Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü ilin hesabatı

2023-cü ildə  Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair

H E S A B A T

Azərbaycan tarixinə daha bir uğurlu il kimi daxil olan 2023-cü il mühüm tarixi hadisələrlə zəngin olmuşdur. Bu hadisələr arasında dövlət suverenliyimizin tam bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində Qarabağ Zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirildi, qarşıya qoyulan əsas hədəflərə nail olundu. Azərbaycanın hərbi gücü daha da artırıldı, Türkiyə-Azərbaycan hərbi təlimləri keçirildi. Zəngəzur dəhlizinin açılması üçün effektiv addımlar atıldı.

Qarabağ Zəfərinin davamı olaraq, 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd və Xocalıda erməni separatizminin kökünün kəsilməsi, həmin ərazilərdə Azərbaycan Bayrağının ucaldılması tariximizin qürur və şərəf salnaməsinə daha bir möhtəşəm uğur səhifəsi kimi yazıldı.

Antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz  kiçik gizir Əhmədov Rizvan Niyazi oğlu Cumakənd kəndində, əsgər İdrisov Bəxtiyar İxtiyar oğlu isə doğulub boya-başa çatdığı Şəkinin Aşağı Layısqı kəndində torpağa tapşırılmışdır.

Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı hər zaman dövlətimizin əsas prioriteti olub. Birbaşa Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Şəhərimizdə şəhid ailələri, müharibə veteranları və əlillər dövlət qayğısı ilə əhatə olunmuş, onların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanmışdır.

Şəki rayonu üzrə Vətən müharibəsində 55, sülh dövründə isə 5 nəfər şəhid olmuşdur, 1 nəfər isə itkin düşmüşdür. 01.01.2024-cü il tarixə Şəki rayonu üzrə qeydiyyatda olan qazilərin sayı 208 olmuşdur ki, onlardan da 83 nəfər Vətən müharibəsi qazisidir.

Müddət ərzində  Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Vətən Müharibəsi qaziləri və veteranları ilə görüşlər keçirilmiş, onları narahat edən problemlər nəzarətə götürülmüş və həlli istiqamətində bir sıra işlər görülmüşdür. Keçirilən görüşlərdə,  şəhər icra hakimiyyətinin məsul işçiləri ilə yanaşı hüquq-mühafizə orqanlarının rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak etmişdilər.

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olmuşdur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalamışdır.  “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq il ölkəmizin hər yerində olduğu kimi Şəkidə də silsilə tədbirlər keçirilmişdir. “Heydər Əliyev İli” çərçivəsində ötən müddət ərzində şəhərimizdə müxtəlif mövzularda toplantılar, konfranslar, dəyirmi masalar təşkil olunmuş, ağacəkmə aksiyaları keçirilmiş, foto və rəsm sərgiləri, müsabiqələr təşkil olunmuşdur.

“Heydər Əliyev İli” ərzində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu”, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”, "Heydər Əliyev və Azərbaycan dili", “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzularında dəyirmi masalar təşkil olunub. 2 fevral – Gənclər Günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!”, “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır”, 8 noyabr – Zəfər Günü ilə əlaqədar “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir”, “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzularında toplantılar keçirilib. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  rəsmi yığıncaq, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans, “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”, “Tarix yazan əbədiyaşar lider”, 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzularında tədbirlər təşkil olunub, “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda çağırış yaşlı gənclərlə görüş keçirilib.

Müddət ərzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş  “Heydər Əliyev: Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq, Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi və Milli Qurama festivalları keçirilib, “Fotoqraflar düşərgəsi”, “El-oba” milli adət-ənənələr düşərgəsi, Könüllülərin yay düşərgəsi, “Qoşulmama Hərəkatı ilə tanışlıq üzrə Yay Düşərgəsi"; “Gənclər Təşkilatlarının Strateji Planlaşdırma düşərgəsi” təşkil olunub. “Heydər Əliyev İli” çərçivəsində 3 konsert təşkil olunub, "Sən elə bir zirvəsən!" adlı musiqili-tarixi esse, 5 tamaşa nümayiş olunub.

“Heydər Əliyev İli” çərçivəsində keçirilən və artıq ənənə şəklini alan “İpək Yolu“  Beynəlxalq Musiqi Festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalıb.  Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları, gözəl ifaçıların qatıldığı festival bizə həmişə  xoş bayram ovqatı bəxş edib. “İpək yolu”  Beynəlxalq Musiqi Festivalının məhz Şəkidə keçirilməsi bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Bu il 12-ci dəfə keçirilən festivalda da  tanınmış musiqi kolllektivləri iştirak etmiş, musiqisevərlər, şəhərimizin sakinləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi olmuşdur. Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanın tanınmış musiqi  kollektivləri, istedadlı musiqiçilər iştirak etmişdir. İyulun 3-də başlanan və dörd gün davam edən Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı uğurla başa çatmışdır. İyulun 7-də isə Şəkidə “Şəhər günü” bayram tədbiri keçirilib. Şəki Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşan bayram tədbirinin proqramı maraqlı və rəngarəng olub. “Şəhər günü”nün Şəkidə “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının keçirildiyi günlərə təsadüf etməsi sakinlərin bayram sevincinə əlavə rəng qatıb.

