Fəaliyyətə dair illik hesabatlar
2017-ci ilin hesabatı
2017-ci ildə Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair
H E S A B A T
Fevralın 8-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının 6-cı qurultayı keçirilmişdir. Qurultayda aprel ayının 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində cənab Prezidentimiz İlham Əliyevin namizədliyi irəli sürülmüşdür. Mən cənab Prezidentimizi bu münasibətlə təbrik edir, və seçkilərdə ona uğurlar arzulayıram.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci ildə Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi Şəki qəzetində bütünlüklə çap olunmuşdur. Çıxışımda mən Sizi hesabat məruzəsinin bəzi məqamları ilə yaxından tanış etmək istəyirəm.
2017-ci ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm dəyişikliklər baş vermişdir. 2018-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ölkəmizin 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası, yanvarın 29-da isə Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir. Həm iclasda, həm də, konfransda ölkəmizin sənaye potensialının gücləndirilməsi, sosial proqram və layihələrin icrası geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Sosial - iqtisadi göstəricilər
2017-ci ildə rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salaq. 2017-ci ildə istehsalın əsas sahələrində 406 milyon manatlıq məhsul buraxılmışdır. Bu 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 125 faiz təşkil edir. Buraxılmış məhsulun 9 faizi dövlət, 91 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 2188 manatlıq məhsul istehsal olunmuşdur. 2017-ci ildə pərakəndə əmtəə dövriyyəsi 403 milyon manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən 102 faiz təşkil edir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 93 milyon olmuşdur ki, bu da 2016- cı illə müqayisədə 105 faiz təşkil edir. Rayonda 2017-ci ildə 2985 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir. 01 oktyabr 2003- cü il tarixdən 01 yanvar 2018-ci il tarixədək rayonda 21819 yeni iş yeri açılmışdır ki, bunun da 96 faizi daimi iş yerləridir. Hazırda rayonda 20 sənaye müəssisəsi fəaliyyət göstərir. 2017-ci ildə rayonumuzda iqtisadi və sosial sahələrin inkişafına yönəldilmiş investisiyanın həcmi 91 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur. İstifadə edilmiş investisiyanın 91 faizi dövlət mülkiyyətinin, 9 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 83 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Cənab Prezidentimiz İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanmışdır. Cənab Prezidentimiz vurğulamışdır ki, indiyədək görülən işlər onu deməyə əsas verir ki, qarşıdan gələn bir neçə ildə kənd təsərrüfatı məhsulları ilə daxili tələbatın ödənilməsi məsələsi həll olunacaq, Azərbaycanın ixrac potensialı daha da güclənəcəkdir.
2017-ci il avqust ayının 4- də Qax rayonunda keçirilən müşavirədə bu zonada kənd təsərrüfatının mühüm sahələrindən biri olan tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişafı sahəsində son illərdə əldə olunan nəticələr təhlil olunmuş və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Şəki respublikamızın ən iri aqrar rayonlarından biridir. 2017-ci ildə taxıl sahələrindən 214 min ton taxıl istehsal olunmuş, hər hektardan orta məhsuldarlıq 33 sentner təşkil etmişdir. İstehsal olunan məhsul keçən illə müqayisədə 21 min ton çoxdur.
Bildiyiniz kimi Şəkidə əhalinin tarixən əsas məşğuliyyət sahələrindən biri baramaçılıq olub. “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” cənab Prezidentimiz İlham Əliyev tərəfindən imzalanmış Sərəncam ölkəmizdə barama istehsalının dinamik inkişafında mühüm rol oynamışdır. Ötən ilin payız mövsümündə rayonda 140 mindən çox tut tingləri əkilmişdir.
