taxılçılıqda iri fermer təsərrüfatları yaradılıbdır və biz bunun gözəl nəticələrini görürük. İstifadəsiz qalan torpaqlar da kifayət qədər çoxdur. Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb. İcarəyə götürüb və elə də qoyub gedib. Yəni, hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər “. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2014-cü ilin məhsulu üçün 69152 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir. Yetişən məhsulu tez və itkisiz yığmaq üçün bütün zəruri tədbirlər həyata keçirilmiş, taxıl biçininin tez və itkisiz başa çatdırılması üçün konkret tapşırıqlar verilmişdir. Lakin əvvəlki illərdən fərqli olaraq bu il taxılçılqda geriləmə müşahidə olunmuş, məhsuldarlıq demək olar ki, 2 dəfə aşağı düşmüşdür. Havaların quraq keçməsi , yağmursuz və əlverişsiz iqlim şəraiti nəticəsində 15 min hektaradək taxıl sahəsi tamamilə məhv olmuşdur. Son statistik məlumatlara əsasən 2014-cü ildə 73 min 974 ton taxıl istehsal olunmuş ,hər hektardan orta məhsuldarlıq 12 sentner təşkil etmişdir. Uzun sürən quraqlıq nəticəsində taxılçılıqla məşğul olan fermerlərin əksəriyyyətinə ciddi ziyan dəymiş , növbəti ilin taxıl səpini üçün bir sıra problemlər yaranmışdır. Rayonun taxıl istehsalçılarının problemləri nəzərə alınaraq icra hakimiyyyəti tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilmişdir. Həmin müraciətlər əsasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayonun taxıl istehsalçılarına 3500 ton yüksək reproduksiyalı toxum verilmiş , fermerlərə mineral gübrələr və kənd təsərrüfatı texnikası ilə təmin olunmalarına köməklik göstərilmişdir.Nəticədə rayonda 2014-cü ilin payızında taxıl əkini sürətlənmiş , 2015-ci ilin məhsulu üçün 61231 hektar sahədə payızlıq taxıl əkilmişdir. Verilmiş toxumların dəyəri cənab Prezidentimiz tərəfindən bağışlanmışdır. Göstərilən köməyə görə fermerlərimiz ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər. Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezidentimiz demişdir : “ Ərzaq təhlükəsizliyi ilə bağlı islahatlar aparılır, aqroparklar salınır, subsidiyaların verilməsi prosesi təkmilləşdirilir. Məhsuldarlığın artırılması prosesi də çox önəmlidir. Əminəm ki, biz yaxın gələcəkdə özümüzü bütün əsas ərzaq məhsullarımızla təmin edəcəyik “ .
Əkin sahələrinin və yaşayış məntəqələrinin sel sularından qorunması məqsədilə çay hövzələrində 790 min kub metr həcmində tənzimləmə işləri aparılmış , mövcud daş –beton bəndlərdə 510 kub metr həcmində təmir-bərpa işləri görülmüş , 800 kub metr daş bənd , 150 kub metr qabion bəndi qurulmuşdur.2014-cü ildə Şəkidə ağac əkini kompaniyası davam etdirilmiş ,56 min ədəd ting əkilmişdir.
2014-cü ildə Şəkidə yenidənqurma , tikinti – quraşdırma işləri davam etdirilmiş ,ilin əvvəlində şəhərdə aparılacaq abadlıq , quruculuq işlərinin planı təsdiqlənmişdir. Təsdiq edilmiş titul siyahısına əsasən 2014-cü ildə şəhərin 15 küçəsində abadlıq , 17 küçəsində isə əsaslı təmir işləri aparılmış, Lütfəli Abdullayev küçəsi ilə M.Ə. Rəsulzadə prospektinin kəsişməsində kiçik bağ salınmış, görkəmli gülüş ustası Lütfəli Abdullayevin büstü qoyulmuşdur. 2014-cü ildə Şin və Baş Şabalıd kənd tam orta məktəbləri üçün dövlət vəsaiti hesabına inşa edilmiş 280 və 120 şagird yerlik yeni məktəb binaları və Şəki şəhər təhsil şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir. Hazırda rayonun Göybulaq, Baş Göynük , Qaratorpaq və Qoxmuq kəndlərində yeni məktəb binalarının tikintisi davam etdirilir. Bu məktəblərin də cari tədris ilinin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə Şəki rayonunun Baş Göynük kəndi ərazisində respublikanın şimal-qərb bölgəsində ilk dəfə alternativ enerji ilə işləyəcək çoxfunksiyalı idman zalı tikilir.