2023-cü ildə Şəkidə sosial-iqtisadi sahədə bir sıra uğurlar əldə olunmuşdur. Əvvəlki illərlə müqayisə etsək: 2003-cü ilə nisbətdə məhsul buraxılışı 2023-cü ildə 10,2 dəfə, sənaye 24,9 dəfə, kənd təsərrüfatı 7,0 dəfə, əsas kapitala yönəldilmiş vəsait 14,4 dəfə, ondan tikinti-quraşdırma işləri 23,8 dəfə artmışdır.

01 yanvar 2024-cü il tarixinə muzdlu işçilərin orta sayı 20505 nəfər olmuş və onların 831 nəfəri kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1229 nəfəri sənaye, 674 nəfəri tikinti, 3302 nəfəri ticarət, nəqliyyat vasitələrinin təmiri, 132 nəfəri nəqliyyat və anbar təsərrüfatı, 78 nəfəri turistlərin yerləşdirilməsi və ictimai iaşə, 285 nəfəri informasiya və rabitə, 172 nəfəri maliyyə və sığorta fəaliyyəti, 126 nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 284 nəfəri peşə, elm və texniki fəaliyyət, 62 nəfəri inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1005 nəfəri dövlət idarəetməsi və müdafiə, sosial təminat, 7938 nəfəri təhsil, 2482 nəfəri əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1860 nəfəri istirahət, əyləncə incəsənət sahəsində fəaliyyət, 45 nəfəri isə digər xidmətlərin göstərilməsi sahələrində işləyənlər olmuşdur.

2023-cü ildə 240 yeni iş yerləri açılmışdır ki, bunun da 136 iş yeri və ya 56,7 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 104 iş yeri və ya 43,3 faizi mövcud müəssisə və təşkilatların  payına düşür.

Şəki rayonu üzrə 2023-cü il ərzində 6644 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmışdır. Onlardan 2778 nəfəri qadınlar, 595 nəfəri əlillər, 110 nəfəri keçmiş məcburi köçkünlərdir.

İl ərzində Şəki rayonu üzrə 1286 nəfər işə düzəldilmişdir ki, onlardan 585 nəfəri qadınlardır.

Dövr ərzində Şəki rayonu üzrə 47 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilmişdir.

Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsinin sosial müdafiəsini təmin etmək məqsədilə 2023-cü il üçün rayonun təhsil, tikinti, mədəniyyət, sənaye və başqa sahələrində minimum iş yerlərinin yaradılması üçün  hesabat dövrü ərzində  kvota üzrə 16 nəfər işlə təmin olunmuşdur.

Müddət ərzində Şəki rayonu üzrə müxtəlif peşə istiqamətləri üzrə 84 nəfər peşə hazırlığı kurslarına cəlb edilmişdir.

2023-cü il ərzində Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşlardan 55 nəfər “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə göndərilmişdir.

Həmçinin il ərzində 375 nəfər özünüməşğulluq proqramına cəlb edilmişdir ki, onlardan 45 nəfəri əlilliyi olan şəxslər, 3 nəfər şəhid ailəsinin üzvü, 15 nəfər pensiya yaşına iki ildən az qalmış şəxs və 1 nəfər isə cəzaçəkmə yerlərindən azad edilmiş şəxsdir.

Şəki rayonunun iqtisadi inkişafının 2 prioritet istiqaməti vardır: qeyri-neft sektorunda xüsusi çəkiyə malik olan kənd təsərrüfatı və turizm sahəsi. Şəkidə taxılçılıq, baramaçılıq və tütünçülük geniş inkişaf etmişdir. Bağçılığın, heyvandarlığın, eyni zamanda arıçılığın inkişafı üzrə mühüm işlər aparılır. Taxılçılıq rayonda ən geniş inkişaf edən sahələrdən biridir. 2023-cü ilin payızında 2023-cü ilin məhsulu üçün 64572.8 hektar sahədə payızlıq taxıl əkilmişdir (2022-ci ildə 65881  hektar sahədə taxıl əkilmişdir).

Kənd sakinləri həmçinin tərəvəz, bostan və yem bitkiləri əkinçiliyi ilə uğurla məşğul olur və bol məhsul istehsal edirlər.