Rayonda 2015-ci ildə cəmi 200 kiloqram barama istehsal edildiyi halda, 2017-ci ildə istehsalın həcmi 18 tona çatdırılmışdır. Məhz ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən operativ tədbirlər nəticəsində bu sahədə ciddi dönüş yaranmış, Şəki ipək kombinatı öz fəaliyyətini bərpa etmişdir. 2018-ci ildə rayonumuzda 70 ton barama istehsal edilməsi nəzərdə tutulmuşdur. İndi qarşımızda duran ən başlıca vəzifə rayon ərazisində mövcud olan bütün toxmacar bağlarının dəqiq uçotunu aparmaqdır. Odur ki, icra nümayəndələri və bələdiyyələr yerlərdə bu işləri təşkil etməli və görülən işlər haqqında icra hakimiyyətinə məlumat verməlidir. Şəki Şəhər Kənd Təsərrüfatı idarəsinin bütün mütəxəssisləri bu istiqamətdə yerlərdə görülən işləri daim nəzarətdə saxlamalı və vaxtaşırı icra hakimiyyətinə məlumat verməlidir.
Son illərdə rayonumuzda tütünçülüyün inkişafında ciddi dönüş yaranmışdır. Nəticədə 2017-ci ildə 843 hektar sahədə 2631 ton məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 200 ton çoxdur. 2018-ci ildə rayonda 900 hektar sahədə tütün əkini proqnozlaşdırılır.
Rayonda qərzəkli meyvə istehsalının inkişafına da diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində Şəkidə 2017-ci ildə 469 hektar sahədə yeni fındıq bağları salınmışdır. Bu gün Şəkidə fındıq bağlarının ümumi sahəsi 2262 hektardır. Rayonda fındıq bağlarının salınması işləri davam edir.
2017-ci ildə şəhərin 7 küçəsində yağış sularının axıdılması üçün arxlar qurulmuş, 6 küçədə yararsız hala düşmüş daş örtükləri, səkilər, arxlar təmir edilmişdir. Mənzil fondunun əsaslı təmiri üzrə 4 ictimai yaşayış binasında dam örtüklərinin əsaslı təmiri, 1 binanın bloklarında cari təmir işləri yerinə yetirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq işsizliyin aradan qaldırılması məqsədilə Şəki Şəhər İcra Hakimyyətinə 2017-ci ildə ayrılan vəsait hesabına 184 nəfər işlə təmin olunmuşdur.
Məlumat üçün bildirim ki, hazırda çox sürətlə şəhərimizdə Heydər Əliyev Mərkəzinin və Bayraq Meydanının inşası işləri aparılır. Əminəm ki, qısa müddətdə cənab Prezidentimizin təməlini qoyduğu İnzibati Mərkəz tikilib başa çatdırılacaqdır.
Şəki şəhəri Zərifə Əliyeva küçəsində “ASAN həyat” kompleksinin tikintisi işi davam edir, “Yuxarı Baş” tarix-memarlıq qoruğu ərazisində “ABAD” Keramika Mərkəzi üçün ayrılmış binada yenidənqurma işləri tamamlanmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Bəxtiyar Vahabzadənin ev muzeyinin əsaslı təmiri işləri başa çatdırılmış, əvvəllər bu evdə yerləşən şəhər 3 saylı bağça üçün yeni binanın tikintisi yekunlaşmaq üzrədir. Şəki Qarışıq tipli uşaq evi üçün ümumi sahəsi 1200 m2 olan yeni binanın tikintisi işləri davam etdirilir.
Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlərin artıq 3-cü mərhələsi həyata keçirilir. Kanalizasiya kollektor xətləri tamamlanmaq üzrədir. 2 iyul 2016-cı il tarixdə Şəkidə güclü selin dağıtdığı Kiş kəndinin giriş hissəsindəki körpü tikilib başa çatdırılmışdır.
“Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2017-ci il tarixli 3264 nömrəli Sərəncamına əsasən Şəki rayonunun Kiş kəndində “Kiş Alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması üçün tikinti abadlıq işlərinə başlanmışdır. Bu işin qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılması üçün zəruri tədbirlər görülür.