Ümumi sahəsi 1645 kvadratmetr olan, üç mərtəbədən ibarət binada inzibati və məşq otaqları, habelə çoxfunksiyalı idman zalı yerləşəcək. İdman zalında mini futbol, voleybol, basketbol, həndbol, güləş, atletika və digər yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin inkişafına böyük qayğı göstərilir , yeni uşaq bağçaları tikilir , uşaqların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva “ Məktəbəqədər təhsil müəssisələrinin inkişafı “ Proqramının təqdimatı zamanı demişdir : “ Ölkəmizdə təmirə ehtiyacı olan bütün bağçalarda təmir işləri aparılmalıdır. Artan təlabatı ödəmək üçün yeni bağçalar tikilməlidir. Bəzi hallarda təmirin əvəzinə yeni bağçanın tikintisi daha səmərəlidir “ . 2014-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Şəkidə əhalinin daha sıx məskunlaşdığı ərazilərdə hər biri 100 yerlik 3 uşaq bağçasının tikintisinə başlanmışdır. Son iki ildə Şəkidə 9 uşaq bağçası tikilmiş və yaxud əsaslı təmir olunmuşdur.
Həmçinin cari ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə “Gənclər evi“ nin tikintisi işlərinə başlanmış, “Asan“ xidmət mərkəzinin Şəki Ərazi İdarəsi, şəhər polis şöbəsi üçün inzibati binaların tikintisi məqsədilə aidiyyatı dövlət qurumları tərəfindən iş aparılır.
2014-cü ildə qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün 24 mənzilli yaşayış evi istifadəyə verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəki şəhərində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 5 fərdi yaşayış evinin tikintisinə başlanmış, yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 30 yerlik Reabilitasiya Mərkəzinin və 25 yerlik sığınacağın tikintisinin aparılması planlaşdırılmışdır.Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sifarişi ilə Kiş kəndi ərazisində “Marxal” istirahət kompleksinin tikintisi davam etdirilir. Bu il Heydər Əliyev Mərkəzinin, Bayraq Meydanının və Şəki Şəhər İcra Hakimiyyətinin yeni binasının tikintisinin başa çatdırılması və istifadəyə verilməsi gözlənilir. Həmçinin, “Monolit D Plaza” otelinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi ilə inşa olunan “Məhkəmə Kompleksi”nin 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
2014-cü ildə kommunal xidmət sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülmüş, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanmışdır.
Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. Son illər Şəki təhsilinin əldə etdiyi uğurlar danılmazdır. 2014-cü ildə Şəkinin umumtəhsil məktəblərini bitirmiş 1682 məzundan 1130 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş, onlardan 682 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 135 nəfəri 500-dən, 40 nəfəri isə 600 baldan yuxarı toplamışdır. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014- cü il tarixli Sərəncamına əsasən Şəki şəhər 7, 8 və 18 saylı məktəblər “ Ən yaxşı ümumtəhsil məktəbi ” müsabiqəsinin qalibi elan edilmişdir.
2013-2014-cü dərs ilində Şəki rayonunun 98 ümumtəhsil məktəbində 22911 şagird təhsil almışdır. Tədris ilində 72 şagird respublika və beynəlxalq olimpiadalarda, müsabiqələrdə iştirak etmiş, onlardan 37 nəfəri qalib adını qazanmışdır. “İNEPO-Avrasiya” ətraf mühitin mühafizəsi VIII Beynəlxalq layihə olimpiadasında Şəki məktəbliləri bir gümüş medala və 3 sertifikata layiq görülmüşdür.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin daha dərindən məqsədi ilə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün açıq tarix dərsləri keçirilmiş, bu dərslərdə bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü nəhəng işlər ətraflı təhlil edilmiş, ölkə həyatının bütün sahələrində qazanılan nailiyyətlər konkret faktlarla şagirdlərin diqqətinə çatdırılmışdır.
Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən 2014-cü ildə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür. Cənab Prezidentimizin tapşırıq və tövsiyəsinə uyğun olaraq 2014-ci il fevralın 17-dən mayın 1-dək respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Şəkidə də dispanserizasiya uğurla aparılmışdır. Bu məqsədlə Şəki Mərkəzi Rayon xəstəxanasının konsultativ poliklinika şöbəsində əhalinin kütləvi dispanserizasiyasına ciddi hazırlıq işləri görülmüşdür. Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanmış, qrafik müəyyənləşdirilmişdir. Əhalinin müayinə olunması üçün poliklinika şöbəsində bütün lazımi şərait yaradılmışdır.