2023-cü ildə rayonda 1467.1 hektar sahədə tütün əkilmiş və bu sahələrdə 4147.3 ton quru tütün istehsal olunaraq qəbul məntəqələrinə verilmişdir. Əkin sahəsinə və istehsal göstəricilərinə görə Şəki tütünçülükdə respublika rayonları arasında liderdir. Daha çox əl əməyi tələb edən tütünçülükdə müasir texnologiyaların tətbiqinə nail olunmuş, 281 ədəd ən müasir tələblərə cavab verən tütün qurutma kameraları quraşdırılıb istifadəyə verilmişdir.

Üzümçülük sahəsinin inkişafı mədsədilə rayonda həyata keçirilən tədbirlər nəticəsində bu sahənin yenidən bərpasına nail olunmuşdur. Hazırda rayonda üzüm bağları 307 hektara, istehsalı isə 3987 min tona çatmışdır.

2023-cü ildə “AZ ABRAU” MMC 2 milyon şüşə şərab və şərab məhsulları istehsal etmiş, ərazidə “AZ ABRAU” muzeyi 09.06.2023-cü il tarixindən etibarən fəaliyyət göstərir.

Rayonun aqrar sahəsində aparıcı yerlərdən birini də heyvandarlıq təşkil edir. 01.01.2024-cü il tarixə olan statistik məlumata əsasən rayonun təsərrüfatlarında 56497 baş iribuynuzlu, 156609 baş xırda buynuzlu heyvan yetişdirilir. Həmçinin 2023-cü ildə rayonda arı ailələrinin sayı 13561 arı ailəsinə çatdırılmış və il ərzində 108,5 ton bal istehsal edilmişdir. Rayonda ötən il ərzində 10270  ton ət, 53731 ton süd, 28229 min ədəd yumurta, 318,2 yun istehsal olunmuşdur. Əhalinin məşğulluğunda və gəlirlərinin artmasında önəmli rol oynayan heyvandarlığın dinamik inkişafı təmin edilir.

Ümumilikdə rayonda fiziki və hüquqi şəxslərin istifadəsində 8024,6 hektar bağlar və giləmeyvəliklər mövcud olmuşdur, onlardan 4104,5 hektarı bar verən yaşdadır.

2023-cü ildə rayonda mövcud olan bağlar və giləmeyvəliklərdən 29101,7 ton məhsul toplanmışdır.

Şəki tarixən Azərbaycanın ən qədim mədəniyyət məskənlərindən biri olub və həm də regionun turizm mərkəzi kimi tanınmaqdadır. Şəki rayonunda aqro turizm, ekoturizm, kənd turizmi və müxtəlif turizm sahələri inkişaf etmişdir. Bu da öz növbəsində Şəkiyə yerli və xarici turist axınını artırır.

Suvarma mövsümünün mütəşəkkil keçirilməsi məqsədi ilə 2023-cü ildə 412 km uzunluğunda kanallarda lildən təmizləmə işlərinin aparılması həyata keçirilmişdir. Sel sularının maneəsiz axıdılması məqsədi ilə 2023-cü ildə sel təhlükəli dağ çaylarında 343 min m3 həcmində məcra təmizləmə və tənzimləmə işləri həyata keçirilmişdir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında Şəki rayonunun Şəki kənd, Cəyirli və Aran kəndlərinin 3000 ha əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılması üçün tikilmiş Cəyirli su anbarında təmir-bərpa işləri başa çatmışdır.

Çaylarda gur sululuq dövründə həcmi 1,23 mln m3 olan Cəyirli su anbarı doldurulduqdan sonra həmin ərazidə 3000 ha əkin sahələrinin su təminatının yaxşılaşdırılmasının təmin olunması nəzərdə tutulur.

Suvarma sistemləri üzrə sudan istifadənin faydalı iş əmsalının artırılması məqsədi ilə sistemlərdə əsaslı və cari təmir işləri həyata keçirilir. O cümlədən, Şəki rayonunun 7 kəndinin 6000 ha yaxın əkin sahəsini suvarma suyu ilə təmin edən ümumi uzunluğu 28 km olan “Dəhnə beton” kanalın 13 km-də əsaslı təmir işləri aparılmışdır. Bundan 2023-cü ildə kanalın 2,3 km-də əsaslı təmir işləri aparılmışdır.

Müddət ərzində təmirə ehtiyacı olan artezian quyularında əsaslı təmir işləri aparılmış, Azərbaycan Respublikasının Prezidenti cəlab İlham Əliyevin müvafiq sərəncamı ilə 10 subartezian quyusunun qazılmasına mərhələli şəkildə başlanılmışdır.