2017-ci ildə Şəki - Kiş kəndi - Marxal istirahət zonasına gedən umumi uzunluğu 7,2 km olan avtomobil yolunun tikintisi və ümumi uzunluğu 17,1 km olan Şəki--Aşağı Göynük --Baş Göynük--Baş Şabalıd avtomobil yolunda tikinti işləri davam etdirilmişdir.
Son zamanlar əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Şəki şəhərinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrindən fərdi yaşayış evləri tikintisi üçün Şəki bələdiyyəsi tərəfindən torpaq sahələri satılmış, yeni yaşayış massivləri yaradılmışdır. Bu müsbət haldır. Lakin, yeni yaradılan yaşayış massivlərində Şəki bələdiyyəsi tərəfindən asfalt örtüklü yolların salınması, əhalinin elektrik enerjisi, rabitə, su və digər kommunal tələblərinin ödənilməsi istiqamətində tədbirlər görülmədiyindən bu barədə vətəndaşlar tərəfindən şəhər icra hakimiyyətinə edilən müraciətlərin sayı artmışdır. Bu cür hallar digər bələdiyyə orqanlarında da mövcuddur. Odur ki, bu sahəyə diqqətin artırılması yerli bələdiyyə orqanlarına tövsiyə olunur. Həmçinin bu ərazilərdə məktəb, bağça, istirahət, idman sahələri və digər sosial obyektlərin olmaması da əhalinin normal yaşayışında çətinliklər yaradır. Odur ki, yeni yaşayış massivləri salınarkən bələdiyyələr tərəfindən bu məsələlərin həllinə diqqət artırılmalıdır.
Şəhər və kəndlərin ərazilərində aparılıan tikinti işlərinə də bələdiyyələrin nəzarəti yox dərəcəsindədir. Belə ki, bələdiyyələr özlərinə məxsus ərazilərdə yaşayış və yaxud qeyri - yaşayış obyekti tikilərkən bu işlərin qanunamüvafiq qaydada sənədləşməsinə nəzarət etməli, qanunsuz tikili müəyyən edildikdə isə sahə müvəkkilinə və Şəki şəhər icra hakimiyyətinə məlumat verməlidir.
Məlumat üçün bildirirəm ki, respublika ərazisində özbaşına torpaq sahələrinin tutulması və tikinti işlərinin aparılmasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilmiş, bu cür hallara yol vermiş ayrı-ayrı hüquqi və fiziki şəxslərə qarşı daha ciddi tədbirlərin görülməsi, hətta cinayət məsuliyyətinə cəlb edilməsi müəyyənləşdirilmişdir.
Yerlərdə araşdırmalar aparılarkən məlum olmuşdur ki, qanunsuz tikilmiş qeyri - yaşayış obyektlərinə və fərdi yaşayış evlərinə heç bir əsas olmadan elektrik xətləri və qaz xətti çəkilmişdir. Bu isə vətəndaşları arxayın salmış, digər vətəndaşlar üçün də qanunun pozulmasına şərait yaratmışdır. Bu özbaşnalıq rayon ərazisində şəhərsalma sahəsində bir xaos yaratmış, tikinti tələblərinin pozulması hallarının artmasına gətirib çıxarmışdır. Odur ki, xidmət sahələrinin rəhbərləri bu sahədə öz işlərində ciddi dönüş yaratmalı və qanunun tələblərinə uyğun tədbirlər görməlidirlər. Əks halda belə idarə və müəssisə rəhbərləri haqqında qanunamüvafiq tədbirlər görüləcəkdir.
2017-ci ilin 12 ayı ərzində 1311 mənzil təbii qazla təmin edilmişdir.