Aksiyanın mütəşəkkil keçirilməsini təmin etmək üçün şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi qərargah yaradılmış, cədvəl tərtib edilmişdir. Əhali arasında tibbi müayinənin məqsədi və əhəmiyyəti barədə müntəzəm olaraq maarifləndirmə, izahat işləri aparılmışdır. Bunun nəticəsidir ki, rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu aksiyada olduqca fəal iştirak etmiş və rayon əhalisi dövlət başçısının bu xeyirxah təşəbbüsünü ürəkdən alqışlamışdır. Fevralın 17-dən başlanan və mayın 1-dək davam edən aksiya çərçivəsində indiyədək 90 min nəfərə yaxın tibbi müayinədən keçən sakinin 6307 nəfəir ambulator , 102 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 42 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir. Azərbaycanda səfərdə olan Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın prezidenti Qustava Araoz Şəkinin qonağı olmuşdur.
İCOMOS-un prezidenti Qustava Araoz Azərbaycanda, o cümlədən onun dilbər güşəsi olan Şəkidə olmağından məmnunluğunu bildirmiş, ölkəmizdə tarixi abidələrin qorunmasına və bərpasına göstərilən dövlət qayğısını yüksək qiymətləndirmişdir.
Dünya Bankı tərəfindən həyata keçirilməsi planlaşdırılan “Azərbaycanın Regional İnkişaf Tədqiqatı” layihəsi çərçivəsində turizmin inkişafı üzrə regional inkişaf tədqiqatının ilkin nəticələrinin və tövsiyələrinin müzakirəsi məqsədilə Şəki şəhərinə səfər etmiş Dünya Bankının Davamlı İnkişaf üzrə Sektor və Tapşırıq Qrupunun rəhbəri Əhməd Eyveid və Turizm üzrə məsləhətçi Skot Ueyni Şəkidə olmuşdur. Dünya Bankının maliyyə dəstəyi ilə dünya mədəniyyətinin nadir incisi hesab edilən Şəki Xan Sarayı bərpa olunmuş, Qala divarları içərisində yerləşən Şəki sənətkarlar evi təmir edilmişdir.Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçiriləcək yeni beşillik layihə isə Şamaxı-Zaqatala dəhlizi üzrə turizm imkanlarının araşdırılması və inkişafını əhatə edir..
Hər il oduğu kimi 2014-cü ilin dekabr ayında Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində “Prezident Kuboku” uğrunda “Çövkən” milli oyunları keçirilmişdir.
Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın turizm potensialının daha geniş təbliğ edilməsi məqsədilə bir sıra infoturlar təşkil olunmuş, Şəkinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımlar atılmışdır.
Xalqımızın umummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Şəkidə silsilə tədbirlər keçirilmişdir. Gənclər və İdman Nazirliyi ilə Şəki Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olan və tarixi bərpa formatında təşkil edilən “ Tarixin canlı səhifələri “ adlı gənclər festivalının əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını özlərinin də oynadıqları kiçik səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini gənclərə əyani şəkildə çatdırmaqdan ibarət olmuşdur.
Şəki Şəhər İcra Hakimiyyəti və "Kanal S" Regional Televiziya Şirkətinin təşkilatçılığı ilə yubiley münasibətilə keçirilən bayram konsertində şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, qonaqlar və şəhər sakinləri iştirak etmişdir. Bayram konsertinə “Natiq” Ritm Qrupunun musiqili yürüşü ilə start verilmişdir. Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərə mayın 10-da Gül bayramı ilə yekun vurulmuşdur.
Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri də gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2014-cü il avqustun 1-dən sentyabrın 6-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə tur –aksiya keçirilmişdir . Ekskursiya turları 3 istiqamətdə – Gəncə-Göygöl-Şəmkir, İsmayıllı-Qəbələ-Şəki və Quba-Qusar-Xaçmaz marşrutları üzrə həyata keçirilmişdir.
Bir aydan artıq davam edən tur-aksiyanın birinci mərhələsi zamanı Şəkiyə 19 şəhər və rayondan 900 nəfərə yaxın iştirakçı gəlmişdir. Tur-aksiya çərçivəsində məktəblilər şəhərimizin tarixini dərindən öyrənmiş, son illər Şəkidə görülən işlərlə yaxından tanış olmuşdur. Respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisəyə çevrilən “Ölkəmizi tanıyaq” tur-aksiyası ölkə vətəndaşları tərəfindən də böyük razılıq hissi ilə qarşılanmışdır.