Kəskin iqlim dəyişmələri ilə bağlı müəyyən çətinliklər mövcuddur. Bununla əlaqədar mövcud sudan səmərəli və qənaətlə istifadə olunaraq növbəlilik prinsipləri əsasında əkin sahələrinin su ilə təmin olunması həyata keçirilir.

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün” Tədbirlər Planına uyğun olaraq Əlicançay Su Anbarının tikintisi nəzərdə tutulmuşdur.

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın 14 dekabr 2022-ci il tarixli 28-ci iclasının 40 saylı Protokolunun qərar hissəsinin 1-ci və 2-ci bəndlərində Əlicançay Su Anbarının tikintisi ilə bağlı ictimaiyyətin, o cümlədən aidiyyəti torpaq mülkiyyətçiləri və istifadəçilərinin məlumatlandırılması məqsədilə Dövlət Su Komissiyasında təmsil olunan digər dövlət qurumları və aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə Tədbirlər Planının layihəsi hazırlanaraq təsdiq olunması, müvafiq işlərin görülməsi və nəticəsi barədə mütəmadi olaraq Komissiyaya məlumat təqdim edilməsi tapşırılmışdır.

Əlicançay su anbarının tikintisi ilə əlaqədar Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdriyyətinin verdiyi məlumata görə layihə-smeta sənədləri hazırlanaraq ekspertiza rəyi üçün Fövqəladə Hallar Nazirliyinə təqdim olunmuş və 2023-cü ildə tikintinin başlanacağı gözlənilir.

Su anbarının tikintisi başa çatdıqdan sonra Şəki rayonunun 13 inzibati ərazi vahidi əhatə olunmaqla (Turan qəsəbəsi, Qayabaşı, Sarıca, Cəyirli, Qozlubulaq, Çayqaraqoyunlu, Şəki kənd, Aran, Suçma, Böyük Dəhnə, Kiçik Dəhnə, Aşağı Daşağıl, Aydınbulaq kəndləri) 12000 hektar torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq və əlavə olaraq 5000 hektara yaxın torpaq sahəsində meliorativ tədbirlər keçiriləcək, kollektor drenaj şəbəkəsi quraşdırılacaqdır.

2023-cü ildə mərkəzdə 80 ha ərazidə Aşağı Göynük, Baş Göynük, Cəyirli, Çapaqan, Oravan kəndləri ilə həmsərhəd olan meşə ərazilərində meşə əkinləri salınmış, 0.5 ha sahədə tinglikdə qoz, ağcaqayın, göyrüş, sərvi, tut, qarağac və s. cinslərdən hazırlanmış toxumlar səpilmişdir. Mövcud meşə əkinlərinə aqrotexniki xidmət aparılmışdır. 2023-cü il ərzində 2300 kbm. oduncaq hazırlanmış, hərbi hissələrə, təhsil ocaqlarına, uşaq bağçalarına, vətəndaşlara pulu ödənilmə şərtilə satılmışdır. Şəhid ailələrinə, qazilərə, veteranlara və kimsəsizlərə mərkəzin daxili imkanları hesabına 224 kbm. odun materialı verilmişdir.

2023-cü ildə Şəkidə yenidənqurma, tikinti–quraşdırma işləri davam etdirilmiş, ilin əvvəlində şəhərimizdə aparılacaq abadlıq, quruculuq işlərinin planı təsdiqlənmiş və plana uyğun olaraq tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən şəhərin Heydər Əliyev, M.Ə.Rəsulzadə, İstiqlaliyyat, Azərbaycan, M.F.Axundzadə prospektlərində, N.Nərimanov və digər 6 böyük küçəsində əsaslı təmir işlərinə başlanılmış, yerli büdcədə yolların əsaslı təmiri üçün nəzərdə tutulmuş vəsait hesabına aparılacaq təmir işləri ilə bağlı Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən küçələr müəyyənləşdirilmiş və sənədlərin tərtibatı işlərinə başlanılmışdır.

“12 saylı Yol İstismarı” MMC tərəfindən 2023-cü il ərzində xidmət etdiyi respublika və yerli əhəmiyyətli avtomobil yollarında saxlanma və cari təmir üzrə işlər yerinə yetirilmişdir.