Müddət ərzində şəhər və kəndlərdə istismar müddətini başa vurmuş elektrik verilişi xətlərinin çəkilməsi, transformatorların təzələnməsi və təmiri ilə bağlı xeyli iş görülmüşdür. Görülən işlərlə yanaşı rayonun elektrik təsərrüfatında bir sıra ciddi problemlər hələ də qalmaqdadır. Hələ də elektrik enerjisinin verilişində tez-tez fasilələr yaranır. Qeyd etmək istəyirəm ki, Şəki şəhərində, qəsəbə və kəndlərdə mövcud olan qeyri-qanuni tikililər və köşklər elektrik enerjisi ilə təmin olunub. Tərəfimizdən 06 iyul 2017-ci il tarixli, 78 saylı Sərəncamla qeyri-qanuni tikililərin müəyyən edilməsi və qanunamüvafiq qaydada ləğv edilməsi ilə bağlı müvafiq komssiya yaradılmışdır. Sözügedən komissiyanın iclaslarında dəfələrlə qeyri-qanuni tikililərin elektrik enerjisi ilə təmin olunduğu bildirilmiş, belə halların araşdırılıb, komissiyaya məlumat verilməsi və həmin tikililərə elektrik enerjisinin verilişinin dayandırılması tövsiyə olunmuşdur. Təəssüf ki bir dəfə də olsa komissiyaya bununla bağlı heç bir məlumat verilməmişdir.
Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. 2011-ci ildə ali məktəblərə qəbul olunanların sayı 494 nəfər idisə, 2017-ci ildə bu rəqəm 645 nəfər olmuşdur. 2011–ci ildə məzunlardan cəmi 22 nəfəri 600-dən yuxarı bal toplamışdısa, 2017-ci ildə 600-dən yuxarı bal toplayanların sayı 60 nəfər olmuşdur.
Ötən müddət ərzində məktəblərin maddi-texniki bazasının və yaxşılaşdırılması istiqamətində də xeyli iş görülmüşdür. Əgər 2000-2010-cu illərdə, yəni 10 il ərzində cəmi rayonda 16 məktəb yenidən tikilib və ya əsaslı təmir olunmuşdursa, 2011-2017-ci illərdə yəni 7 ildə 30 məktəb yenidən tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda Baş Zəyzid kənd tam orta məktəbi üçün 640 şagird yerlik yeni binanın tikintisi davam etdirilir. 2011-2016-ci illərdə məktəblərin maddi-texniki bazası əvvəlki 5 ilə nisbətən 6 dəfə yaxşılaşdırılmışdır.
Şəki təhsilinin əldə etdiyi uğurlar dövlətimiz tərəfindən həmişə olduğu kimi, 2017-ci il də yüksək qiymətləndirilmişdir. Son 5 ildə rayonumuzun 14 nəfər müəllimi “Əməkdar müəllim”, 8 nəfər müəlllim isə “Tərəqqi” medalına layiq görülmüşdür.
Ölkəmizi tanıyaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən hər il “Ölkəmizi tanıyaq” devizi ilə tur –aksiya keçirilir .
2017-ci ildə Tur aksiya zamanı Şəkiyə 40 şəhər və rayondan 1654 nəfərə yaxın iştirakçı gəlmişdir.
Səhiyyə
Qeyd etmək istəyirəm ki, cənab Prezidentimizin tapşırıq və tövsiyəsinə uyğun olaraq respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Şəkidə də dispanserizasiya uğurla aparılmışdır. 2017-ci ildə 80761 nəfər sakin tibbi müayinədən keçmişdir. Məlumat üçün bildirim ki, bu gündən mayın 12-dək növbəti dispanserizasiya həyata keçiriləcək. Mən hamını bu aksiyada fəal iştirak etməyə dəvət edirəm.
Hər il şəhərimizdə keçirilən və artıq ənənə şəkilni alan “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalıb. 2017-ci ildə 8-ci dəfə keçirilən festivalda dünyanın 10 ölkəsindən gələn musiqi kolllektivləri maraqlı konsert proqramları ilə çıxış etmişlər.
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində son illərdə turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində Şəki turistlər üçün cəlbedici məkana çevrilmiş, son beş ildə rayonu ziyarət edənlərin sayı yeddi dəfədən çox artaraq 150 min nəfərə çatmışdır.
Şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nin YUNESKO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi istiqamətində iş aparılır. Belə ki, 2017-ci ildə Polşanın Krakov şəhərində YUNESKO-nun 41-ci sessiyasında bu nominasiya müzakirə olunmuş, 2017- ci ildə Şəki şəhəri YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilmişdir.
İcra hakimiyyəti tərəfindən şəhərimizin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm işlər görülür. Bu il Şəkinin xalq tətbiqi sənəti Fransanın Kolmar şəhərində keçirilən Milad bazarında nümayiş olunmuşdur. Mən noyabrda Türkiyənin Antalya şəhərində BMT-nin və Türk Əməkdaşlıq Şurasının birgə təşkilatçılığı ilə keçirilən Cənub- Cənub – 2017 EXPO sərgisində iştirak etmişəm. Bu beynəlxalq tədbirdə ipək yolu üzərində yerləşən şəhərlərin turizm təcrübəsi müzakirə edilmişdir. Tədbirdə Şəkinin təqdimatı ən yaxşı nominasiya kimi qiymətləndirilmişdir. Qeyd etmək istəyirəm ki, tədbirdə Dünya Tarixi Şəhərlər Liqasına daxil olan 100-dən çox ölkədən 1000 nəfərdən artıq nümayəndə iştirak edirdi.
“Avropa Avtobus Turu-2017” layihəsinin “Şəki Avropa şəhərciyi” tədbiri çərçivəsində sentyabrın 23-də Şəki şəhəri rəhbərliyi ilə Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlərinin görüşü olmuşdur. Görüş zamanı Avropa İttifaqına üzv olan dövlətlərin nümayəndələri və şəhər rəhbərliyi gələcəkdə Şəki şəhərində həyata keçiriləcək layihələri birgə müzakirə etmişdir.
“Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, qəsəbə və kəndlərdə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq ümumi qəbulu təşkil olunmuş, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasına, haqlı tələblərinin həll edilməsinə diqqət artırılmışdır. Belə ki, son yeddi ildə İcra Hakimiyyətində yarasılmış komissiya tərəfindən 942 nəfər vətəndaşa müxtəlif məqsədlər üçün 328 min manat məbləğində maddi yardım göstərilmişdir.
2017-ci ildə 260 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş, qrafikə əsasən yaşayış məntəqələrində səyyar qəbullar keçirilmişdir. Şəhər icra hakimiyyətinə daxil olan müraciətlərin təhlili göstərir ki, bir sıra rəhbər şəxslər öz vəzifələrini və məsuliyyətlərini dərk edib, fəaliyyətlərini günün tələbləri səviyyəsində qura bilmirlər. Bütün sahələr üzrə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli, dövlət orqanlarının fəaliyyətində şəffaflıq artırılmalıdır. Hesab edirəm ki, hər bir məmur bu tələblərə ciddi şəkildə əməl etməli, vətəndaşların problemlərinə qayğı ilə yanaşmalı, öz davranışı, işi, mədəniyyəti ilə nümunə göstərməlidir.
Azərbaycan Prepublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyət İli” elan edilmişdir. Sərəncama müvafiq olaraq Şəki şəhərində Azərbaycan Xalq Cümhuriyyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunması məqsədi ilə Şəki şəhər icra hakimiyyəti başçısının 05 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən təşkilat komitəsi yaradılmış, tədbirlər planı təsdiq edilmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən bu il aprelin 11-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcəkdir. Həmişə olduğu kimi biz icra hakimiyyətinin səlahiyyətləri çərçivəsinədə öz üzərimizə düşən işləri layiqincə yerinə yetirməliyik.
Nazirlər Kabinetinin 2017-ci ilin yekunlarına həsr olunan geniş iclasında çıxış edən hörmətli Prezidentimiz demişdir: “Bir daha demək istəyirəm ki, 2017-ci il ölkəmiz üçün uğurlu olmuşdur. Əminəm ki, bu il də uğurlu il olacaqdır ”.