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Azərbaycanın informasiya təhlükəsizliyi bölgə mediası müstəvisində” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə şuranın idarə heyətinin üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin, elektron media resurslarının rəhbərləri, Şəki və ətraf rayonlarda fəaliyyət göstərən qəzetlərin təmsilçiləri iştirak etmişdilər. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə oktyabrın 27-28-də Şəki şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans keçirilmişdir.
Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi daşıyan konfransda şimal-qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, həmçinin fəal dindarlar və ilahiyyatçılar iştirak etmişlər.
Şəki Olimpiya İdman Kompleksində gənclərin könüllülük üzrə birinci regional forumu keçirilmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin, “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin, Yeni Azərbaycan Partiyası Şəki təşkilatının, şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən forum “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın müvafiq bəndinin icrasına uyğun olaraq, gənclər arasında könüllülük hərəkatının təbliğ olunması, gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi məqsədi daşıyır.
2014-cü ildə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Şəhərimizin mədəniyyət və istirahət parklarında şəhər əhalisinin səmərəli istirahətinin təşkili üçün bir sıra tədbirlərin görülməsi işi davam etdirilmişdir. Müddət ərzində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunmuşdur. Qeyd etmək istəyirəm ki, artıq Şəki Azərbaycanda Festivallar şəhəri kimi tanınır. Bir il ərzində Şəkidə 4 Beynəlxalq festival keçirilmiş , bu festivallara 20 –yə yaxın xarici ölkədən 200 nəfərdən çox iştirakçı qatılmışdı.
Hər ilin yayında şəhərimizdə keçirilən və artıq ənənə şəkilni alan “ İpək Yolu “ Beynəlxalq Musiqi Festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalıb. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları , gözəl ifaçıların qatıldığı festival bizə həmişə xoş bayram ovqatı bəxş edib. “İpək yolu” Beynəlxalq Musiqi Festivalının məhz Şəkidə keçirilməsi bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Bu il beşinci dəfə keçirilən festivalda da dünyanın tanınmış musiqi kolllektivləri iştirak etdi , şəhərimizin sakinləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi oldu. Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına daim böyük diqqət göstərilir. Cənab Prezidentimiz İlham Əliyevin , YUNESKO- nun xoşməramlı səfiri Mehriban xanımın bu sahədə gördüyü işlərin əhəmiyyəti böyükdür. 2013-cü ilin avqustunda Şəkiyə səfəri çərçivəsində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə cənab Prezidentimiz demişdir : “ Bizim, ümumiyyətlə, çox zəngin mədəniyyətimiz vardır. Şəkinin də Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyə bilərəm yəqin ki, bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Biz gərək Şəkidə gələcəkdə beynəlxalq tədbirlərin sayını da artıraq “ .
İyulun 1-də başlanan və beş gün davam edən bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, ölkəmizdə akkreditə oldunmuş diplomatik korpusun nümayəndələri, musiqisevərlər Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivlərinin bir-birindən maraqlı konsert proqramlarını izləmişlər. “Eurovision” mahnı müsabiqəsi qalibləri və iştirakçılarının qala-konserti festivalın yeniliyi olmuşdur. Festival çərçivəsində Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatına (TÜRKSOY) üzv ölkələrin rəssamlarının sərgisi açlmış, TÜRKSOY-un türkdilli ölkələrin milli geyimlərindən ibarət hazırladığı moda sərgisi nümayiş etdirilmişdir. İyulun -1-də “ Aşağı Karvansaray” kompleksində festivalın rəsmi açılış mərasimi keçirilmiş , Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə Niyazinin “ Rast “ baleti nümayiş olunmuşdur . Festivalda Azərbaycanla yanaşı 14 ölkənin tanınmış musiqi kollektivləri çıxış etmişdir. Festival günlərində təşkil olunmuş konsert proqramlarını 5 min nəfərdən çox tamaşaçı izləmişdir. Beş gün davam edən musiqi bayramı nəinki şəhərimizin , bütövlükdə ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Festivalda iştrirak edən TÜRKSOY –un Baş Katibi Düsen Kaseinov yurnalistlərə müsahibəsində bildirmişdir ki, Şəki beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün ideal məkandır . Festivalda Azərbaycan Bəstəkarlar İttifaqının , ölkəmizdə akkreditə olunmuş bir sıra dövlətlərin – o cümlədən, Almaniya, Yaponiya , Hindistan , Belarus , Litva, Rusiya, Niderland ,İsrail , Polşa, Norveç , Rumıniya və Türkiyənin fövqəladə və səlahiyyətli səfirləri və səfirliklərin əməkdaşları, TÜRKSOY -un Baş Katibi Düsen Kaseinov, Avropa Şurasının Bakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş Katibi Yandos Asanov , Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri, respublikanın və xarici ölkələrin tanınmış musiqi ansambllarının və rəqs qruplarının kollektivləri, ziyalılar, musiqişünaslar, aparıcı kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri – ümumilikdə 1000 nəfərdən çox qonaq iştirak etmişdir.