Ölkəmizdə idmanın kütləviliyini artırmaqla bağlı Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıq və tövsiyələrin icrası istiqamətində şəhər icra hakimiyyəti tərəfindən şəhər və kəndlərimizdə yeni idman qurğularının qurulması sahəsində tədbirlər müəyyənləşdirilmişdir. Vətəndaşlarımızın bu qurğulardan istifadə etməsi üçün əlçatanlığın təmin edilməsi məqsədilə şəhərin Şəkinski küçəsi 20 və 20A saylı, Bağbanlar küçəsi, 51, 53, 59, 67 saylı çoxmənzilli yaşayış binalarının həyətyanı sahəsində asfalt örtüyü çəkilməklə istirahət guşəsi salınmış, mini futbol meydançası yaradılmış, ətrafları metal torla hasara alınmış, ərazidə uşaqların və böyük yaşlı insanların istifadəsi üçün idman alətləri olan turniklər, paralel qollar quraşdırılmış, azyaşlıların istifadəsi üçün yelləncək qoyulmuş, istirahət üçün oturacaqlar quraşdırılmışdır. Həmçinin N.Nərimanov küçəsi, 2, 2a, 2b saylı çoxmənzilli yaşayış binaları yerləşən ərazidə, futbol meydançası yaradılmış, ətrafı metal torla hasara alınmış, idman alətləri, istirahət üçün oturacaqlar quraşdırılmışdır. O cümlədən, Heydər Əliyev Mərkəzinin yerləşdiyi “İnzibati Mərkəz” kompleksində və Baltalı kəndində bütün növ idman alətlərindən istifadə etməklə müasir idman qurğuları inşa edilərək vətəndaşların istifadəsinə verilmişdir.

Şəki Elektrik Şəbəkəsi tərəfindən 2023-cü il ərzində rayonun normal və fasiləsiz elektrik enerjisi ilə təminatı sahəsində bir sıra işlər görülmüşdür.  Müddət ərzində 315 ədəd  6-10/0,4 kv-luq transformator məntəqəsi və komplekt transformator məntəqəsində  cari  təmir işləri aparılmış, 8 ədəd komplekt transformator məntəqəsi rənglənmiş, 1 ədəd komplekt transformator məntəqəsinə 400 A-lik ayrıcı quraşdırılmışdır. Fərdi yaşayış evlərinin  artımını nəzərə alaraq əhalinin normal və dayanıqlı eletrik enerjisi ilə təmin etmək məqsədi ilə yeni güc mərkəzi kimi 2 ədəd 250 kVA, 2 ədəd 160 kVA, 1 ədəd 25 kVA gücündə transformatorlar quraşdırılmışdır. Texniki şərt əsasında abonentlərin elektrik enerjisi ilə təchizatının təmin olunması məqsədilə 184 ədəd yeni 0.4 KV-luq dayaq quraşdırılmış, 7.754 km məsafədə SİP kabel xətti çəkilmişdir. 507 ədəd yeni elektrik sayğacları quraşdırılmışdır.

Zaqatala RQİİ-nin Şəki xidmət sahəsi tərəfindən 2023-cü il ərzində rayon əhalisi normal təbii qazla təchiz edilmişdir. Belə ki, şəhərin S.Rəhman küçəsində  istismara yararsız 177 saylı QTŞ tipli qaz tənzimləyici yeni ŞQTM tipli 200 m³/saatlıq, Kiş kəndində 2 ədəd istismara yararsız tənzimləyici yeni ŞQTM tipli 300 m³/saatlıq və 200 m³/saatlıq, L.Abdullayev küçəsi ilə B.Vahabzadə küçələrinin kəsişməsində  istismara yararsız  294 saylı QTŞ tipli qaz tənzimləyici yeni ŞQTM tipli 200 m³/saatlıq  qaz tənzimləyici ilə əvəz olunmuşdur. Şəki xidmət sahəsi tərəfindən 2118 sızma aşkarlanaraq ləğv olunmuş, 104 qəza xidmətinə daxil olmuş 191 sifariş icra olunmuşdur. “Təmiz qaz” tərəfindən aşkarlanan 8644 sızma ləğv olunmuş və xidmət sahəsi tərəfindən aşkar olunmuş sızmaların ləğv olunması üçün 368 ədəd kran yenisi ilə, 3115 mexaniki sayğac yeni mexaniki sayğacla, 153 mexaniki sayğac smart sayğacla əvəz olunmuş, 743 yeni sayğac quraşdırılmışdır. 30371p/m qaz xətti kipliyə sınaq olunmuşdur.  Şəki rayon Qumux kəndində 200 abonenti təbii qazla təmin etmək üçün  d 108 mm-lik 1300 p/m, d 76 mm-lik-2700 p/m, d 57 mm-lik 4300 p/m küçə qaz xəttləri çəkilmiş, şəhərin 124-125-ci kvartallarında  230 abonenti təbii qazla təmin etmək PE-110 mm-lik -354 p/m, 108 mm-lik -116 p/m, d 89 mm-lik-990 p/m, d 76 mm-lik-403 p/m, d 57 mm-lik-6582 p/m  küçə  qaz xətti  işlənmişdir. Şəki rayon Əlyar kəndində 127 abonenti təbii qazla təmin etmək üçün  d108 mm-lik-1172 p/m, 76mm-lik 2007p/m , 57mm-lik -4650 p/m polad borulardan küçə qaz xətti  işlənmişdir, qaz xətlərinin  çəkilişi davam edir. Abonentlərin təbii qazdan təhlükəsiz istifadəsi üçün 38100 abonentə təlimat keçirilmişdir.

“Aztelekom” MMC-nin Şimal-Qərb Regional Filialının Şəki Şöbəsi tərəfindən 2021-ci ilin oktyabr ayında başlanmış “Şəki rayonu ərazisində fiber-optik şəbəkələrin genişləndirilməsi” layihəsinin icrası 2023-cü ildə də ərzində davam etdirilib. İl ərzində rayonda internetdən istifadənin keyfiyyətinin artırılması məqsədilə layihələrinin icrası ilə bağlı işlər sürətləndirilmişdir. GPON texnologiyasının tətbiq olunması məqsədilə, şəhərin yeni yaşayış massivləri daxil olmaqla, şəhərin bütün ərazilərində,  eləcə də rayonun Qoxmuq, Baltalı, Kiş, Çələbixan, Oxud kəndinin yeni yaşayış massivi, Cəfərabad, Böyük Dəhnə, Suçma, Aran, Şəki kənd, Cəyirli, Dərəcənnət, Küdürlü, Çələbixan (ümumilikdə 24 şərti ərazidə) GPON şəbəkələri istifadəyə verilmişdir. Oxud, Kiçik Dəhnə, Baş Layısqı, Turan, Böyük Dəhnə, Daşüz və Orta Zəyzid kəndlərində, eləcə də Şəki şəhər mərkəzində GPON şəbəkələrinə aid mərkəzi Optik Xətt Terminalları (OLT) quraşdırılaraq dövrəyə verilmişdir. 2022-2023-cü illər ərzində aparılan GPON tikintisi hesabına rayon ərazisində 44700 tutuma malik fiber-optik şəbəkə tikilərək istifadəyə verilmiş, 31.12.2023-cü il tarixə 10500 istifadəçinin GPON şəbəkəsinə qoşulması  təmin  olunmuşdur.

Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin əsas magistral prospekt-küçələrinin əl və mexaniki üsulla süpürülməsi, su arxlarının təmizlənməsi, yolların su avtomaşınları ilə yuyulması, qış mövsümündə prospekt-küçələrin qar-buz örtüyündən təmizlənərək qum-duz-kəpək qarışığının səpilməsi, tullantıların yığılaraq zibil poliqonuna daşınması, zərərsizləşdirilməsi, yaşıllıq zolaqlarına qulluq edilməsi, şəhərin prospekt-küçələrinin işıqlandırılması və s. işlər görülmüşdür.

Şəki Mənzil İstismar Sahəsi tərəfindən 2023-cü il ərzində ictimai yaşayış binalarında yaşayan əhali ictimai yaşayış qaydaları, texniki təhlükəsizlik qaydaları barədə müntəzəm məlumatlandırılmışdır.

“Şəki Sukanal” TASC tərəfindən 2023-cü il ərzində 17465 abonentə su və kanalizasiya xidməti göstərilmişdir. Müddət ərzində 1192 abonentin su xətti təmin olunmuş, 1223 abonentin su təchizatı yaxşılaşdırılmışdır. Şəhərin mövcud su təchizatı və kanalizasiya sistemi üzrə daxili imkanlar hesabına xeyli işlər görülmüş, 712 pm uzunluğunda sıradan çıxmış su xətləri yenisi ilə əvəz olunmuşdur, 29 siyirtmə dəyişdirilib və təmir olunmuşdur. Şəhərin magistral kanalizasiya xəttinin 577 pm hissəsində təmir işləri aparılmış, təmizlənmişdir. Xəttin üzərində olan 14 baxış quyusunda təmir işləri aparılmış və çuqun luk qapağı qoyulmuşdur. Bundan başqa bir çox subartezian quyularında istismara yararsız olduğu aşkar olunan Kiçik Dəhnə, Şorsu, Qoxmuq, Cunud kəndlərində müxtəlif tipli nasos aqreqatları yenisi ilə əvəz olunmuşdur. İçməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində 2023-cü il ərzində 18837 m su şəbəkəsi, 16596 m kanalizasiya xətti çəkilmiş 1094 ədəd sayğac quraşdırılmışdır.