Şübhəsiz ki, Şəki “ İpək yolu” V Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin , şəhərimizin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Fürsətdən istifadə edib xalqımızın mədəni irsinin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan cənab Prezidentimiz İlham Əliyevə , Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanıma minnətdarlığımı bildirir , tədbirin yüksək səviyyədə keçirilməsində yaxından iştirak edən hər bir kəsə təşəkkür edirəm.
Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində sentyabrın 10-dan 19-dək I Şəki Beynəlxalq Teatr festivalı keçirilmişdi. On gün davam edən festivalda tanınmış mədəniyyət və incəsənət xadimləri, teatrsevərlər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Festivalın açılışında çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev demişdir : “ Bu gün Azərbaycan teatrının 142-ci mövsümü başlayır. Çox əlamətdardır ki, bu mövsümün açılışını Şəki Dövlət Dram Teatrında keçiririk. Bilirsiniz ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu teatr yenidən qurulub, yeni bir sima alıbdır. Biz bütün bunlara görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk “. İki ildən bir keçirilməsi nəzərdə tutulan Beynəlxalq Teatr Festivalı Şəkinin mədəni həyatında mühüm bir hadisəyə , əsl teatr bayramına çevrildi. Festival zamanı göstərilən tamaşaları 6000 nəfərdən çox tamaşaçı izləmişdir.
Festival çərçivəsində görkəmli gülüş ustası, Xalq Artisti, Dövlət Mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubiley tədbiri keçirilmiş, adını daşıyan küçənin başlanğıcında görkəmli gülüş ustasının büstünün açılışı olmuşdur. Tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişdilər. Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsinin yubiley tədbirinin onun doğulduğu Şəkidə keçirilməsi şəhərin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Şəkililər həmyerlilərinə - görkəmli gülüş ustasına olan bu sevgi və məhəbbətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Şəkidə "Şəhər günü"nə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Bayram şənliklərində respublikamızın tanınmış elm və incəsənət xadimləri, Şəki ilə qardaşlaşmış Gürcüstan Respublikasının Telavi şəhərindən gəlmiş nümayəndə heyəti, habelə ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, musiqi və rəqs kollektivləri iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 20-də Şəki şəhərində ilk dəfə Beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilmişdi. Festivalda Türkiyə, Rusiya, Monqolustan, Gürcüstan, Qırğızıstan, Koreya Respublikası, həmçinin Azərbaycanın 23 şəhər və rayonlarından gəlmiş qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları nümayiş etdirilmiş, sərgi təşkil olunmuşdu.
Beynəlxalq ənənəvi şirniyyat festivalının keçirilməsinin də əsas məqsədi xalqımızın qeyri – maddi irsinin qorunub saxlanması və təbliğ olunmasına, eyni zamanda, Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyyədə tanıdılmasına nail olmaqdır.
Avqustun 29- 31-də isə Şəki şəhərində ilk Qafqaz motofestivalı keçirilmişdir. “Baku HOG Azerbaijan”, “CAUCASUS MOTO FESTİ Harley Devidson”, Şəki Şəhər İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan və xarici ölkələrdən 200 nəfərə yaxın bayker iştirak etmişdi. Festivalın açılış günü təşkil olunan sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunmuş , möhtəşəm motoparad keçirilmişdi. Motoparadda dünyanın bir çox ölkələrindən – ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran, Böyük Britaniya və s. ölkələrdən gələn baykerlər öz ölkəsinin bayraqları ilə marşrut boyu şəhərin küçələrində sakinlərin önündən keçmişdilər. Motofestivalın proqramına uyğun olaraq “Aşağı Karvansaray” kompleksində möhtəşəm sou-konsert proqramları təşkil olunmuşdur.
Şəkinin 33şəhər, kənd və qəsəbə icra nümayəndəliyində Şəki şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq 2013-cü ilin yekunlarına dair hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda icra nümayəndələrinin illik hesabatları dinlənilmiş, görülən işlər və mövcud problemlər müzakirə edilmişdir.