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq ölkədə su ehtiyatlarının artırılması, əhalinin içməli su təminatının yaxşılaşdırılması, əkinəyararlı torpaqlarda müasir təsərrüfatlar yaradılmasının təşviqi və əhalinin məşğulluğunun dəstəklənməsi məqsədilə Prezident cənab İlham Əliyev tərəfindən Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarının tikilməsi haqqında Sərəncam imzalanmışdır. Sərəncama əsasən Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarının tikintisi üçün işlərə başlanılmışdır. Əlicançay su anbarı vasitəsilə qeyd etdiyiniz əraziləri əhatə edən rayonun 12 kəndinin suvarma və içməli su ilə təminatının yaxşılaşdırılması nəzərdə tutulur.

Hesabat dövründə təhsil sistemində tədris, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili diqqət mərkəzində saxlanmışdır.  Müddət ərzində təhsilin keyfiyyətinin yüksəldilməsi, hərbi vətənpərvərlik tərbiyəsi, istedadlı uşaqlarla işin yaxşılaşdırılmasına diqqət artırılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və“ Azərbaycan Respublikasının Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” 2021-ci il tarixli 3059 nömrəli və “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 20 dekabr tarixli 3058 nömrəli sərəncamlarına əsasən respublikamızda 12 yeni Regional Təhsil İdarəsi yaradılmış, məktəbəqədər tərbiyə müəssisələri də həmin idarələrin tabeliyinə verilmişdir. Şəki Şəhər Təhsil Şöbəsi isə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin strukturuna daxil edilmiş və hazırda həmin idarənin Şəki rayonu üzrə təhsil sektoru kimi fəaliyyət göstərir.

Müddət ərzində Şəki rayonu üzrə təhsil sektoru və onun əhatə etdiyi təhsil müəssisələri tərəfindən təhsilalanlara keyfiyyətli təlim verilməsi, onlarla aparılan tərbiyə işlərinin səmərəli təşkili sahəsində bir sıra işlər görülmüşdür. Hesabat dövründə Şəki şəhəri 7 nömrəli tam orta məktəbin yeni  binasının inşası başa çatdırılmış və istifadəyə verilmişdir. Yenidən tikilmiş məktəb 960 şagird yerlikdir. Məktəbdə 40 sinif otağı ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.

Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən  tibb müəssisələri  tərəfindən 2023-cü ildə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür.

2023-cü ildə  bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunmuşdur.

Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəki şəhərində silsilə tədbirlər keçirilmişdir. YAP Şəki rayon təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunmuşdur. Novruz bayramı münasibətilə Şəki şəhərinin “Yuxarıbaş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində ümumşəhər bayram tədbiri keçirilmişdir. 25 aprel - Sahibkarlar gününə, 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirlər təşkil olunub, Aqrar İnnovasiya Festivalı keçirilib. 2022-2023-cü tədris ilin yekunlarına görə Şəki rayonu üzrə  600-dən  yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla və Respublika fənn  olimpiadalarının və digər müsabiqələrin respublika turunun qalibləri ilə görüş keçirilib. “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans, 27 sentyabr “Anım Günü” ilə əlaqədar Şəkidə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilib. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Xalqın etimadını doğruldan Prezident” adlı tədbir keçirilib. 1 noyabr – Kənd təsərrüfatı işçiləri günü ilə bağlı tədbir Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 90 illik yubileyi qeyd edilib. ADA Universiteti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Şəkidə Milan Politexnik Universiteti ilə birgə Dizayn və memarlıq fakültəsinin açılışını edib.

2023-cü il iyul ayının 3-də Şəki şəhərində Çin Xalq Respublikasının Lianşan vilayəti ilə Şəki şəhəri arasında dostluq və qardaşlıq haqqında protokol imzalanıb. 2023-cü ilin fevral ayının 23-24-də  Özbəkistanın paytaxtı Daşkənd şəhərində 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib və forum çərçivəsində tərəflər arasında bir sıra sənədlər, cümlədən Özbəkistanın Kokand şəhəri ilə Şəki şəhəri  arasında qardaşlaşma haqqında sənəd imzalanıb. Beləliklə, Şəki şəhəri ilə qardaşlaşmış şəhərlərin sayı 14-ə çatıb.

Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə ümumilikdə 2904 vətəndaş müraciəti daxil olmuş, onlardan 2593 ədədi ərizə, 311 ədədi şikayətdir. Müraciətlərin 2229 ədədi birbaşa vətəndaşlar tərəfindən daxil olmuş, 675 ədədi isə vətəndaşlar tərəfindən yuxarı dövlət orqanlarına və digər qurumlara ünvanlanan, baxılmaq üçün Şəki Şəhər İcra Hakimiyyətinə göndərilmiş müraciətlərdir. Yuxarı orqanlardan daxil olmuş müraciətlərin 66,2 faizi və ya 447 ədədi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından göndərilmişdir ki, onlardan 4 müraciətin nəzarətə götürülməsi nəzərə alınaraq ətraflı araşdırılmış, Prezident Administrasiyasına və vətəndaşlara cavablar verilmişdir. Ümumilikdə, il ərzində daxil olan müraciətlərin 751 ədədi müsbət cavablandırılmış, 1517 ədədinə müvafiq izahat verilmiş, 3 ədədinə izah olunmuşdur ki, onların müraciətlərində qaldırılan məsələnin icrası dövlət proqramı və digər layihələrdə nəzərdə tutulmuş, 562 ədədi baxılmaq üçün aidiyyəti və tabeli qurumlara göndərilmiş, 57 ədədi isə baxılmamış saxlanılmış, qalanları isə icradadır.

Şəki Şəhər İcra Hakimiyyətinə daxil olmuş vətəndaş müraciətlərinin təhlili göstərir ki, 2023-cü ildə 2022-ci ilə nisbətən ümumi müraciətlərin sayı 494 ədəd azalmışdır. Daxil olmuş müraciətlər əsasən mənzillə təmin olunma, maddi yardım göstərilməsi, fərdi yaşayış evlərinin tikintisi və təmiri, evlərin, mənzillərin, torpaqların rəsmiləşdirilməsi, yaşayış binalarının və mənzillərin təmiri, təbii fəlakətlər, sosial yardım və müavinətlər, işlə təmin olunma, tibbi xərclərin qarşılanması və s. ilə bağlı olmuşdur.

Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu məsələlərinə diqqət artırılaraq əhalinin məlumatlandırılması üçün rayonun mətbuat orqanlarında qəbul günlərinin qrafiki dərc olunmuş və qəbulun təşkili prosesi təkmilləşdirilmişdir. Müddət ərzində icra hakimiyyətinin başçısı tərəfindən 379 nəfər vətəndaş inzibati binada qəbul edilmiş, kənd və qəsəbələrdə keçirilən 48 səyyar qəbullar zamanı 364 nəfər dinlənilmiş, 400 məsələ qaldırılmış, həlli icra hakimiyyətinin səlahiyyətləri daxilində olan müraciətlərin 37%-i öz həllini tapmışdır. Geriyə qalan məsələlər isə aidiyyəti üzrə baxılması üçün müvafiq qurumlara göndərilmişdir.

Respublikada vətəndaş məmnuniyyətinə göstərilən diqqət və qayğının nəticəsində 2022-ci ildə istifadəyə verilən “Rəqəmsal İcra Hakimiyyəti İnformasiya Sistemi” vasitəsilə ümumilikdə 9846 müraciət daxil olmuşdur. Onlardan 4573 ədədi xidmətlər, 5112 ədədi müraciətlər, 12 online, 142 yerində olmaqla 150 ədədi vətəndaş qəbulu, 7 ədədi isə elektron iştirakçılıq bölməsinə aid olmuşdur. Bütün müraciətlər qanunamüvafiq şəkildə cavablandırılmışdır.

Prezident Administrasiyasının “Vətəndaşların Qəbulu Mərkəzi” tərəfindən təqribən 17 nəfərə yaxın vətəndaş online qaydada qəbula yazılmış, müraciətləri Mərkəz tərəfindən icraata verilmişdir.  Vətəndaş müraciətlərində mütərəqqi həll vasitələrinin tətbiq edilməsi, əsasən ictimai infrastruktur sahəsində problemlərin həllini məqsəd tutan “ASAN Müraciət” sistemi vətəndaşların istifadəsinə verilmişdir. Sistem vətəndaşların istifadəsinə verildiyi tarixdən indiyədək cəmi 31 müraciət daxil olmuş, 25-nin icrası təmin edilmiş, 5-i icra hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə baxılıb icra edilməsi məqsədilə geri qaytarılmış, 1-i isə hazırda icra edilməkdədir.

Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən verilən tapşırıq və tövsiyələrə uyğun olaraq müraciətlərə daha ətraflı yanaşılması təmin edilmiş, şikayətlərin yaranmasına səbəb olan nöqsanların təhlili, narahatçılıq doğuran amillərin müəyyənləşdirilməsi və onların aradan qaldırılmasına diqqət artırılmış, normativ hüquqi aktların tələblərinə ciddi əməl olunmasına nəzarət gücləndirilmişdir. Xüsusilə qeyd etmək istəyirik ki, daxil olan fərdi yaxud kollektiv şikayətlərin əksəriyyətinin həllinin birbaşa icra hakimiyyətinin səlahiyyətləri daxilində olmadığı müşahidə edilmişdir.

Keçidlər