Hesabat yığıncaqlarında əhali tərəfindən qaldırılan qəsəbə və kəndlərin təbii qazla təmin olunması, içməli suya ehtiyacın olması, qəsəbə və kəndarası yolların, körpülərin təmiri, məktəb tikintisi, təmiri, səhiyyə və mədəniyyət müəssisələrində təmir işlərinin aparılması, bənd tikintisi, bəzi yerlərdə elektrik dirəklərinin, naqillərin və transformator yarımstansiyalarının dəyişdirilməsi və s. barədə əhali tərəfindən qaldırılan məsələlər Şəki Şəhər İcra Hakimiyyətinin tədbirlər planına daxil edilmiş, məsul şəxslər müəyyənləşdirilərək icrası nəzarətə götürülmüşdür. İcra nümayəndələri tərəfindən hesabat yığıncaqlarında qaldırılan bir sıra dövlət əhəmiyyətli məsələlərin həlli məqsədilə aidiyyəti idarə və təşkilatlara müraciətlər olunmuşdur.
2014-cü ildə Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 162 cinayət hadisəsi qeydə alınmış,onlardan 127-nin açılması təmin olunaraq açılma faizi 86,4 faiz olmuşdur. Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 13 fakt aşkar edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2014-cü ildə gənclərin həqiqi hərbi xidmətə çağırışı Şəkidə müvəffəqiyyətlə həyata keçirilmişdir. İl ərzində 888 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.
“Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, qəsəbə və kəndlərdə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq ümumi qəbulu təşkil olunmuş, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasına, haqlı tələblərinin həll edilməsinə diqqət artırılmışdır. Belə ki ,2014-cü ildə Şəki şəhər icra hakimiyyəti başçısının sərancamı ilə maddi yardım üçün müraciət edən vətəndaşların sosial vəziyyətinin ,yaşadıqları evlərinə təbii fəlakət nəticəsində və ya digər səbəblərdən dəymiş zərərlərin ,ayrı-ayrı təkliflərin araşdırılması ilə bağlı komissiya yaradılmışdır . Müddət ərzində komissiya tərəfindən 241 nəfər vətəndaşa müxtəlif məqsədlər üçün 77 min 600 manat məbləğində maddi yardım göstərilmişdir.2014-cü ildə 610 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Müddət ərzində şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmiş qrafikə əsasən 44 səyyar qəbul keçirilmiş, qəbullarda 6000 nəfərdən artıq rayon sakini iştirak etmişdir. Keçirilmiş qəbullarda 310 nəfər vətəndaş dinlənilmiş, 345 müraciət səslənmişdir. Səyyar qəbullar zamanı edilmiş müraciətlər əsasən yolların təmiri, kəndlərə təbii qazın verilməsi, köhnəlmiş elektrik dirəklərinin və xətlərin dəyişdirilməsi, sosial obyektlərin təmiri və yenilərinin açılması, su probleminin həlli, torpaq və digər məsələlərlə bağlı olmuşdur. Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə 3019 müraciət daxil olmuşdur. Müraciətlərin 2111-i vətəndaşlar tərəfindən, 908-ı isə respublikanın yuxarı orqanlarından daxil olan müraciətlərdir. Daxil olan müraciətlərin 77 -sı müsbət həll olunmuş, 137-si ilə bağlı müvafiq izahat verilmiş, 86-ədədi isə aidiyyəti orqanlara göndərilmiş , 45-i ilə bağlı ətraflı izahat verilərək aidiyyəti üzrə müraciət olunması tövsiyə edilmişdir. Təhlillər göstərir ki, 2014-cü ildə 2013-cü ilə nisbətən müraciətlərin sayı 901 ədəd, o cümlədən , ərizələrin sayı 901 ədəd , şikayətlərin sayı 16 ədəd azalmışdır.
Hörmətli yığıncaq iştirakçıları!
Şübhəsiz ki, qazanılan bütün uğurlar hörmətli Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına həsr olunan geniş yığıncağında hörmətli Prezidentimiz demişdir: “ Yenə də demək istəyirəm ki, 2014-cü ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzü göstərəcək. Nə neftin qiymətinin düşməsi , nə böhranlar , nə yaxınlıqda baş verən qanlı toqquşmalar bizim sürətli inkişafımıza təsir edə bilməz. Mən tam əminəm ki, biz 2015 – ci ili də uğurla başa vuracağıq və ölkəmizin inkişafını təmin edəcəyik ”.